Azərbaycanda uşaq müdafiə sisteminin inkişaf perspektivləri müzakirə olunmuşdur

 

 Mayın 17-də Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi  nazirlikləri, Ombudsman Aparatı, "Ümidli Gələcək" Gənclər Təşkilatı və BMT-nin Uşaq Fondunun (UNICEF) təşkilatçılığı ilə "Azərbaycanda uşaq müdafiə sisteminin inkişaf perspektivləri" mövzusu müzakirə  olunmuşdur.

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Azərbaycanda uşaqlara, yeniyetmələrə və gənclərə göstərilən dövlət qayğısından danışmışdır. Bildirilmişdir ki, Azərbaycan uşaq hüquqlarının müdafiəsi dövlətin daim diqqət mərkəzindədir. Ölkəmiz BMT-nin Uşaq Hüquqları Konvensiyasına qoşulmuş, Milli Məclisdə bu istiqamətdə bir sıra vacib qanunlar qəbul edilmişdir.

Tədbirdə çıxış edən  əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov, UNICEF-in Azərbaycandakı nümayəndəsi Mark Herevard, Avropa Şurası Baş katibinin ölkəmizdəki xüsusi nümayəndəsi Konstantin Yerokostopulos, "Ümidli gələcək" Gənclər Birliyinin sədri Nabil Seyidov və başqaları ölkəmizdə uşaq hüquqlarının qorunması istiqamətində görülən işlər barədə məlumat vermişlər.

Qeyd olunmuşdur ki, Azərbaycan Avropa Şurasına üzv ölkələr sırasında bu sahədə irəli sürülən təşəbbüslərə və real müsbət nəticələrə görə fərqlənir.

Çıxışlarda Azərbaycanda uşaq müdafiə sisteminin qurulması və gücləndirilməsi sahəsində əsaslı islahatların aparıldığı qeyd edilmiş, 2005-2011-ci illərdə bir sıra qanunnormativ sənədlərin qəbul olunduğu diqqətə çatdırılmışdır. "Azərbaycan Respublikasında Dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı  Dövlət Proqramı"nın icrası istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilmişdir.

Dövlət qurumlarının, beynəlxalq və qeyri-hökumət  təşkilatların (QHT) nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə uşaq müdafiə sisteminin inkişaf istiqamətləri, çətin şəraitdə olan uşaqların işinin təşkili, uşaq hüquqlarının pozulması ilə bağlı insan hüquqları üzrə müvəkkilin rolu, xüsusi qayğıya ehtiyacı olan uşaqların real vəziyyəti, bu sahədə  dövlət və QHT-lərin rolu və digər mövzularla bağlı müzakirələr aparılmışdır.

 

 

Azərbaycan.- 2012.- 18 may.- S. 5.