Vətəndaş
mənafeyinə xidmət edən sosialyönümlü
iqtisadi strategiya
2012-ci ilin ilk
rübünün yekunları sosial məsələlərin
hökumətin daim diqqət mərkəzində olduğunu
göstərir
Müəyyən zaman kəsiyində xalq və dövlət naminə həyata keçirilən tədbirlər sisteminin ictimai mənafe baxımından obyektiv dəyərləndirilməsi həm də inkişafın dolğun mənzərəsini göz önündə canlandırır. Belə real mənzərə fonunda fəaliyyəti ilə ictimai etimad qazanmağa çalışan, xalqa layiqli xidmət amalını hədəfləyən hər bir hakimiyyət komandasının qarşıya qoyduğu vəzifələri hansı səviyyədə gerçəkləşdirmək əzmi də üzə çıxır. Qarşıya qoyulmuş planlar həm də daxili potensialı, həqiqi güc və imkanları, əsl məramı özündə təcəssüm etdirir. Bu baxış bucağından Azərbaycanda da hakimiyyətin əsl məram və məqsədinin xalqa xidmət olduğunu əminliklə söyləmək mümkündür. Ötən illərdə ölkədə sistemli və ardıcıl şəkildə gerçəkləşdirilən sosial-iqtisadi islahatların başlıca qayəsində yalnız bir məqsəd dayanır: vətəndaşlara yüksək xidmət göstərməklə, ictimai etimadı doğrultmaq!
"Biz xalq üçün işləyirik. Məqsədimiz də odur ki, ölkə vətəndaşları vəziyyətin ildən-ilə daha da yaxşılaşmasını görsünlər, bunu gündəlik həyatlarında hiss etsinlər" - deyən Azərbaycan Prezidenti İlham Əliyev bu məqsədə xidmət edən çoxşaxəli islahatları çevik və işlək mexanizmlər üzərində reallaşdırır, davamlı yüksəlişi təmin etmək üçün ölkənin daxili potensialından səmərəli şəkildə bəhrələnir. Son illərdə Azərbaycanın Cənubi Qafqaz regionunda mühüm rolu, mövqeyi ilə seçilən lokomotiv dövlətə çevrilməsi də məhz elmi əsaslar üzərində gerçəkləşdirilən iqtisadi inkişaf strategiyasının məntiqi nəticəsidir. Dövlət başçısının yeni dünya nizamının tələblərinə cavab verən iqtisadi inkişaf kursu Azərbaycanın müstəqil dövlət kimi bölgədə və dünyada layiqli yerini tapmasını, regional liderliyini təmin etmişdir.
Sürətli intibah yolunda olan, qarşıya qoyduğu hədəflərə inamla yetişən, bütün sahələrdə yeniləşən respublikamız beynəlxalq aləmdə mövqelərini ildən-ilə möhkəmləndirir. Azərbaycan nəinki problemlərinin həllinə nail olur, hətta ümumregion əhəmiyyətli qlobal layihələri daxili imkanları hesabına gerçəkləşdirir. Aparıcı dünya dövlətləri Cənubi Qafqazın tərəqqi və yüksəlişini Azərbaycandan kənarda görmür, respublikamızın mövqeyi ilə tam hesablaşırlar. Ölkəmiz düşünülmüş yeni neft strategiyası ilə ümumən Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan əhəmiyyətli dövlətə çevrilir.
Regional inkişaf tədbirləri
keyfiyyətcə yeni mərhələdə
Azərbaycan Prezidenti İlham Əliyevin ötən 9 illik fəaliyyətinin ən üstün cəhəti onun siyasi hakimiyyəti xalqa layiqli xidmət vasitəsi kimi dəyərləndirməsi və hökumətin fəaliyyəti ilə bağlı cəmiyyətə müntəzəm olaraq hesabatların verilməsini idarəçilikdə mütərəqqi demokratik ənənələrdən biri kimi formalaşdırmasıdır. Artıq bir neçə ildir ki, bu cür hesabatlar həm də konkret dövr ərzində əldə edilmiş nailiyyətlərin qiymətləndirilməsi, müstəqil dövlətimizin əldə etdiyi uğurların ictimaiyyətə düzgün, obyektiv çatdırılması, mövcud problemlər ətrafında müzakirələrin aparılması, onların həlli yollarının tapılması üçün səmərəli vasitəyə çevrilmişdir. Bu cür hesabatlar başqa bir cəhəti ilə də xüsusi əhəmiyyət daşıyır - cənab İlham Əliyevin dövlət idarəçiliyi sahəsində nə qədər böyük səriştəyə malik lider olduğunu parlaq şəkildə əks etdirir.
Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları ilə bağlı bir müddət əvvəl keçirilmiş iclası respublikanın ötən illərdə formalaşmış möhkəm təməl üzərində sürətlə inkişaf etdiyini göstərir. Hökumətin son iclası həm də deməyə əsas verir ki, ölkə başçısı İlham Əliyevin yürütdüyü sosial-iqtisadi inkişaf strategiyasının əsasında Azərbaycanın təkcə bugünkü deyil, uzaq gələcəkdə də sürətlə inkişafı məsələsi dayanır. İrəli sürülən təşəbbüslər, uzaq dövrə hədəflənən strateji əhəmiyyətli layihələr, ilk növbədə, Azərbaycanın qüdrətli dövlətə çevrilməsinə və ölkə vətəndaşlarının yüksək sosial rifah halının təmin olunmasına xidmət edir.
İnkişafın miqyası barədə dolğun təsəvvür yaratmaq üçün bəzi statistik göstəricilərə nəzər salmaq vacibdir. Hesabat dövründə respublikada ümumi daxili məhsul 0,5, qeyri-neft sektoru 7,7, əhalinin pul gəlirləri 14 faiz artmış, inflyasiya cəmi 3,1 faiz təşkil etmişdir. Ümumi sənaye potensialının 0,3 faiz azalmasına rəğmən, qeyri-neft sənayesi 16,5 faiz artmış, respublikanın icmal büdcəsi 25 milyard ABŞ dolları təşkil etmişdir. Prezident İlham Əliyevin hökumətin son iclasında qeyd etdiyi kimi, qeyri-sənaye istehsalındakı bu artım müstəqillik dövrü üçün rekord göstərici olub, aparılan uğurlu islahatların məntiqi nəticəsidir. Digər müsbət göstərici bundan ibarətdir ki, ilin birinci rübündə dövlət büdcəsinin xərcləri 2 milyard 843,2 milyon manat, ötən ilin eyni dövrü ilə müqayisədə isə 755,8 milyon manat və ya 36,2 faiz çox icra olunmuşdur.
Ümumilikdə, 2012-ci ilin ilk rübündə ölkə iqtisadiyyatının inkişaf dinamikası, əldə edilmiş iqtisadi göstəricilər, artan real vergi bazası dövlət və icmal büdcələrinə təsdiq edilmiş həcmdən artıq vəsaitin daxil olmasına zəmin yaratmışdır. Hesabat dövründə dövlət büdcəsinə 3 milyard 487,7 milyon manat və ya ötən ilin eyni dövrü ilə müqayisədə 26 faiz və yaxud 719,3 milyon manat çox vəsait daxil olmuşdur. Daxilolmanın 1 milyard 390,4 milyon manatı Vergilər Nazirliyinin, 251,7 milyon manatı Dövlət Gömrük Komitəsinin, 1 milyard 839,8 milyon manatı isə Dövlət Neft Fondunun xətti ilə təmin edilmişdir.
Büdcə gəlirlərinin artımı ilə əlaqədar bu ilin may-iyun aylarında Milli Məclisdə dövlət büdcəsinə müəyyən əlavə və dəyişikliklərin edilməsi də gözlənilir. Ümumiyyətlə, respublikamızın hər ilin ortalarında dövlət büdcəsinə yenidən baxması, gəlir və xərcləri artırması dinamik inkişaf göstəricisi kimi təqdirəlayiqdir. Bu cür sürətli artıma və büdcə dəqiqləşdirmələrinə dünyanın az ölkələrində rast gəlinir. Azərbaycan hökuməti isə ilk növbədə şəffaflıq, ədalətlilik, dürüstlük, sosial ədalət prinsipini rəhbər tutaraq, habelə vətəndaşların rifah halının davamlı şəkildə yüksəldilməsi məramını qarşıya məqsəd qoyaraq bu təcrübədən məqsədyönlü şəkildə bəhrələnir. Dövlət büdcəsinə dəyişikliklərin edilməsi hökumətin fəaliyyətinin effektivlik əmsalını daha da artırır, qarşıya qoyulmuş məqsədlərin realizəsinə yaxşı imkanlar açır.
