Beynəlxalq hüquqi aktlar Azərbaycan
Respublikası Konstitusiyasının hüquqi
mənbəyi kimi
Hər bir dövlətdə ali hüquqi sənəd kimi yüksək təsir qüvvəsinə malik olan Konstitusiya ictimai münasibətləri sivil şəkildə tənzimləyən, dövlətlə vətəndaş arasında qarşılıqlı məsuliyyət və vəzifələri müəyyənləşdirən təkmil hüquqi mexanizm kimi xarakterizə edilir. Cəmiyyətin hüquq sisteminin fundamental əsasını təşkil edən konstitusiyanın demokratikliyi, hamılıqla qəbul edilmiş ümumbəşəri norma və prinsiplərə cavab verməsi adekvat olaraq ictimai münasibətləri tənzimləyən qanunların liberallığında, insan və vətəndaş hüquq və azadlıqlarına maksimum təminat yaratmasında real təcəssümünü tapır. Bu mənada hər bir dövlətin konstitusiyası onun ictimai-siyasi, iqtisadi, hüquqi və mədəni həyatının aynası sayılır.
Xüsusi vurğulamaq lazımdır ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi - referendum yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası dövlətin, xalqın iradəsini, suverenliyini ifadə edən əsas qanun olmaqla, insan və vətəndaş hüquq və azadlıqlarını, cəmiyyətin ictimai-siyasi institutlarının fəaliyyətini, dövlətin özünüidarə sistemini tənzimləyir, vətəndaş cəmiyyətinin formalaşmasının və inkişafının hüquqi təminatçısı qismində çıxış edir. Azərbaycan Respublikasının Konstitusiyası eyni zamanda dövlətin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumağı əsas niyyətlər kimi bəyan etmişdir.
Ümumbəşəri demokratik dəyərlərə əsaslanan bu ali qanun respublikamızın gələcək inkişaf prioritetlərini dəqiq müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarmışdır. 5 bölmədən, 12 fəsil, 158 maddədən ibarət olan Azərbaycan Konstitusiyasının 48 maddəsinin və yaxud üçdə birinin sırf insan hüquq və azadlıqları ilə bağlı olması onun beynəlxalq səviyyədə mükəmməl ali qanun kimi qəbulunu şərtləndirmişdir. Konstitusiyada əksini tapmış strateji məqsədlər, ilk növbədə, hüquqi islahatların və insan hüquqlarının qorunması prinsipinin real həyatda tətbiqini zəruri etmişdir.
Azərbaycan Respublikasının ilk milli Konstitusiyasında BMT-nin 1948-ci il 10 dekabr tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və digər beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquq-azadlıqları tam və əhatəli şəkildə təsbit olunmuşdur. Kommunizm quruculuğunu özünün ali məqsədi elan etmiş keçmiş sovet konstitusiyalarından fərqli olaraq, müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası insan və vətəndaş hüquqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan etmişdir.
Bu gün artıq insan hüquq və azadlıqlarının təmini ayrı-ayrı dövlətlərin müstəsna daxili işi deyil, bütün beynəlxalq birliyin ümumi problemi kimi qəbul edilir. İnsan hüquqlarının qorunması probleminin beynəlxalq hüququn ümumi prinsiplərindən biri kimi nəzərdən keçirilməsi də bu fikri bir daha təsdiq edir. Həqiqətən də müasir dövrdə hər hansı dövlətin hüquq sistemini hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarından, dövlətlərarası müqavilələrdən kənar təsəvvür etmək mümkün deyildir. Bu mənada Konstitusiyamızın Azərbaycanda dövlət hakimiyyətinin daxili məsələlərdə yalnız hüquqla, xarici məsələlərdə isə yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla məhdudlaşdığını, başqa dövlətlərlə münasibətlərinin hamılıqla qəbul edilmiş beynəlxalq hüquq prinsipləri əsasında qurduğunu nəzərdə tutan müddəaları xüsusilə diqqətəlayiqdir. Bu müddəalar ölkəmizin dünya birliyinə inteqrasiyasına geniş imkanlar açır, eyni zamanda beynəlxalq hüquq normalarının, xüsusilə də insan hüquqlarına dair normaların ölkəmizdə maneəsiz tətbiqinə əlverişli şərait yaradır.
