Azərbaycanın
məşəli dünyada alovlanacaq
Azərbaycan bu
müsabiqəyə uğurla ev sahibliyi etməklə bir daha
bütün dünyaya nümunə olacaq
Avropanın ən populyar mahnı yarışması və televiziya şousu olan "Eurovision" mahnı müsabiqəsinin yaranma tarixi 1955-ci ilə təsadüf edir. Avropa Yayımlar Birliyinin (EBU) ideyası əsasında belə bir mahni yarışması layihəsinin meydana çıxmasında əsas məqsəd ölkə televiziyaları arasında ortaq canlı veriliş yaratmaq idi. İdeyanın konsepsiyasına əsasən, hamı bütün üzv ölkələrdə yayımlanacaq möhtəşəm şou üzərində çalışacaqdır.
"Eurovision"
mahnı müsabiqəsi - dünyanın ən
uzunömürlü telelayihəsi
1956-cı il mayın 24-də İsveçrənin Luqano şəhərində reallaşdırılan ilk yarışmada Hollandiya, İsveçrə, Belçika, Almaniya, Fransa, Lüksemburq və İtaliya rəqabət apardılar. Lys Assia (İsveçrə) "Refrain" mahnısı ilə birinci oldu. 1957-ci ildə Hollandiya, 1958-ci ildə Fransa, 1959-cu ildə Hollandiya, 1960-cı ildə yenidən Fransa birincilik əldə etdilər. Beləliklə, qısa dövr ərzində "Eurovision" mahnı müsabiqəsi Avropa ölkələrini birləşdirən beynəlxalq və maraqlı layihə kimi özünü təsdiq etdi. Elə buna görə də yarandığı ilk vaxtlardan qitənin tamaşaçı şüurunda dərin kök salmış musiqi mədəniyyəti klassikasına çevrildi. Həmin vaxtdan fasiləsiz davam edən müsabiqə dünyada ən uzunömürlü televiziya layihələrindən biri hesab olunur.
Musiqi tarixinin bu 57 ili bir çox maraqlı
faktlar və əhvalatlarla yadda qalıb. Misal
üçün, "Eurovision" tarixində ən çox
qalib olmuş ölkə İrlandiyadır. Bu ölkə 7 dəfə
müsabiqənin qalibi olub. Ən çox ev sahibliyi etmiş
ölkə isə beş dəfə qalib olmuş
Böyük Britaniyadır. Bu ölkə səkkiz dəfə
yarışmaya ev sahibliyi edib. Bu günə qədər
ümumilikdə 25 ölkə yarışmada birinci olub.
Portuqaliya isə yarışmaya qatılan ən
"stajlı" ölkələrdən olsa da, heç vaxt
birinci yerə çıxa bilməyib. Bundan başqa, "Eurovision"
tarixində ən çox balla birinci olmuş ölkə
Norveçdir. Norveç 2009-cu ildə 387 balla 16 ölkədən
12 tam bal alaraq rekord vurub.
İsveçrənin
Luqano şəhərində keçirilən ilk
"Eurovision" yarışması isə bir ölkənin
birdən çox mahnı ifa etdiyi ilk və son yarışma
kimi tarixə düşüb. Hər sonrakı ildə
yarışmada iştirak etmək istəyən ölkələrin
sayı artdığı üçün bütün
iştirakçıların eyni gündə səhnəyə
çıxması imkansızlaşırdı. Buna görə
də yarışmada zəif çıxış edən
ölkələrin növbəti il yarışmaya
qatılmayacağı qərara alındı. Lakin 2004-cü
ildə yarışma yarımfinal və final mərhələlərinə
bölündü. Bu yolla bütün arzu edən ölkələr
yarışda iştirak edə bildi.
Bu
müsabiqə yalnız Avropada deyil, həm də layihənin
iştirakçısı olmayan Avstraliya, Kanada, Misir, Honkonq,
Hindistan, Yaponiya, Koreya, Yeni Zelandiya və ABŞ-da
yayımlanır.
Azərbaycan
"Eurovision" mahnı müsabiqəsinə uğurla
başladı
Azərbaycanın
"Eurovision" mahnı müsabiqəsində
iştirakına dəstək verən Heydər Əliyev
Fondunun təşkilatçılığı bu
yarışmada ölkəmizin uğurla təmsil
olunmağında mühüm rol oynamışdır. Azərbaycanın
"Eurovision" mahnı müsabiqəsində
iştirakı 2008-ci ildən başlayır.