Qeyri-neft sektorunun inkişafı son illər ölkə iqtisadiyyatında müşahidə olunan müsbət meyil kimi hesabat dövrü üçün də səciyyəvidir. Hesabat dövrü qeyri-neft sektorunda 7,7 faizlik artıma nail olunmuşdur. Milli iqtisadiyyatın şaxələndirilməsi siyasəti uğurla davam etdirilmiş, habelə prioritet istehsal sahələrinin uzlaşdırılması, inkişaf potensialının qarşılıqlı kömək mexanizmi əsasında realizə edilməsi müsbət nəticələrini göstərmişdir. Bir sıra dövlətlərin təcrübəsində uğurla sınaqdan çıxmış, özünü doğrultmuş bu iqtisadi strategiya neftdən əldə olunan gəlirlərin qeyri-neft sektoruna, istehsal sahibkarlığının inkişafına yönəldilməsini, özəl sektorun ümumi daxili məhsulda xüsusi çəkisinin artırılmasını nəzərdə tutur. İqtisadiyyatın bütün sahələrinin inkişafı həm də makroiqtisadi sabitliyin qorunub saxlanılması və maliyyə təhlükəsizliyinin təmini baxımından vacib əhəmiyyət kəsb edir.
Regionların inkişafı ilə bağlı qəbul edilən dövlət proqramlarının icrası nəticəsində 2012-ci ilin birinci rübündə ötən ilin müvafiq dövrünə nisbətən bölgələr üzrə vergi daxilolmaları 13,3 faiz artaraq 110 milyon manat olmuş, ümumi vergi daxilolmalarının 8 faizini, qeyri-neft sektoru üzrə daxilolmaların isə 14 faizini təşkil etmişdir. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasına başlanılana qədər isə icmal büdcənin tərkibində vergi daxilolmalarında bu rəqəm cəmi 5,5 faiz idi. Şübhəsiz, qeyri-neft sektorunda müşahidə edilən bu artım uğurlu təməlini həm də regionların sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilmiş tədbirlərdən götürür. İnkişaf etmiş dövlətlərin təcrübəsi də göstərir ki, iqtisadiyyatın sabit tempini qorumaq üçün regional inkişafda tarazlığın, tarixi məşğulluq ənənələrinin qorunub saxlanılması vacib şərtlərdəndir. Dövlət başçısı İlham Əliyevin iqtisadi siyasətdə regional inkişaf məsələlərinə xüsusi diqqət yetirməsi, bölgələrin tərəqqisinə yönəlmiş dövlət proqramlarının, fərman və sərəncamların imzalanması məhz bu reallığa əsaslanmışdır.
2004-cü il 11 fevral tarixli "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)" və 14 aprel 2009-cu il tarixli "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" bu baxımdan xüsusi əhəmiyyət daşımışdır. Hər iki proqram regional inkişafdakı kəskin fərqin aradan qaldırılması, yerlərdə sosial-infrastruktur layihələrinin həyata keçirilməsi, sahibkarlığın inkişafı baxımından əhəmiyyətli sənəd olmuş, onların icra vəziyyəti ilə bağlı hər il hökumətin xüsusi müşavirələri keçirilmişdir. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunları ilə əlaqədar 2012-ci ilin martında dövlət başçısının rəhbərliyi ilə keçirilən konfrans respublikamızın dinamik inkişaf yolunda olduğunu təsdiqləmişdir.
Vətəndaşların sosial
müdafiəsi diqqət mərkəzindədir
2012-ci ilin I rübünün yekunları sosial siyasətin Azərbaycan üçün yenə də prioritet məsələlərdən olduğunu təsdiqləyir. Hesabat dövründə xərclərin 41,4 faizi və ya 1 milyard 178 milyon manatı sosialyönümlü olmaqla, ötən ilin müvafiq dövrü ilə müqayisədə 178 milyon manat və ya 17,8 faiz çox olmuşdur.
Bundan başqa, ölkədə muzdla işləyənlərin orta aylıq əməkhaqqı ötən ilin müvafiq dövrünə nisbətən 8,5 faiz yüksələrək 368,5, əhalinin gəlirləri 13,9 faiz artaraq 7 milyard 231,6 milyon manat təşkil etmiş, hər nəfərə düşən gəlirlər isə 12,3 faiz artmışdır. Milli valyutanın sabit kursunun saxlanılması və əhalinin ümumi gəlirlərinin yüksəlməsi fonunda inflyasiyanın cəmi 3,1 faiz təşkil etməsi hesabat rübündə banklara qoyulan əmanətlərin həcminin 4,3 faiz artmasına səbəb olmuşdur.
