İngilis dili öyrənənlərə daha bir töhfə

 

Bu il nəşr olunan kitablar arasında "Şifahi nitqin inkişafı üçün ingilis dilində mətnlər və tapşırıqlar toplusu" da var. Kitabın müəllifi filologiya elmləri namizədi Səbinə Alməmmədovadır.

Kitabın əsas məqsədi texnikiictimai-siyasi mövzularda ən çox işlənən söz və ifadələrlə ingilis dili öyrənənlərin bilgilərini artırmaqdır. Toplu əsasən dərs vəsaiti kimi nəzərdə tutulub. Odur ki, burada işıqlandırılan mövzular ayrı-ayrı bölümlər kimi verilib və onların hər biri "Dərs" adlandırılıb. Ümumiyyətlə, kitab 29 "Dərs"i və 3 əlavəni əhatə edən 4 hissədən ibarətdir.

Konkret mövzulara həsr olunmuş 29 "Dərs" bölümünün hərəsi öz növbəsində bir neçə mətni birləşdirib. Məsələn, "Mənim doğma Vətənim" adlı bölümdə Azərbaycanın tarix və mədəniyyət abidələrinə, milli bayramlarımıza, ölkəmizin paytaxtı Bakıya və s. aid mətnlər var. "Dərs"lərdən biri isə Amerika Birləşmiş Ştatlarından bəhs edir. Burada da bir neçə mövzu əhatə olunub. Bölümdə ev, ölkənin şəhərləri, metro stansiyaları və s. haqqında məlumatlar verilib. Eləcə də Böyük Britaniyaya həsr olunmuş "Dərs" bu ölkə haqqında maraqlı məlumatlar çatdırır. Burada London şəhərinin tarixi, ölkədəki qədim muzeylər haqqında ətraflı məlumatlar var. Bir sözlə, kitabın mövzu dairəsi genişdir. Burada elmin inkişafından başlayaraq davranış qaydalarına qədər çoxsaylı mövzular işıqlandırılıb.

Hər bir "Dərs"də qramatik çalışma, əlavə oxu üçün mətn, dialoq və şeirlər verilib. Əlavələrdə isə şifahi nitqi inkişaf etdirmək üçün danışıq mətni və lüğət, ingilis yazıçılarının əsərlərindən parçalar dərc olunub. Əlavələrdə özünə yer tapan zarafat və məzəli əhvalatlar isə kitabı daha da oxunaqlı edir.  Nəşrdə hər bir mətn və dialoq üçün lüğət də yerləşdirilib. Bunun ardınca da məlumat xarakteri daşıyan əlavə söz və ifadələr, nəhayət, mövzuya aid suallar verilib.

Kitab ingilis dilində artıq danışmağı bacaran, bu sahədə vərdiş və qabiliyyətini getdikcə artırmağa çalışanlar üçün nəzərdə tutulub. Bu nəşrin üstün cəhətlərindən biriondan ibarətdir ki, onun oxucuları şifahi nitqini inkişaf etdirməklə yanaşı, həm də dünyagörüşlərini genişləndirəcək, ictimai-siyasi həyatda baş verən yeniliklərlə tanış olacaqlar.

"Şifahi nitqin inkişafı üçün ingilis dilində mətnlər və tapşırıqlar toplusu" dərs vəsaitidir. Həm də bu kitab texniki ali məktəb tələbələri üçün nəzərdə tutulub. Bununla belə, əhatəli məzmunu, oxunaqlı mətnləri və maraqlı tərtibatı ilə o, ingilis dilini daha yaxşı öyrənməyi   arzulayanların hər biri üçün gərəkli ola bilər.

Ölkələr arasında iqtisadi və mədəni əlaqələrin, xalqlar arasında ünsiyyətin getdikcə artdığı bir zamanda dünyada ən çox yayılmış dillərdən biri olan ingilis dilində şifahi nitqin inkişafı baxımından bu, vaxtında nəşr olunmuş bir kitabdır.

 

 

Azərbaycan.- 2012.- 17 may.- S. 11.