Turizmi genişləndirmək üçün hər cür
şərait yaradılıb
Turizm üçün
öncə nə lazımdır? Gözəl təbiət, rahat yollar, tarixi abidələr. Təbiət Tovuza bunların
çoxunu bəxş
edib. Yamyaşıl
çöllər, abad
yollar, qədim abidələr, güngörməz
dərələr, başı
qarlı dağlar, məxməri vadilər, şır-şır axan çaylar…
Son illərdə qayğıkeş
insan əli ilə bu yerlər
daha da gözəlləşir,
abadlaşır, tanınmaz
olur. Prezident İlham
Əliyev növbəti
səfəri zamanı
turizm üçün
çox gərəkli
olan iki mühüm obyektlə -
"Ayan-Palace" hoteli
və Göytəpə
yaşayış məskəni
ilə tanış
oldu. Qeyd edildi ki, hər iki obyekt
qərb bölgəsində
turizmin inkişafı
üçün əvəzsiz
töhfədir.
Turizmi genişləndirmək
üçün rayonda
hər şərait yaradılıb, ən səfalı guşələr
üzrə marşrutlar
müəyyən olunub. Xınna
dərəsi boyunca Tovuz-Qovlar-Ağbaşlar, Əskik
dərəsində Tovuz-Böyükqışlaq-Qaralar-Vahidli,
Tovuz-Əlibəyli magistral
yolu, Tovuz-Ağdam-Təpəbaşı
və Əmirli-Kürqırağı
istiqamətində yaşayış
məntəqələri, tarixi
abidələri və
görməli yerləri
əhatə edilən
marşrutlar müəyyən
olunub, məlumat lövhələri, istirahət
guşələri düzəldilib.
Bu yaxınlarda nəfis
şəkildə nəşr
olunmuş "Tovuz-Turizm"
toplusu yaxın-uzaq elli müsafirlər
üçün çox
dəyərli töhfədir.
Qonaqları ilk öncə Heydər Əliyev seyrəngahındakı
abidələr kompleksi
"qarşılayır". Olimpiya İdman
Kompleksi bu yerlərə xüsusi yaraşıq verir. Onun yanında karvansara tipli "Qala", "Şəlalə",
"Bayraq meydanı",
"Üç qala"
mərkəzi tikilib.
10,4 hektar sahədə mədəniyyət
və istirahət parkı salınıb. İdman və istirahət obyektləri düzəldilib.
Şəhərin səfalı guşəsində
aşıq sənəti
mərkəzi, diyarşünaslıq
muzeyi, şəkil qalereyası fəaliyyət
göstərir. Buradakı maraqlı
və məzmunlu eksponatlar bu yerlərin tarixindən, taleyindən ətraflı
xəbər verir.
Rayon mərkəzindəki "Dastan",
"Qartal", Fidan",
"Aysu", "Turan",
"Uğurlu", "Petrotal"
restoran-şadlıq evləri,
həmin müəssisələrin
bəzilərində ailəvi
yaşayış üçün
kotteclər tikilib, bir sözlə, hər yerdə qonaqlar üçün hər şərait yaradılıb. Ağbulaq meşəliyindəki "Turist" istirahət mərkəzi qonaqların
çox xoşuna gəlir.
Memarlığın bir "möcüzə"si
də var. Beşulduzlu
"Ayan-Palace" hotelinin
ətraf bölgədə
tayı-bərabəri tapılmaz. Beş mərtəbədən
ibarət bu müasir hoteldə konfrans zalı, restoran, bar, mağaza, mətbəx və digər xidmət otaqları qonaqların ixtiyarına verilir. Bütün otaqlar rəqəmli seyf, mini-bar, havalandırma
sistemi, peyk televiziya anteni, beynəlxalq telefon xətti, kabelsiz internetlə təchiz edilib. Hər şəraiti olan
idman sağlamlıq mərkəzi xüsusilə
diqqəti cəlb edir. Burada üzgüçülük hovuzu, sauna, türk hamamı, trenajor və masaj otaqları
yüksək zövqlə
bəzədilib.
Hara gedirsən ürək
açılır, hara
baxırsan göz oxşayır. Əsrik dərəsi, Göyəbaxan,
Çeşməli, Ağqaya
yaylaqları, Şamlıq,
Qoşabulaq meşələri,
Kürün səfalı
sahilləri, Bahar, Cökəli, Şahzadə,
Loğman, Turşsu, Şırşır, Qələmçə
bulaqları "gəl-gəl"
deyir. İlin hər fəslində,
günün hər çağında gözəldir,
cazibəlidir bu yerlər.
Bu qədim diyarda
tarixi abidələrin,
qalaların, məbədlərin
sayı-hesabı yoxdur. Mülkülü kəndinin yanındakı
Torpaqqala şəhərgahı
antik dövrdən xəbər verir. Xınna-Xılxına yaşayış məskəninin özü
canlı bir tarixidir. Tovuzun şərqindəki kurqan Tunc dövrünün
yadigarıdır. Girzan kəndinin
məbədi XII əsrdə
ucaldılıb. Azaplının qədim qəbiristanlığı
canlı bir tarixdir. Aşağı Öysüzlüdəki qala-ev, deyilənə görə, Koroğlunun adı ilə bağlıdır. Avaztəpə qalası neçə-neçə
qərinələri, əsrləri
yola salıb. Qonaqlar Yanıqlı kəndinə
də həvəslə
gedir, Zəyəm çayı körpüsünə,
qədim qalaya, məscidə, türbələr
məcmusuna böyük
maraqla baxırlar.
