Eurovision-2012 mahnı müsabiqəsinin iştirakçıları yarışmaya ciddi hazırlaşırlar

 

Azərbaycanda keçiriləcək 57-ci "Eurovision-2012" mahnı müsabiqəsinin başlamasına artıq günlər qalır. Yarışma ərəfəsində bütün Avropanın nəzəri Bakıya yönəlmişdir. Müsabiqədə iştirak edən bütün dövlətlər öz təmsilçilərini birinci görmək arzusundadırlar. Elə bu səbəbdən də yarışma iştirakçıları böyük səy və həvəslə "Baku Crystal Hall"un səhnəsində məşqlərini davam etdirirlər. Onların mətbuat konfranslarında açıqlamaları isə bu yarışmaya necə ciddi yanaşmalarının bariz göstəricisidir.

AzərTAc xəbər verir ki, mayın 16-da  "Baku Crystal Hall" səhnəsinə ilk olaraq Sloveniya təmsilçisi Eva Boto çıxmışdır. Çox erkən yaşlarından oxumağa başlayan sloveniyalı müğənni "Eurovision-2012" mahnı müsabiqəsində ölkəsini "Verjamem" ("Ibelieve") mahnısı ilə təmsil edəcəkdir.

Odlar Yurduna gəlməsindən məmnunluğunu bildirən müğənni müsabiqənin ən gənc ifaçılarından olduğunu söyləmişdir. Sloveniya təmsilçisi bildirmişdir ki, "Eurovision-2012" mahnı müsabiqəsinə xüsusi geyimdə çıxacaqdır. O, müğənnilik fəaliyyətini müsabiqədən sonra da davam etdirəcəyini diqqətə çatdırmışdır: "Xüsusi favoritim yoxdur. "Baku Crystal Hall"un geniş və işıqlı səhnəsi mənə böyük enerji verir. Amma bütün bu gözəlliyə və möhtəşəmliyə rəng qatan isə düşünürəm ki, müğənnidir".

Musiqi tərcüməyə ehtiyacı olmayan bir dildir - deyən Eva Boto yarışmada ifa edəcəyi mahnının doğma sloven dilində olduğunu bildirmişdir. Uşaqlıq yaşlarından bu müsabiqəni izlədiyini bildirən müğənni Bakıdakı "Eurovision" səhnəsində çıxışının həyatında ən böyük təcrübə, çətin və məsuliyyətli bir olduğunu diqqətə çatdırmışdır.

Bakı səhnəsinin ikinci qonağı Xorvatiya təmsilçisi Nina Badriç olmuşdur. 20 illik musiqi karyerası olan Nina Badriç Xorvatiyanın ən məşhur musiqiçilərindəndir. Dünyanın ən məşhur "Frederique Constant" saat şirkətinin siması kimi populyarlıq qazanan Nina Badriç "Eurovision-2012" mahnı müsabiqəsində Xorvatiyanı "Nebo" mahnısı ilə təmsil edəcəkdir. İyunun 4-də doğum gününü qeyd edəcək Nina Badriç Bakıya gəlməsini və belə nüfuzlu müsabiqədə iştirakını özü üçün böyük bir hədiyyə hesab etmişdir.

Nina Badriç demişdir: "Bakıda məni valeh edən şəhərinizin təmizliyi və gözəlliyidir. İnanın, müsabiqədən sonra bir daha Azərbaycana gələcəyəm və şəhərinizi doyunca gəzəcəyəm" .

Xorvatiya təmsilçisi bildirmişdir ki, ölkənizdə yaradılan şərait və insanlarınızın qonaqpərvərliyi məni valeh etmişdir. Bir neçə gündür ki, milli mətbəxinizin nemətlərindən dadıram. Ölkəniz kimi, mətbəxiniz də könül oxşayır.

"Baku Crystal Hall"un artıq bu müsabiqənin ab-havasına kökləndiyini deyən müğənni bildirmişdir ki, Bakının bu müsabiqəyə ev sahibliyi etməsi məni çox sevindirir. Təşkilatçılığınıza söz ola bilməz. Dünən Dənizkənarı Milli Parkda gəzərkən belə bu konsert kompleksinin əzəmətini hiss etdim. Əminəm ki, müsabiqə tarixində builki "Eurovision" ən yaddaqalan olacaqdır.

Nina Badriç hər bir ifaçının Bakıya qələbə üçün gəldiyini və oxuduğu mahnının kifayət qədər şux olduğunu demişdir: "Düşünürəm ki, budəfəki səhnə tərtibatım və ifam bütün Avropanın zövqünü oxşaya biləcək və "Eurovision" bir daha Xorvatiyaya qayıdacaqdır".

Yaratdığı performansı Bakı səhnəsində bütün gözəlliyi ilə nümayiş etdirəcəyinə əmin olan İsveç təmsilçisi Lorine Zineb Noka Talhaoui mətbuat konfransında demişdir ki, "Eurovision-2012" mahnı müsabiqəsində təqdim edəcəyi mahnının rəqs quruluşu tamamilə fərqli bir formadadır. Mahnısının favorit olması ilə bağlı fikirlərə münasibət bildirən isveçli müğənni bunun səbəbini qəlbdən oxuması ilə izah etmişdir.

