Qəhrəmanlar diyarı düşmən tapdağında qala bilməz

 

 Laçının işğalından 20 il keçir

 

...Laçının sayılıb-seçilən övladları, respublikanın bir qrup tanınmış ziyalısı xalq qəhrəmanı Sultan bəyin 140 illik yubileyi münasibətilə Ağcabədi rayonu ərazisindəki Taxtakörpü qəsəbəsinə toplaşmışdılar. Bu qəsəbə Laçın Ermənistan silahlı qüvvələri tərəfindən işğal ediləndən sonra salınmışdır. Cənnət misallı güllü yaylaqlarda ömür sürməyə adət etmiş Laçın camaatı işğaldan sonra məcburi köçkün kimi respublikanın 59 rayon və şəhərinə səpələnsə də, əsas məkan Taxtakörpü ərazisi olmuşdur. Əsrlər boyu qış yataqları kimi tanınan, yalnız yovşan, qarağan yetirən, yayda susuzluqdan sinəsi cadar-cadar olan bu yerlər ötən 20 il ərzində tanınmaz görkəm alıb. Torpağı sevən, halal zəhmətə qırılmaz tellərlə bağlanan Laçın övladları ürəklərinin odunu, əllərinin hərarətini doğma vətənin bir parçası olan bu yerlərdən əsirgəməyiblər. Həvəslə, məhəbbətlə çalışıblar.

Kürəklərində dövlətin güclü əli, ürəklərində yenilməz təpər ərinib-yorulmayıblar. Torpağa basdırdıqları hər tingin, hər gül kolunun başına pərvanə kimi dolanıblar. Ana yurda məhəbbətdən doğan sönməz od qabarlı əllərin sığalı ilə daşlara hopub. Daş üstə daş qoyulduqca yaraşıqlı binalar sıralanıb, qəsəbə addım-addım genişlənib, göz oxşayan, könül açan müasir bir şəhərə çevrilib. Yubileyə Bakıdan gələn qonaqlar burada yaradılan gözəllikləri görəndə heyrətlərini gizlətmədilər. Yubileyin qonaqları sırasında yer alan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov göz oxşayan gözəlliyə münasibətini bir cümlə ilə ifadə etdi: "Siz səhranın ortasında əsl cənnət yaratmısınız".

Xalq qəhrəmanı Sultan bəyin anadan olmasının 140 illiyinə həsr edilmiş tədbir yüksək səviyyədə keçdi. Laçın Rayonu İcra Hakimiyyətinin təşəbbüsü ilə gerçəkləşən yubiley 20 ildən bəri işğal altındakı doğma yurd yerlərini azad etməyə, mənfur düşməndən layiqli qisas almağa tutarlı bir çağırış oldu...

Arxada qalan 20 il, təbii ki, ağrı-acılarla, əzab-əziyyətlərlə doludur. İsti ocağından, rahat ev-eşiyindən, doğma yurd-yuvasından perik salınan laçınlılar həyatın ən ağır sınaqlarına məruz qalsalar da, gec-tez başı qarlı dağlara dönəcəklərinə, düşmən üzərində qələbə çalacaqlarına inamlarını bir an da olsun itirməyiblər. O vaxtkı dövlət rəhbərlərinin maymaqlığı, səriştəsizliyi Azərbaycana baha başa gəldi. Baş alıb gedən xaosun, anarxiyanın hesabına torpaqlarımızın 20 faizini itirdik. Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Təxmini hesablamalara görə, işğal nəticəsində rayona 7,1 milyard ABŞ dolları dəyərində ziyan vurulmuşdur. Laçın uğrunda döyüşlərdə 264 nəfər şəhid olmuş, 65 nəfər girov götürülmüş, 103 nəfər əlil olmuşdur. Şəhid olanlar arasında 18 nəfər uşaq da vardır. 1071 uşaq atasını itirmiş, 31 uşaq isə hər iki valideynindən yetim qalmışdır.

Laçın torpaqlarının altı da, üstüböyük yaradanın səxavətlə verdiyi tükənməz xəzinədir. Qiymətli mineralları, müalicə suları, nadir ağaclarla zəngin olan meşələri, qədim maddi mədəniyyət abidələri ilə Laçın başdan-başa qiymətli bir təbiət əsəridir. Mənfur düşmənlərimizin əlinə keçən bu təbiət incisi indi çox amansızlıqla dağıdılır, tar-mar edilir.

