Azərbaycanı
dünyaya qovuşduran
Mətbuat Mərkəzi
Son illərdə beynəlxalq konfransların, siyasi toplantıların, idman yarışlarının əsas mərkəz və ünvanlarından birinə çevrilmiş Azərbaycan Respublikası may ayının 22-dən 26-dək daha bir mötəbər tədbirə ev sahibliyi edəcək. Həmin günlərdə Bakıda "Öz məşəlini yandır" devizi altında Avropanın ən məşhur və uzunömürlü televiziya layihəsi, o cümlədən musiqi yarışması olan "Eurovision" mahnı müsabiqəsi keçiriləcək.
Bir daha xatırladaq ki, ötən il Almaniyanın Düsseldorf şəhərində keçirilən "Eurovision-2011" mahnı müsabiqəsində Azərbaycan birincilik qazandıqdan sonra bu yarışmaya ev sahibliyi hüququ əldə edib. Bununla həm də son bir ildə nəinki Avropanın, bütün dünyanın diqqəti ölkəmizə yönəlib.
Müsabiqənin başlamasına artıq bir neçə gün qalıb. Dünyanın müxtəlif ölkələrindən minlərlə insan musiqi yarışmasının canlı şahidi olmaq üçün Azərbaycana təşrif buyurub və şounun keçiriləcəyi günlərdə onların sayının artacağı şübhəsizdir. Xarici qonaqlar paytaxt Bakının möhtəşəm görünüşünə heyran olur, xalqımızın qonaqpərvərliyini isə dönə-dönə vurğulayırlar.
Ötən ilin mayından başlayaraq ölkəmizdə, xüsusilə paytaxt Bakıda bu möhtəşəm tədbirə müxtəlif istiqamətlərdə hazırlıq işləri aparılıb. Təşkilatçılığın yüksək səviyyədə olduğunu Avropa Yayımları Birliyinin rəsmiləri də təsdiq edirlər. Bakıya gələn xarici qonaqlar da bildirirlər ki, "Eurovision" mahnı müsabiqəsi tarixində belə yüksək səviyyədə təşkilatçılıq görünməyib.
Bu möhtəşəm musiqi yarışmasını işıqlandırmaq üçün Azərbaycana dünyanın müxtəlif ölkələrindən nüfuzlu media qurumlarını təmsil edən çoxlu sayda jurnalistlər də gəliblər. KİV təmsilçilərinin çalışmaları və tədbiri rahat şəkildə işaqlandırmaları üçün "Crystal Hall"un yaxınlığında möhtəşəm Mətbuat Mərkəzi də tikilib. Mayın 13-dən öz qapılarını jurnalistlərin üzünə açan Mərkəz fərqli dizaynı və jurnalistlər üçün yaradılmış yüksək şəraiti ilə seçilir.
1500-2000 jurnalist üçün nəzərdə tutulan bu mərkəz müasir texnikanın ən son nümunələri ilə təchiz olunub və jurnalistlərin operativ fəaliyyət göstərmələri üçün hər cür şərait yaradılıb. Sahəsi 5 min kvadratmetr olan mərkəzdə 500 kompyuter və 400 natamam iş yerləri mövcuddur. Kompyuterlərin yüksək sürətli internetə çıxışı var. Bütün zona monitorlarla təchiz olunub və bununla da mətbuat nümayəndələri məşqləri, mətbuat-konfransları və şounu izləyə bilirlər. Eyni zamanda zalda səhnədə bütün baş verənləri yayımlayan böyük monitor quraşdırılıb. Jurnalistlərə zəruri yardımları göstərmək üçün çoxlu sayda gənc könüllülər fəaliyyət göstərir.
Jurnalistlərin ixtiyarında olan Mətbuat Mərkəzi dizaynı, jurnalistlər üçün yaradılmış şəraiti, xüsusi yaradılmış "Radio otaqlar"ın, "Eurovision-2012" təmsilçilərindən müsahibələr üçün ayrılmış otaqların dizaynı, mətbuat konfransı zalının tərtibatı və s. ilə fərqlənir. Diqqət çəkən məqamlardan biri isə təmsilçilərlə müsahibə və istirahət kabinələrinin özünəməxsus adlandırılmasıdır. Həmin otaqlara "Qarabağ", "Gəncə", "Şəki", "Quba", "Naxçıvan", "Şəki", "Qəbələ", "Xaqani", "Nizami", "Sabir", "Xətai" adları verilib və hər bir otaqda həmin bölgəyə aid məlumatlar yerləşdirilib. Bununla da, Mətbuat Mərkəzində jurnalistlər Azərbaycana və paytaxt Bakıya bir növ səyahət imkanı da əldə edirlər.
Burada, həmçinin 175 yerlik kafe də xidmət göstərir. Kafedə hər kəsə Azərbaycanın milli şirniyyatları olan paxlava, şəkərbura, şəkərçörək və badambura ilə Azərbaycan çayı təklif olunur.
