Azərbaycan
iqtidarı mətbuatın inkişafını demokratikləşmənin
vacib amili sayır
Avropanın ən mötəbər mədəni tədbiri olan "Eurovision" mahnı müsabiqəsinə sayılı günlər qalır. Müsabiqə bu dəfə Bakıda keçirildiyindən bütün nəzər-diqqətlər Azərbaycana yönəlib. Mütəmadi olaraq "Eurovision"la bağlı həyata keçirilən möhtəşəm hazırlıq işləri, həmçinin ölkəmizin mədəniyyəti, tarixi, turizm potensialı, sosial-iqtisadi inkişafı ilə bağlı xarici çap və elektron mediada materiallar yer almaqdadır. Xoş niyyətdən irəli gələrək işıq üzü görən, Azərbaycanı dünyada təbliğ edən bu yazılar təbii ki, təqdir olunmalıdır.
"Eurovision" mahnı müsabiqəsinə ediləcək yüksək səviyyəli ev sahibliyi Azərbaycanın beynəlxalq imicinin daha da yüksəlməsində mühüm rol oynayacaqdır. Bununla yanaşı, Azərbaycanın BMT Təhlükəsizlik Şurasında fəaliyyətə başlaması, may ayından etibarən BMT TŞ-da sədrlik funksiyasını yerinə yetirməsi ölkəmizin nüfuzuna xidmət edən olduqca mühüm siyasi hadisədir.
Lakin bu gün qazandığımız uğurlarla bağlı "Odlar yurdundan" yazanlar təkcə xoş niyyətlilər deyil! Azərbaycanda hər zaman ağa qara deməyə öyrəşmiş, buradakı demokratik inkişafı, yüksəlişi görmək istəməyən bəzi siyasi qrupları, təşkilatları "Eurovision" sanki "cuşa gətirib", qanadlandırıb, əllərinə girəvə verib. Bəzi ölkələrdəki müvafiq antiazərbaycan dairələri "Eurovision" mahnı yarışmasını - Avropanın nüfuzlu mədəniyyət aksiyasını siyasiləşdirərək özlərinin bu və ya digər məqsədlərini reallaşdırmağa, Azərbaycana bu və ya digər sahələrdə təzyiq göstərməyə, ölkəmizlə bağlı indiyə qədər reallaşdıra, həyata keçirə bilmədiyi ayrı-ayrı məqsədlərinə nail olmaq istiqamətində istifadə etməyə çalışırlar. Təəssüf ki, Azərbaycandakı bəzi mətbu orqanları və "hüquq müdafiəçiləri" də bu məkrli kampaniyaya qoşulmaqla fəaliyyətlərinin bütövlükdə dövlətimizə və xalqımıza qarşı olduğunu isbat edirlər.
Azərbaycanın uğurlarına kölgə salmağa cəhd edən antiazərbaycançı qrupların niyyətlərindən biri ölkəmizin demokratik inkişafının əsas göstəricilərindən olan mətbuat və söz azadlığına, fikir plüralizminə qara yaxmaqdır. Həmin dairələr və onların sifarişini yerinə yetirən, habelə bu çirkin kampaniyaya qoşulan dağıdıcı müxalifətin nəzarətində olan KİV-lər guya Azərbaycanda söz və mətbuat azadlığının pozulduğu barədə hay-həşir salsalar da, ortaya bu iddianı sübut edə biləcək bircə fakt belə qoya bilmirlər.
Sözsüz ki, azad mətbuat demokratik cəmiyyətin tərkib hissəsidir. Demokratik inkişafı şərtləndirən ən mühüm dəyərlərdən biri kütləvi informasiya vasitələrinin müstəqilliyinin, o cümlədən mətbuat, söz, fikir azadlıqlarının yüksək səviyyədə təminatıdır. Bu azadlıqlar cəmiyyətdə sosial məsuliyyəti, şəffaflığı, siyasi plüralizmi, tolerantlığı şərtləndirməklə yanaşı, beynəlxalq konvensiyalar və digər normativ hüquqi aktlarda təsbit edilmiş insan hüquqlarının etibarlı müdafiəsinə geniş imkanlar açır. Kütləvi informasiya vasitələri cəmiyyət həyatının bütün sahələrinə təsir göstərən qüdrətli vasitələrdən biri olaraq ictimai rəyin formalaşmasında, habelə ictimai-siyasi proseslərin inkişaf istiqamətlərinin müəyyənləşməsində mühüm rol oynayır.
