Üfüqdən boylanan şəhər Tanrının gözəllik sərgisi idi

 

18 May Beynəlxalq Muzeylər Günüdür

 

Otuz ildən çoxdur ki, dünyanın mədəni ictimaiyyəti mayın 18-ni Beynəlxalq Muzeylər Günü kimi qeyd edir. Təmayülünə görə dünyada qədim və maraqlı muzeylər çoxdur. Bu sırada Azərbaycanın da öz yeri var. Təəssüf ki, 20 ildir biz bu günü ürək açıqlığı ilə qeyd edə bilmirik. Çünki erməni vandalları tərəfindən işğala məruz qalmış ərazilərimizdə dağıdılmış, yandırılmış, talan edilmiş, eksponatları oğurlanmış yüzlərlə muzeyin ağır taleyi və qətlə yetirilmiş milli sərvətlərimizin acı aqibəti bizi incidir.

Vaxtilə "muzeylər şəhəri" adlandırılan Şuşa özü də səma altında nəqş olunmuş nəhəng bir muzey idi. Bu qədim şəhərin zəngin abidələri, memarlıq kompleksləri Şuşaya bir özgə gözəllik verirdi. Bu analoqu olmayan muzeyin eksponatlarını saydıqca bitməz. Bu abidələr Şuşaya ikinci bir həyat gətirmişdi. Xan qızı Natəvanın, Zöhrabbəyovların, Mehmandarovların, Hacıqulların malikanələri, müxtəlif məbədlər, bu sırada əzəmətlə dayanan Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı, Yusifcanlı, Hacı Mərcanlı, Dəmirçi, Mamayı məscidləri, Mir Möhsün Nəvvabın evi, hamamlar, bulaqlar, karvansaralar, qala divarlarıE Şuşanı məşhurlaşdıran onun memarlıq nümunələri idi. Şəhərin ərazisi abidələrlə çox zəngin idi. Ümumiyyətlə, burada 550 qədim yaşayış binası, 17 məhəllə bulağı, 17 məscid, 6 karvansara, 3 türbə, 2 mədrəsə, 2 qəsr, qala divarları, 1203 metr daş döşənmiş küçələr və s. mövcud idi. Bədii əhəmiyyət kəsb edən qapıları (İrəvan və Gəncə qapıları) bir ayrı aləm idi. Tarixi memarlıq və şəhərsalma abidəsi kimi yüksək bədii əhəmiyyəti nəzərə alınaraq şəhər 1977-ci ildən Tarix-Memarlıq Qoruğu kimi mühafizə edilirdi. Qarabağın tanınmış simalarının şərəfinə yaradılan heykəl və büstlər də Şuşanın gözəlliyini daha da artırırdı.

Ümummilli lider Heydər Əliyev Şuşanı "abidələr şəhəri" adlandırmışdı. Bu, gəlişigözəl sözlər deyildi. Şuşada - 350 hektarlıq qoruq zonasında 300 tarixi abidə var idi. Bu abidələrin 23-ü dünya əhəmiyyətli incilərdən sayılırdı. Ümumiyyətlə, Şuşada hər bir ev, küçə, məscid, minarə, qəsr həm də xalqımızın keçmişindən - onun  düşüncəsindən, təfəkküründən, yaşam tərzindən, qabiliyyətindən, sənət dünyasından xəbər verirdi.

Şuşa bulaqları da memarlıq baxımından diqqət çəkirdi. 1873-cü ildə Xan qızı Xurşidbanu Natəvan tərəfindən su kəməri çəkildi. Şəhərdə "Xan qızı bulağı" yaradıldı. 12 daş gözdən ibarət olan bulağın uzunluğu 15, eni 7, hündürlüyü 4 metr idi. 1992-ci ilin may ayına qədər Şuşada müxtəlif muzeylər fəaliyyət göstərirdi. Tarix Muzeyi, Natəvan adına Əlyazmalar Fondu, Xalça Muzeyi, Daş Sənətkarlığı Muzeyi, Dərman Bitkiləri Muzeyi, Rəsm Qalereyası, Xan qızı Natəvanın, Mir Möhsün Nəvvabın, Üzeyir Hacıbəylinin, Bülbülün ev-muzeyləri şəhərin maraqlı ünvanlarına çevrilmişdi.

