Elmi saxtakarlıq
hallarına qarşı mübarizə güclənir
Müasir dövrdə Azərbaycanda elmin ümumi inkişafı və bu sahədə mövcud problemlərin həlli baxımından elmi-tədqiqat əsərlərinin, xüsusən də elmi dərəcə iddiaçılarının ərsəyə gətirdikləri dissertasiya işlərinin keyfiyyətinin yüksəldilməsi zəruri məsələlərdən biri kimi qarşıda dayanır. Müdafiə edilmiş elmi işlərin yeni dünya nizamının aktual çağırışlarına cavab verməsi və innovasiya xarakteri daşıması, cəmiyyət üçün faydalılıq əmsalının yüksəldilməsi baxımından Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) həyata keçirdiyi tədbirlər mühüm əhəmiyyət daşıyır.
Komissiyanın sədri, akademik Arif MEHDİYEV qəzetimizə verdiyi müsahibəsində bu və digər məsələlərlə bağlı fikirlərini bölüşmüşdür.
- Arif müəllim, Azərbaycan elminin müasir durumu və inkişaf perspektivləri barədə nə deyə bilərsiniz?
- Azərbaycan Respublikasının əldə etdiyi nailiyyətlər elmi təməl üzərində həyata keçirilən uğurlu siyasətə əsaslanır. Azərbaycanın gələcəyini təbii resurslara bağlamayan ölkə rəhbərliyi neft-qaz gəlirlərinin insan kapitalına çevrilməsi yönümündə məqsədyönlü və ardıcıl siyasət yürüdür. Bu siyasət iqtisadi inkişafın elmi sütunlar üzərində aparılmasını, innovasiya yeniliklərinin idarəçilikdə tətbiqini, elmlə iqtisadiyyatın üzvi vəhdətinin təmin olunmasını, informasiya texnologiyalarının inkişaf etdirilməsini, elektron hökumətin formalaşdırılmasını, ölkənin gələcək tərəqqisi naminə əsaslı elmi proqnozların irəli sürülməsini və digər məsələləri aktual tələb kimi önə çəkir.
Hesab edirəm ki, müasir mərhələdə ölkədə həyata keçirilən fundamental islahatların elmi bazası möhkəmləndirilməli, iqtisadiyyatla elmin vəhdəti innovasiya yeniliklərinin əsasına çevrilməlidir. Dövlət qurumları ilə elm və ali təhsil müəssisələri arasında səmərəli əməkdaşlıq münasibətlərinin qurulması, xüsusən də informasiya və kommunikasiya texnologiyaları, ekologiya və iqtisadi inkişaf sahələrində elmi potensiala geniş istinad olunması respublikanın ümumi inkişaf strategiyasının mahiyyətindən irəli gələn tələbdir. Elmdə islahatlar prosesinin son illərdə daha geniş vüsət alması isə təsadüfi olmayıb, ölkənin iqtisadi sahədə ciddi uğurlara imza atması ilə şərtlənir. Büdcə gəlirlərinin artımı ölkə rəhbərliyinə bu sahənin inkişaf strategiyasını dəqiq müəyyənləşdirməyə, mövcud problemlərin həlli istiqamətində qətiyyətli addımlar atmağa imkan verir.
Şübhəsiz, hər hansı islahatı uğurla həyata keçirmək, səmərəli nəticələr əldə etmək üçün, ilk növbədə, onun qanunverici bazasını formalaşdırmaq lazımdır. Xatırlatmaq lazımdır ki, dövlət başçısı İlham Əliyevin hələ 10 aprel 2008-ci il tarixli "Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılması haqqında" sərəncamında elmin qarşısında duran vəzifələrdən söz açılmışdır. Həmin sənəd əsasında hazırlanaraq imzalanmış 4 may 2009-cu il tarixli "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"nın və "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında", habelə 22 may 2009-cu il tarixli "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında", 11 iyun 2011-ci il tarixli "2011-2013-cü illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya"nın hazırlanması haqqında", 21 oktyabr 2009-cu il tarixli "Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun yaradılması haqqında" sərəncamlar növbəti illərdə elm və ali təhsil müəssisələrinin qarşısında duran vəzifələri dəqiq şəkildə müəyyənləşdirmişdir.
"Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı" elm sahəsində həyata keçiriləcək islahatların konseptual əsaslarını özündə əks etdirir. Elmin inkişafını nəzərdə tutan Milli Strategiyanın əsas məqsədi ölkənin mövcud tələbləri nöqteyi-nəzərindən Azərbaycan elminin strukturunun müəyyənləşdirilməsi, elmimizin dünya elmi, texnika və texnologiyasının prioritet istiqamətlərinə uyğun şəkildə təşkili, respublikanın iqtisadi inkişafında elmin rolunun artırılması, yüksək ixtisaslı kadrların hazırlanmasının təmin edilməsi, mühüm sosial-iqtisadi və ictimai-siyasi vəzifələrin həlli məqsədilə Azərbaycan Respublikasında fundamental və tətbiqi tədqiqatların prioritetlərinin müəyyənləşdirilməsindən ibarətdir.
Azərbaycan Prezidentinin 2010-cu il 9 fevral tarixli "Azərbaycan Milli Elmlər Akademiyasının gənc alimlərinin Avropanın elmi mərkəzlərində doktorantura təhsilinin maliyyələşdirilməsi haqqında" sərəncamı da məhz bu məqsədə xidmət edir. Sərəncam respublikada elmi tədqiqatların müasir standartlar səviyyəsində aparılmasını, ölkənin elmi kadr potensialının artırılmasını, Azərbaycan elminin dünya elm məkanına inteqrasiyasının təmin olunmasını sürətləndirmək məqsədi daşıyır.
