Elmimizi dünya səviyyəsində təmsil edən nəşr

 

Müasir zamanda elmi tədqiqatların keyfiyyətinin qiymətləndirilməsi qızğın müzakirə obyektinə çevrilmişdir. Qiymətləndirmənin müxtəlif yanaşma və versiyaları təklif olunmaqdadır. Bütün bu yanaşmaların əsasında dəyişməyən bir amil var - alimlərin isnad indeksi. İsnad indeksi ilə paralel olaraq, Hirş indeksi, jurnallar üçün isə İmpakt Faktor (İF) kimi  yeni anlayışlar meydana çıxsa da, bu meyar hələ də əsas olaraq qalmaqdadır.

Sovet dövründə İttifaq miqyasında çap olunan xeyli sayda jurnal dünya elmi ictimayyəti tərəfindən qəbul olunduğundan onlar impakt faktora malik  idi. Sovetlərin dağılması humanitar sahələrə, xüsusən də elmə güclü zərbə  vurdu və bir çox elmi jurnal rəqabətə dözməyərək keyfiyyət dərəcəsini itirdi. Buna görə postsovet məkanında qısa müddət ərzində impakt faktor qazanmağı bacaran yeni jurnalların yaranması diqqətəlayiq hadisədir. İmpakt faktor praktiki  olaraq jurnalların dünya elmi ictimaiyyəti tərəfindən nə dərəcədə qəbul olunduğunu əks etdirir. Sovet Azərbaycanı dövründə ölkəmizdə kifayət qədər  ciddi elmi tədqiqatlar aparılırdı və Azərbaycan alimləri ən yüksək mükafat və  təltiflərə layiq görülürdülər. Lakin bununla bərabər, Azərbaycanın bütün tarixi  ərzində beynəlxalq elmi ictimaiyyət tərəfindən qəbul edilən və impakt faktora malik elmi jurnalı olmamışdır.

2002-ci ildə Bakıda redaksiya heyətinə dünya şöhrətli alimlər Tamer Bəşər, Feliks Çernousko, Patrizio Kolaneri, Vladimir Demyanov, Kristodoulos Floudas, Mihail Konstantinov, Panos Pardalos, Tyrrell Rockafellar və b. daxil  olmaqla ingilis dilində nəşr edilən "Tətbiq və hesablama riyaziyyatı" jurnalı  təsis edildi. Heç kəs güman etməzdi ki, qısa müddət ərzində jurnal ciddi bir  elmi nəşrə çevriləcək və dünya ictimaiyyəti tərəfindən tanınacaq. 2008-ci ildə  jurnal ESCI bazasına (Expanded Science Citation Index) daxil edildi və 2010-cu  ildə SCI-ın tamhüquqlu üzvü oldu. Bu hal həm elmimizə şərəf gətirir, həm   bu gün bütün sahələrdə yüksək sürətlə inkişaf edən Azərbaycanın artan imicindən xəbər verir.

Bu hadisə ilə əlaqədar dünyanın tanınmış alimləri Azərbaycanın elmi ictimaiyyətini təbrik etmişlər. Onların arasında qeyri-səlis çoxluqlar nəzəriyyəsinin yaradıcısı, dünya şöhrətli alim Lütfi Zadə (Berkli Universiteti, ABŞ), Lenin mükafatı laureatı, ehtimal nəzəriyyəsinin klassiklərindən biri akademik Y.V.Proxorov (V.A.Steklov adına Riyaziyyat İnstitutu, Rusiya), idarəetmə nəzəriyyəsi sahəsindən görkəmli mütəxəssis, professor V.B.Larin (Ukrayna) və başqaları vardır. "Tətbiq və hesablama riyaziyyatı" jurnalının SCİ bazasına qəbul edilməsi göstərir ki, Azərbaycanda dünya ictimaiyyəti tərəfindən qəbul edilmiş bu elmi sahə inkişaf edir.

İstənilən elmi jurnalın beynəlxalq verilənlər bazasına və xüsusən SCI-a qəbul prosesi ağır zəhmət tələb edir. İlk növbədə jurnalın redaksiya heyətinə həmin sahədə beynəlxalq elmi ictimaiyyət tərəfindən qəbul edilmiş görkəmli alimlər daxil olmalıdır. Fərəhlə qeyd etməliyik ki, "Tətbiq və hesablama riyaziyyatı" jurnalının redaksiya heyətinin əsas özəyini bizim alimlərimiz təşkil edir. 14 ölkəni təmsil edən redaksiya heyəti üzvlərindən 7-si azərbaycanlı alimdir. Jurnalın fəxri redaktoru əməliyyatların tədqiqi üzrə görkəmli mütəxəssis, İllinoys Universitetinin (ABŞ) professoru Tamer Bəşərdir. "Tətbiq və hesablama riyaziyyatı" jurnalının SCI-ın verilənlər bazasına qəbulu o deməkdir ki, Azərbaycanda tətbiqi riyaziyyat sahəsində dünyanın  aparıcı  alimlərinin  diqqətini cəlb edən məqalələr yazılır və nəşr edilir. Bunun nəticəsi olaraq jurnal yüksək isnad indeksinə malikdir.