Bütün bunlar həm də bazar iqtisadiyyatı şəraitində vətəndaşların sosial rifah halının yüksəldilməsi məsələsinə necə böyük həssaslıqla yanaşıldığının göstəricisidir. Ümumiyyətlə, dövlətin sosialyönümlü siyasəti yalnız bazar münasibətlərinin və sahibkarlıq fəaliyyətinin azadlığını saxlamaqla vəsait və ehtiyatların düşüncəli surətdə yenidən bölüşdürülməsinə imkan verən yüksək iqtisadi inkişaf vasitəsilə həyata keçirilə bilər. Sosialyönümlü dövlətin əsasını insan ləyaqəti, ədalət, məsuliyyət, fərdin maddi statusunun kəskin fərqliliyini aradan qaldırmaq məqsədləri təşkil edir. Bu, ictimai həyatı humanistləşdirmək, cəmiyyətdə qarşıdurmanın azalması, vətəndaş həmrəyliyinin formalaşması, bütün sosial qrup və fərdlərin mənəviyyatının artmasının labüd yoludur. Qərbin sosial məsələlərə geniş yer verən bir sıra ölkələrinin inkişaf təcrübəsi bazar azadlığı və dövlətin iqtisadiyyata təsiri arasındakı balansın nə qədər çətinliklə əldə olunduğunu göstərir. Yüksək sosial xərclərin təmin olunması bəzən vergilərin qalxmasına gətirib çıxarır, bu isə istehsal sahələri üçün maneə yaradır. Hökumət belə hallarda sosial proqramları müvəqqəti azaltmağa məcbur olur. Yəni, ən inkişaf etmiş dövlətlərin təcrübəsində də sosial-iqtisadi və mədəni hüquqların təmini ilə bağlı böyük çətinliklər yaranır. Azərbaycanın milli inkişaf modeli isə elə uzaqgörənliklə düşünülmüşdür ki, dövlətin sosialyönümlü siyasəti azad bazar iqtisadiyyatının tələbləri ilə kəskin ziddiyyətlər doğurmur.
Hesabat dövrünün ən yaddaqalan sosial layihələrindən biri də ölkə başçısının 2012-ci il 14 mart tarixdə vətəndaşların keçmiş SSRİ Əmanət Bankında qalan əmanətlərinin fərdi qaydada birdəfəlik qaytarılmasını nəzərdə tutan xüsusi fərman imzalamasıdır. Vətəndaşları uzun illərdən bəri qayğılandıran bu məsələnin uğurlu həllini tapması sosial məsələlərin həllinin ölkə başçısının daimi diqqət mərkəzində olduğunu göstərir. Fərmanın icrası üçün ilkin olaraq 1 milyard manata yaxın vəsait nəzərdə tutulur ki, bu da 2 milyon 400 min şəxsi əhatə edəcək.
Dövlət başçısı İlham Əliyev Nazirlər Kabinetinin son iclasında bu məsələnin həllini ədalətli təşəbbüs kimi dəyərləndirərək demişdir: "Birinci rübdə sovet dövründən qalan əmanətlərin qaytarılması təşəbbüsü irəli sürülmüşdür. Bu, çox ədalətli və müsbət təşəbbüsdür. Mən hesab edirəm ki, müstəqil Azərbaycan dövləti sovet dövründə yığılan əmanətlərə cavabdehlik, məsuliyyət daşımır. Buna baxmayaraq, Azərbaycan dövlətinin güclü sosial siyasətini və yenə də deyirəm, insan amilinin diqqət mərkəzində olduğunu bir daha nəzərə alaraq qərar verildi və mənim tərəfimdən sərəncam imzalandı ki, batmış əmanətlərə görə kompensasiya ödənilsin. Deyə bilərəm ki, bu, çox əhəmiyyətli kompensasiyadır. Postsovet məkanında bir neçə ölkədə buna oxşar təşəbbüslər irəli sürülmüşdür. Ancaq deyə bilərəm ki, Azərbaycandan başqa heç bir yerdə cəmi iki il ərzində bu məbləğ qaytarılmayıb. Biz kompensasiya üçün təxminən bir milyard manat həcmində vəsait nəzərdə tutmuşuq və iki il ərzində bu vəsaitin insanlara verilməsi prosesi təşkil edilməlidir".
