Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ölkəmizin ədalətli mövqeyi İstanbulda keçirilən Dünya Siyasət Forumunun diqqət mərkəzində olmuşdur

 

Xəbər verdiyimiz kimi, İstanbul Konqres Mərkəzində II Dünya Siyasət Forumu keçirilir.

Mayın 18-də - forumun ikinci günündə Azərbaycan Prezidenti Administrasiyası siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov "Qara dəniz bölgəsində iqtisadi əməkdaşlıq potensialı və Qafqazın bölgəyə təsir imkanları" mövzusunda sessiyada çıxış etmişdir.

Cənubi Qafqazdakı geosiyasi vəziyyətdən və Azərbaycanın xarici siyasətindən bəhs edən E.Aslanov bildirmişdir ki, qonşularla sülhsevər siyasət aparan ölkəmiz Ermənistanın təcavüzünə məruz qalmışdır. Torpaqlarımızın 20 faizi işğal olunmuş, 1 milyon insan yurd-yuvasından didərgin düşmüşdür. Rusiya Dövlət Dumasının sədri Boris Qrızlovun təcavüzkar Ermənistanı öz ölkəsinin Qafqazdakı forpostu adlandırması qonşu ölkənin müstəqil dövlət olmadığını göstərir. Beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün səylərini gücləndirməlidirlər. Təəssüf ki, ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ probleminin həlli istiqamətində vasitəçilik missiyası da heç bir nəticə vermir.

Qərblə, xüsusilə ABŞ ilə Azərbaycanın strateji əməkdaşlığından bəhs edən E.Aslanov vurğulamışdır ki, hazırda ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm mövqeyə malikdir. Azərbaycanın enerji marşrutlarının şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsi də regionda təcavüzkar separatçılığın aradan qaldırılmasından çox asılıdır.

"Qadınların siyasətdə rolu" mövzusunda sessiyada çıxış edən Milli Məclisin deputatı Qənirə Paşayeva bildirmişdir ki, Azərbaycan islam ölkələri arasında qadınların yerli və mərkəzi idarəetmə orqanlarında ən çox təmsil edildiyi ölkədir. Dövlətimizin bu sahədə məqsədyönlü siyasəti nəticəsində bələdiyyələrdə zərif cinsin nümayəndələrinin təmsil olunması 4 faizdən 26,6 faizə, parlamentdə isə 11 faizdən 18 faizə yüksəlmişdir.

ABŞ-ın Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin direktoru Cozef Bodanskiy çıxışında bildirmişdir ki, bütün dünya Dağlıq Qarabağ probleminə yanaşmada təcavüzkar Ermənistan ilə torpaqları işğal olunmuş Azərbaycan arasında ədalətli mövqe nümayiş etdirməlidir. Mühüm geosiyasi məkan olan Cənubi Qafqazda sülhə və sabitliyə nail olmaq üçün ABŞ və digər dövlətlər Ermənistana zəbt etdiyi torpaqları azad etmək üçün təzyiqi artırmalıdırlar.

Konfransda çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvləri iştirakçıların suallarını da cavablandırmışlar.

 

 

Oqtay BAYRAMOV

 

Azərbaycan.- 2012.- 19 may.- S. 2.