Milli Məclisin komitə iclasında 2011-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsi müzakirə olunub

 

Dünən Milli Məclisin İqtisadi siyasət komitəsinin iclası keçirilib. Dövlət və hökumət üzvlərinin də iştirak etdiyi iclasda "Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi müzakirə olunub.

İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, ötən il Azərbaycanın ictimai-siyasi həyatında çox əlamətdar hadisələr baş verib. Dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünü qeyd edən Azərbaycan bu dövr ərzində həyata keçirilən uğurlu daxilixarici siyasət nəticəsində regionun və dünyanın inkişaf etmiş ölkələrindən birinə çevrilib.

Sonra maliyyə nazirinin müavini Azər Bayramov "Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi barədə məlumat verib.

A.Bayramov diqqətə çatdırıb ki, dünya ölkələrinin bir çoxunda, xüsusilə də Avropada borc probleminin yaranmasına və iqtisadi enişin müşahidə olunmasına baxmayaraq, Azərbaycanda həyata keçirilən təsirli çevik makroiqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatında mənfi halların yaranmasının qarşısı alınıb. İnkişaf etmiş ölkələrin əksəriyyətində iqtisadi artım templəri zəif olmaqla, yüksək işsizlik səviyyəsi, əlverişli olmayan maliyyə şəraiti, büdcə və maliyyə sektorundakı gərginlik davam edib. Nazir müavini bildirib ki, bir çox inkişaf etmiş ölkələrin maliyyə böhranının ağır təsirlərinə məruz qalmasına baxmayaraq, Azərbaycanda aparılan monetarfiksal siyasətin nəticəsi kimi əldə olunan makroiqtisadi sabitlik beynəlxalq qurumlar tərəfindən də yüksək qiymətləndirilib.

A.Bayramovun sözlərinə görə, 2011-ci il icmal büdcənin gəlirləri 23 milyard 225 milyon manat təşkil etməklə 116,2 faiz icra olunub. Bu isə 2010-cu illə müqayisədə 19,4 faiz çoxdur. İcmal büdcənin xərcləri isə 17 milyard 540 milyon manat icra edilib ki, bu da ondan əvvəlki illə müqayisədə 28,6 faiz çoxdur. Hesabat ilində ölkədəki davamlı makroiqtisadi sabitlikiqtisadi artımın dinamikası əhalinin sosial rifahının yaxşılaşdırılmasına və sosial müdafiəsinin gücləndirilməsinə zəmin yaradıb. Bu istiqamətdə əməkhaqlarının, pensiyaların, bir sıra müavinət və təqaüdlərin artımı, elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, bədən tərbiyəsi sektorlarında davamlı inkişaf təmin edilib. Cari ilin əvvəlinə vahid xəzinə hesabının qalığı 382 milyon manat olub. Ötən il ərzində ümumi daxili məhsulun (ÜMD) həcmi 2010-cu ilə nisbətən müqayisədə 40 milyon  manat artaraq 50,1 milyard manat, o cümlədən qeyri-neft sektorunda ÜDM 24,2 milyard manat olub. Ötən il ÜDM-də qeyri-neft sektorunun xüsusi çəkisi 48,3 faiz təşkil edib.

İclasda Hesablama Palatasının sədri Heydər Əsədov palatanın builki rəyinin ilk dəfə olaraq Maliyyə Nazirliyi, Dövlət Statistika Komitəsi və digər iqtisadi qurumların ümumi göstəriciləri ilə yanaşı, büdcə təşkilatlarının hesabatlarına, materiallarına istinad olmaqla hazırlandığını deyib.

Müzakirələr zamanı deputatlardan Çingiz Əsədullayev, Vahid Əhmədov, Əli Məsimli və başqaları layihə ilə bağlı rəy və təkliflərini bildiriblər.

Sonda sənəd Milli Məclisin plenar iclasına tövsiyə olunub.

 

 

Azərbaycan.- 2012.- 19 may.- S. 2.