İnvestisiyaların şaxələndirilməsi
müsbət nəticələr verir
Müasir dövrdə dövlətlərin milli iqtisadi inkişafının dünya iqtisadiyyatından təcrid olunmuş halda həyata keçirilməsinin qeyri-mümkünlüyü faktı xarici amillərin tam ciddiliklə nəzərə alınmasını tələb edir. Başqa sözlə, qapalı iqtisadi məkandan dünya təsərrüfatına inteqrasiya edilməsi artıq ümumbəşəri problemə çevrilmişdir. Azərbaycanda da iqtisadiyyata investisiyaların cəlb olunması məqsədilə hökumət "açıq qapı" siyasəti həyata keçirir. Xarici investisiyaların, müasir texnologiyaların və avadanlıqların, idarəetmə təcrübəsinin ölkə iqtisadiyyatına cəlb edilməsi yolu ilə yüksək keyfiyyətli, rəqabətqabiliyyətli məhsulların istehsal edilməsi dövlətin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir.
Azərbaycanın investisiya cəlbediciliyinin artmasını son illərdə dünyanın ən müxtəlif nüfuzlu beynəlxalq iqtisadi qurumları da təsdiqləyirlər. Dünyada məşhur olan "Moodys İnvestors Servises" beynəlxalq reytinq agentliyi respublikamızın suveren kredit reytinqini bir pillə - "Ba1"dən "Baa3"ə kimi qaldırmışdır. Bu, faktiki olaraq, Azərbaycanın dövlət istiqrazlarının investisiya statusu aldığı deməkdir. Azərbaycanın kredit perspektivi "stabil" olaraq dəyərləndirilmişdir. "Moodys"un aprelin 19-da yaydığı məlumatda deyilir ki, hökumət "xeyli xarici investisiya cəlb etmək üçün" enerji daşıyıcılarının qiymətinin artmasından effektiv istifadə edə bilmişdir. Bu da gələcəkdə enerji daşıyıcılarına tələbat düşəcəyi halda neqativ halların qarşısını ala bilər: "Neftlə bağlı olmayan sənayenin infrastrukturunun təkmilləşdirilməsi və yeni sektorların inkişaf etdirilməsi ötən il həmin sahələrin istehsal səviyyəsini 9,4 faiz qaldırmağa imkan vermişdir".
"Moodys"un bu qərarı dekabrda Azərbaycanın statusunu bir pillə qaldıran ("BBB"yə qədər) nüfuzlu "Standard & Poors" reytinq agentliyinin düzgün qiymətləndirmə verdiyini təsdiq edir. "Standard & Poors" Azərbaycanın reytinqini qaldıran zaman ölkədə biznes mühitinin nəzərəçarpacaq dərəcədə yaxşılaşdığını qeyd etmişdi. Agentliyin qənaətincə, 2012-2014-cü illərdə Azərbaycanın ticarət balansının müsbət saldosu ümumi daxili məhsulun 20 faizinə çatacaqdır. Eyni zamanda, Dünya İqtisadi Forumu tərəfindən 2011-2012-ci illər üçün hazırlanmış "Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətliliyinə görə MDB ölkələri arasında lider mövqeyini bir daha təsdiqləmişdir.
Ümumilikdə, sosial məqsədlə investisiya xərclərinə 2012-ci ilin birinci rübündə dövlət büdcəsindən 1 milyard 15 milyon manat vəsait yönəldilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 80 faiz çoxdur.
Müasir dövrdə Azərbaycanın iqtisadi cəhətdən inkişafında, yeni iş yerlərinin açılmasında, ölkənin ixrac potensialının gücləndirilməsi və idxaldan asılılığın azaldılmasında sənaye potensialının əhəmiyyətini də xüsusi vurğulamaq lazımdır. Azərbaycan hazırda öz inkişafının elə yüksək mərhələsindədir ki, qazanılan makroiqtisadi nailiyyətlər, ilk növbədə, bu sahəyə diqqətin artırılmasını aktual məsələ kimi gündəmə gətirir. Dövlət başçısı hesab edir ki, yalnız sənayenin inkişaf etdirilməsi yolu ilə neftin qiymətlərinin aşağı düşməsi ilə əlaqədar Azərbaycanın üzləşə biləcəyi maddi itkiləri kompensasiya etmək mümkündür. Sənaye potensialının gücləndirilməsi dedikdə, söhbət əsla keçmiş ittifaq dövründə olduğu kimi, dövlət nəzarətində olan strateji müəssisələrin yaradılmasından getmir. Prezident İlham Əliyev dövlətin bu sahədəki siyasətini, sadəcə, sahibkarlığa kömək tədbirlərinin davamı hesab edir və perspektivli, iqtisadi nöqteyi-nəzərdən səmərəli sənaye kompleksinin formalaşmasına çalışır. Cənab İlham Əliyev hesab edir ki, hökumət öz tərəfindən bu cür müəssisələrin normal fəaliyyətinə, habelə xarici sərmayədarlarla birgə qlobal layihələr həyata keçirməsinə etibarlı təminat mexanizmləri yarada bilər. İlin ilk rübündə Sumqayıt şəhərində və respublikanın digər bölgələrində istifadəyə verilən yeni sənaye müəssisələri də məhz bu məqsədə xidmət edir.