Mərkəzdə diqqəti çəkən digər məqam xarici jurnalistlərlə Azərbaycanın mətbuat nümayəndələrinin bir-birləri ilə mehriban ünsiyyətə girmələridir. Qonaqlar Bakıya və azərbaycanlılara vurğunluqlarını gizlətmirlər.
Qeyd edək ki, Mətbuat Mərkəzində daha bir üstünlük media mənsubları və fanatların səs verəcəkləri "Fandesk"dir. Bununla da ilk dəfə Azərbaycanda səsvermə yeni proqramla həyata keçiriləcək. Bütün jurnalistlər yeni sistemlə maraqlanır. Bu səsvermə sistemi çox həyəcanla qarşılanır.
Mətbuat Mərkəzinin xaricində quraşdırılan monitorda isə Azərbaycan bayrağı dalğalanır. "Baku Crystal Hall"ın meydanında quraşdırılan işıqlı qlobusda isə iştirakçı ölkələrin bayraqları nümayiş etdirilir.
Mətbuat Mərkəzində, eyni zamanda, 500 nəfərlik konfrans zalı yerləşir ki, burada eyni vaxtda 60 operatorun çəkiliş aparmaq imkanı var. Radio müxbirləri üçün isə saundboks ilə işləmək şəraiti yaradılıb. Zona mətbuat konfransları, fotosessiyalar, yarımfinaldan sonra keçiriləcək püşkatmalar və qalibin mətbuat konfransı üçün nəzərdə tutulub. Əvvəlki illərdə olduğu kimi, nümayəndə heyətləri birinci məşqdən sonra mətbuatla görüşün formatını özləri seçə bilirlər. Bu ya tək şəkildə müsahibə, ya da ki pərəstişkarlarla görüş ola bilər.
Mərkəzin təhlükəsizlik məsələləri ilə bağlı yüksək səviyyəli mütəxəssislərlə danışıqlar aparılıb və təhlükəsizliyin təmin olunması dünya standartlarına uyğundur. Mətbuat Mərkəzinə yalnız rəsmi akkreditasiya keçmiş KİV nümayəndələri daxil ola bilirlər.
"Eurovision" Mahnı Müsabiqəsinin təşkilati işlər üzrə rəhbəri Sietse Bakker qeyd edib ki, Bakıda gördüyüm Mərkəz "Eurovision" mətbuat mərkəzləri arasında ən yaxşısıdır. "Əvvəlcə bildirmək istərdim ki, "Baku Crystal Hall" özlüyündə tamamilə bir yenilikdir. Məkan insanlarda unudulmaz təəssürat yaradacaqdır. Ümumiyyətlə, "Baku Crystal Hall", şoudan sonra da Azərbaycan paytaxtı üçün möhtəşəm konsertlərin, tədbirlərin, sərgilərin keçirilməsi üçün çox gözəl bir yer olacaq. Həmçinin məkan çox gözəl memarlıq üslubuna malikdir. Mətbuat Mərkəzinə gəldikdə isə onu qeyd etmək istərdim ki, ilk dəfə görəndə dedim ki, bu necə gözəllikdir. Çox böyükdür. Məncə, hər bir jurnalist belə bir məkanda böyük zövqlə çalışar. Çünki jurnalistin təhlükəsizliyi və rahatçılığı üçün böyük imkanlar yaradılıb", - deyə o bildirib. S.Bakker qarşıdakı bir neçə gün ərzində Bakıya gələcək şəxslərin "Eurovision-2012"yə hazırlıqlardan, Bakıda gördüklərindən məmnun qalacaqlarını deyib.
"Eurovision" Mahnı Müsabiqəsinin rəhbəri Yan Ola Sand isə deyib ki, "Eurovision 2012"nin Mətbuat Mərkəzində müsabiqə müddətində yerli jurnalistlərlə birgə 1500-dən çox jurnalist çalışacaq. Onun sözlərinə görə, "Eurovision" Mahnı Müsabiqəsini işıqlandırmaq üçün dünyanın müxtəlif ölkələrindən çoxsaylı jurnalistlər Azərbaycana gəlir: "Biz Bakıdakı müsabiqəni 1500 jurnalistin işıqlandıracağını bilirik. Amma bu say fanatlarla bərabər təxminən iki minə yaxın olacaq. İştirakçı ölkələrin nümayəndə heyətləri isə min nəfərdir. Bu isə o deməkdir ki, jurnalist, fanat və nümayəndə heyətlərinin sayı ilə birlikdə Bakıya 3 min insan gələcəkdir".
Azərbaycanın "Eurovision" musiqi yarışması ilə bağlı apardığı hazırlıq işlərində hər bir məqam, hər bir detal nəzərə alınıb. Belə bir yüksək səviyyəli Mətbuat Mərkəzinin inşası da bunun əyani təsdiqidir. Məhz bu mərkəz Azərbaycanın nəyə qadir olduğunu dünyaya göstərən ünvanlardan birinə çevriləcək.
Elçin CƏFƏROV,
Rəşad CƏFƏRLİ
Azərbaycan.- 2012.- 18 may.- S. 8.