Azərbaycan xarici siyasətində qonşu
dövlətlər ilə münasibətlərinə xüsusi önəm verir
Azərbaycanın Təbrizdəki konsulluğunun binası qarşısında təşkil olunmuş piketə cavab olaraq mayın 17-də ölkəmizin xarici siyasət idarəsinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Azərbaycanın mövqeyini bir daha diqqətə çatdıraraq vurğulamışdır ki, Azərbaycan-İran əlaqələrinin dərin tarixi kökləri vardır. Azərbaycan bütün addımlarında qonşu ölkələrin, o cümlədən İranın da milli maraqlarını nəzərə alır.
Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü demişdir ki, demokratik, dünyəvi dövlət olan Azərbaycana qarşı təhdidlər, təxribatlar yolverilməzdir. İslam həmrəyliyindən, dini təəssübkeşlikdən danışan qüvvələr yalanlar və iftiralar ilə ölkəmizin beynəlxalq aləmdə gündən-günə artan nüfuzuna xələl gətirə bilməyəcəklər.
E.Abdullayev vurğulamışdır ki, Azərbaycanın İrandakı diplomatik nümayəndəliklərinin qarşısında keçirilən aksiyalar iki qonşu ölkənin münasibətlərinə xələl gətirməyə çalışan qüvvələr tərəfindən təşkil edilir. Ona görə də Azərbaycan tərəfi aksiyaların artmasından narahatlığını bildirir və nəzərə çatdırır ki, Azərbaycana bu cür vasitələrlə təsir edib, siyasi kursunun dəyişilməsinə nail olmaq mümkün deyildir. Azərbaycanın ən böyük problemi torpaqlarımızın Ermənistan tərəfindən işğal olunmasıdır. Müsəlman aləmi və bir sıra beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanımış və Xocalıda ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı pisləmişlər. Təəssüf ki, qonşu ölkə bu hadisələrə heç bir münasibət bildirməmişdir.
XİN-in sözçüsü qeyd etmişdir ki, dəfələrlə rəsmi səviyyədə Azərbaycan ərazisindən İrana qarşı hər hansı təcavüzə yol verilməyəcəyinin bəyan edilməsinə baxmayaraq, Təbrizdə ölkəmizin əleyhinə toplantı keçirib əsassız tələblər irəli sürmək, radikal çağırışlar səsləndirmək qərəz və məkrdən başqa bir şey deyildir. İslami həmrəylikdən, qardaşlıqdan danışan İrandakı bəzi qüvvələrin bu cür hərəkətləri birmənalı olaraq Azərbaycanda sabitliyin pozulmasına yönəlmişdir. Onlar hansı islami həmrəylikdən danışırlar ki, bir milyondan artıq din qardaşları 20 ildir ki, İranın davamlı olaraq maddi və mənəvi dəstək göstərdiyi təcavüzkar Ermənistan tərəfindən doğma yurd-yuvalarından didərgin salınmışlar, yüzlərlə islam məbədgahı erməni vandalları tərəfindən dağıdılmış və talan edilmişdir. Bütün bunlar sübut edir ki, İranda Azərbaycana qarşı bu cür aksiyalar heç də dini təəssübkeşlik mahiyyəti daşımır, ədavətə, təhrikçiliyə, milli mənəvi dəyərlərimizə hörmətsizliyə xidmət edir.
AzərTAc
Azərbaycan.- 2012.- 18 may.- S. 3.