Kənd təsərrüfatının
stimullaşdırılmasında qabaqcıl ölkələrin
təcrübəsindən istifadə edilməlidir
Azərbaycan 2020: təklif edirəm
Dövlət
ölkənin sosial-iqtisadi inkişafının sürətləndirilməsi
və əhalinin maddi rifahının daha da
yaxşılaşdırılması məqsədilə aqrar
sektorun mövcud potensialından səmərəli istifadə
edilməsini qarşıya əsas vəzifələrdən
biri kimi qoymuşdur. Bu məqsədlə 2007-ci ildən
başlayaraq dövlət büdcəsinin vəsaiti
hesabına kənd təsərrüfatının
subsidiyalaşdırması siyasəti həyata keçirilir.
Prezident
İlham Əliyevin "Kənd təsərrüfatı məhsulları
istehsalçılarına dövlət dəstəyi
haqqında" 2007-ci il 23 yanvar tarixli sərəncamına
uyğun olaraq, ölkədə istehsalı
stimullaşdırmaq və əhalinin çörək və
çörək məhsullarına olan tələbatını
daxili istehsal hesabına ödəmək məqsədilə
buğda və çəltik istehsalçılarına səpilən
hər hektar sahəyə görə əlavə 40 manat
yardım verilir. Bundan əlavə, kənd təsərrüfatı
məhsulları istehsalçılarına əkin sahəsinin
becərilməsində istifadə etdikləri yanacaq və
motor yağları üçün subsidiyalar ödənilir.
Qeyd edək ki, 2007-2011-ci illər ərzində
istehsalçılara yanacaq və motor yağlarına görə
264,1 milyon, buğda və çəltik səpininə görə
121,3 milyon, ümumilikdə isə 385,4 milyon, manat yardım
ödənilmişdir. Bu illər ərzində həmin
subsidiya və yardımdan aqrar sektorda çalışan 400
mindən çox hüquqi və fiziki şəxs bəhrələnmişdir.
Bununla
yanaşı, "Aqrolizinq" ASC-nin xətti ilə ölkəmizə
idxal olunan kənd təsərrüfatı texnikası,
texnoloji avadanlıqlar, mineral gübrələr və yüksək
məhsuldar damazlıq heyvanlar lizinq yolu ilə kənd təsərrüfatı
məhsulları istehsalçılarına, emal və xidmət
sahələri ilə məşğul olan sahibkarlara verilir və
ya güzəştlə satılır. Hazırda bütün
rayonlarda "Aqrolizinq" ASC-nin aqroservis filialları fəaliyyət
göstərir. ASC, eləcə də digər hüquqi
və fiziki şəxslər tərəfindən
ölkəyə idxal olunan mineral gübrələrin dəyərinin
orta hesabla 50-70 faizinin güzəştlə kənd təsərrüfatı
məhsulu istehsalçılarına satılması ilə əlaqədar
dövlət büdcəsinin vəsaiti hesabına 52,3
milyon manat subsidiya ödənilmişdir.
Son
illər kənd təsərrüfatında toxumçuluq və
tinglik sahəsinin tənzimlənməsi, toxumçuluq
bazasının möhkəmləndirilməsi istiqamətində
görülən işlər daha da gücləndirilmişdir.
Dövlət və özəl toxumçuluq təsərrüfatlarının
dəstəklənməsi üçün toxumçuluq və
tinglik təsərrüfatlarından satılan 1-ci və 2-ci
reproduksiyalı toxumlara və tinglərə görə
dövlət büdcəsinin vəsaiti hesabına təsərrüfatlara
2007-2011-ci illərdə 21,1 milyon manat subsidiya ödənilmişdir.
Bununla yanaşı, dövlət büdcəsindən elmi-tədiqat
təşkilatlarına orijinal, superelit və elit toxumlara
çəkilən xərclərin ödənilməsinə
4,1 milyon manat vəsait verilmişdir. Beləliklə,
2007-2011-ci illərdə kənd təsərrüfatı məhsulları
istehsalçıları dövlət büdcəsindən
462,9 milyon manat subsidiya almışlar. Aqrar sahədə
istehsalçılara texnikaların güzəştli şərtlərlə
satılması və ya lizinqə verilməsi, kiçik və
orta sahibkarlığın inkişafına maliyyə dəstəyinin
göstərilməsi, kənd təsərrüfatı məhsulları
istehsalçılarına vergi güzəştlərinin edilməsi
(torpaq vergisi istisna olmaqla) kənd təsərrüfatının
inkişafına öz əhəmiyyətli təsirini göstərmiş,
kənd təsərrüfatı məhsullarının
istehsalını stimullaşdırmışdır.