Konstitusiyamızın hüquqi mənbəyini təşkil edən beynəlxalq hüquqi aktlar sırasında BMT-nin 1948-ci il 10 dekabr tarixli İnsan hüquqları üzrə Ümumi Bəyannaməsini, 1966-cı il tarixli Mülki və Siyasi Hüquqlara dair Beynəlxalq Paktı, 1966-cı il tarixli İqtisadi, Sosial və Mədəni Hüquqlara dair Beynəlxalq Paktı, BMT-nin 1989-cu il tarixli Uşaq Hüquqları Konvensiyasını, BMT-nin Qadınların siyasi hüquqlarına dair 1952-ci il tarixli Konvensiyasını, BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunmasına dair 1979-cu il Konvensiyasını, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv olunmasına dair 1965-ci il Beynəlxalq Konvensiyanı xüsusi vurğulamaq lazımdır. Eyni zamanda Azərbaycan BMT-nin 1990-cı il 18 dekabr tarixli "Bütün fəhlə miqrantların və onların ailə üzvlərinin hüquqlarının qorunması haqqında" Beynəlxalq Konvensiyasına, BMT-nin 1976-cı il 23 mart tarixli "Mülki və siyasi hüquqlar üzrə Beynəlxalq Pakt"ının birinci fakültativ Protokoluna, BMT-nin 1989-cu il 15 dekabr tarixli "Mülki və siyasi hüquqlar üzrə Beynəlxalq Pakt"ının ikinci fakültativ Protokoluna və insan hüquqları sahəsində mövcud olan digər beynəlxalq sazişlərə qoşulmuşdur.
Müasir dövrdə insan haqları və azadlıqları sahəsində baş verən köklü dəyişikliklər həm milli, həm də beynəlxalq qanunvericilik normaları əsasında tənzimlənir. Hazırda insan haqları və azadlıqlarına dair sənəd və mexanizmlər daha çox universal səciyyə daşımağa başlamışdır. Bu, bir tərəfdən insan hüquq və azadlıqlarının təmin edilməsinə yönəlmiş beynəlxalq qanunvericiliyin və mexanizmlərin təkmilləşdirilməsindən, konkretləşdirilməsindən ibarətdirsə, digər tərəfdən üzv dövlətlərin məsuliyyətinin artırılması, öhdəlik götürmüş dövlətlər üzərində beynəlxalq nəzarət mexanizmlərinin yaradılması və gücləndirilməsi məqsədi daşıyır. BMT nizamnaməsində, beynəlxalq konvensiyalarda və bir çox ölkələrin konstitusiyalarında insan hüquqları daha çox cəmiyyətin özülü və tərkib hissəsi kimi qəbul edilir. Müasir dünyanın vicdan səsi və bəşəriyyətin mənəvi etalonu kimi ərsəyə gətirilmiş Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin I maddəsində göstərilir: "Bütün insanlar ləyaqət və hüquqlarına görə azad və bərabər doğulurlar. Onların şüurları və vicdanları var və bir-birlərinə münasibətdə qardaşlıq ruhunda davranmalıdırlar". 1789-cu il tarixli Fransa "İnsan və Vətəndaş Hüquqları Bəyannaməsi"ndə göstərilir: "1. İnsanlar azad və bərabər hüquqlarla doğulur və yaşayırlar. İctimai fərqlər yalnız ümumi mənafe ilə bağlı fikirlərə əsaslana bilər". Bu bir daha sübut edir ki, insanın yaranışdan əldə etdiyi bu hüquqlar onun təbii hüquqlarıdır. Bu prinsip Azərbaycan Konstitusiyasında da öz dolğun ifadəsini tapmışdır.