Əslən mərakeşli olan Lorine İsveçin "İdol-2004" müsabiqəsində iştirak edərək populyarlıq qazanmışdır. İsveç təmsilçisi "Eurovision-2012" mahnı müsabiqəsində ölkəsini "Euphoria" mahnısı ilə təmsil edir.

1998-ci ildən musiqi sahəsində fəaliyyət göstərən Anri Joxadze Gürcüstanı "Eurovision" müsabiqələrində təmsil edən ilk kişi ifaçıdır. O, "Eurovision-2012" müsabiqəsində "I'm a jocker" mahnısını ifa edəcəkdir.

"Azərbaycan ilə Gürcüstan qardaş ölkələrdir. Mən özümü evimdəki kimi hiss edirəm" deyən  gürcüstanlı müğənni "Baku Crystal Hall" ilə əvvəlcədən də tanış olduğunu bildirmişdir.

Azərbaycanın gənc bir dövlət olmasına baxmayaraq bütün Avropaya belə bir mötəbər yarışmaya ev sahibliyini sübut etdiyini bildirən Anri Joxadze ölkəmizlə qürur duyduğunu demişdir. O, mayın 26-sının Gürcüstanın Müstəqillik Günü olduğunubu bayrama xüsusi bir töhfə qatmaq arzusunu dilə gətirmişdir. Bildirmişdir ki, ölkəmə ən böyük hədiyyəm "Eurovision-2012" yarışmasında qələbə qazanmaq olardı.

Anri Joxadze müsabiqədə favoriti olan Azərbaycanı bu müsabiqədə təmsil edəcək Səbinə Babayeva ilə duet oxumağı planlaşdırdığını bildirmişdir.

Gürcüstanlı təmsilçi Bakıda solo konsert vermək arzusunda olduğunu da dilə gətirmişdir.

"Eurovision-2012"də qalib gələcəyim təqdirdə Azərbaycanın da bayrağını dalğalandıracağam". Bu fikirlərin müəllifi isə qardaş Türkiyənin təmsilçisi Can Bonomodur.

İlk məşqinin ad gününə təsadüf etdiyini bildirən türk müğənni 25 yaşını Bakıda qarşılamaqdan şad olduğunu söyləmişdir.

Onun sözlərinə görə, milli seçim turunda qalib gəlmək bir qədər çətin olmuşdur, çünki Türkiyədə istedadlı müğənnilərin sayı çoxdur. "Belə bir çətin seçim turundan sonra "Eurovision-2012" mahnı müsabiqəsində ölkəmi layiqincə təmsil etməyə çalışacağam",-deyə Can Bonomo vurğulamışdır.

Can Bonomo "Baku Crystal Hall"da "Love Me Back" mahnısını ifa edəcəkdir. Gitaraçı olan Can Bonomo sənətdə ilk addımlarını 8 yaşında atmışdır. İstanbuldakı Bilgi Universitetinin kino televiziya fakültəsində təhsil alan Can Bonomo ölkəsinin müxtəlif televiziya radio kanallarında çalışmış, bir neçə reklama çəkilmişdir. Müğənninin sonuncu "Meczub" albomu isə hitə çevrilmişdir. Albomdakı bütün mahnılar demək olar ki, Can Bonomoya məxsusdur.

"Baku Crystal Hall"un gün ərzində qəbul etdiyi növbəti qonaqlarından biri isə Estoniya təmsilçisi Ott Lepland olmuşdur.

Kiçik yaşlarından musiqi sahəsində olan müğənninin 1995-ci 1996-cı illərdə uşaq mahnılarından ibarət 4 musiqi albomu buraxılmışdır. On il piano dərsləri ilə məşğul olan Ott Lepland hazırda Tallinn Musiqi Məktəbində pop caz ifaçılığı ixtisası üzrə təhsilini davam etdirir. Sonuncu musiqi albomu  2011-ci ilin dekabrında musiqisevərlərin ixtiyarına verilən estoniyalı təmsilçi "Kuula" ("Listen") mahnısı ilə Estoniyanın "Eurovision-2012" təmsilçisi seçilmişdir.

"Azərbaycana ilk səfərimdir. Mən bu diyarı çox sevdim. Bakı möhtəşəm şəhərdir" deyən Ott Lepland belə bir önəmli müsabiqədə ölkəsini təmsil etməyin böyük şərəf olduğunu vurğulamışdır. Ott Lepland "Baku Crystal Hall" kimi böyük əzəmətli bir səhnədə ilk dəfə çıxış edəcəyini bildirmiş belə müsabiqələrdə ölkəsinə uğur qazandıracağına əmin olduğunu söyləmişdir.

