Prezident İlham Əliyev Özbəkistanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 17-də Özbəkistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Şerzod Fayziyevin etimadnaməsini qəbul etmişdir.

Səfir Şerzod Fayziyev fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Şerzod Fayziyev etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Şerzod Fayziyev Özbəkistan Prezidenti İslam Kərimovun ən xoş arzularını dövlətimizin başçına çatdırdı.

Ölkələrimiz arasında münasibətlərin inkişafının razılıq doğurduğunu vurğulayan dövlət başçısı bu münasibətlərin səmimi, dostluq xarakteri daşıdığını dedi. Prezident İlham Əliyev ötən il dövlət müstəqilliyinin 20 illiyini qeyd edən Azərbaycanın və Özbəkistanın bu illər ərzində böyük uğurlar qazandığını bildirdi. Özbəkistana səfərlərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev xalqlarımız və iki ölkənin dövlət rəhbərləri arasında yaxşı münasibətlərin mövcud olmasının əlaqələrimizin inkişafındakı önəmini qeyd etdi. Səfirə fəaliyyətində uğurlar arzulayan dövlət başçısı iqtisadi xarakterli layihələrin reallaşa biləcəyi yeni mərhələdə münasibətlərimizin daha da möhkəmləndirilməsi işinə səfirin töhfəsini verəcəyinə ümidvar olduğunu bildirdi.

Azərbaycan ilə Özbəkistan arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan səfir Şerzod Fayziyev bu əlaqələrin, o cümlədən iki ölkənin dövlət başçıları arasında mövcud olan münasibətlərin səmimi xarakter daşıdığını dedi.

Dövlət başçısı Prezident İslam Kərimovun ən xoş arzularına görə minnətdarlığını bildirdi, onun da ən xoş arzularını Özbəkistanın dövlət başçısına çatdırmağı xahiş etdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 18 may.- S. 1.