İnsan və vətəndaş
hüquqlarının və azadlıqlarının təmin
edilməsi Azərbaycan dövlətinin əsas məqsədidir
Ulu öndər Heydər Əliyev müstəqilliyi Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət qurulmasının başlıca amili kimi dəyərləndirərək bəyan edirdi ki, bu, bizim strateji yolumuzdur və biz bu yolla gedəcəyik və bu yoldan heç vaxt dönməyəcəyik. Son dövrlərdə bütün ölkələrdə insan hüquqları artıq dövlətin demokratiya yolu ilə inkişafının meyarı kimi dəyərləndirilir. Mühüm əhəmiyyət kəsb edən və diqqət mərkəzində olan bu amil dövlət siyasətinin tərkib hissəsi kimi həm idarəetmənin təkmilləşməsində, həm vətəndaş cəmiyyətinin inkişafında, həm də vətəndaşların ictimai fəallığında özünəməxsus yer tutur.
Azərbaycanın yaşadığı yeni inkişaf mərhələsi insan hüquqlarının müdafiəsi sahəsində aparılan ardıcıl islahatların davam etdirilməsini şərtləndirir. Azərbaycan Respublikasında dövlət orqanlarının fəaliyyətinin insan hüquqlarının təminatı baxımından təkmilləşdirilməsi, elmi-analitik işlərin stimullaşdırılması, hüquqi maarifləndirmə işinin genişləndirilməsi, dövlətlə vətəndaş cəmiyyəti arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi məqsədi ilə hələ 1998-ci ilin fevralın 22-də ümummilli lider Heydər Əliyev "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" fərman imzalamışdı. Bu tarixi fərmanla ölkədə ictimai-siyasi sabitliyin bərqərar edilməsi, aparılan genişmiqyaslı islahatlar nəticəsində insan hüquqlarının etibarlı müdafiəsi sisteminin yaradılması və bu sahədə inkişafın istiqamətləri müəyyən edildi. Bu fərmanın məntiqi davamı olaraq Azərbaycan Prezidentinin 1998-ci ilin 18 iyun tarixli sərəncamı ilə Azərbaycanın ilk dəfə "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" təsdiq edildi. Dövlət proqramına əsasən həyata keçirilmiş tədbirlər nəticəsində ölkədə İnsan hüquqları üzrə müvəkkil təsisatı, İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu yaradıldı, insan hüquqları üzrə müxtəlif ədəbiyyatların nəşr edilməsinə, kütləvi informasiya vasitələrində bu mövzunun geniş işıqlandırılmasına, əhali arasında insan hüquqlarına dair geniş maarifləndirmə tədbirlərinin həyata keçirilməsinə, dövlət orqanları fəaliyyətinin insan hüquqlarının təmin edilməsi baxımından təkmilləşdirilməsinə təkan verildi.
Azərbaycan dövləti insan hüquqlarının təmin edilməsini ümumdövlət vəzifəsi hesab edərək, insan hüquqlarının müdafiəsi sahəsində görülən tədbirlərin genişləndirilməsi və təkmilləşdirilməsi məqsədilə 2006-cı il dekabrın 28-də Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən ölkəmizdə İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı təsdiq edildi. Milli Fəaliyyət Planı insan hüquqlarının təmin edilməsi prosesinin keyfiyyətcə yeni müstəviyə keçməsinə, universal və regional səviyyədə yeni əməkdaşlıq strategiyasının qurulmasına, dövlətlə vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasibətlərinin gücləndirilməsinə xidmət etdi.
Bu mühüm hüquqi aktlarda ali təhsil müəssisələrində insan hüquqlarının tədrisinin genişləndirilməsi, insan hüquqlarının pilləli tədrisinin inkişaf etdirilməsi, insan hüquqları ilə bağlı dərs vəsaitlərinin, əyani vəsaitlərin, bukletlərin, plakatların hazırlanması, nəşr edilməsi və əhali arasında yayılması işinin davam etdirilməsi və digər bu yönümlü tədbirlər nəzərdə tutulmuşdur.
