Türkmənistan
Konstitusiyasının 20 illiyi qeyd edilmişdir
Mayın 18-də Aşqabadda "Türkmənistan Konstitusiyasının 20 ili: Müstəqil dövlət quruculuğunun tarixi təcrübəsi" mövzusunda beynəlxalq konfrans keçirilmişdir.
Konfransda Azərbaycanı Milli Məclis Sədrinin birinci müavini, parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov, İntizam komissiyasının sədri Siyavuş Novruzov və AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun şöbə müdiri İsaxan Vəliyev təmsil edirlər.
Konfrans iştirakçıları "Konstitusiya" monumenti qarşısına əklil qoydular. Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov konfrans iştirakçılarını bayram münasibətilə təbrik etdi. Konfransda müstəqil Türkmənistanın siyasi, hüquqi inkişafı, dövlətin konstitusiya əsaslarının möhkəmləndirilməsi, dövlət quruculuğunun müasirləşdirilməsi barədə çıxışlar dinlənildi.
Mayın 18-i müstəqil Türkmənistan Konstitusiyasının qəbul edildiyi gün - milli yüksəliş və birlik bayramı, mayın 19-u isə türkmən ədəbiyyatının klassiki, şairi, filosofu Məhdumqulu Fəraqi günü kimi qeyd olunur. 1992-ci ildən ölkənin ilk Prezidenti Saparmurat Niyazov iki bayramın bir gündə qeyd edilməsi barədə sərəncam vermişdir. İndi bu bayram rəsmi olaraq "Məhdumqulu Fəraqi poeziyası və yüksəliş, birlik bayramı" adlanır.
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov "Məhdumqulu Fəraqi poeziyası və yüksəliş, birlik bayramı" münasibətilə əfv fərmanı imzalamışdır. Bu fərmanla əfv edilmiş 987 türkmən və 35 xarici məhbusların cəzaçəkmə yerlərindən azad olunması və öz evlərinə, doğma ocaqlarına sağ-salamat qayıtmasına nəzarət olunması tapşırılmışdır.
Konstitusiyanın 20 illiyi münasibətilə ölkə Milli Bankında qızıl və gümüşdən hazırlanmış 50 və 20 manatlıq sikkələr dövriyyəyə buraxılmışdır.
Qızıl 50 manatın üzərində Türkmənistan Konstitusiyasının şəkli "Türkmenistanyn Konstitusiyasyna 20 yyl" və "Elli manat", əks üzündə "Türkmenistanyn Merkezi banky" sözləri yazılıb. Qızıl 50 manatlığın əyyarı 916,7 və çəkisi 39,94 qramdır. 20 manatlıq gümüş sikkənin isə əyyarı 925, çəkisi 28,28 qramdır.
İlahə
ƏHMƏDOVA
Azərbaycan.- 2012.- 19 may.- S. 1.