Məqsəd bolluq yaratmaqdır

 

Kəndli həmişə əkdiyi sahədən bol və keyfiyyətli məhsul götürmək istəyir. Keyfiyyətli toxum isə bu mənada böyük əhəmiyyət kəsb edir. Kolxoz-sovxoz dövründə kolxozçu, sovxoz fəhləsi torpağa hansı toxumun səpilməsi ilə, demək olar ki, maraqlanmırdı. Onlara hansı toxumu verirdilərsə, onu da səpirdi. Dövran, zaman indi tamam başqadır. Torpaq mülkiyyətçisi, fermer digər işlərlə yanaşı, toxum məsələsinə də ciddi fikir verir. Sortu, reproduksiyanı, onun xəstəliklərə qarşı müqavimətini və digər xüsusiyyətlərini öyrənir.

Biləsuvar əsasən kənd təsərrüfatı rayonudur. Sovet quruluşu dağıldıqdan sonra burada adamlar yenə əvvəlki kimi əkin-biçin işini davam etdirdilər. Ancaq əvvəlkindən fərqli şəkildə. Pay torpaqlarında nə sərfəlidirsə, onu da əkdilər. İlk illər müəyyən çətinliklər olsa da, vaxt keçdikcə hər şey öz qaydasına düşdü. İlin yekununda mülkiyyətçilər bir-birinin nəticələri ilə maraqlandılar, əkilən buya digər bitkinin nə qədər xalis gəlir gətirdiyini öyrəndilər. Bunlar eyni zamanda rayon icra hakimiyyətinin şura iclaslarında, illik hesabatlarında hərtərəfli təhlil edildi. Daha məhsuldar sortların gətirilməsi üçün rayon Dövlət Toxumçuluq Müfəttişliyi torpaq mülkiyyətçilərinə yardımçı oldu. Müxtəlif yerlərdən elit toxumlar əldə edildi. Mülkiyyətçilər, fermerlər ora-bura düşməmək, özlərini toxumla təmin etmək məsələsini qarşılarına məqsəd qoydular. Onların bu fikri rayon rəhbərliyi tərəfindən rəğbətlə qarşılandı.

İndi Biləsuvarda 17 nəfər toxumçuluqla məşğul olur. Hər biri də Kənd Təsərrüfatı Nazirliyinin şəhadətnaməsi (lisenziyası) əsasında fəaliyyət göstərir. Rayon Dövlət Toxumçuluq Müfəttişliyinin rəisi Yaşar Dəmirovla birgə bir neçə torpaq mülkiyyətçisi ilə görüşdük. Rüstəm Əzizov ali təhsilli mühəndis-mexanikdir. Əsgərabad kəndində yaşayır. Sovetlər vaxtında ixtisası üzrə uzun müddət rayondakı "Araz" kolxozunda işləyib. Kolxozlar ləğv edildikdən sonra isə ailə üzvlərinin payına düşən torpağı əkib-becərməyə başlayıb. Çəkdiyi zəhmətin əvəzində yaxşı məhsul əldə edib. Lazım olduğu qədər özünə götürüb, qalanını satıb. R.Əzizov: "Ehtiyacım, problemlərim çox idi. Lakin təsərrüfatı genişləndirməyə üstünlük verib pulla torpaq aldım. Bundan əlavə, hər il icarəyə də torpaq götürürəm. Prezidentin kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiyaların verilməsi barədəki sərəncamları hər birimizə böyük maddi kömək oldu, kəndlini yenidən torpağa üz tutmağa ruhlandırdı".

O daha yaxşı gəlir əldə etmək məqsədilə toxumçuluqla da məşğul olmağa başlayıb. 2011-ci ildə 50 hektar taxıl sahəsindən 180 tondan çox məhsul əldə edib. Əkdiyi 50 hektarın 20-si toxumluq olub. Həmin sahədən götürdüyü 60 ton məhsulun 37 tonunu Biləsuvar və Quba rayonlarının torpaq mülkiyyətçilərinə satıb. Yeri gəlmişkən qeyd edək ki, toxumçuluq gəlirli sahədir. Belə ki, taxılın öz qiymətindən başqa hər kiloqramı 1-ci reproduksiya üçün 10, 2-ci reproduksiya üçün isə 7 qəpik əlavə gəlir gətirir. Daha dəqiq desək, məhsulun hər kiloqramı 35-40 qəpiyə satılır.

R.Əzizovun sahələrinə baş çəkdik. Taxıl zəmiləri yaz mehindən dəniz kimi ləpələnirdi. Dedi ki, payız yağmurlu keçdiyindən əkin təxminən 10-15 gün yubandı. Lakin qışın və erkən yazın qarlı-yağışlı olması çıxışa yaxşı təsir etdi. Torpağa düşən toxum tez bir zamanda cücərdi və yaranan gerilik aradan qalxdı. Gördüyünüz kimi, indi yaxşı taxıl əmələ gəlib. Azotunu, alaq otlarına qarşı herbisidini vermişik. Bir az su sarıdan qıtlıq çəkirik. Bu da ondan irəli gəlir ki, hamı istəyir zəmilərini, yonca sahələrini suvarsın, pambıq əkəcəyi yerdə arat aparsın. Ancaq hər şeyi yola veririk.

Əsas məşğuliyyəti toxumçuluq təsərrüfatı olsa da, Rüstəm heyvandarlıqla da məşğul olur. 50 başdan çox qoyun-quzu, 25 inək saxlayır. Üstəlik, payızlıq xiyar-pomidor da əkib-becərir.

R.Əzizovla yanaşı, torpaq mülkiyyətçilərindən Etibar Əcəmov, Yusif Zeynalov, Nurəddin Quliyev, Şakir Soltanov, Xudaverdi Mahmudov və başqaları da toxumçuluqda yüksək nəticələr əldə edirlər. Onlar hər il Beyləqan, Tərtər, Qobustan, Cəlilabad və digər rayonlardan elit toxum gətirib əkir, götürdükləri məhsulu yüksək reproduksiya ilə mülkiyyətçilərə satırlar. "Aran", "Azəri", "Əzəmətli-95" sortları Biləsuvar şəraitində daha yüksək məhsul verir.

Bu ilin toxumluq məhsulu üçün rayonda 1200 hektar sahə becərilir. Y.Dəmirovun verdiyi məlumata görə, bütün aqrotexniki tədbirlər vaxtında həyata keçirilib. Bu il daha çox məhsul gözlənilir. Bu ay müfəttişlik sahələrdə aprobasiya aparacaq, yəni yetişdirilən toxumun yararlılıq vəziyyəti müəyyənləşdiriləcək. Məqsəd isə aydındır. Daha  keyfiyyətli toxum yetişdirməklə yüksək məhsuldarlığa nail olmaq, Ərzaq təhlükəsizliyi Dövlət Proqramının yerinə yetirilməsində yaxından iştirak etmək.

 

 

Seyran CAVADOV

 

Azərbaycan.- 2012.- 17 may.- S. 10.