Qərbin bir sıra inkişaf etmiş ölkələrində elm bütün sahələr üzrə proqnozlar verir, səmərəli istehsal üsul və vasitələrini müəyyənləşdirir, mühüm siyasi qərarların qəbulu prosesinə təsir göstərir. Yəni, elmi tədqiqatlar gələcək barədə real proqnozlar vermək funksiyası ilə də mühüm əhəmiyyətə malikdir. Bu mənada Azərbaycanda da müxtəlif elm sahələrinin qarşısında duran əsas vəzifələrdən biri elmlə idarəçiliyin əlaqələndirilməsidir. Dövlət başçısı İlham Əliyev beynəlxalq təcrübəni və ilk növbədə respublikamızın hazırkı sosial-iqtisadi inkişaf tempini nəzərə alaraq 2007-ci il 12 noyabr tarixli fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin yaradılmasına qərar vermişdir.
Xüsusi olaraq qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin 21 noyabr 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında ali təhsil və elm müəssisələrinin rəhbərlərinin iştirakı ilə ictimai və humanitar elmlərin vəziyyəti ilə bağlı keçirdiyi müşavirə, habelə görkəmli akademikin "Azərbaycan" qəzetinin 8 dekabr 2009-cu il tarixli nömrəsində "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" mövzusunda dərc olunmuş geniş həcmli və dərin məzmunlu məqaləsi elmin inkişafı üçün strateji əhəmiyyət kəsb edir, dövlətimizin elm və təhsil sahəsində apardığı prioritet siyasətin əsas istiqamətlərini göstərir.
Prezident İlham Əliyev öz çıxışlarında iqtisadi resursların insan kapitalının inkişafına yönəldilməsi yolu ilə formalaşan yeni təfəkkürlü intellektual elitanın ölkənin perspektiv inkişafının əsas lokomotivi - aparıcı qüvvəsi kimi çıxış edəcəyini daim vurğulayır. Milli inkişaf strategiyasını düzgün müəyyənləşdirən dövlət başçısı ölkənin gələcək tərəqqisi prosesində elmin rolunu yüksək dəyərləndirdiyi üçün bu sahəyə davamlı diqqət və qayğı göstərir.
Bu gün Azərbaycan elminin qarşısında duran əsas vəzifələrdən biri də milli ideya, milli ideologiya, düşüncə sistemi, azərbaycançılıq məfkurəsi və bu kimi digər fəlsəfi-siyasi mövzularda sanballı araşdırmalar aparmaq, milli özünüdərkin güclənməsinə yardımçı olmaqdır. Doğrudur, bu istiqamətlərdə müəyyən araşdırmalar aparılmışdır. Lakin onların keyfiyyətinin aşağı olması da açıq etiraf olunmalıdır. Bu qəbildən olan araşdırmalar ilk növbədə gənc nəslin azərbaycançılıq məfkurəsini dərindən dərk edərək milli ruhda yetişməsi baxımından aktuallıq kəsb edir. Milli ruhlu, kreativ düşüncəli gəncliyin yetişməsi isə qloballaşmanın sərhəd tanımadığı, yabançı mədəniyyətlərin milli-mənəvi dəyərlər sisteminə təhdid kimi çıxış etdiyi bir zamanda ümumi müqavimətin təşkili baxımından vacibdir. Bu nöqteyi-nəzərdən ictimai və humanitar elm sahələrində tədqiqatlar aparan alimlərin üzərinə xüsusən ciddi vəzifələr düşür.
Ümumilikdə, hesab edirəm ki, Azərbaycan elmi son illərdə ətalətdən çıxaraq ölkənin müasir inkişaf meyillərinə cavab verməyə çalışır. Hələlik bəzi problemlər mövcud olsa da, ölkə rəhbərliyinin həyata keçirdiyi siyasət nəticəsində bu problemlərin həlli üçün ildən-ilə daha yaxşı imkanlar açılır.
- Azərbaycan elminin səviyyəsinin yüksəlməsində Ali Attestasiya Komissiyası da mühüm rol oynayır. Bu prosesin həyata keçirilməsində komissiyanın fəaliyyətini necə dəyərləndirərdiniz?
- Əvvəla qeyd etmək istərdim ki, Azərbaycan Respublikasında Ali Attestasiya Komissiyası kimi bir qurumun yaradılması məhz dövlət müstəqilliyimizin bilavasitə bəhrəsidir. AAK 1992-ci il aprelin 23-də Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılmışdır.
AAK-ın müstəqil dövlətimizdəki rolunu düzgün dəyərləndirən ümummilli lider Heydər Əliyev bu qurumun statusunu yüksəltmək məqsədilə 1994-cü il yanvarın 6-da xüsusi fərman imzalamış və bu qurum Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası adlandırılmışdır. Ulu öndər 21 fevral 2003-cü il tarixli fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında AAK-ın fəaliyyətini tənzimləyən yeni normativ hüquqi aktları - "Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası haqqında" və "Alimlik dərəcələrinin və elmi adların verilməsi qaydaları haqqında" əsasnamələri təsdiq etmişdir. Beləliklə, müstəqillik qazanmış respublikamızda yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların attestasiyası sahəsində vahid dövlət siyasətini həyata keçirən, onların respublikamızın tələbatına uyğun olaraq hazırlanmasında və səmərəli istifadə olunmasında iştirak edən AAK-ın fəaliyyəti elmin, texnikanın, təhsilin, mədəniyyətin və incəsənətin inkişafının müasir tələblərinə cavab verməklə daha ciddi və məqsədyönlü xarakter almışdır.