Jurnalın impakt faktoru həmin jurnaldakı bir məqaləyə düşən isnadların orta sayı kimi təyin olunur. İmpakt faktor jurnalda məqalə çap etdirən alimlərin isnad indeksi ilə sıx bağlıdır. Bu alimlərin isnad indeksi nə qədər yüksək olarsa, onların məqalələrini çap edən jurnalların impakt faktoru da yüksək olar. Qeyd etmək lazımdır ki, "Tətbiq və hesablama riyaziyyatı" jurnalının fəaliyyət göstərdiyi bütün dövr ərzində burada nəşr olunan məqalələrdən 50-dən çoxu yerli alimlərə məxsusdur. Bu, Azərbaycanda aparılan elmi tədqiqatların yüksək səviyyəsinin göstəricisidir. SCI-a daxil olmaq üçün jurnalın impakt faktoru hesablanır və əgər o, müəyyən səviyyəni aşarsa, jurnal uyğun verilənlər bazasına daxil edilir. "Tətbiq və hesablama riyaziyyatı" jurnalı bütün sədləri uğurla keçərək tətbiqi riyaziyyat sahəsi üçün kifayət qədər  yüksək 0.66 impakt faktorla (təsir əmsalı) SCI verilənlər bazasına daxil olmuşdur. İndi isə onun impakt faktoru 0.86-dır. Qeyd edək ki, bu, nəinki regionda və MDB-də, həm də Şərqi Avropada uyğun profilli jurnallar arasında ən yüksək göstəricidir.

Alimlərin isnad indeksinin və jurnalların impakt faktorlarının ictimaiyyətə açıq  olması mühümdür. Belə ki, hazırda praktiki olaraq dünyadakı bütün  tədqiqatçıların isnad indeksləri və bir çox elmi jurnalların impakt faktorlarını ardıcıl çap edən nəşrlər (Journal of Citation Report) və onların elektron versiyaları mövcuddur. Digər tərəfdən, isnad indeksi və jurnalların impakt faktorları obyektiv qiymətdir, o, yuxarı instansiyaların fikrindən asılı deyil və yuxarıdan gələn heç bir qərarla dəyişdirilə bilməz. Nəhayət, hər iki faktor tədqiqatçıların elmin aktual sahələrində mühüm məqalələr nəşr etdirmək qabiliyyətinin və istedadının göstəricisi olub, onların elmi fəallığını müəyyən edir.

Xüsusi vurğulamaq lazımdır ki, 2008-ci ildə SCI verilənlər bazasına namizədlər siyahısında "Tətbiq və hesablama riyaziyyatı" jurnalı ilə yanaşı postsovet məkanından "Ukrayna riyaziyyat jurnalı", "Georgian Mathematical Journal" və digərləri də var idi. Azərbaycan jurnalı ilk növbədə SCI-ın əsas siyahısına daxil oldu. Qeyd edək ki, jurnalın nəşr olunduğu bütün dövrdə 20 faizdən çox məqalə Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları tərəfindən yazılmışdır ki, bu da AMEA-da aparılan elmi tədqiqatların yüksək səviyyəsindən xəbər verir.

Jurnalın SCI verilənlər bazasına daxil edilməsi Azərbaycanda inkişaf proseslərini əks etdirən hadisədir. Prezident İlham Əliyev tərəfindən müxtəlif istiqamətlərdə yüksək inkişafa gətirən siyasət aparılır və yuxarıda göstərilən hadisə bunun bilavasitə nəticəsidir. Bu gün Azərbaycan inkişaf tempinə görə dünyada ön mövqelərdə durur. Elm və təhsil sahəsində ölkə Prezidentinin son qərarları Azərbaycanda yeni inkişaf modelinin formalaşdığını deməyə əsas verir.

