Polis Akademiyasında xidmətə qəbul
olunmuş gənc əməkdaşların
andiçmə mərasimi keçirilmişdir
Polis Akademiyasında daxili işlər orqanlarında orta rəis heyəti vəzifəsinə xidmətə test üsulu ilə qəbul olunmuş gənc əməkdaşların "Polis Andı" içmələri ilə əlaqədar təntənəli mərasim keçirilmişdir.
Akademiyadan bildirmişlər ki, mərasimdə DİN-in Baş Kadrlar İdarəsinin şöbə rəisi, polis polkovniki Əziz İsaxanov, dinləyicilərin valideynləri və yaxın qohumları iştirak etmişlər.
Ümummilli lider Heydər Əliyevin, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların, həmçinin xidməti tapşırıqları yerinə yetirərkən həlak olan polis əməkdaşlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra mərasim açıq elan olunmuşdur. Dövlət himni səsləndirilmiş, Azərbaycan Respublikasının Dövlət Bayrağı meydana gətirilmişdir.
Akademiyanın rəisi, polis general-mayoru Nazim Əliyev, daxili işlər orqanlarında idarəetmənin təşkili və ixtisasartırma fakültəsinin rəisi vəzifələrini icra edən polis polkovnik-leytenantı Bağban Həsənov çıxış etmişlər.
Andiçmə mərasimi başa çatdıqdan sonra general-mayor Nazim Əliyev gənc əməkdaşları təbrik etmiş, onlara gələcək xidməti fəaliyyətlərində uğurlar arzulamışdır.
Valideynlərin adından M.Mehdiyev çıxış edərək bir valideyn kimi oğlunun daxili işlər orqanlarında xidmətə qəbul olunmasından qürur duyduğunu, yaradılmış şəraitə görə DİN və akademiya rəhbərliyinə minnətdarlığını bildirmişdir.
Tədbirin yekununda təntənəli keçidlə əsas sıra meydanında "Polis Akademiyası marşı"nın sədaları altında şəxsi heyətin sıra keçidi olmuşdur.
AzərTAc
Azərbaycan.- 2012.- 19 may.- S. 2.