Bu gün ABŞ
və Azərbaycanın birlikdə olması çox
mühümdür
Trent FRENKS,
ABŞ Konqresinin
üzvü
- ABŞ Konqresinin çoxsaylı üzvləri bölgədə Azərbaycanın göstərdiyi cəsarət və iradəni yüksək qiymətləndirirlər. Təbii ehtiyatların işlənilməsi və bir sıra mühüm məsələlərdə, o cümlədən beynəlxalq və enerji təhlükəsizliyi üzrə Birləşmiş Ştatlarla Azərbaycanın əməkdaşlığını önəmli hesab edirik.
Azərbaycan ətrafdakı digər ölkələrlə müqayisədə müstəqillik qazandıqdan bəri inanılmaz uğurlar və irəliləyiş əldə etmişdir. Tarixi xatırlasaq, Azərbaycanı və Bakını ələ keçirmək hələ faşistlərin dövründə Hitler üçün arzuolunan bir məqsəd idi. Bu gün Azərbaycan, şübhəsiz, Birləşmiş Ştatların qlobal enerji təhlükəsizliyində ən vacib tərəfdaşlarından biridir.
Azərbaycan digər enerji təchizatlarına alternativ kimi ABŞ-ın milli maraqları üçün çox əhəmiyyətlidir. Bilirəm ki, neftlə yanaşı sizin böyük qaz ehtiyatlarınız da vardır. "Şahdəniz" yatağı dünyanın ən böyük qaz yataqları sırasındadır. Sizin neft-qaz kəmərlərini şaxələndirmək planlarınız olduqca əhəmiyyətlidir, çünki bununla enerji təminatı mənasında təkcə ABŞ-ın təhlükəsizliyini deyil, bizim müttəfiqlərin də təhlükəsizliyini möhkəmləndirmiş olursunuz. Ümid edirəm ki, bu planlar davamlı olaraq gerçəkləşəcəkdir. Xəzər hövzəsində enerji təhlükəsizliyi üzrə əməkdaşlıq bizim münasibətlərimizin əsas istiqamətidir. Bölgədə enerji dəhlizlərinin şaxələndirilməsində tutduğu mövqe Azərbaycanı strateji tərəfdaş və etibarlı müttəfiqə çevirir.
Bu gün ABŞ və Azərbaycanın birlikdə olması çox mühümdür. Çünki illər sonra bizim uşaqlarımız bugünün çətinlikləri ilə necə birgə mübarizə apardığımızla maraqlanacaqlar. Biz elə bir dövrdə yaşayırıq ki, terrorizm hamımıza təsir edir. Ona görə azadlığı və bəşəriyyəti sevənlərin birgə olması vacibdir.
Sonda qeyd edim ki, ABŞ-da Azərbaycana,
xalqınıza, onun bölgədə nümayiş etdirdiyi cəsarətə
rəğbət vardır. Ümid edirəm ki, biz gələcəkdə
də birgə işimizi davam etdirərək
övladlarımıza daha azad və yaxşı həyat bəxş
edə biləcəyik.
Azərbaycan.- 2012.- 17 may.- S. 4.