Azərbaycanın sosial-iqtisadi inkişafının keyfiyyətcə yeni mərhələsində ölkə elminin beynəlxalq elm məkanına inteqrasiyasını sürətləndirmək və nüfuzunu yüksəltmək, elmi nəticələrin praktikaya tətbiqini təmin etmək, biliklərə əsaslanan yeni tipli iqtisadiyyat formalaşdırmaq məqsədi elmi tədqiqatlara, yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların attestasiyasına, o cümlədən ictimai və humanitar elmlərin mövcud vəziyyətinə və dissertasiya işlərinə verilən tələblərə yenidən baxılmasını zərurət kimi ortaya qoymuşdur. Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin 5 iyun 2008-ci il tarixli 769 nömrəli sərəncamı ilə "Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası haqqında" və "Elmi dərəcələrin və elmi adların verilməsi qaydaları haqqında" əsasnamələrə edilən əlavə və dəyişikliklər yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların attestasiyası sahəsində çox mühüm əhəmiyyətə malikdir.
Müstəqilliyimizi əldə etdiyimiz vaxtdan keçən 20 il müddətində Azərbaycan xalqı çox çətin və eyni zamanda şərəfli yol keçmişdir. Yaşadığımız 90-cı illərlə ölkədəki bugünkü vəziyyəti tutuşdursaq, müqayisəyəgəlməz fərqi aydın görə bilərik. Ölkəmiz iqtisadi sahədə keçid dövrünü başa vuraraq modernləşmə yolu ilə inamla irəliləyir, sürətlə inkişaf edir, cəmiyyətdə həllini gözləyən bir çox məsələlər aradan qalxır. İnsanların həyat səviyyəsi yüksəlir, sosial-mədəni tərəqqi ictimai həyatın bütün sahələrində özünü qabarıq göstərir. Şübhəsiz ki, hər bir sahədə olduğu kimi, elmdə də inkişaf labüddür. Bunun da bir göstəricisi gənclərin elmə maraq və meyillərinin artmasıdır.
Xatırladaq ki, 90-cı illərin əvvəllərində aspiranturaya qəbul planı yerinə yetirilmirdi, bir çox yerlər boş qalırdı. Elmin nüfuzu olduqca aşağı səviyyəyə düşmüşdü. Bu gün isə bu sahədə böyük rəqabət vardır. Yüzlərlə gənc doktorantura və dissertantura yolu ilə elmə qovuşmağa çalışır, onların sayı ildən-ilə artır. 2000-ci ildə AAK-a daxil olmuş işlərin sayı 557 olduğu halda, 2010-cu ildə onların sayı 1155, 2011-ci ildə isə 1236 olmuşdur. Bu halda, Komissiyanın üzərinə çox məsuliyyətli və çətin vəzifə düşür. Məsuliyyətli ona görə ki, müdafiə olunmuş işlərin sayı artdığı halda, onların sıralarında zəif işlərin olmasının ehtimalı da artır və AAK tərəfindən bunları aşkar etmək lazım gəlir. Çətinlik onunla izah olunur ki, işlərin sayı artır, nəticədə isə AAK-ın işçilərinin üzərinə düşən iş də çoxalır.
- Komissiya dissertasiya işlərinin qiymətləndirilməsi prosesində obyektivliyi təmin etmək üçün hansı tədbirləri həyata keçirir və bu işdə AAK-ın ekspert şuralarının fəaliyyəti necədir?
- Məlumdur ki, alimlər ordusu bu və ya başqa şəkildə müdafiə prosesində iştirak edir. Kimisi elmi rəhbər və ya elmi məsləhətçi, mövzunu təsdiq edən elmi şuranın üzvü, mövzunu qeydiyyatdan keçirən Problem Şurasının üzvü, doktorantların və dissertantların illik attestasiya prosesində bir iştirakçı və ya komissiya üzvü, kimisi jurnal redaksiyalarının üzvü, dissertasiya şurasının, doktorluq imtahanlarını götürən komissiyaların üzvü, opponent kimi və sair. Buradan görünür ki, elmi və elmi-pedaqoji kadrların attestasiya işləri hələ AAK-a gəlib çıxana qədər çoxsaylı iclaslardan, alimlər ordusunun uzun müzakirələrindən və yazılı rəylərindən keçir. Bu məsələlərdə biz respublika alimlərinin fədakar və gərgin əməyini yüksək dəyərləndiririk. Elmi kadrların attestasiyasına gətirib çıxaran yolda şəffaflığın təmin olunması artıq yüksək vətənpərvərlik, dövlətə sədaqət, məsuliyyət, vicdan, obyektivlik, ədalət kimi mənəvi dəyərlərlə müəyyən edilir. Bu yüksək insani dəyərlərdən hər hansı birinin, yaxud bir neçəsinin olmaması attestasiya sahəsində obyektivliyin pozulması üçün qapılar açır. Yəni attestasiya işləri ilə təkcə AAK deyil, bütün elmi ictimaiyyət ciddi məşğul olsaydı, onlar daha obyektiv qiymətləndirilərdi. Başqa sözlə, yüksək ixtisaslı elmi kadrların attestasiyasına gətirib çıxaran prosesin keyfiyyəti və şəffaflığı respublika elmi ictimaiyyətinin və onun alimlər ordusunun hər bir nümayəndəsinin bu ümumdövlət və ümumxalq işinə nə dərəcədə ciddi yanaşmasından asılıdır. Lakin təəssüf hissi ilə qeyd etmək lazımdır ki, respublika elmi ictimaiyyətinin və onun alimlər ordusunun sıralarında insani dəyərlərdən uzaq olan və çirkin əməllərlə məşğul olan "alimlər" də var. Burada, həmçinin, bu ümumdövlət və ümumxalq işində laqeydlik göstərən alimlər böyük məsuliyyət daşıyırlar. Eyni zamanda, həmin şəxslərin nəzərinə çatdırıram ki, Ali Attestasiya Komissiyası elmi saxtakarlıq hallarına qarşı ciddi mübarizə aparır.