Azərbaycan mətbuatı tarix boyu daim mütərəqqi ideyaların carçısı kimi çıxış etmiş, xalqımızın ən ülvi arzularının reallaşmasına öz töhfəsini vermiş, onun müstəqillik amalının güclənməsində, mənəvi dəyərlərinin tərəqqisində, milli şüurun, mədəniyyətin formalaşmasında böyük rol oynamışdır. Amma təəssüflə qeyd etməliyik ki, hazırda bu ideyalardan kənar duran, antiazərbaycançı dairələrin nəzarətində olan və ya təsir altına düşməklə ölkəmizdəki söz azadlığı ilə bağlı əsassız iddialarla çıxış edən bəzi yerli KİV-lərin fəaliyyəti ancaq Azərbaycan rəhbərliyinin və hakimiyyətinin fəaliyyətinə kölgə salınması üzərində qurulub. Ölkədə gedən inkişafı, quruculuğu, insanların sosial rifahında baş verən dəyişiklikləri görməzliyə vuran bu KİV-lər tənqid yox, təhqiri özləri üçün meyar seçiblər. Tamamilə siyasiləşərək nəinki jurnalistikanın əsas prinsiplərindən, hətta peşə etikasından uzaqlaşıblar.
Bütün bunlara rəğmən Azərbaycan hakimiyyəti həmişə həmin KİV-lərin yazdıqlarına dözümlülük nümayiş etdirib. Son beş ildə söylənmiş hər hansı fikrə görə bir qəzet bağlanmayıb, jurnalist həbs olunmayıb. Əksinə, ölkədə söz və mətbuat azadlığının təmin olunması istiqamətində həyata keçirilən dövlət siyasəti onların daha sərbəst fəaliyyəti üçün geniş imkanlar yaradıb.
Azərbaycanda mətbuat azadlığının pozulmasından dəm vuranlar yaxşı bilirlər ki, vaxtilə AXC-Müsavat hakimiyyətinin azad sözə vurduğu buxovu indiki hakimiyyət aradan qaldırdı. 1991-ci il oktyabrın 18-də qəbul edilmiş "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı"nda vətəndaşların söz, fikir, mətbuat azadlıqları təsbit edilsə də, o dövrdə ölkənin formalaşmaqda olan yeni mediası ciddi məhrumiyyətlərlə, çətinliklərlə üzləşmişdi. Mövcudluğunu qoruyub saxlamağa çalışan o zamankı iqtidarlar çıxış yolunu həm də yeni təşəkkül tapmaqda olan müstəqil mətbuata təzyiqləri gücləndirməkdə görürdülər. Nəinki hansısa jurnalistin, hətta sıravi vətəndaşın təhlükəsizliyinə də təminat yox idi.
Yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra respublikada ictimai-siyasi sabitliyin bərqərar olması, vətəndaşların təhlükəsizlik təminatının və qanunçuluğun tədricən gücləndirilməsi KİV-in fəaliyyəti, söz və mətbuat azadlığının müdafiəsi sahəsində əsaslı irəliləyişlərin əldə olunmasına şərait yaratdı. Beləliklə, Azərbaycan mətbuatında intibahın əsası qoyuldu.
Azərbaycanda mətbuat azadlığının olmadığını düşünənlər senzura məsələsini də tez-tez qaldırmağı unutmurlar. Peşə etikasından uzaqlaşaraq qərəz yolunu tutanların bu iddiaya düşmələri də təbii ki, absurddur. Çünki əgər senzura olsaydı, onlar ən azından bu gün Azərbaycan hakimiyyəti ilə bağlı əsassız və peşə etikasına sığmayan "araşdırmaları" səhifələrə çıxara bilməzdilər.
Onlar senzurasız fəaliyyətə də ulu öndər Heydər Əliyevin ölkənin demokratik tərəqqisinə verdiyi töhfələr sayəsində nail olublar. 1992-ci il aprel ayının 12-də hərbi senzura tətbiqi adı altında mətbuat üzərində nəzarət daha da gücləndirilmişdi. 15 aprel 1993-cü il tarixində isə o vaxtkı ölkə rəhbərinin sərəncamı ilə hərbi vəziyyətlə bağlı senzura təkcə hərbi sirlərə deyil, bütün məlumatlara aid edilərək jurnalistlərin sərbəst informasiya fəaliyyətini daha da sərtləşdirmişdi. Beləliklə, jurnalistlər daha ağır senzura ilə üzləşir, öz fikirlərini sərbəst ifadə edə bilmirdilər. Mətbuat nümayəndələrinin ayrı-ayrı məmurlar tərəfindən döyülməsi və hakimiyyətə qarşı təndiqi yazılar dərc edən nəşrlərin bağlanması isə adi hala çevrilmişdi.
