İsrail nümayəndə heyəti Mədəniyyət
və Turizm Nazirliyində olmuşdur
Bakıda səfərdə olan İsrail parlamentinin üzvləri xanım Faina Kirşenbaum, Orit Zuaretz, həmçinin bu ölkənin Azərbaycandakı səfiri Mixael Lavon-Lotem Mədəniyyət və Turizm Nazirliyində olmuşlar.
Mədəniyyət və Turizm Nazirliyindən AzərTAc-a bildirmişlər ki, nazir Əbülfəs Qarayev ilə görüşdə ölkələrimiz arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə edilmişdir.
Ə.Qarayev iki ölkə arasında mədəniyyət sahəsində mövcud olan sıx əlaqələrdən məmnunluğunu bildirmiş, Azərbaycanda keçirilən genişmiqyaslı beynəlxalq tədbirlərdə, həmçinin musiqi festivallarında İsraildən olan sənət adamlarının və musiqiçilərin iştirak etdiyini vurğulamışdır.
İsrail nümayəndə heyətinin üzvləri Azərbaycana səfərlərindən məmnunluqlarını bildirmiş, turizm sahəsində böyük layihələrə imza atmağın və qarşılıqlı əməkdaşlığı genişləndirməyin hər iki tərəfə böyük fayda gətirə biləcəyini söyləmişlər.
Görüş zamanı nazir Ə.Qarayev turizm sahəsi üzrə əməkdaşlığı daha da genişləndirmək məqsədilə İsraildə fəaliyyət göstərən turizm şirkətlərini hər il aprel ayında Bakıda keçirilən Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisində iştiraka dəvət etmişdir. Hər iki ölkədə infoturların keçirilməsi, turizm sahəsində mütəxəssislər və tələbə mübadiləsinin həyata keçirilməsi, israilli jurnalistlərin Azərbaycana dəvət olunması, ibri dilində respublikamız haqqında bələdçi məlumatlarının çap olunması, Azərbaycan barədə təbliğat xarakterli materialların İsrail telekanallarında yayımlanması kimi konkret təkliflər irəli sürmüşdür.
Görüşün sonunda tərəflər bir-birlərinə
xatirə hədiyyələri təqdim etmişlər.
Azərbaycan.- 2012.- 17 may.- S. 11.