AAK-ın attestasiya sistemində ekspert şuraları
mühüm yer tuturlar. Onların üzərinə böyük məsuliyyət
düşür: onlar təqdim olunan işlərin elmi
ekspertizasını keçirirlər. AAK-ın
ekspert şuraları attestasiya sisteminin işinin mühüm
istiqamətləri, habelə elmi və elmi-pedaqoji kadrlara elmi dərəcələr
və elmi adlar verilməsi məsələləri üzrə
tövsiyələr hazırlayan ictimai elmi orqandır. Komissiyanın ekspert şuralarının tərkibi
görkəmli alim və mütəxəssislərdən ibarətdir.
Ekspert şuralarının tərkibi iki ildən
bir yenilənir.
Hazırda AAK-da 14 ekspert şurası fəaliyyət
göstərir. Ekspert şuralarının tövsiyələri
nadir hallarda Komissiyanın rəyasət heyəti və ya
kollegiyası tərəfindən qəbul olunmur. Lakin onu da qeyd etmək lazımdır ki, bəzən
ekspert şuraları naməlum səbəblərdən zəif
dissertasiya işlərinin təsdiq olunmasını tövsiyə
edirlər. Bu da AAK-ın rəyasət heyətinin
və kollegiyasının işlərini xeyli çətinləşdirir.
Belə halda, dissertasiya işini qapalı rəyə
göndərmək lazım gəlir. Maraqlıdır ki,
bəzi hallarda qapalı rəy də müsbət olur və
onda yalnız təəccüblənməyə yer qalır:
belə bir zəif işin necə güclü "müdafiəçiləri"
var?!
- İndiyədək Komissiyaya daxil olmuş bir sıra
dissertasiya işlərinin təsdiqindən imtina edilmişdir. Bunun səbəbləri barədə
məlumat verməyinizi xahiş edərdik...
- 2012-ci
ilin may ayına qədər olan dövr ərzində Komissiya
tərəfindən 1265 iddiaçıya elmlər doktoru elmi dərəcəsi,
7286 iddiaçıya fəlsəfə doktoru (elmlər namizədi)
elmi dərəcəsi, 1064 iddiaçıya professor, 3984
iddiaçıya isə dosent elmi adı verilmişdir.
AAK-ın uyğun əsasnamələrinin tələbləri
kobud şəkildə pozulduğuna görə həmin
dövr ərzində Komissiya tərəfindən 73 doktorluq və
562 fəlsəfə doktoru (namizədlik) dissertasiyası
üzrə attestasiya işindən, 151 professor və 709 dosent
elmi adları almaq üçün təqdim edilmiş
attestasiya işindən imtina olunmuşdur.
Bəzən əsassız olaraq qərəzli mətbuat
orqanlarında respublikamızda elmi dərəcə və elmi
ad alanların sayının son dərəcə artması və
elmin "ucuzlaşması" qeyd olunur. Lakin statistik təhlillər
və digər ölkələrdəki uyğun rəqəmlərlə
müqayisələr faktlara və rəqəmlərə
söykənməyən bu əsassız fikirləri tam təkzib
edir. Məsələn, 2005-2009-cu illəri əhatə
edən dövr üzrə əhalinin hər milyon nəfərinə
düşən elmlər doktoru elmi dərəcəsi
almış iddiaçıların illik orta sayı Azərbaycan
Respublikasında 10,5, fəlsəfə doktoru elmi dərəcəsi
almış iddiaçıların illik orta sayı isə
56,5 olduğu halda, Rusiya Federasiyasında müvafiq dövr
üçün uyğun rəqəmlər 24,7 (elmlər
doktoru), 194,2 (elmlər namizədi) olmuşdur.
Məlumdur ki, dissertasiya şuraları elmi və
elmi-pedaqoji kadrların attestasiyası sisteminin əsasını
təşkil edir. İddiaçılar üçün
müdafiə prosesini asanlaşdırmaq məqsədilə
ölkədə AMEA-nın institutlarının, nüfuzlu
dövlət universitetlərinin və sahə elmi-tədqiqat
institutlarının nəzdində 57 dissertasiya şurası
yaradılıb. Hər bir dissertasiya
şurasında dördə qədər ixtisas üzrə
müdafiə keçirmək olar. Demək
olar ki, ixtisas nomenklaturasındakı ixtisasların 90 faizi bu
şuralarda təmsil olunubdur. Bu da o deməkdir ki, iddiaçıların
əksər hissəsi
dissertasiya işlərini AAK-a yox, bilavasitə dissertasiya
şuralarına təqdim edirlər.
Bəzi
ixtisaslar üzrə respublikada elmlər doktorlarının
sayı az olduğuna görə həmin
ixtisaslar üzrə daimi dissertasiya şuraları yaradıla
bilmir. Bu halda AAK-ın əmri ilə müvəqqəti
birdəfəlik dissertasiya şuraları təşkil edilir,
yaxud birdəfəlik müdafiələr keçirilir. Bəzi
hallarda xarici ölkə alimləri də həmin şuralara üzv kimi
dəvət olunurlar.
