Azərbaycan Birləşmiş Ştatların sözdə deyil, əməldə dostudur

 

Ted PO,

ABŞ Konqresinin üzvü

 

- Məhz enerji sahəsinə yanaşma Azərbaycanla yaxın münasibətlərimizin əsasında durur. Bakı XIX əsrin ilk neft bumunu yaşayan şəhərlərdən biridir. Lakin sovet hakimiyyəti burada kapitalizmin inkişafına imkan verməmişdir. Onlar illərlə çıxarılan nefti daşıyıb aparmış, xalqın ondan faydalanmasına imkan verməmişdir.

Hesab edirəm ki, siyasi və iqtisadi azadlıqlar hər adama verilən bir hüquqdur. Mən Sovet İttifaqını onun süqutundan əvvəl ziyarət etmişdim. Azərbaycanın o illərdə nələr yaşadığını yaxşı anlayıram. Əsarətdən qurtularaq azad yaşamaq istəyinizi yaxşı başa düşürdüm. Müstəqilliyinizdən bəri ölkələrimiz bir-birinə çox yaxınlaşıb. İndi Azərbaycan həm siyasi, həm də iqtisadi cəhətdən tam müstəqildir. Biz aramızda mədəni və təhsil mübadilələrini daim davam etdirməliyik ki, hər iki tərəfdən tələbələrimizi bir-birimiz haqqında daha çox öyrədək və xalqlarımızı daha da yaxınlaşdıraq.

2006-cı ildə işə düşən Bakı-Tbilisi-Ceyhan kəməri Azərbaycan neftini Türkiyəyə, oradan isə dünyaya nəql edir. Mən Türkiyə ilə Azərbaycan arasında yaxın münasibətləri dəstəkləyirəm. Bu tərəfdaşlıq həm ABŞ, həm də bütün bölgə üçün faydalıdır. Ötən il Azərbaycan ilə Türkiyə arasında imzalanan yeni tranzit marşrutu haqqında razılaşma bölgədə iqtisadi müstəqilliyin artdığına işarədir. Mən rəqabətə inanıram. Alternativlər həm Azərbaycan, həm də bütün bölgə üçün yaxşıdır. Azərbaycan kimi ABŞ da Avropa bazarlarını şaxələndirmək istəyir ki, bölgədəki enerji istehsalı və nəqlində inhisara inanan digər oyunçular heç kimi manipulyasiya edə bilməsinlər. Tikilən kəmərlər Azərbaycanın siyasiiqtisadi təhlükəsizliyini artıraraq bölgənin və ABŞ-ın birgə maraqlarına xidmət edir. Lakin bütün bu inkişafla birgə unutmaq lazım deyil ki, hökumətlər öz təbii ehtiyatlarının gələcəyə necə təsir edəcəyi haqqında düşünmək və onları necə idarə etmək barədə məsuliyyət daşıyırlar.

1980-ci illərdə dünyanın təxminən 30 faizində demokratik cəmiyyətlər olduğu halda bu gün bu rəqəm 60 faizdir. Azərbaycan təkcə neft istehsalına görə deyil, həm də demokratik təsisatlar qurmaq səylərinə görə alqışlanmalıdır. Bu dövlət öz neft ehtiyatlarının qeydinə qala bilir. Azərbaycan hökuməti təbii sərvətlərini düzgün şəkildə idarə edib bütün bölgənin təhlükəsizliyi haqqında düşünür.

Azərbaycandakı inkişaf bütün bölgəyə sabitlik gətirə bilər. ABŞ da daxil olmaqla bütün demokratik cəmiyyətlər üçün insan haqlarının qorunması və genişləndirilməsi olduqca vacib məsələdir. Biz bu mövzu barədə həm yerli, həm də beynəlxalq səviyyədə səmimi söhbətlər aparmalıyıq. Ölkəniz son 20 ildə böyük yol keçmişdir və Birləşmiş Ştatların sözdə deyil, əməldə dostudur. Azərbaycan ABŞ-ı hərbi münaqişələrdə təkcə sözdə deyil, döyüş bölgəsinə sülhməramlı qüvvələr göndərməklə dəstəkləyib və birgə iştirak təkcə hərbi münasibətləri inkişaf etdirmir, həm də möhkəm dostluq qurur. Hərbi münasibətlər kimi başlanan əlaqələr hətta münaqişələr bitdikdən sonra da möhkəm tərəfdaşlığa çevrilir. Mən Azərbaycanı terrorla mübarizədə fəal iştirakına görə alqışlayıram. Azərbaycan beynəlxalq təhlükəsizlik prosesində iştirakına, bütün dünyada insan haqları, demokratiya və azadlığın yayılmasına töhfələrinə görə fəxr etməlidir. Sentyabrın 11-dən sonra siz ABŞ-a telefon açıb qeyd-şərtsiz hava ərazinizdən istifadə təklif edənlərdən biri idiniz. Bir xalq olaraq biz bunu yüksək qiymətləndiririk.

 

 

Azərbaycan.- 2012.- 17 may.- S. 4.