1967-ci ildə Şuşa Tarix-Diyarşünaslıq Muzeyi yaradılmışdı. Əvvəlcə Gövhərağa məscidində fəaliyyət göstərən muzey 1989-cu ildə ayrı binaya köçürülmüşdür. Burada XX əsrə qədər müxtəlif dövrləri əhatə edən beş mindən yuxarı eksponat nümayiş olunurdu. Eksponatların bir hissəsini arxeoloji qazıntılar nəticəsində tapılan əşyalar təşkil edirdi. Şahidlərin ifadələrinə görə, Şuşa işğal olunan gün ermənilərin artilleriya hücumu nəticəsində muzey yandırılıb.

Memar Kərbəlayı Səfixan Qarabağinin sənət yadigarı adlandırılan Yuxarı Gövhər ağa məscidində Tarix Muzeyi yaradılmışdı. Mütəxəssislər onu "tarix albomunu xatırladan muzey" adlandırırdılar. Çünki burada Şuşanın şanlı və zəngin keçmişinin nişanələri qorunub saxlanılırdı. Muzeyin eksponatları milli mədəniyyətimizin qədimliyini, ululuğunu təsdiqləyirdi. Arxeoloji qazıntılar zamanı Şuşa yaxınlığındakı Məlikhaqnəzər mağarasından tapılmış altı üzlü insan fiquru tunc dövrünün yadigarı idi. Yüksək tarixi mahiyyət daşıyan bu əşyadan o vaxt məişətdə cam kimi istifadə olunub. Mütəxəssislərin fikrincə, bu cam əcdadlarımızın dini təsəvvürləri ilə əlaqədar imiş. Muzeydə Şuşa igidlərinin döyüşkənliyinin, əyilməzliyinin rəmzi olan odlusoyuq silahlar - qılınc, xəncər, tüfəng, qalxan nümayiş etdirilirdi.

Muzeydə Xan qızı Natəvanın da yadigarları qorunurdu. Bəllidir ki, Azərbaycanda xeyriyyəçiliyin əsası Natəvan xanım tərəfindən qoyulub. O, 1873-cü ildə Şuşaya 7 kilometr uzunluğunda su kəməri çəkdirib. Suyun mənbəyindən şəhərə qədər dövrünə görə yüksək sənətkarlıqla hazırlanmış saxsı borular düzdürüb. Xan qızına həsr olunmuş ekspozisiyada saxlanılan su borularından nümunələr qeyrətli Azərbaycan qadınının nəcibliyindən, xeyirxahlığından xəbər verir.

Daş Sənətkarlığı Muzeyi. XIX əsrdə Şuşanın iqtisadi həyatında dulusçuluq, dəmirçilik, metal işləmə kimi sənət sahələri geniş vüsət almışdı. Bu muzeydə də xalq sənətkarlarının ölməz irsini əks etdirən eksponatlar toplanmışdı. Saxsıdan yoğrulmuş küp, qazan, müxtəlif növ çıraqlar diqqət çəkirdi. Neçə-neçə adsız sənətkarın əl qabiliyyətini yaşadan, daşdan düzəldilmiş qəfədan, çaydan, zərif oyma naxışlarla bəzədilmiş məişət əşyaları muzeyin ən maraqlı eksponatları idi. Daşdan düzəldilmiş fiqurların, əşyaların üzərindəki naxışlar, qeyri-adi rəsmlər xəttat babalarımızın sənət dünyasından xəbər verirdi. Xalq məişətində istifadə olunan manqal, maşa, yelpik, kirkirə, ütü, tikiş maşını və digər müxtəlif yerli sənətkarlıq məmulatları həm də qədim dövrün ev əşyaları haqqında aydın təsəvvür yaradırdı.

