Penitensiar Xidmətin beynəlxalq təşkilatlarla əlaqələri genişlənir

 

 Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi general-mayor Mədət Quliyev BMT-nin fiziki və əqli sağlamlığın mümkün olan ən yüksək standartlarından istifadə hüququ üzrə xüsusi məruzəçisi Anand Qroverin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən AzərTAc-a bildirmişlər ki, nazir müavini qonaqlara rəhbərlik etdiyi qurumun fəaliyyəti, son vaxtlar məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, müasir beynəlxalq standartlara cavab verən yeni penitensiar müəssisələrin inşası istiqamətində görülmüş işlər barəsində məlumat vermişdir. M.Quliyev beynəlxalq təşkilatlarla Penitensiar Xidmət arasındakı əməkdaşlığı çox yüksək qiymətləndirmişdir. Qeyd olunmuşdur ki, BMT-nin müvafiq qurumları, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) və digər təşkilatlar tərəfindən həyata keçirilən başçəkmələr və monitorinqlərin nəticələrinin Penitensiar Xidmətin fəaliyyətinin səmərəliliyinin artırılmasında müsbət rolu vardır.

Xüsusilə vurğulanmışdır ki, son illər ərzində BQXK ilə əməkdaşlığın daha da genişlənməsi nəticəsində məhkumlara və təqsirləndirilən şəxslərə, xüsusilə də ağciyər vərəminə düçar olmuşlara göstərilən səhiyyə xidmətinin səviyyəsi xeyli artmış, bunun da nəticəsində həmin xəstəlikdən vəfat edən şəxslərin sayı əvvəlki illərlə müqayisədə nəzərəçarpacaq dərəcədə azalmışdır.

BMT-nin xüsusi məruzəçisi Anand Qrover görüşə görə minnətdarlığını bildirərək, Penitensiar Xidmətin fəaliyyəti, səhiyyə xidmətinin təşkili, habelə cəzanın icrası və çəkilməsi qaydaları ilə bağlı çoxsaylı suallar vermişdir.  A.Qroverin sualları cavablandırılmış və fikir mübadiləsi aparılmışdır. Görüş zamanı bir sıra cəzaçəkmə müəssisələri və istintaq təcridxanalarına baş çəkilməsi barədə razılıq əldə edilmişdir.

 

 

Azərbaycan.- 2012.- 18 may.- S. 9.