- AAK tərəfindən
bəzi dissertasiya şuralarının fəaliyyətinin
vaxtından əvvəl dayandırılması və ya həmin
şuralarda təşkil olunmuş ayrı-ayrı dissertasiya
müdafiələrinin saxlanılması hallarına rast gəlinir.
Bu hansı hallarda
baş verir?
-
Ümumiyyətlə, dissertasiya şuralarının AAK tərəfindən
yaradılması çox mühüm bir prosesdir. Dissertasiya şuralarının sədrlərinin və
üzvlərinin tanınmış alimlərdən təşkil
olunmasına xüsusi diqqət yetirilir. Narahatlıq
doğuran hallardan biri də odur ki, dissertasiya müdafiələri
elmi müzakirə xarakteri daşımır, bu zaman yüksək
tələbkarlıq, prinsipiallıq göstərilmir və ya
elmi etikaya riayət edilmir. Elə hallar da
olur ki, dissertasiyada olan bütün nəticələrin, elmi və
praktiki xarakterli təkliflərin dürüstlüyü və
əsaslandırılması hərtərəfli müzakirə
edilmir. Dissertasiya müdafiələrinin
gedişini əks etdirən stenoqramların və videoçəkilişlərin
təhlili göstərir ki, müdafiə zamanı
iddiaçının verilən suala cavabı konkret olmur və
bəzən cavab əvəzinə müzakirə və ya
çıxış xarakterli danışıqlara yol verilir.
Bu prosesin müdafiə adlandırılmasının
səbəbi odur ki, burada iddiaçının opponentlərdən
və dissertasiya şurasının üzvlərindən
"müdafiə" olunması nəzərdə tutulur.
Yəni opponentlər "hücum" edirlər,
iddiaçı isə "müdaifə" olunur. Təəssüflər olsun ki, çox vaxt, bəlkə
də əksər hallarda, nə "hücum", nə də
"müdafiə" müşahidə olunur. Nəticədə 100 faiz səs toplanır.
Nadir hallarda bir-iki
səs əleyhinə verilir. O da sonradan məlum olur ki, əleyhinə
səs verənlər ya iddiaçı, ya da onun elmi rəhbəri
(məsləhətçisi) ilə ədavət aparır. Bir sözlə, obyektivlikdən xeyli uzaq səsvermə
baş verir. Məhz belə halların
qarşısını almaq məqsədilə Komissiya
dissertasiya müdafiəsinin gedişinin videoçəkilişi
yazılmış kompakt diskləri digər zəruri sənədlərlə
birgə tələb edir.
Dissertasiya şuralarının nəzdində yaradılmış
elmi seminarlarda iddiaçının işinin müzakirəsi
çox vacib və mühüm əhəmiyyət kəsb
edir. Bu mərhələdə dissertasiya işində olan
nöqsanları üzə çıxarmaq tələb olunur,
lazım gələrsə, əlavə tədqiqatlar
aparılmasına, müvafiq duzəlişlər edilməsinə
və sonradan müdafiə şurasına təqdim
olunmasına dair tövsiyələr verilir. Təəssüflər olsun ki, çox vaxt
seminarlarda dissertasiyaların müzakirəsi zamanı
AAK-ın dissertasiyalara dair bir sıra tələbləri
ödənilmir, dissertasiyaların elmi səviyyələrinin
uyğun tələblərə cavab verməsinə ciddi əməl
olunmur. Həmin elmi seminarlarda bir çox
hallarda dissertasiyaların özü deyil, yazılmış rəylər
müzakirə olunur, bunlar da formal və səthi
keçirilir.
Şuraların müddəti iki ildir. Onların fəaliyyəti
qənaətbəxş hesab olunmazsa, AAK-ın əmri ilə
həmin şuraların fəaliyyəti vaxtından əvvəl
dayandırılır. Məsələn, müdafiə
olunmuş dissertasiyaların səviyyəsinin aşağı
olduğu, müdafiə prosesində prosedur pozuntularına yol
verildiyi, sənədlərin tərtibində nöqsanlar
olduğu nəzərə alınaraq, AAK Rəyasət Heyətinin
qərarları ilə Bakı Dövlət Universiteti nəzdindəki
N.02.013 və Azərbaycan Memarlıq və İnşaat
Universitetinin nəzdindəki D.02.041 dissertasiya
şuralarının fəaliyyəti
dayandırılmışdır. Bəzi
dissertasiya şuralarında ayrı-ayrı dissertasiya işlərinin
müdafiəsi ilə bağlı prosedur pozuntularına yol
verildiyinə və AAK-ın müvafiq əsasnamələrinin
digər tələbləri kobud şəkildə
pozulduğuna görə həmin şuralarda təşkil
olunmuş dissertasiya müdafiələri
dayandırılmışdır.
- Elmi dərəcə
iddiaçılarının xaricdə dərc
etdirdikləri elmi məqalələr də bəzən AAK tərəfindən
qəbul edilmir. Bunun səbəblərini necə
izah edərdiniz?
- Burada əsas
tələb dissertasiya mövzusuna dair dərc olunmuş elmi
işlərin Komissiyanın tələblərinə nə dərəcədə
cavab verməsidir. Hər bir elmi-tədqiqat
işinin göstəricisi onun müəllifinin dərc
olunmuş elmi məqalələri, simpoziumlarda, elmi konfranslarda
və digər nüfuzlu elmi tədbirlərdə
iştirakıdır. Təəssüflər
olsun ki, elmi işin bu tərəfinə iddiaçılar,
onların elmi məsləhətçiləri və elmi rəhbərləri
çox da diqqət yetirmirlər. AAK-ın Əsasnaməsində
qeyd olunur: "Dissertasiyanın əsas elmi nəticələri
onun ilkin ekspertizasına qədər Azərbaycan
Respublikasının elmi nəşrlərində və xarici
ölkələrin nüfuzlu (beynəlxalq elmi ictimaiyyət tərəfindən
birmənalı olaraq qəbul olunmuş elmi-praktiki) elmi nəşrlərində
dərc olunmalıdır. Azərbaycan Respublikasının müvafiq elmi nəşrlərinin
siyahısı Komissiya tərəfindən müəyyən
edilir".