Aşağı Quşçu kəndinin yaxınlığında daha
bir müqəddəs
guşənin sirri açılır. Bu, öz
qədimi tarixinə görə Qafqaz bölgəsində görünməmiş
hadisədir, ulu Tovuzun payına düşüb. Son illərdə
Azərbaycan Arxeologiya
və Etnoqrafiya İnstitutunun ekspedisiyası
Fransa mütəxəssisləri
ilə birlikdə Göytəpə yaşayış
məskənində kəşfiyyat
müşahidələri apararaq
maraqlı materiallar üzə çıxarıblar.
Abidənin dəqiq tarixinin
təyin edilməsi üçün həmin materiallar Fransanın Milli Araşdırmalar Mərkəzində radio-karbon
analizindən keçirilib.
Ciddi tədqiqat zamanı nə görsələr yaxşıdır? Bəlli oldu
ki, Göytəpə yaşayış məskəninin
yaş həddi bizim eradan xeyli
əvvələ - dördüncü
minilliyə gedib çıxır. Bu yerlərin qədimliyi bir çox nüfuzlu elm ocaqlarında
ciddi marağına səbəb oldu.
2008-ci ildən başlayaraq
hər il
Fransa Milli Araşdırmalar Mərkəzi
və Tokio Universiteti əməkdaşlarının
iştirakı ilə
burada stasionar arxeoloji qazıntılar aparılır. Dünya miqyasında Göytəpə
yaşayış məskəni
tipli Neolit dövrünə aid arxeoloji
abidələr ilkin sivilizasiyanın başlanğıc
nöqtəsi, insanların
mütəşəkkil yaşayış
tərzinin bərqərar
olduğu şəhər
mədəniyyətinin formalaşması
mərhələsi kimi
dəyərləndirilir.
Bütün bunlara əsaslanan alimlərin yekdil rəyi bu oldu
ki, Göytəpə yaşayış məskəninin
azı 8 min illik tarixi var.
Göytəpə indi hər yerdə
tanınır, onun tarixi tədqiq və təqdir olunur. 2009-cu ildə Tokio
Universitetində, 2010-cu ildə
Londonun Britaniya Muzeyində, yenə həmin ildə Parisin "Kollec de-Frans" təhsil müəssisəsində, 2011-ci ildə Rusiya Elmlər Akademiyasının
Arxeologiya İnstitutunda
və Gürcüstan
Milli Tarix Muzeyində Göytəpə
materiallarının təqdimatı
olmuşdur.
Keçən ilin avqust ayında Rusiya, Ukrayna, Moldova, Gürcüstan,
Özbəkistan və
Qırğız Respublikası
nümayəndələrinin iştirakı ilə ilk dəfə olaraq "Cənubi Qafqazın qədim mədəniyyətləri"
mövzusunda beynəlxalq
layihə çərçivəsində
"Gənc arxeoloqların
yay məktəbi"nin
möhtəşəm tədbiri
Göytəpə yaşayış
məskəni ərazisində
keçirilib.
Tarixin bu ulu yadigarı xarici ölkələrin Azərbaycanda fəaliyyət
göstərən diplomatik
nümayəndələrinin də xüsusi maraq dairəsindədir. Yaxın-uzaq
elli qonaqlar
buradakı qədim tikili qalıqları və maddi-mədəniyyət
nümunələri ilə
tanışlıqdan sonra
dəyərli fikirlər
söyləyirlər.
Dövlət başçısı İlham
Əliyevin bu yerlərə səfəri
Göytəpə yaşayış
məskəninin taleyində
yeni səhifə açdı. Prezident bu ilkin yurd
yerinə çox böyük qiymət verdi: "Azərbaycanın
ən qədim maddi-mədəniyyət nümunələri
içərisində Tovuz
rayonu ərazisindəki
Göytəpə arxeoloji
kompleksinin özünəməxsus
yeri vardır. Neolit dövrünə aid
bu yaşayış məskəni tariximizin öyrənilməsi və
eləcə də respublikamızda turizmin inkişaf etdirilməsi baxımından böyük
əhəmiyyət daşıyır".
Dövlət başçısı
18 aprel 2012-ci il tarixli sərəncamı ilə "Göytəpə
Arxeoloji Parkının
yaradılması ilə
bağlı bəzi tədbirlər haqqında"
sərəncam imzaladı,
parkın layihələşdirilməsi
və tikinti işlərinin başlanılması
üçün Prezidentin
Ehtiyat Fondundan Milli Elmlər Akademiyasına ilkin olaraq 300 min manat pul ayrıldı.
Tovuz turizmin yay mövsümünü
bax bu cür
töhfələrlə qarşılayır. Hər şey
maraqlı və məzmunludur. Zənn edirik
ki, qonaqlar da ilk öncə Göytəpə yaşayış
məskəninə baş
çəkəcəklər. Biləndə ki, bu qədim yurd yerinin yaşı azı 8 min ildir, yəqin, onlar da qəribə hisslər keçirəcəklər.
Əhməd İSAYEV
Azərbaycan.- 2012.- 17 may.- S. 10.