Pos-terminalların quraşdırılması istiqamətində görülən işlərlə bağlı toplantı keçirilmişdir

 

Əhali ilə nağdsız hesablaşmaların aparılması, pos-terminalların quraşdırılması istiqamətində görülən işlərlə bağlı toplantı keçirilmişdir. Toplantıda Vergilər, İqtisadi İnkişaf, Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları nazirliklərinin, eləcə də Mərkəzi Bankın rəhbər vəzifəli şəxsləri, bankbiznes sektorunun nümayəndələri iştirak etmişlər.

Tədbirdə ölkə iqtisadiyyatında nağdsız ödənişlərin həcminin yüksəldilməsi, alqı-satqı əməliyyatları üzrə hesablaşmalarda plastik kartlardan istifadənin miqyasının genişləndirilməsi, eləcə də pos-terminalların quraşdırılması istiqamətində görülən işlərlə bağlı məsələlər müzakirə olunmuşdur. Toplantıda çıxış edən vergilər naziri Fazil Məmmədov "Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə" Prezidentin 24 noyabr 2010-cu il tarixli fərmanında, eləcə də  Nazirlər Kabinetinin 2011-ci il yanvarın 14-də keçirilmiş iclasında aidiyyəti dövlət qurumlarına ölkə ərazisində aparılan əməliyyatların nağdsız qaydada həyata keçirilməsi ilə bağlı dövlət başçısı tərəfindən verilən tapşırıqların icra vəziyyəti barədə məlumat vermişdir. Nazir qeyd etmişdir ki, bu istiqamətdə görüləcək işlərin icrasına nəzarət etmək məqsədilə xüsusi qərargah yaradılmışdır. Qərargahın fəaliyyəti, işlərin koordinasiyalı şəkildə qurulması, eləcə də prosessinq mərkəzləri ilə aparılmış danışıqlar nəticəsində pos-terminalların qeydiyyatı, quraşdırılması və tətbiqi prosesinin sadələşdirilməsi ümumilikdə ticarət və xidmət obyektlərinin bu cür qurğularla təchiz edilməsi prosesinə təkan vermiş, qısa müddət ərzində ciddi dəyişikliklərə nail olunmuşdur. Nazir bildirmişdir ki, bank ekvayerlərinin prosesə fəal şəkildə qoşulması nəticəsində zəruri sayda pos-terminalların ölkəyə gətirilməsi təmin edilmiş, cari ilin fevral ayından may ayının 15-dək Bakı üzrə 14 min obyektdə 17 mindən çox pos-terminal qeydiyyatdan keçirilmişdir. Bütövlükdə respublikanın bütün ərazisində, xüsusilə paytaxtturizm xəritəsinə aid olan mərkəzlərdə fəaliyyət göstərən mehmanxanalarda, ticarət, iaşə, istirahət və əyləncə obyektlərində, taksilərdə, yanacaqdoldurma məntəqələrində, tibb xidməti göstərən, əczaçılıq mallarının satışı ilə məşğul olan obyektlərdə və digər sahələrdə pos-terminalların quraşdırılması işi əsasən yekunlaşmışdır. Hazırda ölkə üzrə 26443 obyektdə 30940 aktiv pos-terminal qeydiyyata alınmışdır ki, bunun da 93,7 faizi Bakı şəhərinin ərazisində yerləşən obyektlərdədir.

Nəqliyyat sektorunda da pos-terminalların quraşdırılması işlərinin sürətlə davam etdiyini deyən F.Məmmədov toplantı iştirakçılarının nəzərinə çatdırmışdır ki, hazırda 830-dan çox taksidə pos-terminal quraşdırılmışdır. Nəqliyyat vasitələrində tətbiq olunan pos-terminallar beynəlxalq transaksiya sisteminə inteqrasiyanı dəstəkləməklə yanaşı, onlardan istifadə edən şəxslərin xarici bank hesabları üzrə plastik kartlarını oxumaq imkanına da malikdir.

Tədbirdə bildirilmişdir ki, vətəndaşların elektron ödəniş sistemlərindən istifadəsi sahəsində maarifləndirmə siyasəti də mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə nağdsız ödənişlərin stimullaşdırılması və pos-terminallardan istifadə barədə əhalinin məlumatlandırılması və maarifləndirilməsinə dair xüsusi tədbirlər planı hazırlanıb həyata keçirilmişdir. Həmin plan çərçivəsində vergi ödəyicilərinin və əhalinin fəal maarifləndirilmə işinə başlanmış, nağdsız hesablaşmaların üstünlükləri, ödəniş kartları və pos-terminallara dair 30 mindən çox buklet hazırlanaraq paylanmışdır. Nağdsız hesablaşmaların üstünlüklərini təbliğ etmək üçün reklam çarxları hazırlanmış, KİV-də, sosial şəbəkələrdə təbliğat işi aparılmışdır.

Tədbir iştirakçıları bu prosesin davamlı xarakter daşımasının vacibliyini vurğulamışlar. Qeyd olunmuşdur ki, nağdsız ödəmələrin aparılması üçün müvafiq infrastrukturun artıq mövcud olmasına və son illər ölkəmizdə plastik kart sahiblərinin sayının bir neçə dəfə artaraq 4,6 milyon nəfərə çatmasına baxmayaraq, onlardan istifadə hələ lazımi səviyyədə deyil.

Toplantıda nağdsız ödənişlərin genişləndirilməsi, pos-terminallardan istifadənin artırılması sahəsində müvafiq strukturların üzərinə düşən işlərin koordinasiyası ilə bağlı fikir mübadiləsi aparılmışdır. Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov rabitə xidmətləri sahəsində görülən, elektron xidmətlərin, mobil texnologiyaların tətbiqi sahəsində son aylar aparılan işlər barədə məlumat verərək bildirmişdir ki, rabitə sektoru da nağdsız ödəmələrin genişləndirilməsinə ciddi fikir verir. İqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov isə nağdsız ödənişlərin genişləndirilməsinin ölkə iqtisadiyyatı üçün mühüm aspektləri, təmsil etdiyi qurumun bu sahədə gördüyü işlər barədə danışmışdır. Nəqliyyat nazirinin müavini Musa Pənahov da nəqliyyat sahəsində nağdsız ödəmələrin tətbiq sahəsinin genişləndirilməsi ilə bağlı məsələlərə toxunmuş, taksilərdə, dəmir yolu sahəsində pos-terminalların tətbiqi, sürücülərin maarifləndirilməsi sahəsində aparılan işlər barədə məlumat vermişdir. Mərkəzi Bankın İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev isə son dövrlər nağdsız ödəmələrin infrastrukturunun genişləndirilməsi sahəsində aparılan işlərin, qısa müddət ərzində böyük sayda pos-terminalların qurulmasının əhəmiyyətini vurğulamışdır. Prosesin banklarprosessinq mərkəzləri tərəfindən dəstəklənməsinin və davam etdirilməsinin,  vətəndaşların maarifləndirilməsi prosesinə bankların da qoşulmalı olduğunun vacibliyi vurğulanmışdır.

Toplantıda biznesbank sektorunun nümayəndələri də çıxış edərək məsələ ilə bağlı fikir və təkliflərini bildirmişlər.

 

 

Azərbaycan.- 2012.- 18 may.- S. 10.