Torpaqlarımızın azad ediləcəyi günə az qalıb

 

Laçının işğalından 20 il keçir

 

Laçınlılar əmindirlər ki, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində işğal altındakı ərazilərimiz düşmən tapdağından tezliklə azad ediləcək

 

 Strateji baxımdan mühüm coğrafi mövqeyi olan Laçın rayonu ermənilərin Azərbaycan torpaqlarını işğal planının qarşısında tarix boyu güclü sipər və maneə olub. Erməni quldur dəstələri məhz bu ərazidə dəfələrlə ağır itkilərə məruz qalıblar. Hələ Azərbaycan Xalq Cümhuriyyəti dövründə Andronik öz quldur dəstəsi ilə Gorus, Laçın, Şuşa istiqamətindən Qarabağa daxil olaraq erməni əhalisini Azərbaycan hökumətinə qarşı qaldırmaq, təxribatlar törətmək istəyirdi. Bundan xəbər tutan bölgənin nüfuz sahiblərindən biri Sultan bəy Sultanov öz adamları ilə Laçın-Zabux yolunda erməniləri məhv etdi, Andronik özü isə qaçıb aradan çıxa bildi.

1920-ci ildə sovet hakimiyyəti qurulandan sonra Zəngəzur iki yerə bölündü və bu tarixi Azərbaycan torpağının böyük hissəsi ermənilərə verildi. Bundan sonra Zəngəzurun Azərbaycan hissəsində də inzibati idarə mərkəzi yaradıldı. Yeni rayonun adını seçərkən yerli relyefi və əhalinin xarakterini nəzərə alaraq yazıçı Tağı Şahbazi Simurğun təşəbbüsü ilə buraya "məğrurluq" anlamına gələn Laçın adı verildi. Əvvəllər Abdallar adlanan, 1924-cü ildən şəhər statusu alan Laçın şəhəri 1930-cu ildən həm də Laçın rayonunun mərkəzi oldu.

Azərbaycanın qərb torpaqlarına sahib çıxaraq bu torpaqlar üzərində özlərinə dövlət quran ermənilər sovet dövründə də ölkəmizə qarşı yeni, daha böyük ərazi iddiaları ilə çıxış etməyə başladılar. Qarabağı Ermənistana birləşdirmək niyyətlərini ortaya qoyan ermənilərin qarşısında maneələrdən biri Laçın rayonu idi. Çünki məhz Laçın ərazisi Dağlıq Qarabağla Ermənistan arasında quru əlaqəsi baxımından mühüm strateji əhəmiyyət daşıyırdı. Sovetlər dönəmində dəfələrlə Laçın rayonunun inzibati mərkəz kimi ləğvinə çalışsalar da, təşəbbüslər baş tutmamışdı.

Ötən əsrin 80-ci illərinin sonlarından etibarən ermənilər sovet rəhbərliyinin dəstəyi ilə Azərbaycan ərazilərində separatçılıq fəaliyyətinə rəvac verərkən yenə də əsas hədəflərindən biri Laçın idi. 1992-ci ilin fevral ayında Xocalı şəhərində və Xocavənd rayonunda ermənilər tərəfindən azərbaycanlılara qarşı misli görünməmiş soyqrımı törədildi, may ayında isə Şuşa şəhəri işğal edildi. Artıq müharibə Dağlıq Qarabağın sərhədlərindən kənarda gedirdi. Şuşadan sonra ermənilər qüvvələrini Laçına yönəltdilər. Şuşanın işğalı günü Laçın da güclü top və raket atəşinə məruz qalmışdı. Düşünmək olardı ki, Xocalı, Şuşa hadisələrindən sonra dərs götürən Azərbaycanın o zamankı rəhbərliyi Laçın kimi strateji mövqeyi olan rayonun ermənilər tərəfindən işğal edilməsinə imkan verməyəcək. Amma bu baş vermədi. Çünki torpaqlarımızı müdafiə etmək əvəzinə həmin günlərdə AXC-Müsavat və mütəllibovçular arasında Bakıda hakimiyyət uğrunda mübarizə gedirdi. Ermənilərlə döyüşdə iştirak etməli olan hərbi bölmələr döyüş mövqelərindən çıxarılaraq bəzi siyasət dəllallarının siyasi ambisiyalarının təmin olunmasına, yönəldilmişdi. Cəbhədə olası hərbi texnika Bakı küçələrində gözə dəyirdi. Laçın dəhlizi də artıq ermənilərin nəzarətinə keçmişdi. Belə olan şəraitdə rayonun işğalı labüd idi. Məhz Bakıda gedən siyasi çəkişmələr, AXC-Müsavat və mütəllibovçular arasında hakimiyyət uğrunda mübarizə nəticə etibarilə Laçını çıxılmaz vəziyyətdə qoydu. Bundan istifadə edən ermənilər 1992-ci il mayın 18-də Şuşanın Turşsu kəndi və Ermənistanın Gorus rayonu istiqamətindən hücuma keçərək Laçını işğal etdilər. Xəyanət və məsuliyyətsizlik Dağlıq Qarabağın, bütünlükdə isə Azərbaycanın gələcək taleyi üçün mühüm əhəmiyyətə malik olan bu rayonu qorumağa imkan vermədi. Xatırladaq ki, Xocalı soyqırımı baş verəndən sonra bir qrup Laçın ağsaqqalı Bakıya getmiş, A.Mütəllibovun qəbulunda olmuşdu. Onlar Laçın rayonunun müdafiə sarıdan çox çətin vəziyyətə düşdüyünü, müdafiə dəstələrinin əliyalın, silahsız qaldığını incəliklərinə qədər A.Mütəllibova çatdırmışdılar. O isə rayon ağsaqqallarını şirin vədlərlə arxayın edib, yola salmışdı. Nəticəsi isə göz qabağındadır.