Daxili İşlər Nazirliyinin Polis Akademiyası həm bir polis strukturu, həm də təhsil müəssisəsi kimi bu sənədlərdə müəyyən edilmiş öhdəliklərin icrası istiqamətində genişmiqyaslı işlər həyata keçirmişdir və bu iş uğurla davam etdirilir. Belə ki, insan hüquqlarının mühafizəsi sahəsində polisin müvəffəqiyyəti burada çalışan kadrların peşə ustalığından və bilik səviyyəsindən çox asılıdır. Bu kadrlar qulluq fəaliyyətinə başlayan gündən əhalinin müxtəlif təbəqələri ilə təmasda olur, onların hüquq və azadlıqlarının qoruyucusu kimi çıxış edirlər. Ona görə də onların işinin müvəffəqiyyəti insan hüquqlarına dair əldə etdikləri biliklərdən çox asılıdır.
Qarşımızda duran bu mühüm vəzifələrin icrası ilə bağlı ölkəmizdə aparılan hüquqi islahatlar, demokratiyanın inkişaf etdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi sahəsində polisin vəzifələri, eləcə də bu sahədə beynəlxalq aktların mükəmməl öyrənilməsini təmin etmək məqsədilə Daxili İşlər Nazirliyinin Polis Akademiyasında tədris planına uyğun olaraq 54 saat həcmində "DİO-da İnsan hüquqlarının təminatı" adlı fənn tədris olunur. Kurs üzrə hazırlanan fənn proqramına İngiltərənin Esseks Universitetinin insan hüquqları mərkəzinin rəhbəri, BMT-nin eksperti Ralf Kroşou tərəfindən müsbət rəy alınıb nəşr etdirilmişdir. Müdavim və dinləyicilərə metodik kömək məqsədi ilə kurs üzrə mühazirələr toplusu, "İnsan hüquqları (100 sual və cavablar)", "İQAK haqqında bunları bilirsinizmi (polis üçün 15 sual və cavablar)" və digər tədris-metodiki vəsaitlər Polis Akademiyasının pedaqoji kollektivi tərəfindən hazırlanıb nəşr etdirilmişdir.
BMT-nin İnsan hüquqları üzrə Ali Komissarlığının "Azərbaycanda insan hüquqlarının təminatı üzrə infrastrukturların genişləndirilməsi" Proqramına uyğun olaraq Polis Akademiyasının pedaqoji kollektivi tərəfindən beynəlxalq və milli standartlara cavab verən "Polis və insan hüquqları" dərs vəsaiti hazırlanıb nəşr etdirilmişdir.
"İnsan hüquqları" fənninin tədrisinin keyfiyyətinin yüksəldilməsinin və beynəlxalq standartlara müvafiq olmasını təmin etmək məqsədi ilə Polis Akademiyasında müasir texniki və metodik vasitələrdən ibarət "İnsan hüquqları (Tədris modulları)" fənn kabineti yaradılmışdır. Bu fənn kabinetində keçirilən dərslərin metodik və didaktik təminatı məqsədi ilə Budapeştdə fəaliyyət göstərən "KOLPİ" - Konstitusiya və leqal siyasət İnstitutundan müxtəlif mövzularda tədris modulları əldə edilmişdir.
İnsan hüquqları üzrə beynəlxalq standartlar və milli qanunvericilik ilə tanışlıqdan sonra, tədris modullarında nəzərdə tutulan müxtəlif praktiki vəziyyətlər bütün qruplarda diskussiyalar şəklində müzakirə edilir. Müzakirələr sərbəst rəy və ideya mübadiləsi formasında həyata keçirilir, həmçinin hər kəsin fəal iştirak etməsi yolları qabaqcadan izah edilir. Bu da polis əməkdaşlarına insan hüquqlarının təmini və müdafiəsi fəaliyyətində öz qərarının, rəftarının və münasibətinin motivlərini daha yaxşı başa düşməyə kömək edir. Belə dərslərin əsas məqsədi müzakirə və düşünmə prosesini stimullaşdırmaqdır.
