Bütün zamanlar üçün aktual

 

Mirzə Fətəli Axundzadə - 200

 

Hər bir ədəbi yaradıcılıq növü öz dövrünün, zamanının məhsuludur. Yazıçı, şair gördüyünü, duyduğunu yazır. Yalnız mütərəqqi əqidələr, ideyalar öz dövrünü qabaqlayır. Millətlərin, xalqların saf əqidə, əxlaq məsələsinə, maariflənməsinə, önəmli mentalitetə üstünlük verən əsərlər ədəbiyyat tarixinə düşərək hər zaman aktual olur. Bununla yanaşı, hər bir ədəbi irsə hörmətlə, ehtiramla yanaşılmalıdır. Çox təəssüf ki, son illər paradoksal bir vəziyyət yaranmışdır. Əvvəllər yaxşı hesab edilən meyillər bəzən pislənir, pislər isə təriflənir. İfrat müasirlik mövqeyində duranlar yazıçılarımıza, mütəfəkkirlərimizə sayğı ilə yanaşmalı və bilməlidirlər ki, onların həyat mövqeyi sağlam əqidəyə söykəndiyindən əsərlərinin təsiredici səmərəsi də çox yüksəkdir. Yüz, yüz əlli, iki yüz il də keçsə, bu əsərlərin aktuallığı itmir, təsir gücü azalmır. Dünya ədəbiyyat tarixində öz yeri, mövqeyi olan belə ədiblərdən biribu il 200 illiyini qeyd etdiyimiz M.F.Axundzadədir. Zəngin və çoxəsrlik tarixə malik Azərbaycan ədəbiyyatı bəşəriyyət tarixinə təlatümlü dövr kimi daxil olmuş XIX əsrdə yeni bir istiqamətdə inkişaf etməyə başlamışdı. Ölkədə baş vermiş ictimai-siyasi və mədəni dəyişikliklər Azərbaycan ədəbiyyatında öz inikasını tapmağa çalışırdı.Yeni ədəbi növjanrlar yaranmağa başlamışdı. Bu dövr ədəbiyyatımız maarifçilik ideologiyası zəminində realizm yaradıcılıq metodunun formalaşması ilə əlamətdardır. Ədəbiyyatın yeni bir istiqamətdə inkişafı və ideya - bədii keyfiyyətlər kəsb etməsi məhz M.F.Axundzadənin adı ilə bağlıdır.

Klassik Azərbaycan və Şərq ədəbiyyatını dərindən bilən, Qərbi Avropa mütərəqqi ədəbi-ictimai fikrinə bələd olan, dövrün tələblərinin mahiyyətini düzgün anlayan M.F.Axundzadə ədəbi-ictimai fikir tariximizdə əsaslı dönüş yaratmağa müyəssər olmuşdur. O öz zəmanəsinin açıqfikirli ziyalısı, şair, dramaturq, publisist, nasir, ədəbiyyat nəzəriyyəçisi, filosof, ictimai xadim, mahir söz ustası, qüdrətli qələm sahibi idi. Öz əsrinin realist şair və yazıçıları, demokratik rus ziyalıları ilə sıx mədəni-ədəbi əlaqələr saxlayır, mütərəqqi yenilikləri Azərbaycan ədəbiyyatına gətirərək dram sənətinin, realist bədii nəsrin, publisistikanın, ədəbi-nəzəri fikrin banisi kimi nəsillərin tərbiyəsi işində misilsiz xidmətlər göstərirdi. Rus dilini mükəmməl bilməsi, Yaxın Şərq və Qərbi Avropa xalqlarının mədəniyyətinə yaxından bələd olması çoxsahəli yaradıcılığında müsbət rol oynayırdı. Azərbaycan həyatının elə bir sahəsi yoxdur ki, onun yaradıcılığında öz əksini tapmasın. Gerçək həyatı təhrif etmədən, süni surətdə gözəlləşdirmədən, romantik pərdəyə bürünmədən əks etdirirdi. Lakin onun təsvir etdiyi həyat mücərrəd, xəyali, dini-mifik təsəvvürlərdən də azaddır.Təsvir etdiyi həyatın, hadisə və faktların daxili mahiyyətinə, məğzinə nüfuz etmiş, daxili sirlərini, ictimai ziddiyyətlərini müəyyənləşdirərək oxucuda düzgün təsəvvür yaratmağa müvəffəq olmuşdur.

