Azərbaycanda reallaşdırılan dövlət qadın siyasəti yüksək qiymətləndirilmişdir

 

 Mayın 17-də  Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Hicran Hüseynova BMT-nin xüsusi məruzəçisi  Anand Qrover ilə görüşmüşdür.       

Ölkəmizdə həyata keçirilən dövlət qadın və uşaq siyasəti haqqında geniş məlumat verən H.Hüseynova qeyd etmişdir ki, Prezident İlham Əliyev  gender balansının təmin edilməsi məsələlərinə, ailə və uşaq problemlərinin həllinə xüsusi diqqət yetirir.

Görüşdə Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri  Mehriban Əliyevanın qadınların   müxtəlif sahələrdə bərabərhüquqlu fəaliyyət imkanlarının  genişləndirilməsinə, uşaq hüquqlarının həyata keçirilməsinə və ailə dəyərlərinin möhkəmləndirilməsinə yönəlmiş fəaliyyəti xüsusi vurğulanmışdır.

Komitə sədri AQUPDK-nın nəzdində yerləşən Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin fəaliyyəti barədə məlumat vermiş,  "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı" çərçivəsində reproduktiv sağlamlıq sahəsində aparılan maariflənmə işlərindən danışmışdır.

AQUPDK sədri  müvafiq istiqamətlər üzrə xarici ölkələrlə əməkdaşlığın inkişafının əhəmiyyətini qeyd etmişdir.

A.Qrover Azərbaycanda reallaşdırılan dövlət qadın siyasətini, ailə və uşaq problemlərinin həlli sahəsində toplanılmış müsbət təcrübəni  yüksək qiymətləndirmiş, gələcəkdə əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyini qeyd etmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 18 may.- S. 5.