Macarıstanın
“Vilagjaro Magazin” jurnalında Azərbaycandan
bəhs edən “Qayaüstü
rəsmlər və göydələnlər” başlıqlı geniş
məqalə dərc olunmuşdur
Macarıstanın aparıcı turizm jurnalı sayılan "Vilagjaro Magazin"in bu ilin aprel buraxılışında Azərbaycandan bəhs edən çoxsaylı şəkillərin yer aldığı "Qayaüstü rəsmlər və göydələnlər" başlıqlı böyük məqalə dərc olunmuşdur. Jurnalın üz qabığında isə Bakının memarlıq simasında tarixiliklə müasirliyin vəhdətini əks etdirən maraqlı fotoşəkil yerləşdirilmişdir.
Jurnalda dərc olunan fotolar ötən il Azərbaycana səfər etmiş Macarıstan Coğrafiya Cəmiyyətinin üzvü, tədqiqatçı-səyyah, jurnalist və fotoqraf Qöqöş Norbertə məxsusdur.
"Vilagjaro" jurnalının təşkilatçılığı ilə mayın 15-də Macarıstan Coğrafiya Cəmiyyətinin binasında jurnalın aprel buraxılışının təqdimatı keçirilmişdir. Təqdimatda Qöqöş Norbert çıxış edərək Azərbaycana səfəri zamanı çəkdiyi foto və slaydları nümayiş etdirmiş, iştirakçılara ölkəmizin coşqun iqtisadi inkişafı, zəngin tarixi abidələri və təkrarsız təbiəti barədə ətraflı məlumat vermişdir.
Mərasimdə Azərbaycanın Macarıstandakı səfirliyinin müşaviri Anan İmanov çıxış edərək ölkələrimiz arasında gündən-günə daha da genişlənməkdə olan siyasi, iqtisadi və humanitar əlaqələr, habelə respublikamızın zəngin turizm potensialı haqqında məlumat vermişdir. O, eyni zamanda, Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərindəki tarixi abidələrə və təbiətə vurulan dəhşətli ziyandan bəhs etmiş, macar turistlərini işğal olunmuş Azərbaycan ərazilərinə səfər etməkdən çəkinməyə çağırmışdır.
Qöqöş Norbert Azərbaycana ötənilki səyahətindən sonra Macarıstanın müxtəlif mətbuat orqanlarında ölkəmiz haqqında məqalələr dərc etdirmiş, habelə turizmlə bağlı müxtəlif nəşrlərdə Azərbaycanın turizm potensialını işıqlandırmışdır. Yaxın günlərdə onun rəhbərliyi altında 20 nəfərlik macar turist qrupu ölkəmizə yola düşəcəkdir.
Pərvanə QARAYEVA
Azərbaycan.- 2012.- 18 may.- S. 5.