1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsində (Məlumat azadlığı) hər kəsin informasiya əldə etmək hüququ təsbit olunmuşdur. Konstitusiyaya bu müddəanın daxil edilməsi respublikamızın qoşulduğu beynəlxalq müqavilələrdən irəli gəlir. 1948-ci ildə BMT tərəfindən qəbul edilən İnsan Hüquqları Bəyannaməsinin 19-cu maddəsi, eyni zamanda, 1966-cı ildə yenə BMT tərəfindən qəbul edilən Mədəni və Siyasi hüquqların qorunmasına dair Konvensiyanın 19-cu maddəsi, 1950-ci ildə Romada qəbul edilən Avropa İnsan Hüquqlarının qorunmasına dair Konvensiyanın 10-cu maddəsi bütünlükdə hər kəsin məlumat azadlığını - informasiyanın axtarılması, əldə edilməsi, hazırlanması, ötürülməsi və yayılması hüququnu təsbit edir.
Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində həyata keçirilən hüquqi islahatların və milli qanunvericiliyin beynəlxalq, Avropa standartlarına uyğunlaşdırılması prosesinin məntiqi davamı kimi 24 dekabr 2002-ci il tarixdə qəbul edilmiş "Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanunu da tənzim etdiyi məsələlərin dairəsinə görə çox mühüm əhəmiyyətə malikdir. Qəbul edilmiş bu Konstitusiya Qanunu Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasına uyğunlaşdırılması məqsədinə hesablanmışdır.
2009-cu il martın 18-də Azərbaycan Respublikası Konstitusiyasına ümumxalq referendumu ilə edilmiş əlavə və dəyişikliklər həm də beynəlxalq hüquqi aktların Əsas Qanunda daha dolğun ifadəsini tapması ilə nəticələnmişdir. Məsələn, Birləşmiş Millətlər Təşkilatının 1966-cı il tarixli "İqtisadi, sosial və mədəni hüquqlar haqqında Pakt"ında, "Mülki və siyasi hüquqlar haqqında Pakt"ında, habelə Avropa Şurasının 1961-ci il tarixli Avropa Sosial Xartiyasında vətəndaşların sosial və mədəni hüquqlarının təmini vacib məsələ kimi önə çəkilmişdir.
Konstitusiyanın 15-ci maddəsinin (İqtisadi inkişaf və dövlət) ikinci hissəsinə təklif olunan dəyişikliyə görə "Azərbaycan dövləti bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir". Bu hissəyə təklif olunan "sosial yönümlü" ifadəsi obyektiv reallığa əsaslanmaqla, Azərbaycan dövlətinin sosialyönümlü siyasətini özündə ehtiva edir. İnkişaf etmiş dövlətlərin təcrübəsi göstərir ki, hər bir inkişaf etmiş dövlətdə bazar münasibətlərinin inkişafı, iqtisadi sərbəstlik, azad sahibkarlıq və özəl mülkiyyətçilik şəraitində sosial hüquqların təminatı sisteminə xüsusilə diqqət yetirilir.
Avropa Sosial Xartiyasının 17-ci maddəsində "Uşaqların və gənclərin müdafiə olunma hüququ" uşaqların və gənclərin müdafiə olunma hüququnun effektiv şəkildə tətbiqi məqsədilə dövlətlərin üzərinə bir sıra öhdəliklər qoyulmuşdur. Həmin maddədə "1. Uşaqların sağlamlığına, mənəviyyatına və ya təhsilinə zərər gətirməyən müəyyən olunmuş yüngül əmək növləri istisna olmaqla işə qəbul olunma üçün minimal yaş həddinin 15 olmasının təmin edilməsi; 2. Sağlamlığa zərər yetirən və ya təhlükəli hesab edilən işlərə isə işə qəbul olma üçün yaş həddinin 18 yaş səviyyəsində müəyyən olunmasının təmin edilməsi; 3. İcbari təhsil alma yaşında olan şəxsin həmin təhsildən bəhrələnməsinə maneə törədən işlə məşğul olmamasının təmin edilməsi; 4. 18 yaşına qədər olan şəxslərin iş saatlarının onların inkişafına və xüsusilə də peşəkar təlimləndirmə ehtiyaclarının təmin edilməsi məqsədinə müvafiq olaraq məhdudlaşdırılması" vacib məsələlər kimi önə çəkilir.
Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə (Ailə, uşaqlar və dövlət) edilən əlavə və dəyişikliklər də son 15 ildə Azərbaycanda uşaq hüquqlarının təminatı istiqamətində qəbul olunmuş qanunlara və beynəlxalq hüquqi aktlara konstitusion status vermək, habelə dövlətin bu sahədə üzərinə düşən vəzifələri konkretləşdirmək məqsədi daşımışdır.
Konstitusiyanın 32-ci maddəsinin 2-ci bəndinə edilən əlavə hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququnu təsbit edir. Bu dəyişikliyə görə, qanunla nəzərdə tutulmuş hallardan başqa, insanların şəxsi həyatı ilə yanaşı, həm də ailə həyatına müdaxilə qadağan edilir, hər kəsə şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ yaradır.
İnsan haqları və əsas azadlıqlarının müdafiəsi üzrə Avropa Konvensiyasının 5-ci bəndinə görə hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ var. Konvensiyanın 8-ci maddəsində hər kəsin şəxsi və ailə həyatına təminat verilir və bu hüququn həyata keçirilməsinə maneələr qadağan olunur. Konvensiyanın 13-cü maddəsi hər kəsə effektiv müdafiə hüququ verir. Yəni Konvensiyada nəzərdə tutulmuş hüquq və azadlıqlar pozularsa, hər kəs dövlət orqanında və məhkəmədə effektiv müdafiə hüququna malikdir. Ailə sirri isə Azərbaycan Konstitusiyasının 127-ci maddəsinin 5-ci bəndi və Mülki Prosessual Məcəllənin 10-cu maddəsinin 10.2 və 10.4-cü bəndləri ilə müdafiə olunur. Qanuna görə, digər məsələlərlə yanaşı, həm də ailə sirrinin yayılmasının qarşısını almaq üçün məhkəmələrin qapalı keçirilməsinə icazə verilir.
Tarixən mülkiyyət hüququ insanların ən ümdə hüquqlarından biri kimi müqəddəs sayılmışdır. Hər kəsin qanuni yolla əldə etdiyi mülkiyyətin toxunulmazlığını beynəlxalq hüquq normaları da birmənalı təsbit edir. Heç kim məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadan mülkiyyətindən məhrum edilə bilməz. BMT-nin 10 dekabr 1948-ci il tarixli "İnsan hüquqları haqqında Ümumi Bəyannamə"sinin 17-ci maddəsində göstərilir: "Hər bir şəxsin həm təkbaşına, həm də digərləri ilə birlikdə mülkiyyətə sahib olma hüququ var. 2. Heç kim özbaşına olaraq mülkiyyətdən məhrum edilə bilməz".
Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə edilən dəyişiklikdə hər bir vətəndaşın mülkiyyət hüququnun daha səmərəli təmin olunması baxımından vacib əhəmiyyət daşıyır.
Bütün bunlar deməyə əsas verir ki, Azərbaycan Respublikası Konstitusiyasının əsasında sivil dünyanın istinad etdiyi mütərəqqi, demokratik ruhlu beynəlxalq saziş və konvensiyalar dayanır. Azərbaycan Respublikası demokratik dəyərlərə sadiq ölkə kimi qəbul etdiyi bir sıra qanunların və digər normativ-hüquqi aktların həmin beynəlxalq hüquqi aktlara uyğunlaşdırılmasını, onlarla bağlı beynəlxalq hüquqi ekspertizanın keçirilməsini təmin edir.
Sona QƏLƏNDƏRLİ,
Bakı Dövlət Universiteti
hüquq fakültəsinin
doktorantı,
Ümumrespublika Gənclər
Forumlarının nümayəndəsi
Azərbaycan.- 2012.- 17 may.- S. 6.