Vətən yolunda şəhidlik şərəfdir
Vətən yolunda şəhid
olanlar ölmürlər, xalqın qəlbində, ürəyində
əbədi yaşayırlar... Biz
onların qəhrəmanlığı, şəhidliyi ilə
fəxr edirik. Bu, bizim millətimizin iftixarıdır.
Heydər ƏLİYEV
Son yüz ildə ermənilərin çirkin əməlləri nəticəsində Azərbaycan xalqı dəfələrlə soyqırımına məruz qalmışdır. Bunu Azərbaycan türklərinə qarşı ermənilər tərəfindən 1915-ci ildə törədilmiş mart qırğınları, 1937-ci ildəki repressiyalar, 1948-ci ildə indiki Ermənistandan azərbaycanlıların deportasiyası və insanlığa sığışmayan onlarla bu cür hadisə sübut edir.
Anadan olmasının 89-cu ildönümünü təntənə ilə qeyd etdiyimiz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ermənilərin faşist ideyalarını vaxtında, uzaqgörənliklə duymuş, bunun ciddi və təhlükəli olduğunu nəzər-diqqətində saxlamışdı. Ulu öndər Heydər Əliyev yüksək vəzifələrdə olarkən erməni təcavüzünün qarşısını almaq üçün bir sıra zəruri tədbirlər həyata keçirmişdi.
Heç kim üçün sirr deyildi ki, sovetlər dövründə əsgəri xidmətə çağırılmış azərbaycanlı gənclər respublikamızda hərbçilər nəslinin yetişməsinin qarşısını almaq məqsədilə xüsusi hərbi bilik və hazırlıq tələb etməyən hissələrə, adətən, tikinti batalyonlarına göndərilirdilər. Ulu öndər hələ respublika rəhbərliyinə gəldiyi ilk dövrlərdə milli hərbi kadrlar hazırlamaq üçün hər il 800-1000 nəfər gənci keçmiş İttifaqın müxtəlif nüfuzlu ali məktəblərinə təhsil almağa göndərirdi. 1971-ci ildə general Cəmşid Naxçıvanski adına hərbi liseyin açılmasına, bir neçə il sonra SSRİ Nazirlər Sovetinin 727 saylı 29.08.1978-ci il tarixli qərarına əsasən orta təhsil müəssisələrində ibtidai hərbi hazırlıgın inkişafı məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 21.12.1979-cu il tarixli 63 saylı əmri ilə APİ-nin (indiki ADPU-nun) nəzdində İbtidai hərbi hazırlıq və fiziki təlim fakültəsinin yaradılmasına nail oldu. Belə bir fakültə pedaqoji universitetlərin nəzdində keçmiş SSRİ-nin 15 respublikası arasında Moskva, Leninqrad (Sankt-Peterburq) və Kiyev şəhərlərindən sonra dördüncü, Cənubi Qafqazda isə birinci hərbi ali məktəb idi.
O vaxtdan bu günə qədər fakültə fəaliyyətini böyük uğurla davam etdirir. 2000-ci ilə qədər fakültəni bitirən məzunlara zabit rütbəsi verilirdi. Həmin məzunların əksəriyyəti öz ixtisası üzrə ümumtəhsil və orta məktəblərdə hərbi rəhbər və bədən tərbiyəsi müəllimi kimi, böyük bir hissəsi isə dövlətin güc strukturlarında yüksək vəzifələrdə çalışır. Onlardan hətta general, polkovnik rütbələrinə qədər yüksələnlər də var.
1990-cı ildə rus ordusunun Bakını işgal etdiyi vaxtlarda fakültənin müəllim və tələbələri asayişin qorunmasında yaxından iştirak etmiş, səhərə qədər şəhər küçələrində növbətçilik edərək, törədiləcək təxribatların qarşısının alınması üçün əllərindən gələni əsirgəməmişlər.
1990-cı il qanlı 20 Yanvar faciəsindən sonra ermənilər xarici havadarlarının köməyi ilə daha da quduzlaşmış, işğalçı əməllərini reallaşdırmaq məqsədilə etnik təmizləmə aparmağı xeyli sürətləndirmiş, Qarabağı özününküləşdirmək üçün 366-cı sovet motoatıcı diviziyasının köməyindən istifadə edərək hücuma keçmişlər.
Ölkənin bu gərgin dövründə də ulu öndərin yaradıcısı olduğu İbtidai hərbi hazırlıq və fiziki təlim fakültəsinin məzunları sinələrini irəli verdilər. Fakültəmizin tələbələri arasında təhsillərini yarımçıq qoyaraq könüllü surətdə öz regional hərbi komissarlıqlarına üz tutanlar da az deyildi.
O illərdə ermənilərin hücumunun qarşısının alınması üçün müəllim və tələbələrdən ibarət bir neçə qrup Füzuli rayonunun Tuğ kəndinə getmiş və hərbçi gənclərimizin bu bölgələrdə olması daşnakların azğınlaşmasının qarşısını xeyli almışdı.
Fakültənin tələbə heyəti 1992-ci ilin fevral ayından aprelin sonuna kimi müəllimlərlə birlikdə Qəbələ rayonunda hərbi-fiziki təlim keçməyə göndərildi. Dosentlərdən A.Əmiraslanov, B.Quliyev, baş müəllimlər R.Rəsulov, Ə.Mehdiyev, Ş.Allahquliyev, Y.İsmayılov T.Fərzəliyev, H.Məmmədov tələbələr ilə birgə təlimlərdə olurdular.