Prezident İlham Əliyev hökumətin son iclasında bu il xüsusən də texnoparkların yaradılması istiqamətində çox təsirli və ciddi addımlar atılacağını vurğulamışdır: "Bütün müvafiq göstərişlər verildi, sərəncamlar imzalandı, torpaq sahələri ayrıldı. Artıq təcrübə də vardır, Sumqayıt Texnoparkı çox gözəl təcrübədir. İndi Gəncədə, Balaxanıda və Sumqayıtda buna oxşar yeni texnoparkların salınması prosesi gedir. Mən hesab edirəm ki, bu il biz artıq konkret işlərə başlamalıyıq. Çünki bütün qanunvericilik, ondan sonra, infrastruktur bazası artıq yerindədir, torpaq sahələri də müəyyən edilibdir. Bu texnoparkların yaradılmasına biz özəl sektorun dəstəyi ilə nail olacağıq. Ancaq dövlət kredit resurslarını həmin istiqamətə yönəltməlidir ki, özəl sektor bu imkanlardan istifadə etsin. Beləliklə, yerli istehsal daha da güclənəcəkdir. Qeyri-neft sənayemizdə artım indi 16,5 faizdir, daha da artacaqdır. Biz Azərbaycanda sözün əsl mənasında çox güclü qeyri-neft sənayesi yaradacağıq".
Ümumilikdə, son illərdə sənayeləşmə istiqamətində mühüm addımlar atılmışdır. Belə ki, Sumqayıt Texnologiyalar Parkında ağır maşınqayırma və sənaye qazları, Qaradağda müasir tikinti materialları, Abşeronda mebel və MDF istehsalı, Naxçıvanda biskvit və şokolad, tikiş, dam örtüyü və qarışıq yem fabrikləri, İmişlidə yem və bitki yağları, Samuxda meyvə qurudulması və emalı, Oğuzda qlükoza istehsalı, Ağcabədidə və Tovuzda süd emalı, Qəbələdə limonad, Ağsuda və Şəkidə şirə və şərab, Xaçmazda kondensator zavodları və digər sənaye müəssisələri istismara verilmişdir.
Hazırda yeni istehsal və emal sənayesi müəssisələrinin, o cümlədən Gəmiqayırma zavodunun, Qaradağ və Ağstafa rayonlarında yeni sement zavodlarının, Qaradağ sement zavodunda yeni quru texnologiyalı sobanın, Günəş panelləri zavodunun, Hacıqabulda kafel-metlax, Sumqayıtda kağız emalı, bitki yağları zavodları, xovlu iplik, parça və boya fabriklərinin, gübrə zavodunun, eləcə də müxtəlif regionlarda süd və ət emalı, konserv, çörək zavodlarının, quşçuluq fabriklərinin və digər sənaye müəssisələrinin tikintisi davam etdirilir.
Sahibkarlığın
inkişafına qayğı artır
Dünya birliyinə fəal inteqrasiya edən müstəqil Azərbaycan bu gün regionun iqtisadi və mədəni mərkəzi hesab edilir. Güclü iqtisadi potensial ölkəmizi investisiya ixrac edən ölkəyə çevirməklə Avropa İttifaqı və MDB məkanında irihəcmli investisiya layihələrinin iştirakçısı etmişdir. Ölkədə istehsal olunan rəqabət qabiliyyətli qeyri-neft məhsullarının mövcud və potensial xarici bazarlara ixrac imkanlarının daha da genişləndirilməsi məqsədi ilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən bu ilin ilk rübündə yerli və xarici iş adamlarının və beynəlxalq təşkilatların iştirakı ilə 73 biznes forum, "dəyirmi masa", sərgi və ikitərəfli görüşlər təşkil edilmişdir.