İşğala qədər Laçın rayonunda bir şəhər, bir qəsəbə, 125 kənd mövcud olmuş, 48 sənaye, 63 kənd təsərrüfatı, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 96 məişət, 30 rabitə və müxtəlif təyinatlı istehsal müəssisələri fəaliyyət göstərib. Xüsusilə qeyd etməliyik ki, 1969-cu ildən xalqımızın böyük oğlu Heydər Əliyevin ölkəmizə rəhbərliyə başlamasından sonra həyata keçirilən inkişaf strategiyası bütün şəhər və rayonları kimi Laçının da inkişafına yol açmışdı. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan KP MK-nin və Nazirlər Sovetinin "Dağ rayonlarının iqtisadiyyatını daha da yüksəltmək tədbirləri haqqında", "Laçın rayonu zəhmətkeşlərinə mədəni-məişət xidmətlərini daha da yaxşılaşdırmaq tədbirləri haqqında" 16 noyabr 1971-ci il və Azərbaycan KP MK bürosunun "Laçın şəhərinin 50 illiyi barədə" 6 avqust 1974-cü il tarixlərdə qəbul olunmuş qərarları rayonun sosial-iqtisadi və mədəni həyatının, əhalinin maddi rifah halının yaxşılaşdırılmasına çox güclü təkan vermiş, təsərrüfatların maddi-texniki bazası xeyli möhkəmlənmişdi. Həyata keçirilən tədbirlər nəticəsində rayonun kəndləri abadlaşdırılmış, başdan-başa telefonlaşdırılmış, radiolaşdırılmış, elektrikləşdirilmiş, Laçın şəhərinə və rayonun 53 kəndinə təbii qaz çəkilmişdi.

Lakin erməni işğalı nəticəsində Laçın rayonu bütünlüklə məhv edildi. 13745 yaşayış evi qarət edilərək yandırıldı, rayon ərazisindəki 54 dünya, 200-dən çox yerli əhəmiyyətli qədim tarixi abidələr erməni vandalizminə məruz qaldı. Hesablamalara görə, ümumilikdə, işğal nəticəsində Laçın rayonuna 7,1 milyard ABŞ dollarından çox ziyan dəyib.

Qarabağ müharibəsində bütün istiqamətlərdə döyüşən Laçının igid övladlarından 238 nəfəri şəhid olub, 66 nəfəri girov götürülüb, 120 nəfər əlil olub, yüzlərlə uşaq yetim qalıb. Müharibədə xüsusi şücaət göstərmiş laçınlılardan beş nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Laçını işğal edən ermənilər rayonun əsrarəngiz təbiətinə və təbii sərvətlərinə də vəhşicəsinə divan tutublar. Təbii  sərvətlərlə zəngin olan Laçında Turşsu, Qaladərəsi, Ağanus, Xırmanlar, Tiqiq, Turş-tiqiq, Nurəddin, Nağdalı, Hacıxanlı kimi müalicəvi əhəmiyyətli bulaqlar dillər əzbəri idi. İşğala qədər Laçında 3 civə, əhəng istehsalına yararlı Laçın əhəngdaşı, istismara cəlb edilən üzlük daşı istehsalına yararlı Qoçaz mərmərləşmiş əhəngdaşı, mişar daşı istehsalına yararlı 2 tuf (Ağoğlan, Əhmədli), kərpic-kirəmid istehsalına yararlı Novruzlu gil, Yuxarı Həkəriçay qum-çınqıl qarışığı, 2 əlvan bəzək daşı, 3 vulkan külü, Minkənd mineral su və s. yataqlar var idi.

