Azərbaycan
müstəqilliyini bərpa etdikdən sonra
yeni dövlət quruculuğunda
yalnız öz gücünə
arxalanmış və qısa müddətdə böyük nailiyyətlər əldə etmişdir
Azərbaycanda səfərdə olan Almaniya Bundestaqının deputatı Frank Haynrix mayın 18-də Milli Məclisdə Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvləri ilə görüşmüşdür.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini, işçi qrupun üzvü Rövşən Rzayev qonağa Azərbaycanda həyata keçirilən hüquqi islahatlar barədə ətraflı məlumat vermişdir. O, Dağlıq Qarabağ problemindən danışmış, Ermənistanın təcavüzü nəticəsində qaçqın-köçkün düşmüş soydaşlarımızın insan haqlarının pozulduğunu bir daha diqqətə çatdırmışdır. Bildirilmişdir ki, hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolunda inamla addımlayan Azərbaycan Avropaya inteqrasiya edir. Demokratik dəyərlərin bərqərar olması istiqamətində mühüm addımlar atılır. Azərbaycan tolerant dövlətdir, vətəndaş cəmiyyətinin inkişafında maraqlıdır. Milli Məclis ölkənin qanunvericilik bazasını daim zənginləşdirir və yeniləşdirir.
Frank Haynrix Azərbaycana ilk dəfə gəldiyini bildirmiş, gördüyü inkişafı yüksək qiymətləndirmiş, vaxtilə ikiyə bölünmüş alman dövlətinin son 20 ildə keçdiyi yoldan danışmışdır. O demişdir ki, Almaniyadan fərqli olaraq, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra yeni dövlət quruculuğunda yalnız öz gücünə arxalanmış və qısa müddətdə böyük nailiyyətlər əldə etmişdir.
Ölkəsindəki siyasi hadisələrdən, media azadlığından bəhs edən Frank Haynrix demişdir ki, mətbuat bizim demokratiyanın bel sütunudur, lakin hər hansı KİV-lərin mövqeyi yalnız o orqanın mövqeyidir, nə Almaniya dövlətinin, nə də alman xalqının mövqeyi deyildir.
Görüşdə deputatlar Xanlar Fətiyev və Fazil Mustafa fikirlərini bölüşmüşlər.
AzərTAc
Azərbaycan.- 2012.- 19 may.- S. 2.