İnsan hüquqları fənninin böyük əhəmiyyətini nəzərə alaraq və onun səmərəli tədrisini təmin etmək məqsədi ilə bizim tərəfimizdən Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları üzrə Elmi Tədqiqat İnstitutu ilə elmi və təcrübi, qarşılıqlı əməkdaşlıq haqqında müqavilə bağlanmışdır. Bundan əlavə Bakı Dövlət Universiteti, Rusiya Federasiyası DİN-in Nijni-Novqorod Hüquq İnstitutunun "İnsan hüquqları, kriminologiya və sosiologiya" kafedrası, Belorusiya, Ukrayna və digər ölkələrin hüquq universitetlərinin müvafiq kafedraları ilə sıx əlaqələr yaradılmışdır. Akademiyanın əməkdaşları Amerika, Macarıstan, Fransa, Türkiyə, Rusiya, Almaniya, Avstriya və digər ölkələrdə insan hüquqları ilə bağlı təşkil edilmiş tədbirlərdə iştirak etmişdilər.
Akademiyanın ümumi kitabxanasında insan hüquqları kursu üzrə normativ (dövlətdaxili və beynəlxalq), nəzəri və empirik ədəbiyyatlardan ibarət böyük kitab fondu yaradılıb, tələbələrin istifadəsinə verilmişdir. Bu fondun zənginləşdirilməsi üzrə iş mütəmadi olaraq davam etdirilir.
İnsan hüquqları üzrə Beynəlxalq müdafiə sistemi BMT, Avropa Şurası, ATƏT-in ekspertləri tərəfindən mütəmadi olaraq Polis Akademiyasında treninqlər, seminarlar, konfranslar keçirilir. Bu tədbirlərin keçirilməsində ayrı-ayrı dövlət strukturlarının da iştirakı təmin edilir.
Müdavimlərin praktiki vərdişlərə yiyələnməsini klinik təhsil yolu ilə təmin etmək və bunun müqabilində əhalinin aztəminatlı təbəqəsinə pulsuz hüquqi yardım etmək üçün Polis Akademiyasının "Hüquq klinikası" yaradılmışdır. Hüquq klinikasının nəzdində "İnsan hüquqları bölməsi", "Mülki işlər üzrə bölmə", "Cinayət işləri üzrə məsləhət bölməsi" və "Qaçqınların və məcburi köçkünlərin hüquqlarının müdafiəsi bölməsi" fəaliyyət göstərir.
"Hüquq klinikası"nın kitabxanasının yaradılması, klinikada fəaliyyət göstərəcək bölmə rəhbərlərinin, müəllim mütəxəssislərin və müdavimlərin bu fəaliyyətə hazırlanmasını təmin etmək məqsədilə Amerika Hüquqşünaslar Assosiasiyası (ABA JEELI) və Ombudsman aparatı ilə əməkdaşlıq həyata keçirilir.
Bundan başqa insan hüquqları sahəsində dərs vəsaitlərinin və ədəbiyyatların hazırlanması və nəşri ilə bağlı Polis Akademiyasının əməkdaşları tərəfindən tərtib edilən "İnsan hüquqları" dərs vəsaiti hazırlanmış, həmin dərs vəsaitinə İnsan Hüquqları üzrə müvəkkilin (Ombudsman) rəyi ilə Təhsil Nazirliyindən müvafiq qrif alınmış və nəşr etdirilmişdir. Bundan əlavə İnsan Hüquqları üzrə müvəkkilin (Ombudsman) aparatı və Polis Akademiyası kollektivinin birgə əməkdaşlığı sayəsində "İnsan hüquqları və Polis" yaddaş kitabçası və insan hüquqları sahəsində təlimlərin keçirilməsi üçün "Polis və İnsan hüquqları" adlı "Tədris modulu" nəşr edilmişdir. Həmin dərs vəsaitinin geniş ictimaiyyət və kütləvi informasiya vasitələrinin iştirakı ilə Polis Akademiyasında təqdimat mərasimi keçirilmişdir.
