Bakıda 4 ulduzlu otel istifadəyə verilmişdir

 

 Mayın 16-da Bakıda "Gilan Turizm"in 4 ulduzlu "Qafqaz Baku City hotel & Rezidences" otelinin açılışı olmuşdur.

AzərTAc xəbər verir ki, Bakının Tbilisi prospektində yerləşən otel yeni dizaynda yaradılmışdır. Otel Heydər Əliyev Beynəlxalq Aeroportundan 30 kilometr məsafədə yerləşir.

Otelin açılış mərasimində çıxış edən "Gilan Holding"in prezidenti Cəmil Muradov bildirmişdir ki, bu mehmanxana "Qafqaz" otelləri qrupuna mühüm bir əlavədir. Burada turistlər üçün yüksək xidmətlər təklif edilir.

Bildirilmişdir ki, "Qafqaz Baku City hotel & Rezidences"də 242 nömrə və sahəsi 25-75 kvadratmetr arasında dəyişən 75 suit nömrə, eləcə də restoranlar, barlar, sağlamlıq və SPA mərkəzləri, konfrans zalları vardır.

Uzunmüddətli rezidensiya arzu edən qonaqlar üçün burada tam təchiz olunan 9 rezidensiya yaradılmışdır.

"Gilan Holding"in Azərbaycan iqtisadiyyatına verdiyi töhfələrdən danışan otelin rəhbəri Peters Sulzinbaxer yeni obyektlə bağlı gələcək planları açıqlamışdır.

 Onun sözlərinə görə, bu gün açılan otel hələlik layihənin birinci mərhələsidir. İkinci mərhələdə oteldə 500 nəfərlik konfrans zalı, daha iri SPA və sağlamlıq mərkəzinin yaradılması nəzərdə tutulmuşdur.

Xüsusi vurğulanmışdır ki, otelin fəaliyyətə başlaması ilə 120 yeni yeri açılmışdır.

 

 

Azərbaycan.- 2012.- 17 may.- S. 10.