Xarı Bülbül Şuşa təbiətinin simvolu idi. Ta qədimdən el təbibləri bu təbiət gözəlindən dava-dərman düzəldiblər. El arasında belə bir fikir də gəzir ki, tanınmış qarabağlı həkim Kərim bəy Mehmandarov bu güldən əldə etdiyi dərmanla neçə-neçə xəstəni ölüm yatağından qaldırıb. Həqiqətən də, Şuşanın təbiətində qeyri-adi çiçəklər, güllər, otlar öz əlvanlığı ilə seçilirdi. Şuşa təbiəti dərman bitkiləri ilə zəngin idi. Elə bu səbəbdən də Mehmandarovların yaşayış kompleksinə daxil olan məhəllə məscidində Dərman Bitkiləri Muzeyi yaradılmışdı. Bu, həm Şuşa təbiətinin mühafizəsi baxımından uğurlu bir addım idi, həm də bu şəhərdə aptek-muzeyin açılmasının rəmzi mənası var idi. Azərbaycan tibb elminin banilərindən və respublikamızda səhiyyə işinin təşkilatçılarından sayılan məşhur təbib Kərim bəy Mehmandarov təbii bitkilərdən dərman hazırlayaraq xəstələri pulsuz müalicə edərmiş.

Oyma naxışlarla bəzədilmiş taxşəkilli giriş qapıdan bu muzeyə daxil olanda sanki Qarabağ dağlarının güllü-çiçəkli sinəsinə qalxırdın. İnsana yüngüllük gətirən, minbir dərdin dərmanı sayılan dağ çiçəklərinin ətri adamı bihüş edirdi. Şuşanın bənzərsiz, loğman təbiəti bütün əlvanlığı ilə bura köçürülmüşdü. Kəklikotunun, dağ nanəsinin, keşnişinin, baldırqanın, yovşanın, qızılgülün neçə növününE ətrini ciyərinə çəkə-çəkə özünü sanki təbiətin qoynunda hiss edirdin. Bəlkə də dünyanın heç bir yerində belə bir şey yoxdur ki, Şuşa təbiətində itburnunun neçə cür növü vardı. Burada 50-dən artıq müalicə əhəmiyyətli dərman bitkiləri - çobanyastığı, bağayarpağı, boymadərən, gülxətmi, ətirşah, qırxbuğum, gicitkan, dağ tərxunu, ada çiçəyi, darçın və s. nümayiş etdirilirdi. Ağacdan toxunmuş səbət və dibçəklərdə əkilmiş çəmən ətirli dərman bitkiləri kiçik bir gül bağçasını xatırladırdı. Şuşanın yaylaqlarında, yamaclarında bitən şəfaverici bitkilərin, demək olar ki, hamısının bu muzeydə nümunəsi var idi. Keçmiş zamanlarda el təbabətində istifadə olunan və həmişə də milli mətbəx üçün məsləhət görülən əşyalar - məhz saxsı qab-qacaqlar, eləcə də həvəngdəstə, dərman hazırlamaq üçün gərəkli olan qədim əczaçılıq alətləri nümayiş etdirilirdi. Divar boyunca şuşalı təbiblərin, el həkimlərinin yağlı boya ilə işlənmiş portretləri sıralanmışdı. Bu muzeyin nəzdində həm də aptek fəaliyyət göstərirdi. Burada təbii bitkilərin və onlardan hazırlanan dərmanların satışı təşkil edilirdi. Azərbaycanda ilk yaşıl aptekin də ünvanı Şuşa idi.

Bir məsələni də qeyd edək ki, dünyada ilk dəfə Xalça Muzeyi məhz Şuşada yaradılıb. Mehmandarovların evində yerləşən bu muzey əsl incəsənət xəzinəsini xatırladırdı. Həm memarlıq cəhətdən, həm də dekorativ gözəlliyi ilə seçilən bu binanın dörd böyük salonunda şöhrəti dünyaya yayılan Qarabağ xalçaları nümayiş etdirilirdi. Vaxtilə bu şəhərin qoynunda yaşayan el sənətkarlarının həyat tərzini, mənəvi aləmini, yaradıcılıq dühasını əks etdirən bu rənglər, naxışlar aləmi sehrli bir nağıla bənzəyirdi. Şuşalı sənətkarlar Qarabağ təbiətinin gül-çiçəyini əlvan rənglərlə xalçalara, xalılara, gəbələrə toxuyaraq ulu nənələrimizin ilmələrdə yaşayan mənalı ömründən söz açırdılar. Bu muzeydə əsasən Qarabağ xalçaçılıq məktəbinə aid nümunələr nümayiş etdirilirdi. Qarabağın ilk hökmdarı Pənahəli xanın sarayında toxunan "Xanlıq" adlı xalça muzeyin orijinal eksponatlarından sayılırdı. Hər bir xalçanın öz adı və tarixi vardı. Məsələn, "Nəlbəkigül xalçası" bu cəhətdən maraq doğururdu. Deyilənə görə, bu xalçanı XIX əsrdə Minaxanım adlı bir qadın toxuyub. Şuşa qrupuna daxil olan "Malıbəyli xalçaları" da muzeyin dəyərli eksponatlarından biri idi. Bu muzeydə Təbriz, Quba-Şirvan, Gəncə-Qazax xalçaçılıq məktəbi nümunələrinə də geniş yer ayrılmışdı. Burada 350-dən artıq xalça məmulatı nümayiş etdirilirdi. Onun yalnız 145-ni xilas etmək mümkün olub.