M.F.Axundzadənin yaradıcılığının əsasını komediyaları təşkil edirbu komediyaları yaratmaqla Azərbaycan dramaturgiyasının əsasını qoymuşdur. Onu şöhrətləndirən cəhətlərdən biribütün müsəlman Şərqinin ilk dramaturqu olmasıdır. Milli məişətimizi son dərəcə real əks etdirən altı ölməz komediyasının əsasını gülüş və gözyaşları təşkil edir. "Hekayəti-Molla İbrahimxəlil kimyagər", "Hekayəti-müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadugunu-məşhur", "Hekayəti-xırsquldurbasan", "Sərgüzəşti-mərdi-xəsis (Hacı Qara)",  "Mürafiə vəkillərinin hekayəti" komediyaları Axundzadəni Rusiyanın və Avropanın böyük  dramaturqları səviyyəsinə qaldırmışdır. Onun adının dünya dramaturgiyasının korifeyləri MolyerQoqolla qoşa çəkilməsi hələ uzun əsrlər boyu xalqımızın qürur mənbəyi olacaqdır. Görkəmli ədəbiyyatşünas-alim F.Köçərli M.F.Axundzadənın səhnə əsərlərini çox yüksək qiymətləndirir, xalq məişətinin parlaq aynası kimi dəyərləndirirdi: "Mərhum Mirzə Fətəlinin komediyaları məişətimizin təəccüblü aynasıdır ki, zahirimizi də və batinimizi də eynilə göstərir. Mirzə Fətəlinin komediyalarını oxuyan bəsirət əhli bir tərəfdən gülürsə, bir tərəfdən də həzin-həzin ağlayıb gözyaşı tökür. Gülmək görünür, amma göz yaşı dərunidir, görünmür. Onun ağır damcıları ürəyin üstünə düşüb onu dəlir, yaralayır".

Bu günədək öz bədii təravət və dəyərini, ideya-estetik təsir gücünü saxlayan komediyalarının teatrların repertuarından düşməməsinin başlıca səbəbi, real həqiqəti aydın dilüslubda yüksək sənətkarlıqla ifadə etməsindədir. Obrazlar o qədər canlı, inandırıcıdır ki, bu günöz aktuallığını itirməyib. Sanki Axundzadənin yaratdığı tipik surətlərlə hər gün rastlaşırıq. İlk komediyası olan "Molla İbrahimxəlil kimyagər"də müəllif yalançı kimyagərliyi, fanatizmi, saxtakarlığı, geriliyi və tənbəlliyi tənqidi gülüşün hədəfinə çevirir. Hacı Nuru kimi işıqlı bir obrazın dili ilə həmvətənlərini maariflənməyə, vətənpərvərliyə səsləyir. "Kamal ata kürkü deyil ki, irsən keçsin", "Hər kəsin öz sənəti özünə iksirdirxoş güzəranlığına baisdir" kimi dərinmənalı aforizmlər bu günlə də səsləşir və dramaturqun ürəyindən qopan fəryadın səsi hələ də təsirlidir. M.F.Axundzadə əsərlərinin mövzusu həyatdan götürülmüş, ictimai məzmun və mənəvi qidasını da real Azərbaycan həyatı təşkil edirdi. O öz dövrünün qabaqcıl, mütərəqqi meyillərini də, eybəcərliklərini də hamıdan yaxşı görürdü. Bir dəfə Şuşada görüşdüyü Azərbaycanın böyük şairi Qasım bəy Zakir Ağcabədi tacirlərindən birinin başına gələn məzəli əhvalatdan bəhs edir. Mal-dövlət hərisi tacirin xəsisliyi və qaçaqmalçılıqla qaz vurub, qazan doldurmaq istəyinin puça çıxması haqdakı söhbəti ədib yaradıcılıq süzgəcindən keçirərək məşhur "Sərgüzəşti-mərdi-xəsis" və ya "Hacı Qara" komediyasını qələmə alır. Azərbaycan dramaturgiyasının nadir incisi sayılan komediyada ədib çox rəngarəng və parlaq tiplər qalereyası yaratmağa müvəffəq olmuşdur. Cahil və yekəxana, lakin safqəlbli Heydər bəy xoşbəxtliyin və dolanışığın yolunu tapa bilmir. İstər Hacı Qara, istər Heydər bəy və ya istər Heydər bəyin nişanlısı Sona təkcə fərdi obraz deyil, həm də ictimai simadır. Aradan 150 ildən çox keçməsinə baxmayaraq, onlar həm də bizim müasirimizdir. Var-dövlət toplamaq üçün hər yola əl atan, vətən, xalq yolunda bir qəpik də xərcləməyən Hacı Qaralar, tüfeyli həyat sürən, asan yolla qazanc əldə etmək istəyən Heydər bəylər bu günvar. M.F.Axundzadə irsinin tədqiqatçılarından olan M.Rəfili "Hacı Qara" pyesi haqqında yazır: "Yazıçı komediyanın süjetini, sadəcə, elə bil ki, naturadan çəkərək qurur. Bu, XIX əsrin ortaları Azərbaycan gerçəkliyinin tipik lövhələrini açan dərin, realist bir əsərdir".