İnsan hüquqlarının tədrisində həyata keçirilən tədbirlər müdavimlərin iştirak etdiyi bilik müsabiqələrində öz müsbət nəticəsini vermişdir. Belə ki, "İnsan Hüquqları" mövzusunda Amerika Hüquqşünaslar Assosiasiyasının Bakı ofisinin və BMT-in Qaçqınların işi üzrə Ali Komissarlığının təşəbbüsü ilə MDB dövlətlərinin hüquq-mühafizə orqanlarının ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən yerli və beynəlxalq yarışlarda Polis Akademiyasının müdavimlərindən təşkil edilmiş komandalar da uğurla iştirak edərək qalib komandalar sırasında olmuşdur.
İnsan hüquq və azadlıqlarının daha səmərəli təmini istiqamətində həyata keçirilən islahatların məntiqi davamı olaraq, insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, hüquq mədəniyyətinin inkişaf etdirilməsi, normativ-hüquqi bazanın və hüquq müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin davamlılığının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində yeni Milli Fəaliyyət Proqramı təsdiq edilmişdir. Milli Fəaliyyət Proqramı konseptual, miqyaslı xarakter daşıyır və "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Strategiyası çərçivəsində qarşıya qoyulan vəzifələr kontekstində nəzərdən keçirilməlidir. Bu sənəd göstərir ki, insan hüquqlarının müdafiəsi Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətin prioritetlərindən biridir. Eyni zamanda, Milli Fəaliyyət Proqramı ölkədə insan hüquqlarının müdafiəsi sahəsində aparılan davamlı tədbirlərin tərkib hissəsidir.
Milli Fəaliyyət Proqramında dövlətin insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyətinin konsepsiyası inkişaf etdirilərək müxtəlif istiqamətlər üzrə kompleks tədbirlərin həyata keçirilməsi, onların icrası, əlaqələndirilməsi, monitorinqi və qiymətləndirilməsi mexanizmi və qarşıya qoyulan məqsədlər müəyyən edilib. Ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi sisteminin daha da inkişaf etdirilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi, əhalinin müxtəlif qruplarının hüquqlarının daha səmərəli təmin edilməsi istiqamətində konkret tədbirlərin həyata keçirilməsi zərurəti də müəyyən olunur.
Milli Fəaliyyət Proqramı həmçinin dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə, dördüncü fəsili isə ölkəmizdə insan hüquqlarının müdafiəsinə dair hüquqi maarifləndirməyə, o cümlədən insan hüquqları sahəsində tədris, elmi-analitik və maarifləndirmə tədbirlərinə xüsusi diqqət yetirilməsi qeyd olunmuşdur.
Milli Fəaliyyət Proqramında qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi məqsədi ilə Azərbaycan Respublikası daxili işlər naziri cənab Ramil Usubovun əmri ilə tədbirlər planı təsdiq edilmişdir. Həmin tədbirlər planında Polis Akademiyasının da üzərinə müvafiq vəzifələr qoyulmuş və tərəfimizdən həmin vəzifələr icra edilir.
Artıq Polis Akademiyası Milli Fəaliyyət Proqramının icrası ilə bağlı tədbirlər planında nəzərdə tutulan vəzifələrin yerinə yetirilməsinə başlamışdır. Belə ki, 10 aprel 2012-ci il tarixində DİN-in Polis Akademiyasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili və Polis Akademiyasının birgə təşkilatçılığı ilə "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın icrasına həsr edilmiş "Milli Fəaliyyət Proqramı insan hüquqlarının müdafiəsi sahəsində yeni mərhələdir" mövzusunda seminar keçirilmişdir.
