“Open Central Asia” jurnalında Azərbaycan haqqında yazılar dərc olunmuşdur

 

  Britaniya Nəşrlər Evi tərəfindən ingilis dilində çap olunan "Open Central Asia" jurnalının Daşkənddəki ofisindən verilən məlumata görə, nəşrin son nömrəsində Azərbaycan haqqında bir neçə material verilmişdir.

Jurnalın ilk səhifələrində dərc edilmiş birinci məqalədə müstəqillik illərində Azərbaycan idmançılarının Olimpiya oyunlarında iştirakı haqqında söhbət açılır. Materialda qeyd olunur ki, Londonda keçiriləcək Yay Olimpiya Oyunlarında Azərbaycandan 50-dən artıq idmançı iştirak edəcəkdir. Materialda deyilir ki, 2012-ci il Azərbaycanda "İdman ili" elan olunmuşdur.

Növbəti məqalədə müstəqillik illərində Azərbaycanın iqtisadiyyatının böyük uğurlar əldə etdiyi bildirilir. Qeyd olunur ki, beynəlxalq reytinq agentlikləri Azərbaycan iqtisadiyyatının inkişafını yüksək qiymətləndirirlər. Bildirilir ki, ölkədə neft sektoru ilə yanaşı, iqtisadiyyatın qeyri-neft sektoru da sürətli inkişaf yolu ilə irəliləyir.

Jurnalda 1990-cı il Yanvarın 20-də sovet ordusu tərəfindən Bakıda törədilmiş qanlı faciə haqqında da məlumat verilir. Orada deyilir ki, sovet ordusunun əsgərləri müstəqillik uğrunda küçəyə çıxan dinc əhaliyə divan tutmuşdur.

Azərbaycanın Özbəkistandakı səfirliyinin ikinci katibi, tarix elmləri namizədi Səbuhi Əhmədovun məqaləsində isə ölkəmizdə Novruz bayramının keçirilməsi, onun ənənələri haqqında oxuculara geniş məlumat verilir. Materialda deyilir ki, sovet hakimiyyəti illərində Novruz bayramı qadağan edilsə , xalqımızın Novruz ənənələri qorunub saxlanmışdır. Məqalə rəngli şəkillərlə müşayiət olunur.

 

 

Qulu KƏNGƏRLİ

 

Azərbaycan.- 2012.- 17 may.- S. 11.