Azərbaycan Dünya Turizm Təşkilatı Avropa Regional Komissiyasının Batumidə keçirilmiş 54-cü iclasında təmsil olunmuşdur

 

Gürcüstanın Batumi şəhərində Dünya Turizm Təşkilatının (DTT) Avropa Regional Komissiyasının 54-cü iclası və "Dünyada turizm məkanlarının brendləşdirilməsi" mövzusunda seminar keçirilmişdir.

Beynəlxalq tədbirlərdə Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin əməkdaşı Kəmalə Həsənova iştirak etmişdir.

Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iclasda 24 üzv ölkənin, 3 qoşulmuş üzvün nümayəndələri, Gürcüstan Prezidenti Mixeil Saakaşvili, iqtisadiyyat və davamlı turizm  naziri Vera Kobalia, DTT-nin baş katibi Taleb Rifai, Avropa Komissiyasının sədri Spiridon Partenis və təşkilatın digər rəsmiləri iştirak etmişlər.

İclasda DTT-nin Avropa Komissiyasının sədri Spiridon Partenisin "Beynəlxalq və Avropa turizm sənayesi: çagırışlar və proqnozlar", "DTT və Avropa regionunda turizmin dinamikası" mövzularında geniş məruzələri dinlənilmişdir.

DTT-nin baş katibi Taleb Rifai beynəlxalq turizmin keçən ilki durumu, cari ilin perspektivləri, proqramlarının yerinə yetirilməsi, Avropada nəzərdə tutulan tədbirlər, həmçinin inzibati və maliyyə məsələləri haqqında ətraflı məlumat vermişdir. O, 2011-ci ildə beynəlxalq turizm artımının dünya üzrə 4,4, Avropa üzrə 5,8 faizə çatdığını bildirmişdir. Taleb Rifai cari ildə beynəlxalq turizmin  artımının dünya üzrə 3-4, Avropa üzrə 2-4 faizə çatacağını qeyd etmişdir.

Tədbirdə "Turizm-2030-cu il üçün perspektivlər", "Qoşulmuş üzvlər" (Affilaite Members) və "DTT-nin institusional imici" mövzularında təqdimatlar olmuş və 2012-2013-cü illər üçün proqramı, DTT-nin loqosu  çap məhsulları, Avropada şəbəkənin yaradılmasına dair məruzələr dinlənilmişdir.

Daha sonra Avropada səyahətlərin asanlaşdırılması məqsədilə viza qaydalarının  sadələşdirilməsi ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

Sonda DTT-nin Avropa Regional Komissiyasının 55-ci iclasının 2013-cü ilin mayında Türkiyənin İzmir şəhərində keçiriləcəyi təsdiq olunmuşdur. Həmçinin cari ildə 27 sentyabr - Dünya Turizm Gününün İspaniyada keçirilməsi qərara alınmışdır.

"Dünyada turizm məkanlarının brendləşdirilməsi" mövzusunda seminarda isə mütəxəssislər tərəfindən "Brend nədir?" , "Brendləşdirmədə yeni fikirlər və strategiyalar", "Səmərəli brendləşdirmə" və "Brendin addım-addım qurulması" mövzularında təqdimatlar olmuşdur.

 

 

Azərbaycan.- 2012.- 17 may.- S. 11.