Ulu öndər Heydər Əliyevin 1998-ci il 6 avqust tarixdə imzaladığı "Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında" fərmanı kütləvi informasiya vasitələrinin sərbəst inkişafı, onların cəmiyyətin demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsi yolunda dövlət siyasətinin həyata keçirilməsində mühüm addım oldu. Həmin fərmanla informasiya vasitələri üzərində senzura fəaliyyətini həyata keçirən "qlavlit" adlandırılan qurum ləğv olundu. O vaxta qədər Azərbaycanda qəzetlər səhifələnirdi, çapa getməmişdən əvvəl senzura idarəsinə göndərilirdi. Senzorlar səhifələri oxuyurdu, məqbul hesab etdiyinə icazə verirdi, məqbul hesab etmədiyini buraxmırdı. Senzura idarəsinin ləğv olunması ilə buna son qoyuldu. Fərmanla həmçinin hərbi senzura yaradılması haqqında 16 aprel 1992-ci il tarixli fərman, eləcə də bütün informasiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncam qüvvədən düşmüş hesab olundu. Bu qətiyyətli addım 1875-ci ildə "Əkinçi" qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatının ilk dəfə senzuradan tamamilə azad edilməsi demək idi. Mətbuat üzərində dövlət senzurasının ləğvi barədə fərman kütləvi informasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verməklə yanaşı, cəmiyyət həyatında onların səmərəli rolunun artırılması sahəsində əsas istiqamətləri müəyyənləşdirdi.
Hazırda mətbuat və söz azadlığının məhdudlaşdırılmasından giley edənlərin iddiası yalandan başqa bir şey deyil! İstənilən media orqanı və ya jurnalist istənilən hadisə ilə bağlı, dövlət quruculuğu prosesi, ayrı-ayrı məmurların fəaliyyəti, bu və digər sahələrin işi ilə bağlı sərbəst informasiya toplamaq, onu sərbəst təhlil etmək və sərbəst yaymaq imkanına malikdir. Sırf peşə etikasını gözləməklə həyata keçirilən fəaliyyətə görə hələ indiyədək bir jurnalistə "gözün üstə qaşın var" deyən yoxdur. Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun fikrincə, ölkədə "söz, mətbuat azadlığı yoxdur" fikri fiksiyadır: "Çoxsaylı mətbuat orqanları hər gün heç bir maneə ilə rastlaşmadan dövlət orqanlarının fəaliyyətini araşdırır, təhlil edir, yüksək vəzifəli şəxslər, məmurlar barədə tənqidi yazılar verir. Bəzi hallarda mətbuatda etik tələblərin pozulması, təhqirlər də yer alır. Belə ölkədə "söz, mətbuat azadlığı yoxdur" fikri fiksiyadır. Biz demokratik azadlıqların olmadığı ölkələrdəki vəziyyəti bilirik, oradakı mətbuatın durumundan məlumatlıyıq. Azərbaycanda söz və mətbuat azadlığının guya boğulduğunu, azad fikrin olmadığını iddia edən bəzi xarici təşkilatlar, beynəlxalq və yerli dairələr cəmiyyətimizdə insanların sərbəst şəkildə öz fikirlərini ifadə etmək və ya mətbuata vermək imkanlarının məhdudlaşdırılmasına dair fakt göstərə bilərlərmi? Yaxud, konkret fakt əsasında deyə bilərlərmi ki, insanların azad şəkildə informasiya almaq, mətbuatı oxumaq, televiziyaya baxmaq, radiolara qulaq asmaq, internetdən istifadə etmək imkanı yoxdur? Belə faktlar olmadığına görə onların hesabatları, bəyanatları, yaydıqları məlumatlar da subyektiv, qeyri-obyektiv mülahizələrdən ibarətdir. Əgər söz və məlumat azadlığının başqa, daha demokratik nümunəsi varsa, böyük məmnuniyyətlə onunla tanış olmağa hazırıq".
2000-ci ildə Azərbaycanda Mətbuat və İnformasiya Nazirliyinin ləğv olunması ilə dövlət mətbuat üzərində nəzarət funksiyasından da imtina etdi. Hazırda postsovet məkanında yalnız Azərbaycan və Gürcüstanda mətbuat və informasiya nazirliyi yoxdur. 2003-cü ildə yaradılan və mətbuatda özünütənzimləmə funksiyasını həyata keçirən Mətbuat Şurası öz vəzifələrini uğurla yerinə yetirir.
Dünyanın heç bir yerində dövlət mətbuata birbaşa yardım etmir və ya hansısa qəzetin mətbəəyə yaranmış borcunu ödəmir. Bu mənada Azərbaycan hakimiyyəti bir sıra qəzetlərin yaranmış borcunu ödəməklə həm də mətbuat tarixində bir ilkə imza atıb. 1998-ci ildən bütün dövlət vergilərindən azad olunan çap mediasının həm də 2003-cü ilə qədər "Azərbaycan" Dövlət Nəşriyyatına olan bütün borcları dövlət tərəfindən ödənildi. Bu gün Azərbaycana iftira edənlər bunu da yaddan çıxarmamalıdırlar. Mətbuatın maddi-texniki və maliyyə bazasının möhkəmləndirilməsi məqsədilə Prezident İlham Əliyevin 2006-cı il fevralın 8-də imzaladığı "Qəzetlərin "Azərbaycan" nəşriyyatına 2001-ci il dekabrın 31-dək olan borclarının ödənilməsi haqqında" sərəncamına əsasən isə qəzetlərin 398 min manat məbləgində borcu dövlət büdcəsindən ödənilib. Borcları ödənilən qəzetlər sırasında müstəqil və müxalifyönlü qəzetlər çoxluq təşkil edib.