"Eurovision"da dördüncü dəfə iştirak
etməyimizə baxmayaraq, ifaçılarımız Azərbaycanın
zəngin musiqi diyarı olmasını dünyaya sübut ediblər. 2008-ci il
Serbiyanın paytaxtı Belqradda keçirilən
yarışmada ilk dəfə çıxış edən Azərbaycan
təmsilçiləri Elnur Hüseynov və Samir Cavadzadənin
çıxışı pis alınmadı. Onlar Azərbaycana 43 ölkə arasında
8-ci yeri qazandırdılar.
Sonrakı
il Azərbaycanı Rusiyanın paytaxtı Moskvada digər duet
təmsil etdi. Sayca 54-cü olan mahnı müsabiqəsində
ölkəmizi "Always" mahnısı ilə gənc
müğənni Aysel Teymurzadə və isveçli
musiqiçi, əslən azərbaycanlı olan populyar bəstəkar
Araş təmsil etdilər. Həmin il ölkəmiz 3-cü
yeri tutdu.
Bundan bir
neçə gün sonra "Eurovision-2009" mahnı
müsabiqəsində Azərbaycanı uğurla təmsil
etmiş Aysel Teymurzadə və Araş ilə
görüşən Heydər Əliyev
Fondunun prezidenti, UNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva
qazandıqları böyük uğur münasibətilə
onları təbrik etdi. Ölkəmizdə bu musiqi
yarışmasının həyəcanla izlənildiyini bildirən
Heydər Əliyev Fondunun prezidenti vurğuladı ki, Aysel və
Araş qitəmiqyaslı müsabiqədə Azərbaycanı
layiqincə təmsil etmişlər. Artıq Azərbaycan bu
sahədə də nailiyyət əldə etmişdir.
2010-cu ildə
isə Norveçin paytaxtı Osloda keçirilən 55-ci
"Eurovision" mahnı müsabiqəsində Azərbaycanı
Safura Əlizadə "Drip Drop" mahnısı ilə təmsil
etdi. Bu ifa ölkəmizə 5-ci yeri qazandırdı.
Nəhayət, 2011-ci il mayın 14-də Azərbaycan
təmsilçiləri Eldar Qasımov və Nigar Camal
Almaniyanın Düsseldorf şəhərində 56-cı
müsabiqədə çıxış etdilər. Duetimiz
müsabiqədə "Running Scared" mahnısı ilə
bütün dünyaya səs saldı. Məhz bu ifa Azərbaycana
43 ölkə arasında 221 xalla birincilik qazandırdı.
İki gün sonra - mayın 16-da Prezident İlham Əliyev və
Mehriban xanım Əliyeva müsabiqədə qələbə
qazanmış iştirakçılarla görüşdülər.
Qalibləri təbrik edən Prezident İlham Əliyev bunun Azərbaycan
gəncliyinin, Azərbaycan xalqının və Azərbaycan
dövlətinin qələbəsi olduğunu dedi: "Bu
müsabiqə deyə bilərəm ki, dünyanın ən
mötəbər mahnı müsabiqəsidir. Əlbəttə
ki, bu, Avropa ölkələrini əhatə edir. Ancaq hesab edirəm
ki, dünya miqyasında buna oxşar ikinci müsabiqə
yoxdur. Tamaşaçı auditoriyası haradasa 100 milyondan
artıq idi. Belə mötəbər yarışda birincilik əldə
etmək tarixi qələbədir. Bu, ilk növbədə,
sizin qələbənizdir. Mən sizi bir daha təbrik edirəm.
Bu, Azərbaycan gəncliyinin, Azərbaycan xalqının və
Azərbaycan dövlətinin qələbəsidir. Bu, artıq
tarixdə qalacaqdır. Siz də artıq tarixdə
varsınız. "Eurovision" tarixində Azərbaycan
öz sözünü demişdir. Bu, əlbəttə ki,
hamımızı çox sevindirir".
Təmsilçilərimiz bu birinciliklə Azərbaycanın zəngin musiqi mədəniyyətini təkcə Avropa deyil, eyni zamanda, dünya tamaşaçılarına bir daha çatdırdılar. Eldar-Nigar dueti Avropa musiqi müsabiqəsində təkcə sənət zirvəsinə yüksəlmədi, həm də ölkəmizi reklam etdi. Dünyanın bütün kütləvi informasiya vasitələri istər-istəməz Azərbaycandan danışmalı oldular. Odlar yurdunu indiyədək yalnız neft ölkəsi kimi tanıyanlar bu diyarın həm də musiqi və incəsənətlə nəfəs aldığını yəqinləşdirdilər. Azərbaycanın adını tələffüz edə bilməyənlər artıq buna öyrəndilər. Ölkəmizin yerini xəritədə bilməyənlər Azərbaycanı yaxından tanıdılar. Bir sözlə, bütün dünya bizdən danışmağa başladı.