"Hekayəti-müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadugunu-məşhur" komediyasının mövzusu da o dövrdə xalqın gözünü cəhalət pərdəsi ilə bağlayan, mədəni inkişafın yolunda böyük əngəl törədən, cəmiyyətdə süstlüyə, durğunluğa səbəb olan cadugərlik məsələsindən götürülmüşdür. Əsrin böyük maarifçisi Məstəli şah surəti ilə cadugərlərin tipik surətini yaratmışdır. Xalqı ətalətə, geriliyə sürükləyən Məstəli şahlarla bərabər, avamlar mühitində parlayan, mütərəqqi meyillərin ifadəçisi olan Şahbaz bəy surəti ilə yeni ziyalılar nəslinin yaranmasını, işıqlı gələcəyə aparan yolda qığılcımların saçdığını da vurğulayır. Ədib komediyasının əsas süjetinə 1848-ci il fransız inqilabı hadisəsini əlavə edərək elə məharət işlətmişdir ki, əsərin ideya və məzmun vəhdəti pozulmamışdır. M.F.Axundzadə inqilab haqqında məlumatlı idi və bəşəriyyətin qabaqcıl demokratları kimi bu inqilabı izləyirdi. Bu inqilab haqqında danışmağın belə qadağan edildiyi bir dövrdə müəllif açıq danışa bilməzdi. Hadisənin baş verdiyi tarixi də qəsdən 2 il öncəyə 1846-cı ilə atır. Ancaq bu inqilaba rəğbəti, müsbət münasibəti açıq-aydın sezilir. Müəllif Məstəli şahın qurduğu cadugun oyunu ilə Parisin dağılması hadisəsini üst-üstə salaraq demək istəyir ki, bəzən təsadüflər nəticəsində baş verən hadisələr cadugunlara inam yaradır. Yeni həyatla köhnəliyin arasındakı mübarizəni əks etdirən komediyada hələ ki, köhnəliyin üstünlüyünü qabardır və müasirlərinin gözünü açmağa çalışır. Ümumiyyətlə, M.F.Axundzadənin bütün əsərlərində dövrünün eybəcərlikləri gülüş hədəfinə çevrilir, mütərəqqi ideya və fikirlər yüksək sənətkarlıqla təbliğ edilir.

"M.F.Axundzadənin simasında təmsil olunan yeni realist dramaturgiya Azərbaycan xalqının məişətindən, onun ehtiyac və arzularından doğmuşdur. Məhz buna görə də bu dramaturgiya hər şeydən əvvəl özünün dərin milliorijinal xüsusiyyətləri ilə fərqlənməkdədir. Xəlqilik və realizm prinsiplərinə əsaslanan dramaturq öz komediyalarında xalq həyatını, xalq şüurunuxalq baxışını düzgünkamil bir şəkildə əks etdirmiş, öz xalqının həyatından real, tipik hadisə və insanları, ictimai eyibləri: ətaləti, geriliyi, Dobrolyubovun sözü ilə desək, Azərbaycan həyatının "zülmət səltənətini" və "işıq şüasını" çox doğru və səmimi təsvir etmişdir. F.Qasımzadənin bu fikrinə bir şeyi də əlavə etmək olar. Axundzadənin irsi bütün zamanlar üçün aktual və ibrətamizdir. Hər dəfə bu əsərləri oxuduqca yeni-yeni məziyyətləri görür və hər dəfə nələri isə əxz edirsən. Bu onun yaradıcılığının ölməzliyinin qarantıdır. Görkəmli ədib nəsr əsərlərində də yaradıcılıq ənənələrinə sadiq qalaraq novatorluq ideyalarını inkişaf etdirmişdir. Feodal gerçəkliyinin təsvirinə tənqidi realizm mövqeyindən yanaşaraq yeni janrda "Aldanmış kəvakib" povestini yazdı. Xalqı despotizmə qarşı mübarizəyə, mədəniyyətə, elmə səsləyən "Aldanmış kəvakib" povesti nağıl süjetinə və tarixiliyə baxmayaraq, müasirliyin narahatlıq doğuran bütün suallarına cavab verə bilmişdir. Süjeti Şah Abbasın hakimiyyət illərini təsvir edən "Tarixi-aləm-apayi-Abbasi" adlı tarixi xronikadan götürülmüş əsərdə despotik Şərq dövlətinin həqiqi üzü açılır. M.Rəfili povest haqqında fikirlərini belə ifadə etmişdir: "O, yeni dünyanın cəsarətli mənzərəsini çəkmiş, sosial dəyişikliklərin bütöv proqramını yaratmışdır. Patriarxal dünyası şəraitində onun qabaqcıl ideyalarının həyata keçməsində Axundzadənin günahı yox idi. Bununla belə, "Aldanmış kəvakib" yeni demokratik nəsil, yazıçının gənc müasirləri üçün böyük, tərbiyəvi rol oynamışdır".

