“Haffington
Post” qəzeti:
Avrasiyanın ilgəyi olan Azərbaycanın
əhəmiyyəti təkcə enerji amili ilə ölçülmür
ABŞ-ın nüfuzlu "Haffington Post" qəzetinin 16 may tarixli nömrəsində bu ölkədə fəaliyyət göstərən Alman Marşal Fondunun tədqiqatçısı Yoşua Volkerin və qurumun xarici siyasət və vətəndaş cəmiyyəti məsələləri üzrə bölməsinin rəhbəri Enders Vimbuşun müəllifi olduqları "Avrasiyanın ilgəyi olan Azərbaycanın əhəmiyyəti təkcə enerji amili ilə ölçülmür" sərlövhəli məqalə dərc edilmişdir.
Məqalədə vurğulanır ki, Azərbaycan ilə ABŞ arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyi ilə bağlı Vaşinqtonda keçirilən təntənəli mərasimdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində getdikcə artan vacib rolu haqqında çox fikirlər səslənmişdir. Düzdür, bütün dünyanın diqqətinin Azərbaycana cəmləşməsində, bu ölkəyə olan marağın artmasında enerji amilinin də rolu vardır. Nəzərə almaq lazımdır ki, bu gün dünyada enerji resurslarına tələbat kifayət qədər çoxdur. Lakin onu da qeyd etmək vacibdir ki, enerji resursları olmasaydı belə, Azərbaycan postsovet məkanının vacib əhəmiyyətli dövləti hesab ediləcəkdir. Buna səbəb isə ilk növbədə bu ölkənin əlverişli coğrafi mövqeyidir.
Yazıda xüsusi
qeyd olunur ki, tarixən fərqli mədəniyyətlərin
qovşağında, geosiyasi maraqların toqquşduğu məkanda yerləşən, sabit ölkə olan, siyasi, iqtisadi və hərbi
cəhətdən böyük uğurlar qazanan Azərbaycan
Qərbə inteqrasiya edir.
Qərb dövlətlərində Azərbaycanın çoxlu sayda gənc
mütəxəssisləri çalışır. Azərbaycanda fəaliyyət göstərən Diplomatik Akademiyanın peşəkar
diplomatların hazırlanmasındakı rolu
isə xüsusi qeyd
edilməlidir.
Azərbaycan.- 2012.- 18 may.- S. 1.