Azərbaycan nümayəndə heyəti İstanbulda keçirilən Dünya Siyasət Forumunda iştirak edir

 

 İstanbul Konqres Mərkəzində II Dünya Siyasət Forumu işə başlamışdır. Forumun işində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, "Azercell" MMC-nin prezidenti Əli Ağan və digər rəsmi şəxslərin daxil olduğu nümayəndə heyəti iştirak edir.

Qlobal dünyada davam edən iqtisadi və maliyyə böhranlarından çıxış yolları, planetin müxtəlif yerlərindəki münaqişələrin həlli, Yaxın Şərqdə davam edən mürəkkəb proseslər və "Ərəb baharı"ndan sonra siyasi proqnozlar, gender problemləri, enerji təhlükəsizliyi və digər mühüm məsələlər forumun toplantılarında müzakirə olunur.

Forumun ilk günü Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə "Din birləşdirici amil kimi" mövzusunda sessiyada çıxışında qeyd etmişdir ki, çoxmillətli və müxtəlif dinlərin mövcud olduğu Azərbaycanda dini tolerantlıq ən yüksək səviyyədədir. Dini etiqad azadlığının təminatı, dini-mənəvi dəyərlərin qorunması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Onun siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyev məscidlər, kilsə və sinaqoqların təmir olunmasına xüsusi diqqət yetirir. Bu gün demoqrafik artım, ekoloji problemlər, münaqişələrin həll olunması üçün din xadimləri Uca Yaradanın qanunlarını yerinə yetirməlidirlər. Əxlaqi və mənəvi dəyərlərin pozulması, bir çox ölkədə fəlakətlər, iqtisadi böhranilahi dəyərlərin heçə endirilməsi hamımızı ciddi narahat edir. Bütün ölkələrdəki din xadimləri mədəniyyətlər arasında dilaoqun möhkəmləndirilməsinə səy göstərməlidirlər. Qlobal problemlər - radikalizmekstremizmin aradan qaldırılması üçün səylər artırılmalıdır. Fələstin, Balkanlar, Qafqaz regionu və digər bölgələrdə terrorun güclənməsi də ciddi problemdir. Heç bir din terror, zor və təcavüzə bəraət qazandıra bilməz. ABŞ kimi mötəbər ölkədə müqəddəs Qurani-Kərimi yandıran keşişin hərəkətlərinin cəzasız qalması yeni təxribatlar doğurur. Bu cür halların qarşısını almaq üçün din xadimlərini birləşdirəcək yeni bir qurumun yaradılmasına ehtiyac vardır.

Şeyxülislam qeyd etmişdir ki, Qafqaz regionunun ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində torpaqlarımızın 20 faizi işğal olunmuş,1 milyon insan qaçqın və məcburi köçkün düşmüşdür. Ermənilər dini və mədəni abidələrimizi dağıtmışlar. Bu məsələdə din xadimləri səylərini birləşdirməlidirlər. Biz bəşəri dəyərləri daim qoruyub saxlamalıyıq.

Digər natiqlər bildirmişlər ki, dini, etnik və digər zəminlərdə 2011-ci ildə dünyada 20 silahlı münaqişə qeydə alınmışdır. Sivilizasiyaların dialoqu çərçivəsində bu "qaynar nöqtə"lərdə sülhün bərqərar olunmasında siyasətçilərlə yanaşı, dini liderlər də səylərini gücləndirməlidirlər.

Forum mayın 18-də işini davam etdirəcəkdir. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov "Qara dəniz bölgəsində iqtisadi birliyi potensialı və Qafqazın bölgəyə təsir imkanları" mövzusunda sessiyada çıxış edəcəkdir.

Sessiyalarda Liviyanın vitse-prezidenti Azadin Aqil, Çilinin turizmiqtisadiyyat naziri Juan Andres Fontaine, Qazaxıstanın mədəniyyət və informasiya nazirinin müavini Arman Kırıkbayev, Qətərin iqtisadi əlaqələr nazirinin müavini Şeyx Əhməd bin Muhamməd bin Cabr Al Thani, Gürcüstanın enerji naziri Aleksandr Xetaquri, Yəmənin Baş naziri Muhamməd Salim Basindva, Türkiyənin Avropa İttifaqı məsələləri üzrə dövlət naziri Egemen Bağış, Rumıniyanın Milli Təhlükəsizlik Şurasının baş katibi Yulian Fota və digər qonaqlar çıxış etmişlər.

 

 

Oqtay BAYRAMOV

 

Azərbaycan.- 2012.- 18 may.- S. 5.