Prezident İlham Əliyev praqmatik siyasətçi kimi Azərbaycanın davamlı inkişafında, ölkədə ictimai-siyasi və makroiqtisadi sabitliyin təmin olunmasında, sosial məsələlərin həllində sahibkarların rolunu da düzgün dəyərləndirir. Son 9 il ərzində Azərbaycanda sahibkarlıq fəaliyyətini tənzimləyən prosedur və qaydaların əhəmiyyətli dərəcədə liberallaşdırılması, sahibkarlığa dövlət maliyyə yardımı mexanizmlərinin təkmilləşdirilməsi, ölkədə ixrac rüsumlarının ləğvi özəl sektorun yüksəliş tempini daha çevik etmişdir. Prezident İlham Əliyevin təşəbbüsü ilə yerli sahibkarlığın inkişaf etdirilməsi, onların birbaşa vergi yükünün azaldılması məqsədi ilə 2010-cu ildən mənfəət vergisinin dərəcəsi 22 faizdən 20, fiziki şəxslərdən gəlir vergisinin maksimal həddi 35 faizdən 30, fərdi sahibkarlar üçün isə 35 faizdən 20 faizə endirilməsi, bir sıra fəaliyyət növləri üçün xüsusi razılıq (lisenziya) alınmasına görə dövlət rüsumunun məbləğinin azaldılmasına dair hələ iki il öncə qanunvericiliyə dəyişikliklər edilmişdir.
Sadələşdirilmiş verginin ildə bir dəfə ödənilməsinin təmin edilməsi, elektron vergi hesab-fakturalarının tətbiqinə başlanılması, kənd təsərrüfatı məhsullarının istehsalçıları üçün yanacaq, motor yağları və mineral gübrələrin dəyərinin 50 faizinin dövlət tərəfindən ödənilməsi, "Aqrolizinq" ASC tərəfindən ölkəyə gətirilən texnikaların və texnoloji avadanlıqların 10 illik lizinqlə verilməsi, buğda istehsalçılarına səpilən hər hektar sahəyə görə əlavə 80 manatın ödənilməsi, bəzi fəaliyyət növləri üzrə xüsusi razılıq (lisenziya) alınmasına görə dövlət rüsumunun məbləğinin aşağı salınması da sahibkarlar üçün yaradılan yüksək şəraitin mühüm göstəriciləri kimi çıxış edir.
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 30 mart tarixli sərəncamı ilə yaradılmış Azərbaycan İnvestisiya Şirkəti iqtisadiyyatın qeyri-neft sahələrinin inkişafına, bu sahələrdə mövcud müəssisələrin maddi və texnoloji bazasının yeniləşdirilməsinə investisiya qoyuluşunun təşviqi məqsədilə fəal iş aparır. Paralel olaraq dövlət sahibkarların işgüzar əlaqələrinin inkişafı və ixrac imkanlarının dəstəklənməsi sahəsində də müvafiq işlər görür. 2003-cü ildə ölkənin ixrac qabiliyyətinin artırılması, xarici investisiyaların cəlb edilməsi kimi öncül məqsədlərin reallaşdırılması məqsədilə təsis olunmuş Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ölkə sahibkarlarının ixrac potensialının artırılmasında, investisiya imkanlarının genişləndirilməsində, potensial tərəfdaşların tapılmasında və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsində sahibkarlara yaxından dəstək verir.
Nazirlər Kabinetinin iclasında açıqlanan rəqəmlər göstərir ki, son illərdə kiçik və orta sahibkarlığa şəxsən verilən dəstək nəticəsində iqtisadi fəallıq yüksəlmiş, biznes strukturlarının fəaliyyəti genişlənmişdir. Hesabat dövründə isə təkcə qeyri-neft sektoru üzrə sahibkarlıq subyektlərinin əmtəə-pul dövriyyəsinin artımı 13,2 faiz və ya 488 milyon manat təşkil etmişdir.
Prezident İlham Əliyevin "Dövlət orqanlarında elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" 2011-ci il 23 may tarixli fərmanının icrası ilə əlaqədar 2011-ci il iyul ayının 1-dən etibarən yeni elektron xidmətin göstərilməsinə başlanılmışdır. Belə ki, həmin tarixdən sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirmək istəyən fiziki şəxslər vergi orqanlarına gəlmədən - İnternet Vergi İdarəsi vasitəsilə birbaşa on-line rejimində qeydiyyata alınırlar və bu da qeydiyyat sahəsində mütərəqqi bir üsuldur. Ötən ilin müvafiq dövrünə nisbətən qeydiyyata alınmış obyektlərin sayı 2,7 dəfə, sahibkarlıq subyektlərinin sayı 30,6 faiz, o cümlədən xarici investisiyalı sahibkarlıq subyektlərinin sayı 4,8 faiz artmışdır. Qeydiyyata alınan sahibkarlıq subyektlərinin 57,5 faizi regionların payına düşür.