Ədibin əsrlər boyu yadda qalması və əsərlərinin hər dövr üçün aktual olmasının əsas səbəblərindən biri mütərəqqi ideyalara sadiqliyisivilizasiya, sosial tərəqqi yollarını xalqına göstərmək cəhdidir. "Fikir azadlığı olmadan tərəqqi mümkün deyildir", - deyən filosof "Kəmalüddövlə məktubları" adlı fəlsəfi əsərində də elmi-texniki tərəqqi, sosial sivilizasiya problemləri üzərinə qayıtmışdır. İnsanların ağlının, mənəvi imkanlarının hüdudsuzluğuna inamla yazırdı: "Əgər cəmiyyət öz fərdlərinə fikir azadlığı verməsə və onları ata-babasının və övliyanın qərar verdikləri şeylərlə kifayətlənməyə və bunlardan kənara çıxmamağa və ağıllarını mədəniyyət işlərində işlətməməyə məcbur edərsə, bu surətdə fərdlər yer əkən, məhsul toplayan və hər bir işi düşünmədən və fikir vermədən görən avtomat olarlar.

M.F.Axundzadə ana dilimizin inkişafı üçün əsl fədakarlıq göstərən ədiblərimizdən biridir. O, dil ilə milləti bir-birindən ayırmırdı, ana dilinin inkişafını millətin inkişafı hesab edirdi. Çünki dil xalqın ruhunun, mənəviyyatının ifadəsidir. Bəşəriyyətin topladığı təcrübəni birləşdirən, təfəkkürün və mənəviyyatın inkişafında əsas silah rolunu oynayan da dildir. Bu mənada, Axundzadənin Azərbaycan dilinin inkişafına verdiyi töhfə əvəzsizdir. Yeni ədəbi dilin formalaşmasındakı xidmətləri əsərlərində bariz şəkildə əks olunmaqdadır.

Tədqiqatçılar onu Azərbaycan toponimikasının banisi, ilk arxeoqraf adlandırırlar. Qafqazın coğrafi, tarixiarxeoqrafiya cəhətdən öyrənilməsi, qədim əlyazmaların bərpa edilməsi işində yaxından iştirak etmişdir. Görkəmli şərqşünas A.Berjenin rəhbərliyi altında hazırlanan "Qafqaz Arxeoqrafiya Komitəsinin Aktları" məcmuəsinin əsas tərtibçilərindən biri olmuşdur. Azərbaycanlıların həyat və məişətinə, ədəbiyyat və mədəniyyətinə dair verilən yazıların müəllifi, Azərbaycan şairlərinin əsərlərinin və  tərcümeyi-hallarının tərcüməçisi olmuşdur. "Akt"ların 5 cildi üçün 700 səhifə həcmində material tərcümə etmişdir. Bütün həyatını, ictimai və ədəbi fəaliyyətini xalqının tərəqqisi, maariflənməsi işinə yönəldən mütəfəkkir filosofun yaratdıqları Azərbaycan tarixində, ədəbiyyat və mədəniyyət tarixində əbədi qalacaq, insanların şüurunda inqilablar yaratmaq üçün hər zaman gözəl təbliğat vasitəsi olacaqdır.  Ədəbiyyatımızın qızıl fonduna daxil olmuş əsərləri gələcək nəsil yazıçıları üçünbir sənət məktəbi olaraq qalacaqdır.

 

 

Xuraman İSMAYILOVA,

əməkdar mədəniyyət işçisi

 

Azərbaycan.- 2012.- 17 may.- S. 11.