Bakı "Eurovision"un ev sahibidir
Xalqların yaxınlaşmasında, bir-birini daha yaxşı tanımasında, ortaq dəyərlərin formalaşmasında musiqi əvəzsiz vasitədir. Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycan mədəniyyətlərarası dialoqun inkişafına daim öz töhfəsini verir. Ölkəmiz artıq neçə illərdir ki, beynəlxalq musiqi festivallarının keçirildiyi məkan kimi tanınır. Keçirilən hər bir tədbir, ilk növbədə, müxtəlif millətlərin mədəniyyətinin qarşılıqlı zənginləşməsinə səbəb olur və xalqlar arasındakı birliyi daha da gücləndirir. Əsrlərlə formalaşan musiqi sənətinin hərarəti isə bu dəfə xalqları Bakıda keçirilən "Eurovision" mahnı müsabiqəsində bir araya toplayır. Çünki sonuncu "Eurovision" yarışmasındakı qələbə ilə Azərbaycan 2012-ci ilin mayında bu müsabiqəni Bakıda keçirmək hüququ qazanıb.
Ötən ilki tarixi nailiyyətdən bir neçə gün sonra - may ayının 19-da Prezident İlham Əliyev "Eurovision-2012" mahnı müsabiqəsinin Bakı şəhərində keçirilməsi haqqında" sərəncam imzaladı. Sərəncama əsasən, 2012-ci ilin may ayında Bakı şəhərində "Eurovision-2012" mahnı müsabiqəsinin layiqincə keçirilməsini təmin etmək məqsədilə Təşkilat Komitəsi yaradıldı. Ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, UNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Təşkilat Komitəsinə rəhbər təyin olundu.
Bundan sonra yarışmaya hazırlıq işləri ilə əlaqədar olaraq gərgin iş başlandı. İyulun 4-də Heydər Əliyev Fondunda mahnı müsabiqəsinin keçirilməsi üzrə Təşkilat Komitəsinin ilk iclası keçirildi. İclasda Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva qarşıda böyük məqsədin dayandığını diqqətə çatdırdı, "Eurovision-2012" mahnı müsabiqəsinin ən yüksək səviyyədə təşkil olunmasının vacibliyini vurğuladı. Bildirdi ki, müsabiqənin paytaxtımızda keçirilməsi ilə bağlı əsas istiqamətlər müəyyən edilməlidir.
Bu il yanvarın 25-də isə Bakıdakı
"Buta Palace"da "Eurovision-2012" mahnı müsabiqəsi
ilə bağlı ilk təntənəli mərasim
keçirildi. Mərasimdə Bakı şəhəri
"Eurovision-2012" mahnı müsabiqəsinə ev
sahibliyini rəsmən qəbul etdi. Almaniyanın Düsseldorf
şəhərinin meri Dirk Elsbers yarışmanın rəmzi
açarını Bakı Şəhər İcra Hakimiyyətinin
başçısına təqdim etdi. Bununla da Bakının
"Eurovision-2012"yə ev sahibliyi rəsmən qəbul
olundu.
Mərasimin
vacib məqamlarından biri isə müsabiqənin
konsepsiyasının təqdimatı oldu. Belə ki, həmin
gün Azərbaycanın ev sahibliyi edəcəyi müsabiqənin
loqo və şüarı açıqlandı. Qeyd edək
ki, odlar yurdu olan Azərbaycanda keçiriləcək
"Eurovision-2012" mahnı
müsabiqəsinin loqosunda mədəniyyətimizdə
xüsusi yeri olan od, çox qədim tarixə malik musiqimizi
xarakterizə edən rəqs, şəffaflıq, əmin-amanlıq
və sülhpərvərliyi təcəssüm etdirən
günəş, ay və ulduzlar təsvir olunur.
Zəngin
mədəniyyətimizdə xüsusi yeri olan od fəlsəfəsi
bu gün də bayramlarımızda, incəsənət
nümunələrimizdə və memarlığımızda
çox aktualdır. Böyük bir coğrafiyanı əhatə
edən Novruz bayramında insanlar tonqalın ətrafında bir
araya gəlir, təbiətin oyanmasını, həyatın
sanki yenidən başlanmasını şənliklərlə
qeyd edirlər.