1961-ci ildə rayon ərazisində nadir təbiət komplekslərini qorumaq üçün yaradılan Laçın Dövlət Təbiət Yasaqlığı 20 min hektar, 1987-ci ildə yaradılan Qaragöl Dövlət Təbiət Qoruğu isə 240 hektar ərazini əhatə edirdi. Qoruqda 68 növdən və 27 fəsilədən ibarət bitki örtüyü var idi. Yasaqlığının ərazisində isə cüyür, qaya keçisi, çöl donuzu, ayı, turac, kəklik, qaratoyuq kimi nadir fauna növləri məskunlaşmışdı, həmçinin Hacışamlı meşəsində dünyada ən qiymətli növ olan qırmızı palıd (qızıl palıd) qorunurdu. Bu ağac Azərbaycanda yalnız həmin yasaqlıqda yayılıb. Həkəri çayının sağ sahilində və Zabux kəndində 400 yaşlı 2 ədəd Şərq çinarı, dövlət meşə fondu torpaqlarında 1092 hektar sahəni əhatə edən ardıc, şabalıd və qaraçöhrə ağacları mühafizə edilirdi.  İşğal nəticəsində Laçın rayonunun təbiəti və təbii sərvətləri 20 ildir ki, talan edilir. Laçın meşələri doğranır, xüsusi mühafizə edilən ağaclar kəsilir, təbii ehtiyatları talanaraq Ermənistana daşınır.

İşğal nəticəsində doğma torpağından didərgin düşərək məcburi köçkün kimi respublikanın 58 şəhər və rayonunda məskunlaşmış 60 minə yaxın laçınlı dövlət qayğısını yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra hiss etdi. Laçınlılar bu gün də Heydər Əliyevin 16 il əvvəl - 1996-cı ilin mayında onlarla keçirdiyi görüşü yaxşı xatırlayırlar. Heydər Əliyev həmin görüşdə bütün respublika məmurlarına məcburi köçkünlərə xüsusi diqqət ayırmağı təxirəsalınmaz vəzifə olaraq tapşırdı. Məhz həmin görüşdən sonra məcburi köçkünlərə diqqət və qayğı daha da artırıldı.

Bu gün bütün məcburi köçkünlər kimi laçınlılar da Azərbaycanın sürətli inkişafının bəhrəsini yaşayırlar. Ulu öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi islahatların uğurlu nəticələri Laçından olan məcburi köçkünlərin də sosial rifahının və yaşayış səviyyəsinin yüksəlişinə mühüm təsir göstərib. Məcburi köçkünlərin sosial vəziyyətinin ağırlığını nəzərə alan Prezident İlham Əliyev hələ 2004-cü ildə "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nı təsdiq edib. Sonradan - 2007-ci  və 2011-ci illərdə bu Dövlət Proqramına əlavələr olunub. Dövlət Proqramında və ona edilən əlavələrdə Laçın rayonu üzrə 44 bəndin nəzərdə tutulması laçınlılara dövlət qayğısının bariz nümunəsidir. Proqrama uyğun olaraq rayon əhalisinin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində genişmiqyaslı tədbirlərin həyata keçirilməsi insanlarda hədsiz minnətdarlıq doğurur. Bərdə, Ağcabədi, Saatlı və Sabirabad rayonlarındakı çadır düşərgələrində, yük vaqonlarında məskunlaşmış 58 ailə üçün 2006 və 2007-ci illərdə iki qəsəbə tikilib istifadəyə verilib. Bununla da rayon üzrə çadır düşərgələrində və yük vaqonlarında məskunlaşan məcburi köçkün ailəsi qalmayıb.