Ölkənin inkişafı elmin tərəqqisinə öz təsirini göstərir. Yüksək elmi səviyyəyə malik ölkələrdə həyat tərzi də yüksək olur və bu dövlətlərdə nüfuzlu mükafatların laureatlarının sayı daha da çoxdur. ABŞ, Almaniya, Böyük Britaniya və Yaponiya alimlərinin payına Nobel mükafatı laureatlarının dörddə üçü düşür və bu ölkələr kifayət qədər yüksək həyat səviyyəsinə malikdirlər. Elmin inkişafının yüksək səviyyəsi bu ölkənin alimlərinin isnad indeksinin səviyyəsi ilə bilavasitə əlaqəlidir. Aparıcı beynəlxalq nəşrlərdə çap olunmuş məqalələrin sayına görə dünyada birinci yeri ABŞ tutur, onun payına dünya elmi nəşrlərinin 29 faizi düşür. Rusiyada bu rəqəm cəmi 2 faiz təşkil edir. Bir tədqiqatçının dünyanın aparıcı jurnallarında nəşr edilmiş məqalələrinin sayına görə birinci yeri həmçinin yüksək həyat səviyyəsinə malik İsveçrə tutur. Son dövrlərdə dünyanın tanınmış elmi nəşrlərində Cənub-Şərqi Asiyadan olan elmi məqalələrin nəşrlərinin sayının və bununla paralel həyat səviyyəsinin artması müşahidə olunur. Ona görə bu iki faktor - həyat səviyyəsi və isnad indeksi (və ya nəşr olunan jurnalların yüksək impakt faktoru) bir-birindən asılı olan anlayışlardır. Hər hansı bir ölkənin elmi jurnallarının məlum verilənlər bazasında yer alması ondan xəbər verir ki, ya bu, inkişaf etmiş ölkədir və öz elmi potensialından effektiv istifadə etməyə davam edir, ya da yüksək templə inkişaf edir və artan elmi potensiala malikdir. Azərbaycandan olan jurnalın SCI əsas bazasına qəbulu, elmi potensialdan və ölkəmizin həyatında baş verən müsbət inkişaf proseslərindən effektiv istifadə olunmasını təsdiq edir. Azərbaycan jurnalının SCI verilənlər bazasında yer alması ölkədə intellektual  səviyyənin artmasının göstəricisidir. Bu da ölkəmizdə insan faktorunun artması ilə təsdiqlənir ki, BMT-nin məlumatına əsasən son illərdə bu artım 10 faizdən çox olmuşdur.

XXI əsr yüksək  texnologiyalar əsridir və bu gün yüksək  texnologiyalar iqtisadiyyatın inkişafının əsasını təşkil  edir. Əgər XX əsrin ortalarına qədər ölkənin həyat səviyyəsi onun ancaq təbii ehtiyatlarının zənginliyi ilə ölçülürdüsə, bu gün artıq vəziyyət dəyişmişdir. Ölkənin inkişaf səviyyəsi bu ölkədə yüksək texnologiyaların inkişafı və istifadəsindən asılıdır. Hollandiya, Sinqapur, Finlandiya, Yaponiya və b. zəngin təbii ehtiyatlara malik olmayan, lakin informasiya texnologiyalarının istehsalı və istifadəsi sayəsində yüksək həyat səviyyəsinə malik ölkələr buna sübutdur. Ona görə də təsadüfi deyil ki, 2000-ci ildə Davos forumunda irəli sürülmüş "İqtisadiyyat və informatika" XXI əsrin əsas tezisi olmuşdur. Bu sahədə Azərbaycan, ümumiyyətlə, MDB ölkələri arasında ən yüksək templə inkişaf etmiş ölkələr sırasındadır. Jurnalın mövcud olduğu 8 ildə Azərbaycandan 50-dən çox məqalə nəşr edilmişdir ki, bunlardan 35-i, yəni 70 faiz informasiya texnologiyaları sahəsinə aiddir. Buna görə jurnal elmin müasir sahələrinə həsr olunmuş ən mühüm və aktual elmi məqalələri çap edir.

İntellektual faktorun inkişaf səviyyəsi ölkədə elmin inkişaf səviyyəsi ilə birbaşa bağlıdır ki, bu da həmin ölkə alimlərinin isnad indeksi və burada nəşr olunan jurnalların impakt faktorları ilə əks olunur. Yuxarıda deyildiyi kimi, "Tətbiq və hesablama riyaziyyatı" jurnalı nəşrə başlayandan burada çap olunan məqalələrin 70 faizi informasiya texnologiyaları sahəsinə aid olduğundan bu jurnalın SCI verilənlər bazasına daxil olması Azərbaycanda informasiya texnologiyalarının yüksək səviyyədə olduğunu bir daha təsdiq edir. Bu isə informatikanı ölkənin inkişafının prioritet sahələrindən biri elan edən və "Neft faktorunu insan faktoruna çevirmək" tezisini irəli sürən Azərbaycan Prezidenti cənab İlham Əliyevin siyasətinin uğurla reallaşmasının nəticəsidir və "Tətbiq və hesablama riyaziyyatı" jurnalı tərəfindən impakt faktorun alınması da bunu sübut edir.

Yuxarıda deyilənləri nəzərə alaraq hesab edirəm ki, "Tətbiq və hesablama riyaziyyatı" jurnalının redaktorlarının Elm, Ədəbiyyat və Mədəniyyət üzrə Dövlət mükafatına təqdim olunması verilməsi ölkəmizdə elmə və təhsilə dövlət qayğısının və diqqətinin bariz nümunəsidir.

 

 

Asəf HACIYEV,

AMEA-nın müxbir üzvü,

Üçüncü Dünya Akademiyasının

üzvü, Milli Məclisin deputatı

 

Azərbaycan.- 2012.- 18 may.- S. 7.