Könlümüzə
hərarət verən od Azərbaycan xalqının
istiqanlı, qonaqpərvər qayğıkeş xüsusiyyətlərində
öz təcəssümünü tapıb. Həyatımızın
enerji mənbəyi hesab etdiyimiz alov demək olar ki, bir-birindən
çox fərqli naxışlarla mədəniyyət incilərimizdə
əks etdirilmişdir. Ona görə də
"Eurovision-2012" mahnı müsabiqəsinin "Light your fire" ("Öz məşəlini
alovlandır") şüarı altında keçirilməsinə
qərar verildi.
"Baku Crystal Hall" - Bakıya
gözəllik verən memarlıq nümunəsi
Mahnı
müsabiqəsinə hazırlığın ən
mühüm göstəricisi və
uğuru təbii ki, Bakının ən gözəl məkanlarından
birində, Dövlət Bayrağı Meydanının
yaxınlığında inşa olunan "Baku Crystal
Hall"un inşasıdır. Unikal memarlıq nünunəsi
olan bu saray Prezident İlham Əliyevin "Bakı şəhərində
müasir idman-konsert kompleksinin inşa edilməsi
haqqında" 2011-ci il iyulun 11-də imzaladığı sərəncama
əsasən tikilib. Bu il yanvarın 15-də isə EBU
müsabiqənin məhz bu sarayda keçirilməsi ilə
bağlı qərar qəbul edib.
Mehriban
xanım Əliyevanın rəhbərlik etdiyi təşkilat
komitəsinin fəaliyyəti nəticəsində müsabiqəyə
hazırlıq işləri ilə yanaşı, "Baku
Crystal Hall"un inşası da qısa zamanda uğurla
tamamlandı. Mehriban xanım Əliyevanın müsabiqəni
işıqlandıracaq jurnalistlərə təqdim olunan rəsmi
proqram kitabçasında yer alan salamlamasında
yarışmaya hazırlıqla bağlı deyilir:
"Eurovision mahnı müsabiqəsinə hazırlıq bizdən
böyük və gərgin əmək tələb etdi. Lakin
bu gərginlik sizinlə xoş görüş ümidi ilə
əvəzlənmişdir. Əminəm ki, müxtəlif mədəniyyətlərin
qarşılıqlı zənginləşməsinə səbəb
olan və xalqlar arasında olan birliyi daha da gücləndirən
bu musiqi bayramının, gözəl Bakımızın və
qonaqpərvər xalqımızın xoş xatirəsi qəlbinizdə
daim yaşayacaqdır".
Mayın
7-də Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın
iştirakı ilə "Baku Crystal Hall"un rəsmən
açılışı oldu. Qeyd edək ki, 25 min nəfərlik
tamaşaçı yeri olan kompleks orijinal arxitekturası ilə
fərqlənir və paytaxtın memarlıq quruluşuna
xüsusi yaraşıq verir. Kompleksdə gələcəkdə
başqa beynəlxalq tədbirlərin keçirilməsi də
mümkündür. "Baku Crystal Hall"un əhəmiyyətini
artıran mühüm amillərdən biri də onun Dövlət
Bayrağı Meydanı ətrafında yerləşməsidir.
Müasir memarlıq üslubu ilə paytaxtın sürətlə
dəyişən dənizkənarı
görünüşünə yeni çalar verir. Binanın
fasadı gözoxşayan kristal elementlərlə bəzədilib. 45 min işıq-diod lampa ilə
işıqlandırılan arena genişmiqyaslı tədbirlər
üçün möhtəşəm bir məkandır.
"Baku
Crystal Hall"un yaxınlığında Mətbuat Mərkəzi
də inşa olunub. 5 min kvadratmetr ərazini əhatə edən
mərkəzdə eyni vaxtda 1500-dən artıq jurnalistin
işləməsi mümkündür. Burada jurnalistlər xüsusi kabinetlərdə
müxtəlif müsahibələr ala bilərlər. Mərkəzdə
yaradılan studiyada isə televiziya müsahibələrinin
çəkilişlərini həyata keçirmək
mümkün olacaq. İnternetə çıxış
üçün yüksək sürətli wi-fi sisteminin
quraşdırıldığı Mətbuat Mərkəzində
eyni vaxtda 500 jurnalistin iştirak edə biləcəyi konfrans
zalı da fəaliyyət
göstərir. Bundan başqa, jurnalistlərin
rahatlığı üçün kafeteriyanın olduğu
istirahət zonası da yaradılıb.