Dövlət başçısı İlham Əliyevin hökumətin iclasında vurğuladığı kimi, "Sahibkarlığın inkişafı ilə bağlı hazırda ciddi problem yoxdur. Sahibkarlar sinfi güclənir, formalaşır və Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə bu il 200 milyon manat güzəştli kreditlər nəzərdə tutulub. Bu kreditlər işləyir, yaxşı işləyir, qaytarılır və yeni iş yerlərinin açılmasına gətirib çıxarır. İş yerlərinin açılmasına gəldikdə, birinci rübdə 24 min yeni iş yerləri açılmışdır ki, onlardan təxminən 20 mini daimi iş yerləridir. Mənim bölgələrə mütəmadi səfərlərim də hər dəfə yeni iş yerlərinin açılmasına gətirib çıxarır və iştirak etdiyim zavodların, fabriklərin açılışlarında həmişə maraqlanıram ki, nə qədər yeni iş yerləri açılır və açılacaqdır. Qərb bölgəsinə son səfərim də Azərbaycanın iqtisadi sahədə ümumi inkişaf dinamikasını göstərmişdir. Həm kiçik müəssisələr, orta həcmli emal müəssisələri və böyük müəssisələr açılır və tikilir".
Dövlət başçısı İlham Əliyevin şəffaflığın təmini və korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində vergitutma bazasının genişləndirilməsi, kiçik və orta sahibkarlığın təşviq edilməsi, vergidən yayınma hallarına qarşı ciddi və məqsədyönlü mübarizənin aparılması barədə tapşırıqlarının icrası da hesabat dövründə hökumətin diqqət mərkəzində olmuşdur. Dövlət büdcəsinə vergi daxilolmalarının ahəngdarlığının təmini, həmçinin vergidən yayınma hallarının qarşısının alınması, vergitutma bazasının genişləndirilməsi məqsədilə sahibkarlıq fəaliyyəti göstərən vergi ödəyiciləri və təsərrüfat subyektlərinin uçot məlumatlarının dürüstləşdirilməsi istiqamətində müəyyən tədbirlər həyata keçirilmişdir.
Şəffaflığın təmini baxımından qarşıda duran əsas vəzifələrdən biri də sahibkarlıq subyektlərinin fəaliyyətində hesabatlılığın artırılması, nağdsız hesablaşmalara üstünlük verilməsi, müasir dünyanın istifadə etdiyi ödəniş alətlərinin tətbiqinin genişləndirilməsidir. Bu məqsədlə Mərkəzi Bank və digər aidiyyəti qurumlar ticarət və xidmət sahələrində pos-terminalların quraşdırılması işini daha da sürətləndirmişlər. Eyni zamanda stasionar telefon rabitəsinin olmadığı obyektlərdə mobil rabitə vasitəsilə çalışan pos-terminalların ölkəmizə gətirilməsi təmin edilmişdir. Bu ilin 3 ayında Bakı şəhərində pos-terminal quraşdırılmalı 25 445 aktiv obyektin 18 minində və ya 71 faizində, turizm sektoruna aid olan obyektlərin isə 90 faizindən çoxunda pos-terminallar fəaliyyət göstərir. Yaxın perspektivdə isə qalan obyektlərdə isə pos-terminalların quraşdırılması başa çatdırılmalıdır.
Hökumətin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunları ilə bağlı keçirilən iclası bir daha təsdiqləyir ki, son illərdə respublikamızın əldə etdiyi uğurlu nəticələrin arxasında Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasəti, elmi əsaslara və ölkəmizin mövcud potensialına söykənən inkişaf prioritetləri dayanır. Əminliklə demək olar ki, dövlət başçısının yürütdüyü bu iqtisadi siyasət nəticəsində respublikanın inkişaf tempi qarşıdakı aylarda da yüksələn xətlə davam edəcək, əhalinin sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi sahəsində əlavə tədbirlər həyata keçiriləcəkdir.
Müşfiq ATAKİŞİYEV,
iqtisad elmləri doktoru, professor
Azərbaycan.-
2012.- 17 may.- S. 9.