AAK Rəyasət
Heyətinin 30 aprel 2010-cu il tarixli
iclasında Azərbaycan Respublikasında dissertasiyaların əsas
nəticələrinin dərc olunması üçün
tövsiyə edilən dövri elmi nəşrlərin
siyahısı müəyyən edilmişdir. Əsasnamədə
daha sonra göstərilir ki, iddiaçıların fəlsəfə
doktoru dissertasiyalarının nəticələrinə dair ən
azı beş, o cümlədən xarici
ölkələrdə nəşr olunan nüfuzlu jurnallarda
bir, elmlər doktoru dissertasiyalarının nəticələrinə
dair isə ən azı iyirmi, o cümlədən xarici
ölkələrdə nəşr olunan nüfuzlu jurnallarda
humanitar və ictimai elmlər üzrə üç, təbiət
elmləri üzrə isə altı məqaləsi dərc
edilməlidir. Beynəlxalq elmi ictimaiyyət tərəfindən
birmənalı olaraq nüfuzlu hesab edilən jurnallarda məqalələrin
dərci üçün yüksək səviyyədə elmi
kriteriyalar qoyulur. Bu cür kriteriyaları
ödəməyən iddiaçılar çox
aşağı elmi səviyyəli, kommersiya məqsədilə
nəşr olunan jurnallarda məqalələr dərc etdirirlər
və bunlar da AAK tərəfindən qəbul olunmur.
Çox vaxt soruşurlar: hansı xarici elmi jurnallar nüfuzlu
hesab edilir? Əlbəttə, əsl alim
özünün çalışdığı elm sahəsində
hansı jurnalın nüfuzlu olduğunu yaxşı bilməlidir.
AAK Web of Science bazasının üç sitatgətirmə
sistemindən hər hansı birinə daxil olan jurnalları
birmənalı şəkildə nüfuzlu xarici elmi jurnallar
hesab edir: Sience Citation Index Expanded (dəqiq, təbiət və
texniki elmlər üzrə baza), Social Sience Citation Index (sosial
elmlər üzrə baza), Arts and Humanities Citation Index (incəsənət
və humanitar elmlər üzrə baza). Bu barədə
uyğun məlumat AAK-ın rəsmi internet saytında
(www.aak.ab.az) yerləşdirilmiş və "Elm" qəzetinin
26 may 2010-cu il tarixli 20 saylı
buraxılışında dərc olunmuşdur. Təəssüflər
olsun ki, dissertasiyaların ilkin müzakirəsini həyata
keçirən bir çox elmi müəssisələr və
ali təhsil müəssisələri,
dissertasiya müdafiələrini keçirən dissertasiya
şuraları və bəzi iddiaçıların özləri
bu tələbləri kobud şəkildə pozurlar.
Müdafiə olunmuş dissertasiyaların
qarşısına qoyulan tələblərdən biri də
ondan ibarətdir ki, elmi işdə alınmış nəticələr
aprobasiyadan keçməlidir. Dissertasiya işlərinin
elmi nəticələri haqqında ümumrespublika və beynəlxalq
konfrans və simpoziumlarda məruzə edilməsi işin
aprobasiyası üçün ən mühüm tələblərdəndir.
Bu işlər görülmədikdə və
avtoreferatlarda öz əksini tapmadıqda dissertasiya işlərinin
ilkin müzakirəsi və açıq müdafiəsinin
keçirilməsi yolverilməzdir.
- Son illər
AAK bəzi dissertasiya işlərinin plagiat olduğunu
aşkarlayaraq onların "müəlliflərini"
uyğun elmi dərəcələrdən məhrum
etmişdir. Bu cür saxtakarlıq hallarının
qarşısının alınması üçün hansı tədbirlər
həyata keçirilir?
- AAK tərəfindən
aparılmış araşdırmalar, aşkar olunmuş
faktlar və təhlillər göstərir ki, müdafiə
üçün təqdim olunmuş dissertasiya işlərinin
bəziləri MDB ölkələrinin, xüsusilə Rusiya
Federasiyası alimlərinin dissertasiya işlərindən, əsərlərindən,
müxtəlif internet materiallarından eynilə tərcümə
olunaraq və ya tərcümə edilmədən birbaşa
köçürülərək dissertasiya şuralarına
müdafiə üçün təqdim olunur.
Narahatçılıq doğuran hal odur ki, elmə gəlmək
istəyən belə təsadüfi şəxslər
üçün doktorant və dissertant olduqları elmi müəssisələrdə
və ali məktəblərdə
çalışan, "elmin keşiyində duran" bəzi
alimlər məqsədli surətdə və bilərəkdən
əlverişli şərait yaradırlar. Qeyd
etmək lazımdır ki, belə yararsız dissertasiya işlərinin
bu vəziyyətə gəlib çatmasında elmi rəhbərlər
və elmi məsləhətçilər böyük məsuliyyət
daşıyırlar.
