Tanınmış nasir, kinodramaturq, xalq yazıçısı Maqsud İbrahimbəyovun Şikayət qəbul edilmir kitabının təqdimat mərasimi keçirilmişdir

 

 "ÜNS" Yaradıcılıq Səhnəsində tanınmış nasir, kinodramaturq, xalq yazıçısı Maqsud İbrahimbəyovun "Şikayət qəbul edilmir" kitabının təqdimat mərasimi keçirilmişdir.

Mərasimdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları və tanınmış ziyalılar iştirak etmişlər.

Bütün iştirakçıları salamlayan Maqsud İbrahimbəyov demişdir ki, "ÜNS" Yaradıcılıq Səhnəsində belə təqdimatların keçirilməsi artıq ənənə halını almışdır. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının rektoru professor Nərgiz Paşayevanın rəhbəri olduğu bu teatr bir-birindən maraqlı tədbirlərlə mədəni həyatımızı zənginləşdirir.

Mərasimdə çıxış edən "ÜNS" Yaradıcılıq Səhnəsinin rəhbəri Nərgiz Paşayeva demişdir ki, bədii yaradıcılığa ötən əsrin 60-cı illərindən başlayan M.İbrahimbəyov dramaturqkinossenarist kimi keçmiş Sovetlər birliyində tanınmışdır. Onun "Bütün yaxşılıqlar üçün ölüm", "Truskavesə kim gedir", "Sən nəğməmsən mənim" və digər əsərləri məşhurdur və həmin əsərlərin ssenariləri əsasında filmlər çəkilmişdir.

Professor Nərgiz Paşayeva demişdir: "Şikayət qəbul edilmir" qeyri-adi bir kitabdır. Mən bütün qəlbimlə bu kitabı oxuyacaq insanlara arzu edirəm ki, bu əsərin hər bir səhifəsində onun müəllifinin qəlbinin gizləndiyini xatırlasınlar. Burada onun qeyri-adi zəkası, cəsarəti, yumoru, gülüşü, kinayəsi, həyata, insanlara münasibəti, hətta reallıq və kobudluq qarşısındakı "acizliyi" əks olunmuşdur. Bir daha sizdən xahiş edirəm ki, bu nəsr əsərinin gözəl, aydın, parlaq və rəvan dilinə diqqət yetirəsiniz. Mənə bir peşəkar filoloq kimi inanın".

Tədbirdə çıxış edən tanınmış jurnalist, ssenarist Nadejda İsmayılova, Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının baş rejissoru, xalq artisti Aleksandr Şarovski və başqaları kitabla bağlı təəssüratlarını bölüşmüşlər.

Natiqlər bildirmişlər ki, M.İbrahimbəyovun əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə edilmiş və müəllifinə böyük şöhrət qazandırmışdır.

Tədbirdə təqdimatı keçirilən kitabdan parçalar da səsləndirilmişdir.

 

 

Azərbaycan.- 2012.- 13 may.- S. 6.