Son illər Laçın camaatında dövlət qayğısından güc alan qeyri-adi bir nikbinlik yaranıb. İtkilərimiz üçün göz yaşı axıtmaq, ağı demək dövrü artıq arxada qalıb. Dövlətimizin beynəlxalq aləmdə artan nüfuzu, ordumuzun aydan-aya yüksələn qüdrəti bütün ölkə vətəndaşlarında olduğu kimi, Laçın camaatında da yüksək əhval-ruhiyyə yaradıb, onların  qələbəyə olan inamını sarsılmaz edib. Respublika Prezidenti İlham Əliyevin qaçqın və məcburi köçkünlərə göstərdiyi davamlı diqqət və qayğıdan hər bir laçınlı ailəsinə də yetərli pay düşür. 2011-ci ilin 24 noyabrında dövlət başçısının laçınlı məcburi köçkünlərin  sıx məskunlaşdığı Ağcabədi rayonu ərazisindəki Taxta körpü qəsəbəsinə səfəri, burada bütün infrastruktura malik 552 ailəlik qəsəbənin açılışında iştirakı zamanı "Laçının işğalının təkcə laçınlıların deyil, hər birimizin faciəsi" olmasını bəyan etməsi hər könüldə ümid çırağı yandırdı. Dövlət başçısının bu səfəri laçınlıların yaddaşına birona görə həkk oldu ki, Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə səmimiyyətlə dedi ki, mən 50 yaşımı doğmalarımın arasında keçirirəm. Mənim doğmalarım sizsiniz. Bu doğmalıq, bu isti münasibət və dövlət başçısının, Silahlı Qüvvələrin Ali Baş Komandanının bu görüşdə bir daha nümayiş etdirilən qəti və prinsipial mövqeyi hər kəsdə əminlik yaratdı ki, bütün işğal altındakı torpaqlarımızla yanaşı, Laçın da tezliklə düşmən caynağından qurtulacaq və laçınlılar  ata-baba yurduna dönəcəklər.

Böyük itkilər vermiş Laçın camaatında yaranan nikbinlik son illər dövlət səviyyəsində  aparılan məqsədyönlü siyasi-ideoloji işin nəticəsidir. Respublika Prezidenti İlham Əliyevin dəstəyi ilə son illər Laçın şəhərinin 85 illik, rayonun qocaman təhsil ocaqlarından olan Minkənd məktəbinin 120 illik yubileylərinin keçirilməsi, laçınlı xalq qəhrəmanı Sultan bəyin anadan olmasının 140 illik yubileyinin yüksək səviyyədə qeyd olunması şanlı keçmişimizi xatırlatmaqla yanaşı, sabahkı mübarizə yolumuzu da müəyyənləşdirir. Bu qəbildən olan tədbirlər adamları qisas ruhunda kökləyir, hər bir rayon sakinini dövlət başçısının ətrafında sıx birləşməyə sövq edir.

İldən-ilə artan dövlət qayğısı laçınlı məcburi köçkünlərin həyat şəraitini müqayisəolunmaz dərəcədə yaxşılaşdırmışdır. "Qaçqınların  və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nda və Respublika Prezidentinin 31 oktyabr 2007-ci il və 21 fevral 2011-ci il tarixli sərəncamı ilə Dövlət Proqramına edilmiş əlavələrdə Laçın camaatı üçün də yetərli qayğı payı vardır. Bu yaxınlarda Taxtakörpü ərazisində 552 ailəlik üç qəsəbə istifadəyə verilmişdir. 49 laçınlı ailə Goranboy rayonunda inşa edilmiş çoxmərtəbəli yaşayış binasında mənzil almışdır. Hazırda Şəki rayonunda 423 ailəlik yeni qəsəbə inşa edilir. Bu qəsəbədə 152 laçınlı ailəsi yeni mənzillə təmin olunacaqdır. Növbəti illərdə Taxtakörpü ərazisində 1500 məcburi köçkün ailəsinin mənzil problemi həll olunacaqdır.

Son illər Taxtakörpü qəsəbəsində yeni ünvanların sayı sürətlə artır. Laçın Rayon İcra Hakimiyyəti və YAP rayon təşkilatı, əhalinin sosial müdafiəsi və məşğulluq mərkəzləri, Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin yeni inzibati binaları, 250 yerlik rayon mədəniyyət evi, 25 çarpayılıq xəstəxana, 3 ümumtəhsil məktəbi, 2 uşaq bağçası öz yaraşıqlı görkəmi ilə Taxtakörpü qəsəbəsini müasir şəhərə bənzədir. Qəsəbədə ulu öndərin adını daşıyan mədəniyyət və istirahət parkı salınmış, burada təkcə bu ilin ötən dövrü ərzində 6 min ağac, 2 mindən çox gül kolu əkilmişdir.

Laçınlıların əli işdə olsa da, ürəkləri doğma yurdda, qartalların qıy vurduğu dağlardadır. Yurd həsrətli bu adamları yaşadan qələbənin tezliklə reallaşacağına, qayıdış köçünün başlayacağına olan inamdır. Onlar inanırlar ki, qəhrəmanlar oylağı işğal altında çox qala bilməz.

 

 

Lazım QULİYEV

 

Azərbaycan.- 2012.- 18 may.- S. 4.