Digər
tərəfdən, iddiaçıların təhkim
olunduğu ali təhsil müəssisələrində
və elmi müəssisələrdə, o cümlədən
uyğun şöbə, kafedra və laboratoriyalarda dissertasiya
işlərinin ilkin müzakirəsi zamanı lazımi səviyyədə
prinsipiallıq və tələbkarlıq göstərilmir, dərindən
araşdırmalar aparılmır. Nəticədə
səviyyəsiz və keyfiyyətsiz dissertasiya işlərinin
qarşısı vaxtında alınmır. Burada dissertasiyaların ilkin müzakirəsinin
keçirilməsi üçün yazılı rəy təqdim
etmiş mütəxəssis alimlərin, dissertasiyaya dair elmi məqalə
və tezisləri dərc etmiş jurnal və məcmuələrin
redaksiya heyətlərinin və uyğun rəyçilərin
üzərinə böyük məsuliyyət
düşür. Misal olaraq göstərmək olar ki,
2010-cu ildə Milli Aviasiya Akademiyasının nəzdində fəaliyyət
göstərən N.06.011 dissertasiya şurasında (sədr:
hüquq elmləri doktoru İbrahim Quliyev) aparılmış
araşdırmalar və təhlillər nəticəsində məlum
olmuşdur ki, AMEA-nın Fəlsəfə, Sosiologiya və
Hüquq İnstitutunda (FSHİ) yerinə yetirilmiş və
hüquq üzrə müdafiə üçün Şuraya təqdim
olunmuş altı dissertasiya işi açıq-aşkar Rusiya
Federasiyasında müdafiə olunmuş dissertasiyalardan
köçürmədir.
Meydana çıxan bu plagiatlıq faktları ilə
bağlı AAK Rəyasət Heyətinin iclasında geniş
müzakirə aparılmış, ciddi
narahatçılıq doğuran bu cür neqativ halların
qarşısını almaq məqsədilə müvafiq qərarlar
qəbul edilmişdir. Belə ki,
AMEA-nın Fəlsəfə, Sosiologiya və
Hüquq İnstitutunun plagiatlıq faktları ilə əlaqəsi
olan dissertantlarına həmin mövzular üzrə təkrar
müdafiə etmək hüququnun, o cümlədən
üç il müddətinə digər hər hansı bir
mövzu üzrə dissertasiya müdafiə etmək
hüququnun verilməməsi qərara
alınmışdır. Eyni zamanda həmin dissertantların
elmi rəhbərlərinə (hüquq elmləri doktoru Mais Əliyevə
və hüquq elmləri doktoru, professor İbrahim
İsmayılova) beş il müddətinə
elmi rəhbər olmaq icazəsi verilməməsi və həmin
elmi rəhbərlər tərəfindən bu cür
faktların bir daha təkrarlanacağı halda, onların
doktorluq elmi dərəcəsinin geri alınması məsələsinin
AAK rəyasət heyətinin iclasında baxılması qərara
alınmışdır.
Aşkar olunmuş plagiatlıq faktlarının
qarşısını almaq məqsədilə AAK rəyasət
heyətinin qəbul etdiyi qərar elm və təhsil müəssisələrinin
və dissertasiya şuralarının rəhbərlərinin nəzərinə
çatdırılmışdır. Bu fakt dissertasiya işlərinin obyektiv qiymətləndirilməsində
elmi ictimaiyyətin köməyinə ehtiyac duyulduğunu təsdiqləyən yaxşı
bir nümunədir. Elmi ictimaiyyət əyri yollarla elmi dərəcələr
alan üzdəniraq "alimlərdən"
öz sıralarını qorumalıdır.
Dissertasiyalarda plagiatlıq faktlarının
olub-olmamasını müəyyən etmək məqsədilə
son vaxtlar AAK - da "Antiplagiat" adlanan axtarış
proqramından istifadə olunur.
-
Ümumiyyətlə, AAK öz fəaliyyətində
şəffaflığın artırılması və neqativ
hallara qarşı mübarizədə hansı metodlardan
istifadə edir?
- Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
tapşırığı əsasında Prezident
Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin sədrliyi ilə 2011-ci ilin
yanvarın 27-də keçirilmiş Azərbaycan
Respublikasının Korrupsiyaya Qarşı Mübarizə
üzrə Komissiyasının geniş iclasında verilmiş
tapşırıqların icrası ilə əlaqədar həmin
ilin fevralında AAK-da geniş tərkibdə və struktur rəhbərlərinin
iştirakı ilə kollegiya iclası keçirilmiş,
korrupsiyaya qarşı mübarizə məsələləri
müzakirə edilmiş, tədbirlər planı təsdiq
edilmişdir. 2011-ci ilin fevral ayından AAK-ın rəsmi
internet saytında "Korrupsiyaya qarşı mübarizə məsələləri
üzrə müraciətlər" xanası, uyğun
elektron poçt ünvanı (anticorr@ aak.ab.az) və telefon
nömrəsi fəaliyyət göstərir.
İnformasiya-kommunikasiya
texnologiyalarının dövlət hakimiyyəti
orqanlarında geniş tətbiqi, müasir standartlara cavab verən,
normativ hüquqi aktların tələblərini özündə
əks etdirən internet saytlarının və elektron xidmətlərin
yaradılmasının zəruriliyi ilə əlaqədar AAK-ın rəsmi internet
saytının baş səhifəsinin əsas sətrində
"Məktub yazmaq", "AAK rəhbərliyinin qəbul
günləri", "Əlaqə" xanaları
yaradılmış və hazırda bu xanalar işlək vəziyyətdədir.
Bundan əlavə Azərbaycan Respublikası
üzrə müdafiəyə təqdim edilən
dissertasiyaların avtoreferatlarının elektron versiyaları
müdafiəyə qədərki bir ay ərzində operativ
şəkildə AAK-ın internet saytında yerləşdirilir.