Yüksək intizamla keçən bu təlimlərdə tələbələr hərbi sirlərə, manevrlərə yiyələnir, özlərinə inamı günbəgün artırırdılar. Təlim-toplanış təxminən 3 aya yaxın davam etmiş, tələbələrin bir qismi təhsilini davam etdirməyə qayıtmış, bir qismi isə Vətəni müdafiə üçün cəbhə bölgələrinə yollanmışdı. Sonradan bu gənclər Laçın, Şuşa, Füzuli, Qubadlı... uğrunda gedən döyüşlərə qatıldılar.
1992-ci il aprel ayının əvvəlində təlim keçmiş 100 nəfərdən çox tələbə Laçının, Füzulinin, Şuşanın müdafiəsinə, digərləri isə qeyri-müharibə bölgələrinə paylaşdı.
1992-ci ilin mayında könüllü olaraq Füzuli, Cəbrayıl, Şuşa və Laçın cəbhə bölgələrində cəmləşən tələbə-gənclərimizlə iş aparmaq, onların vəziyyətini öyrənmək məqsədilə fakültəmizin bir qrup müəllimi həmin rayonlara ezam edildi.
Şərəfli döyüş yolu keçmiş məzunlarımızdan polkovnik-leytenant Zülfü Adıgözəlov məzunlarla görüşdə o illəri belə xatırlayır: Fakültənin 1985-ci il buraxılışı olanlar Qarabağ döyüşlərində iştirak etmiş, Vətən torpağının erməni işğalçılarından azad edilməsi üçün canımızı, qanımızı əsirgəməmişik. Çoxlarımızın döyüş rəşadəti Vətənin yüksək orden və medalları ilə dəyərləndirilmişdir.
Azərbaycan Pedaqoji İnstitutunun İbtidai hərbi hazırlıq və fiziki təlim fakültəsinin (hazırkı ADPU-nun Coğrafiya və gənclərin çağırışaqədər hazırlığı fakültəsinin) bir sıra əməkdaşları 1992-ci ildə Qarabağ uğrunda döyüşlərdə fəal iştiraklarına görə dövlət mükafatlarına layiq görülmüşlər: ehtiyatda olan polkovnik-leytenant, baş müəllim Faiq Fərəcov, ehtiyatda olan polkovnik-leytenant, baş müəllim Şikar Şikarov Silahlı Qoşunların Yubiley medalı ilə təltif olunmuşlar. Ehtiyatda olan kapitan, baş müəllim Natiq Əliyev 1993-cü ilin oktyabr ayında ordu sıralarına çağırılaraq Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Döyüşlərin birində yaralanmış, müalicə aldıqdan sonra xidmətini arxa cəbhədə davam etdirmişdir. O, 2000-ci ildə ordu sıralarından tərxis olunmuşdur.
16 məzun və tələbəmiz torpaqlarımızın müdafiəsi uğrunda döyüşlərdə igidlik və mərdliklə vuruşaraq şəhidlik zirvəsinə ucalmışdır. Onlardan iki nəfərinə ölümündən sonra Azərbaycan Respublikasının Milli Qəhrəmanı adı, iki nəfərinə isə "Azərbaycan Bayrağı" ordeni verilmişdir.
Alay komandiri leytenant Quliyev Mətləb Kamran oğlu ölümündən sonra 19 oktyabr 1992-ci il tarixdə Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidliyə və şücaətə görə Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.
Fakültəmizin başqa bir məzunu, kapitan, Qarabağ müharibəsi şəhidi Mirələkbər İbrahimovun son döyüşü 5 mart 1994-cü ildə oldu. Mənfur erməni quldurları iki kəndi işğal etmişdilər. Əks-hücuma keçən cəsur komandirin taboru kəndləri düşməndən almışdı. Bu döyüşdə faşist xislətli ermənilərin gülləsinə tuş gələn Mirələkbər qəhrəmancasına şəhid olmuşdur.
Kapitan Mirələkbər Mirələsgər oğlu İbrahimov ölkəmizin ərazi bütövlüyünün qorunmasında, Vətənimizin torpaqlarının erməni işğalçılarından müdafiə edilməsində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq şəxsi igidlik və şücaətə, öz müqəddəs borcunun yerinə yetirilməsində göstərdiyi misilsiz xidmətlərə görə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə ölümündən sonra 16 sentyabr 1994-cü il tarixdə "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin həyətində Coğrafiya və gənclərin çağırışaqədər hazırlığı fakültəsinin geniş həyətində Vətən torpaqlarının azadlığı uğrunda döyüşlərdə qəhrəmanlıqla həlak olmuş şəhid məzunlarının xatirə lövhəsi yaradılmış, onların şəkilləri divara vurulmuşdur.
Məzunlarımız siyasi cəhətdən çox yetkin və mətin olmuşlar. Döyüşlərdə vətənpərvərlik nümunəsi göstərmiş şəhidlərimiz fakültəmizin qəhrəmanlıq, qürur ünvanıdır. Biz onlarla həmişə fəxr edəcəyik. Hazırda təhsil alan məzunlarımız da, lazım gələrsə, öz xələflərindən geri qalmayacaq, universitetimizin, o cümlədən, Coğrafiya və gənclərin çağırışaqədər hazırlığı fakültəsinin şərəfini uca tutacaqlar.
Mətanət ƏSGƏROVA,
Azərbaycan Dövlət Pedaqoji
Universitetinin Coğrafiya və
gənclərin
çağırışaqədər
hazırlığı
fakültəsinin dekanı, dosent
Azərbaycan.- 2012.- 18 may.- S. 9.