Laçınlı məcburi köçkünlər, demək olar ki, respublikanın bütün bölgələrinə səpələnmişdilər. Bakı, Sumqayıt, digər şəhər və rayonlarda 268 yataqxana və ictimai binalarda 2792 ailədən ibarət 10 min nəfərdən artıq laçınlı məcburi köçkün məskunlaşmışdır. Dövlət Proqramına uyğun olaraq indiyədək 1920 laçınlı ailəsinin məskunlaşdığı 60 yataqxana və digər ictimai binalarda təmir işləri aparılıb, sakinlərin yaşayış şəraiti xeyli yaxşılaşdırılıb.

Ağcabədi rayonunun Taxtakörpü ərazisində Laçın rayonundan olan 552 məcburi köçkün ailəsi üçün yeni qəsəbənin salınması Azərbaycan Prezidentinin məcburi köçkünlərin sosial-iqtisadi və məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi növbəti addımlardan biridir. Prezident İlham Əliyevin 2011-ci il dekabrın 24-də, özünün doğum günündə Ağcabədi rayonuna gəlməsi və bu qəsəbənin açılışında iştirak etməsi laçınlı məcburi köçkünlərin yaddaşından heç vaxt silinməyəcək. Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın bu ərazidə yaşayan laçınlılarla səmimi görüşü, onlar üçün salınmış 552 evlik qəsəbənin açılışında iştirak etməsi, məcburi köçkünlər üçün tarixi bir gün, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində dəyərli töhfə oldu. Həmin görüşdə cənab Prezidentin qeyd etdiyi: "Mən, adətən, ad günlərimi qeyd etmirəm. Ancaq bu il qərara aldım ki, ad günümü öz ailəmlə və yaxınlarımla bir yerdə keçirim. Bu gün mən öz ailəmlə birlikdəyəm, mənim ailəm və yaxınlarım sizsiniz" - ifadəsi nəinki laçınlılar, bütün ölkə ictimaiyyəti tərəfindən rəğbətlə qarşılandı. Ölkə rəhbəri bununla bütün dünyaya bir daha bəyan etdi ki, qaçqın və məcburi köçkün problemi ölkə üçün, şəxsən onun üçün bir nömrəli problemdir və münaqişənin həllində heç bir güzəştə yol verilməyəcək.

Müharibə vəziyyətində olan ölkəmizdə əsas vəzifələrdən biri xüsusən də yeniyetmə və gənclərdə hərbi-vətənpərvərlik hisslərinin gücləndirilməsidir. Bununla bağlı hərbi yarışların, o cümlədən xalqımızın azadlığı uğrunda qəhrəmanlıq göstərmiş insanların həyat yolunun gənc nəslə aşılanmasının böyük əhəmiyyəti var. Bu mənada  vaxtilə erməni quldurlarına qarşı qəhrəmancasına döyüşmüş Sultan bəy Sultanovun adının əbədiləşdirilməsi laçınlı gənclərin tariximizi daha yaxından öyrənmələri və vətənpərvərlik hisslərinin yüksəlməsi baxımından böyük əhəmiyyət kəsb edərdi.

Laçınlılar Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqlarında Prezident İlham Əliyevin qətiyyətini alqışlayır, mövqeyini birmənalı dəstəkləyirlər. Lakin münaqişəsinin sülh yolu ilə həlli üçün 1994-cü ildə  yaradılan ATƏT-in Minsk qrupunun bu istiqamətdə fəallıq nümayiş etdirməməsi haqlı olaraq narazılıq doğurur. Minsk qrupu uzun illərdir ki, erməni təcavüzünə son qoyulması və Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üçün heç bir iş görməyib. Lakin Azərbaycan xalqının səbri də hüdudsuz deyil. Bu gün Azərbaycan 20 il əvvəlin Azərbaycanı deyil. İndi qüdrətli dövlətimiz və işğal edilmiş torpaqlarımızı hər an azad etməyə qadir güclü ordumuz var.

20 illik məcburi köçkünlük həyatı yaşamalarına baxmayaraq, qürurlarını hər zaman qoruyub saxlayan laçınlılar əmindirlər ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın maraqları çərçivəsində həll olunacaq, işğal altındakı ərazilərimiz düşmən tapdağından azad ediləcək. Çünki ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət bizi torpaqlarımızın azad ediləcəyi tarixə - Böyük Qələbəyə doğru  sürətlə yaxınlaşdırır.

 

 

Nazim FƏRƏCOV,

Milli Məclisin deputatı

 

Azərbaycan.- 2012.- 18 may.- S. 4.