Bu isə geniş elmi ictimaiyyətə müdafiə olunacaq
dissertasiyaların avtoreferatları ilə vaxtında tanış olmaq imkanı verir və dissertasiya
müdafiələri ilə bağlı şəffaflığın
təmin olunmasında mühüm rol oynayır. Eyni zamanda, AAK-ın internet saytında son illərdə
Azərbaycan Respublikasında müdafiə olunmuş
dissertasiyaların avtoreferatlarının elektron versiyaları
da yerləşdirilmişdir.
Son illərdə Azərbaycan Respublikasında
sosial-iqtisadi və mədəni-mənəvi inkişaf sahəsində
qazanılmış uğurlar və elm sahəsində
aparılan ardıcıl islahatlar AAK qarşısında yeni vəzifələr
qoyur. Azərbaycan
Respublikası Prezidentinin 2009-cu il 4 may tarixli sərəncamı
ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında
2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli
Strategiyanın həyata keçirilməsilə bağlı
Dövlət Proqramı"nın icrasına dair Tədbirlər
Planında "Azərbaycan Respublikasında elmi və
elmi-pedaqoji işçilərə alimlik dərəcələri
verilməsi üzrə ixtisasların
Nomenklaturası"nın YUNESKO-nun və digər beynəlxalq
təşkilatların qəbul etdiyi elmi ixtisas
siyahılarına uyğunlaşdırılması göstərilmişdir.
AAK Nomenklaturanın YUNESKO-nun və digər beynəlxalq təşkilatların
qəbul etdiyi elmi ixtisas siyahılarına
uyğunlaşdırılmış yeni variantını
müvafiq dövlət qurumları ilə birgə işləyib
hazırlamış və yeni Nomenklatura Ali Attestasiya
Komissiyası rəyasət heyətinin 13 aprel 2012-ci il tarixli iclasında təsdiq olunmuşdur. Təsdiq edilmiş bu Nomenklaturaya
yeni ixtisasların daxil edilməsi ilə bağlı uyğun
ixtisas pasportlarının aidiyyəti elmi müəssisələr
və ali təhsil müəssisələrinin
iştirakı ilə AAK tərəfindən
hazırlanması qarşıda duran mühüm vəzifələrdən
biridir.
AAK rəyasət
heyətinin 4 mart 2011-ci il tarixli qərarı
ilə "Dissertasiya şuraları haqqında" Əsasnaməyə
edilmiş əlavə və dəyişikliklərə
uyğun olaraq dissertasiya müdafiələrinin gedişində
şəffaflığı təmin etmək məqsədilə
müdafiələrin keçirildiyi iclas zallarında nəzarət
kameralarının qurulması vacib şərt kimi tələb
olunur. Bu işin həyata keçməsi AAK ilə dissertasiya
şuralarının fəaliyyət göstərdiyi elmi
müəssisələr və ali təhsil
müəssisələrinin birgə səmərəli və
operativ fəaliyyətindən asılıdır. Ümid edirik ki, dissertasiya müdafiələrinin
keçirildiyi iclas zallarında nəzarət
kameralarının qurulması yaxın zamanlarda gerçəkləşəcək,
bu isə öz növbəsində dissertasiya müdafiələrinin
gedişində şəffaflığın təmin
olunmasına gətirib çıxaracaq.
- Dəqiq
elmlər, təbiət, texnika, kənd təsərrüfatı
və yer elmləri sahələrində dissertasiya müdafiələrinin
kəmiyyət və keyfiyyət göstəricilərinin
humanitar və ictimai elmlər sahəsindəki uyğun
göstəricilərlə müqayisəsi barədə nə
deyə bilərsiniz?
- Həqiqətən
də təhlillər göstərir ki, dəqiq elmlər, təbiət,
texnika, kənd təsərrüfatı və yer elmləri sahəsində
dissertasiya müdafiə edənlərin sayı digər elm sahələrindəki
uyğun saydan azdır. Halbuki ölkənin
iqtisadi inkişafı üçün bu sahələrdə
yüksək ixtisaslı elmi kadrlara daha çox ehtiyac duyulur.
Bu isə öz növbəsində müvafiq elmi müəssisələr
və ali təhsil müəssisələri
qarşısında, eyni zamanda AAK qarşısında
mühüm vəzifələr qoyur. Təhlillər göstərir
ki, dəqiq elmlər, təbiət, texnika, kənd təsərrüfatı
və yer elmləri sahəsində təqdim olunan
dissertasiyaların elmi səviyyəsi daha yüksək olur və
bu elmlər sahəsində müdafiə olunan
dissertasiyalarda əldə olunmuş elmi nəticələrə
dair nüfuzlu beynəlxalq elmi
jurnallarda digər elmlərlə müqayisədə daha
çox məqalələr dərc olunur. Onu da
qeyd etmək lazımdır ki, plagiatlıq faktlarına ictimai
və humanitar elmlər üzrə müdafiə olunan
dissertasiyalarda daha çox rast gəlinir.
Bir
dövlət qurumu kimi Azərbaycan Respublikasının
Prezidenti yanında Ali Attestasiya
Komissiyası tərəfindən qarşıda duran vəzifələrin
həyata keçirilməsi üçün atılan
addımlar ölkə elminin beynəlxalq elm məkanına
inteqrasiyasını sürətləndirməyə, onun
respublikamızda və bütün dünyada nüfuzunun
yüksəlməsinə, elmin və cəmiyyətin növbəti
inkişaf mərhələsinə qədəm qoymasına
xidmət edir.
Müsahibəni
apardı:
İradə ƏLİYEVA
Azərbaycan.- 2012.- 18 may.- S. 6.