Mayın 17-də doğum gününü qeyd edən müğənni bu münasibətlə Bakı Caz Mərkəzində konsert verməyi planlaşdırır.

Slovakiyanın "Eurovision-2012" mahnı müsabiqəsində təmsilçisi Max Jason Mai pop, rok janrında musiqilərə üstünlük verir. O, Bakı səhnəsində "Don't Close Your Eyes" mahnısı ilə çıxış edəcəkdir. 23 yaşlı müğənni bu mahnını amerikalı prodüser Michal Baskette ilə birlikdə yazmışdır. "Don't Close Your Eyes"in sözləri musiqisi müğənninin özünə məxsusdur.

Max Jason Mai demişdir: "Mən yumor hissinə malik insanları həyatdakı ən gözəl nemətləri sevirəm.  Bu, musiqi, idman, yoqa, sevgi ya təbiət ola bilər?" Slovakiyalı təmsilçi musiqinin rok janrını bütün janrlardan yüksək qiymətləndirmişdir. O, musiqinin dünyanı dəyişə biləcəyinə inandığını qeyd etmişdir.

Norveçin "Eurovision-2012" mahnı müsabiqəsindəki təmsilçisi Touraj Keshtkar 1987-ci ildə İranda doğulmuşdur. Bir yaşında ikən ailəsi ilə birlikdə Norveçə köçən müğənni 16 yaşından model sənətinə gəlmişdir. Daha sonra karyerasını televiziyada davam etdirən Touraj Norveçin "MTV" televiziya kanalında iki proqramda aparıcı kimi çalışmışdır.

"Swan Song" adlı ilk mahnısını 2008-ci ildə təqdim edən Norveç təmsilçisi "Eurovision-012"də ölkəsini "Stay" mahnısı ilə təmsil edəcəkdir.

"Baku Crystal Hall"un çox gözəl olduğunu söyləyən Touraj Keshtkar paytaxtımızın füsunkarlığından, ölkəmizdə gedən sürətli inkişafdan da söz açmışdır. Musiqinin aparıcı qüvvə olduğunu qeyd edən müğənni onun vasitəsilə hər şeyə nail olmağın mümkünlüyünü vurğulamışdır.

Bakı səhnəsində Bosniya Herseqovina təmsilçisi Maya Sarın da ilk məşqi uğurlu olmuşdur.  "Eurovision" mahnı müsabiqəsində artıq üçüncü dəfədir çıxış edən xanım müğənni belə bir möhtəşəm yarışmada iştirakından qürur duyduğunu bildirmişdir.

Bosniya Herseqovina təmsilçisi paytaxt Bakının həddindən artıq gözəlliyinə xüsusilə gecələrinə vurulduğunu dilə gətirmişdir. O, bundan əvvəl iştirak etdiyi yarışmalardan fərqli olaraq "Eurovision - 2012" mahnı müsabiqəsində daha çox həyəcan keçirdiyini demişdir.

Maya Sar müsabiqədə öz bəstələdiyi mahnı ilə çıxış edəcəkdir.

"Baku Crystal Hall"da Litva təmsilçisi Donny Montellin ilk məşqi bu məkanda  günün son ifası olmuşdur. Çoxsaylı telelayihələrin qalibi olan Litva təmsilçisi Belarusda keçirilən "Slavyan bazarı" festivalının baş mükafatına layiq görülmüşdür. Həyat tərzi yaratmaq, oxumaq rəqs etmək olan gənc müğənni "Eurovision - 2012" mahnı müsabiqəsində Litvanı "Love İs Blind" mahnısı ilə təmsil edir.

Donny Montell demişdir: ""Baku Crystal Hall"da müsabiqə iştirakçıları üçün yaradılmış şərait yüksək səviyyədədir. "Eurovision-2012" mahnı müsabiqəsinin iştirakçıları üçün "Baku Crystal Hall"da yaradılmış şərait onların performanslarının gözlədikləri şəkildə keçməsinə imkan verir".

 Müsabiqəyə qatılmağının əsas məqsədi mahnılarını beynəlxalq arenada tanıtmaq sevdirmək olan müğənni bildirmişdir ki, mən təkcə bu yarışmada deyil, bütün digər müsabiqələrdə iştirak edərək ölkəmi təmsil etməyə hazıram.

Mayın 17-də "Eurovision-2012" mahnı müsabiqəsinin birinci yarımfinalının 18 iştirakçısı "Baku Crystal Hall"un səhnəsində ikinci məşqinə başlamışdır. Həmin gün "Baku Crystal Hall"da məşq edəcək 13 ölkə arasından İlk olaraq səhnəyə Monteneqro təmsilçisi çıxmışdır. Daha sonra Bakı səhnəsi İslandiya, Yunanıstan, Latviya, Albaniya, Rumıniya, İsveçrə, Belçika, Finlandiya, İsrail, San Marino, KiprDanimarka təmsilçilərini qəbul etmişdir.

 

 

Azərbaycan.- 2012.- 18 may.- S. 7.