Azərbaycanda mətbuatın vəziyyəti ilə bağlı qərəzli şəkildə tez-tez gündəmə gətirilən məsələlərdən biri də medianın və ya jurnalistlərin peşə fəaliyyətinə görə məhkəməyə verilməsidir. Əvvəldə qeyd etdiyimiz kimi, bəzi mətbuat orqanları Azərbaycan hakimiyyətinə qarşı birmənalı olaraq qərəz və iftira yolunu tutublar. Lakin praktikada Azərbaycan hakimiyyətinin hansısa KİV-i və ya jurnalisti məhkəməyə verməsinə dair fakt yoxdur. Bu da Azərbaycan hakimiyyətinin humanizmindən və dözümlü münasibətindən irəli gəlir.
Ancaq hansısa vətəndaşın şəxsiyyət və ləyaqətinin alçaldılmasına görə medianı məhkəməyə verməsi mümkündür və praktikada belə hallar var. Bəzi KİV-lərin məhkəmələrə düşməsi bir tərəfdən onların peşəkarlığının aşağı olmasından irəli gəlirsə, digər tərəfdən peşə etikasına riayət edilməməsinə görə baş verir. Bu həm də onun göstəricisidir ki, bəziləri demokratiyanı, söz azadlığını mahiyyəti ilə anlaya bilmirlər. Demokratiya insanları məsuliyyətli fəaliyyətə səsləyir. Azərbaycan dövləti azad sözün hamisi olduğu qədər, həm də hər bir vətəndaşın hüquq və azadlıqlarının, şəxsiyyətinin toxunulmazlığının təminatçısıdır. Bununla belə, indiyə qədər medianın cavabdeh qismində iştirak etdiyi məhkəmə proseslərinin heç birində kəskin cərimələr tətbiq olunmayıb. Kəsilən cərimələr, demək olar ki, alınmayıb. Məhkəməyə düşən KİV-in ən ağır cəzası təkzib vermək olub.
Azərbaycan dövləti söz və mətbuat azadlıqlarının inkişafını respublikanın demokratikləşməsi prosesinin vacib amili kimi qəbul edir. Prezident İlham Əliyev respublikada mətbu nəşrlərin sərbəst fəaliyyətinə, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etməsinə bütün imkanların yaradılmasının tərəfdarıdır. Azərbaycan mətbuatının 130 və 135 illik yubileylərinin ölkə səviyyəsində geniş qeyd olunması, milli mətbuatın yaranmasının ildönümlərində jurnalistlərin təltif edilməsi, fəxri adlarla mükafatlandırılması, prezident təqaüdünə layiq görülməsi, habelə KİV-ə maliyyə yardımı göstərilməsi ölkə başçısının mətbuata qayğısının bariz təcəssümüdur.
Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli sərəncamı ilə təsdiqlənmiş Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası da göstərir ki, Azərbaycanda mətbuata dövlət qayğısı davamlı və sistemli səciyyə daşıyır. Bu konsepsiyanın imzalanması milli mətbuatın problemlərinin həllində keyfiyyətcə yeni mərhələnin əsasını qoydu. Dövlət başçısının 2009-cu il 3 aprel tarixli fərmanı ilə Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması dövlət dəstəyi konsepsiyasında əksini tapmış məsələlərin praktik surətdə gerçəkləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Mətbuat Şurasının yeni binasının təntənəli açılış mərasiminin keçirilməsi, jurnalistlərin mənzil probleminin həlli üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 5 milyon manat vəsaitin ayrılması da mətbuata yüksək diqqət və qayğının bariz təcəssümüdür. Xüsusi vurğulamaq lazımdır ki, mətbuat işçiləri üçün dövlət hesabına yeni mənzillərin inşası dünya miqyasında analoqu olmayan bir addımdır.
Göründüyü kimi, Azərbaycanda mətbuat və söz azadlığının təmin olunması, medianın inkişafı üçün dövlət üzərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirir. Təbii ki, media da keyfiyyətcə yeni mərhələdə sağlam jurnalistika dəyərləri əsasında fəaliyyət göstərməli, bütün konyunktur maraqlardan yüksəkdə dayanaraq cəmiyyət qarşısındakı sosial məsuliyyətini unutmamalıdır.
Rəşad
CƏFƏRLİ
Azərbaycan.- 2012.- 19 may.- S. 3.