Azərbaycan
dövləti gənclərimizin təhsillərini başa vurduqdan sonra işlə təmin olunmalarını diqqət
mərkəzində saxlayır
Mayın 12-də ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi tərəfindən (İB) Amerika-Azərbaycan Təhsil Mərkəzində "ABŞ təhsilli məzunların Azərbaycanda rolu" mövzusunda tədbir keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbirdə ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi təhsil proqramlarının iştirakçısı olan məzunlar iştirak etmişlər.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov demişdir ki, xaricdə təhsil alan azərbaycanlı gənclər öz təşəbbüsləri, ideyaları ilə ölkəmizə xidmət edirlər. Bu gün Azərbaycandan kənarda istər dövlət proqramı, istərsə də öz imkanları hesabına təhsil alan tələbələrimiz ölkəmizə qayıtdıqdan sonra fərqli bir düşüncə sahibi olaraq respublikamızın sürətli inkişafına töhfələrini verirlər.
Prezident İlham Əliyevin milli təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan danışan E.Aslanov qeyd etmişdir ki, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə" Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almaq üçün 5 min nəfərin göndərilməsi nəzərdə tutulmuşdur. Azərbaycanlı gənclər öz Vətənini, xalqını sevən, cəmiyyətinə xidmət edə biləcək vətəndaş olmalıdırlar. Gənclərimiz Azərbaycan tarixini və bu tarixin yaradılmasında xüsusi xidmətləri olan şəxsiyyətlərin fəaliyyətini bilməlidirlər.
Azərbaycanın güclü dövlət olduğunu deyən E.Aslanov vurğulamışdır ki, respublikamız bölgənin lideridir. Bölgə əhalisinin 65 faizini, iqtisadiyyatının 85 faizini təşkil edən Azərbaycanın razılığı olmadan Cənubi Qafqazda heç bir layihə həyata keçirilə bilməz.
Ümummilli lider Heydər Əliyevin ölkəmizdə təhsilin inkişafı ilə bağlı xidmətlərindən danışan Prezident Administrasiyasının şöbə müdiri bildirmişdir ki, ulu öndər 1970-ci illərdə gənclərimizin xaricdə təhsil almaları istiqamətində mühüm addımlar atmışdır.
Ölkəmizdə demokratik dövlətçilik ənənələrinin tarixinə nəzər salan E.Aslanov bildirmişdir ki, həyata keçirdiyimiz istənilən təşəbbüs, ideya tarixi missiya və varislik üzərində qurulmuş reallıq və həqiqətdir. Çünki bizim bugünkü demokratiyamız bilavasitə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə - 1918-1920-ci illərdə əldə etdiyimiz uğurlar üzərində formalaşmışdır. AXC-nin mövcud olduğu 23 ay ərzində qazanılmış nailiyyətlərdən danışan şöbə müdiri bunların arasında 1919-cu ildə Bakı Dövlət Universitetinin, ölkəmizin ilk informasiya agentliyi - Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) yaradılmasını və s. xüsusi vurğulamışdır. Bildirilmişdir ki, müstəqilliyimizin birinci mərhələsində əldə olunmuş uğurlar tariximizin unudulmaz səhifələridir.
Azərbaycanın gəncləşən dövlət olduğunu deyən E.Aslanov ölkə əhalisinin 66 faizinin 35 yaşadək insanların təşkil etdiyini və bunun müsbət göstərici olduğunu vurğulamışdır. Azərbaycan gəncliyinin milli vətənpərvərlik ruhunda formalaşmasında xalqımızın tarixinin dərindən öyrənilməsinin vacibliyi qeyd edilmişdir. Bildirilmişdir ki, Azərbaycan dövləti gənclərimizin təhsillərini başa vurduqdan sonra işlə təmin olunmalarını diqqət mərkəzində saxlayır. Dövlətimiz gənclərin işlə təmin olunması məsələsini bir sıra təşəbbüslər həyata keçirməklə həll etməyə çalışır. Bir neçə ay əvvəl Gənclər Fondunun yaradılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin sərəncamı bilavasitə bu məqsədə xidmət edən təşəbbüsdür. Fond Azərbaycan gəncliyinin təşəbbüslərini, layihələrini həyata keçirmələri üçün müəyyən maliyyə vəsaitinin ayrılması baxımından çox mühüm rol oynayacaqdır.
Bu gün bizim əsas məqsədimiz ölkəmizin çiçəklənməsinə və inkişafına xidmət etmək olduğunu deyən E.Aslanov Azərbaycanın sürətli inkişafa aparan yolda gənclərin yüksək təhsilə, qabaqcıl biliklərə yiyələnmələrinin əhəmiyyətini bildirmişdir.
İctimai Birliyin
idarə heyətinin sədri Aynurə Piriyeva
qurumun fəaliyyəti haqqında məlumat
vermişdir. Bildirmişdir ki, İB mütəmadi olaraq məzunları bir araya gətirir, ABŞ-da təhsil
almaq istəyən gənclər üçün istənilən məlumatların
əldə olunmasına kömək göstərir, ölkəmizin
bir çox bölgələrində
layihələr həyata keçirir.
Azərbaycan.- 2012.- 13 may.- S. 6.