On salondan ibarət olan Şuşa Dövlət Rəsm Qalereyasında təsviri sənət ustalarının 200-ə yaxın əsəri nümayiş etdirilirdi. Zöhrabbəyovların evində yerləşən qalereyanın qızıl fondunu XIX əsr Azərbaycan miniatür sənətinin görkəmli nümayəndələrindən biri, məşhur rəssam və xəttat Mir Möhsün Nəvvabın öz kitablarına çəkdiyi illüstrasiyalar təşkil edirdi. Burada həmçinin xalqımızın həyatından, məişətindən, adət-ənənələrindən söhbət açan dekorativ sənət nümunələri toplanmışdı. Tanınmış qrafika, tişə və fırça ustalarının sənətin müxtəlif növdə yaratdıqları nümunələr qalereyanın divarlarını bəzəyirdi. O cümlədən qalereyanın nəzdində fəaliyyət göstərən sənət dərnəyində onlarca gənc məşğul olurdu. Şuşa işğal edildikdən sonra bu sənət məbədinin də həyatına son qoyuldu.

Şuşada fəaliyyət göstərən muzeylərin hamısında çox qiymətli eksponatlar mühafizə edilirdi. Bəllidir ki, unudulmaz Xurşidbanu Natəvan təkcə şeirləri ilə ədəbiyyatımızı zənginləşdirməmişdi. O, Şuşanın abadlaşması, daha da gözəlləşməsi üçün xeyli işlər görmüşdü. Rəssamlıq qabiliyyətinə malik olan Xan qızı gözəl rəsmlərin, tikmələrin müəllifi idi. Onun 1886-cı ildə düzəltdiyi "Gül dəftəri" adlı şeir albomunun üzlüyü Azərbaycan klassik bədii irsinin dəyərli nümunəsi kimi, eləcə də bir neçə rəsm əsəri muzeylərdə qorunurdu.  Xan qızının məişətdə istifadə etdiyi müxtəlif şəxsi əşyaları həm özünün adını daşıyan muzeydə, həm də Tarix Muzeyində saxlanılırdı. Eyni zamanda, Mir Möhsün Nəvvabın istifadə etdiyi qrammafon, əl ağacı, digər şəxsi əşyaları, teleskopu (o, həm də astronomiya ilə məşğul olan bir alim idi), müxtəlif rəsm əsərləri, neçə-neçə sənətkardan yadigar qalan çox qiymətli əşyalar, bədii aləmin təcəssümü olan sənət inciləri, milli geyimlər, qədim musiqi alətləri Şuşa muzeylərinin bəzəyi idi. Nəhəng abidələr, memarlıq nümunələri səma altında qərar tutmuşdu. Bədii yaradıcılığın zərif yadigarları isə bu nəhəng gözəlliyin divarlarını daxildən bəziyirdi. Belə bir qeyri-adi füsunkarlığa, müqayisəsi tapılmayan gözəlliyə malik idi Şuşa. Təəssüf ki, erməni vandalları üfüqlərdən boylanan dağ şəhərinin gözəllik sərgisini yerlə-yeksan etdilər. Şuşada yaradılan ev-muzeyləri də talan edildi, yandırıldı. Ev sahiblərinin - tanınmış sənət və mədəniyyət xadimlərinin öz halal həyətlərində ucaldılan heykəlləri, büstləri güllələndi. Qartal vüqarlı Şuşanın sinəsinə çalın-çarpaz dağ çəkildi. İllərdir ki, Xan qızı Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün Bakıdakı İncəsənət Muzeyinin həyətindəki yaralı heykəlləri Şuşaya dönəcəyi günü gözləyirlərE

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2012.- 18 may.- S. 11.