18 aprel 2012-ci il tarixində isə Azərbaycan Respublikası DİN-in Polis Akademiyasında Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları Elmi-Tədqiqat İnstitutu və Polis Akademiyasının birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində yeni Milli Fəaliyyət Proqramının IV fəslinin icrasının müzakirəsinə həsr edilmiş "İnsan hüquqlarının müdafiəsi sahəsində təhsil və maarifləndirmə" mövzusunda "dəyirmi masa" keçirilib.
Tədbirlər planına müvafiq olaraq Polis Akademiyasının gələcək perspektiv üçün ümumi kitabxanada insan hüquqları sahəsində normativ, nəzəri və empirik ədəbiyyat fondunun inkişaf etdirilməsi, tədrisdə "İnsan hüquqları haqqında Ümumi Bəyannamə", "İnsan ləyaqətini alçaldan amansız və qeyri-insani rəftar və işgəncələrə qarşı BMT Konvensiyası" və onun Fakültativ Protokolunu, "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası", "Hər hansı bir formada tutulan və həbs olunan şəxslərin müdafiəsinin Əsas Prinsipləri", İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarları, həmçinin insan və vətəndaş hüquqları və azadlıqları haqqında digər mövzuların öyrənilməsinə geniş yer verilməsi və xidməti fəaliyyətdə rəhbər tutulması, "DİO-nun fəaliyyətində insan hüquqlarının təminatı" adlı dərs vəsaitinin hazırlanması kimi tədbirlərin həyata keçirilməsi planlaşdırılır.
Bundan əlavə, AMEA-nın "İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu", Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinin (Ombudsman) aparatı ilə birlikdə Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın icrası ilə bağlı silsilə tədbirlərin, Azərbaycan Respublikasında 18 iyun "İnsan hüquqları" gününə və Ümumdünya İnsan hüquqları Bəyannaməsinin 65 illiyinə həsr edilmiş müdavim və dinləyicilər arasında insan hüquqlarına dair "dəyirmi masa" və viktorinaların, "Prosessual məcburiyyət tədbirlərinin tətbiqi zamanı insan hüquq və azadlıqlarının müdafiəsi", "DİO-nun fəaliyyətində insan hüquq və azadlıqlarının təminatı" və "Şəxsi qeyri-əmlak hüquqları sahəsində insan hüquq və azadlıqlarının müdafiəsinin aktual problemləri" mövzusunda elmi-praktiki konfransların keçirilməsi planlaşdırılan tədbirlər sırasındadır.
Göstərilənlərlə yanaşı, Polis Akademiyası insan hüquqları sahəsində Azərbaycan Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi qanunvericilik aktlarını, o cümlədən Milli Fəaliyyət Proqramını rəhbər tutaraq, dövlət orqanlarının fəaliyyətinin insan hüquqlarının təminatı baxımından təkmilləşdirilməsində, elmi-analitik işlərin stimullaşdırılmasında, hüquqi maarifləndirmə işinin genişləndirilməsində, dövlətlə vətəndaş cəmiyyəti arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsində, hüquq-mühafizə fəaliyyətinin təkmilləşdirilməsində və əsasən insan hüquqlarının təmini sahəsində mühüm vəzifələrin yerinə yetirilməsini layiqincə davam etdirəcək.
Bir sözlə, maddi-texniki baza və təhsilin keyfiyyəti baxımından beynəlxalq standartlara tam cavab verən Polis Akademiyası yetişdirdiyi peşəkar kadrlarla Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğuna və azad cəmiyyətin formalaşmasına böyük töhfə verəcəkdir.
Nazim ƏLİYEV,
Azərbaycan Respublikası
DİN-in Polis Akademiyasının
rəisi, polis general-mayoru,
hüquq üzrə fəlsəfə
doktoru
Azərbaycan.- 2012.- 17 may.- S. 6.