"Eurovision"
mahnı müsabiqəsinin rəhbəri Yan Ola Sand "Baku
Crystal Hall" barədə belə deyib: "Baku Crystal
Hall" özlüyündə tamamilə bir yenilikdir. Hələ
ki, heç kimin daxilində olmadığı bu məkan
insanlarda unudulmaz təəssürat yaradacaqdır. Ümumiyyətlə,
"Baku Crystal Hall" şoudan sonra da Azərbaycan
paytaxtı üçün möhtəşəm konsertlərin,
tədbirlərin, sərgilərin keçirilməsi
üçün çox gözəl bir yer olacaqdır.
Şouların yüksək tələblərinə, ən
müasir standartlara cavab verən bu məkan həmçinin
çox gözəl memarlıq üslubuna da malikdir".
Müsabiqədənkənarda
insanların vaxtlarını xoş və asudə keçirmələri
üçün "EuroClub" da yaradılıb. Mayın
11-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev
Fondunun prezidenti, "Eurovision-2012" mahnı müsabiqəsinin
Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və
fondun birinci vitse-prezidenti Leyla Əliyeva Bakıdakı
"EuroClub"da görülmüş işlərlə
tanış olublar.
"EuroClub"
"Eurovision" mahnı müsabiqəsi tarixində şounun
bütün iştirakçılarına təqdim olunan ən
möhtəşəm məkanlardandır. "EuroClub"un məqsədi
bütün "Eurovision-2012" mahnı yarışması
iştirakçılarının əyləncələrini təmin
etməkdir. Akkreditasiyadan keçmiş bütün şəxslər
burada təşkil olunan tədbirlərdə iştirak edə
biləcəklər. Eyni zamanda, ayrı-ayrı ölkələrin
"Eurovision-2012" mahnı müsabiqəsində təmsilçiləri
"EuroClub"dan özlərinin təbliğat vasitəsi
kimi də istifadə edəcəklər. Başqa sözlə,
iştirakçılar onların ixtiyarına verilən bu
möhtəşəm səhnədə mahnılarını ifa
edib fanatları və nümayəndə heyətlərinin
üzvləri ilə əlavə təmasda olacaqlar. Burada həmçinin
hər bir nümayəndə heyəti öz gecələrini
keçirəcəklər. İştirakçılar
böyük səhnəsi olan "EuroClub"da disko-zalın,
barın və restoranın xidmətindən yararlana biləcəklər.
Hər gün "EuroClub"da musiqiçilərin ifasında canlı və diceylərin (dj) ifasında müxtəlif janr və mövzulu musiqilər, rəqslər və digər şou-proqramlar təqdim ediləcəkdir. Bu da Bakı "EuroClub"unun özəlliklərindən biridir. Həm həcminə, həm də təqdim edilən müasir işıq və səhnə avadanlığına görə Bakı "EuroClub"u uzun müddət "Eurovision" fanatlarının və iştirakçılarının yadında qalacaqdır.
Bildirilmişdir ki, eyni vaxtda 3 min nəfərin əylənməsi üçün nəzərdə tutulan "EuroClub"da bir neçə rəsmi ziyafətin - "Eurovision"un rəsmi açılış mərasiminin, hər yarımfinaldan sonra finala vəsiqə qazanan qaliblər üçün ziyafətlərin və final konsertindən sonra vida gecəsinin təşkili də nəzərdə tutulub.
Bakıda keçirilən "Eurovision" müsabiqəsində 42 ölkə iştirak edir. Mayın 22-də ilk yarımfinal günündə 18 ölkədən olan müğənnilər çıxış edəcəklər. Mayın 24-dəki ikinci yarımfinal günündə isə daha 18 iştirakçı səhnəyə çıxacaq. Nəhayət, mayın 26-da isə möhtəşəm final olacaq. Artıq müsabiqədə iştirak edəcək ölkələrin nümayəndələri bir neçə gündür "Baku Cyrstal Hall"un möhtəşəm səhnəsində məşqlərini keçirməyə başlayıblar. Hər çıxışdan sonra isə onlar Mətbuat Mərkəzində jurnalistlərin suallarını cavablandırırlar.
"Eurovision" mahnı müsabiqəsi musiqi mədəniyyəti tarixində ənənəyə çevrilmiş böyük bayram olmaqla yanaşı, həm də mədəniyyətlərarası dialoqa töhfə verən əhəmiyyətli bir tədbir kimi tanınmaqdadır. Azərbaycan bu müsabiqəyə uğurla ev sahibliyi etməklə bir daha bütün dünyaya nümunə olacaq.
Rəşad CƏFƏRLİ,
Elçin CƏFƏROV
Azərbaycan.- 2012.- 17 may.- S. 7.