Buna
baxmayaraq, aqrar sektorda istehsalçıların
maraqlarını təmin etmək üçün kənd təsərrüfatına dövlət dəstəyi ildən-ilə
artırılır. Bu, həm də dövlətin qeyri-neft
sektoruna daim artan qayğısı deməkdir. Görülən
işlər nəticəsində kənd təsərrüfatı
məhsullarının istehsalı artmaqla bərabər,
mövcud ehtiyatlardan daha dolğun istifadəyə,
istehsalçıların gəlirlərinin artmasına və ərzaq
təminatının yaxşılaşdırılmasına da
təsir göstərir.
İnkişaf etmiş ölkələrdə aqrar sahədə dayanıqlı inkişafa nail olmaq üçün kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən birbaşa və ya dolayısı ilə ayrılan subsidiyalarla yanaşı, bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin maliyyə çatışmazlığı probleminin aradan qaldırılması üçün güzəştli şərtlərlə kreditlər verilməsi, verilən kreditlərə görə istehsalçının ödəməli olduğu faiz məbləğinin müəyyən hissəsinin dövlətin büdcə vəsaiti və ya xüsusi fondların vəsaitləri hesabına ödənilməsi təcrübəsi vardır. Təcrübə göstərir ki, bütün inkişaf etmiş ölkələrdə kənd təsərrüfatı məhsulları istehsalçıları müxtəlif formalarda dövlət tərəfindən dəstəklənir və onlara dövlət büdcəsindən yardım olunur. Öz ölkələrinin ərzaq təhlükəsizliyini təmin etmək və kənd əhalisinin şəhərə ifrat axınının (miqrasiyasının) qarşısını almaq məqsədilə əksər dövlətlər aqrar sektoru subsidiyalaşdırmaq məcburiyyətində qalırlar. Məhsul istehsalının artırılmasına yönəldilən və dövlət dəstəyinin əsas növlərindən sayılan subsidiya əsas etibarilə kənd təsərrüfatı infrastrukturunun inkişafına, istehsalın kreditləşməsinə, ətraf mühitin qorunmasına, kənd təsərrüfatında elmi-texniki işlərin həyata keçirilməsinə, ehtiyacı olan bir qrup əhalinin ərzaqla təmin edilməsinə, ərzaq məhsulları istehsalının təhlükəsizliyinə yönəldilir. Bir sıra ölkələrdə isə bazarı tənzimləmək üçün tələbatdan artıq istehsal edilən məhsul istehsalını nizamlamaq üçün əmtəə istehsalçılarına subsidiya verilir.
Avropa İttifaqının büdcəsində kənd təsərrüfatına verilən subsidiyaların məbləği son dövr hər il üçün orta hesabla Aİ büdcəsinin təqribən 40 faizini təşkil edir. Bu məbləğin 50 faizi qiymətlərin dəstəklənməsinə, 10 faizi kənddə infrastrukturun inkişafına, 25 faizi 1 hektar torpağa və 1 baş mal-qaraya hesablanmaqla ödənilir. Subsidiyalar hər bir fermer təsərrüfatına onun istehsal etdiyi məhsulun həcmindən asılı olaraq müəyyənləşdirilir.
Sənayesi inkişaf etmiş ölkələrdə dövlət tərəfindən kənd təsərrüfatına xərclənən subsidiyaların payı çox yüksəkdir. Məsələn, Norveçdə bu dəstək dövlət büdcəsi xərclərinin yarıdan çoxunu təşkil edir. Demək olar ki, bütün inkişaf etmiş ölkələrdə aqrar sektorun fəaliyyəti kənd təsərrüfatı haqqında qəbul edilmiş qanunlara uyğun nizamlanır. Məsələn, ABŞ, Kanada və Avstraliyada həmin qanunlara əsasən təsdiq edilmiş çoxsaylı və məqsədli proqramlarda əsas diqqət kənd təsərrüfatının idarə edilməsinə, kəndin sosial inkişafına, fermerlərin gəlirlərinin dəstəklənməsinə, ərzaq ehtiyatlarının yaradılmasına, fermerlərdən məhsulların stabil qiymətlərlə alınmasına, kiçik biznesin himayə olunmasına, fermerlərin təhsilinin artırılmasına, ətraf mühitin qorunmasına yönəldilir və bu xərclər dövlət tərəfindən maliyyələşdirilir. Başqa bir fakt: ABŞ-ın büdcə xərclərinin əhəmiyyətli bir hissəsi təminatlı qiymət mexanizmi tətbiq etməklə fermerlərin gəlirlərinin sabit saxlanmasına yönəldilir. Eyni zamanda vergi güzəştləri tətbiq edilir və güzəştli faizlərlə kreditvermə mexanizmindən istifadə olunur. ABŞ Prezidentinin təbii fəlakət elan etdiyi zonalarda isə fermerlərə çox aşağı faizlərlə 7-20 il müddətinə kreditlər verilir.
İnkişaf etmiş ölkələr kənd təsərrüfatının subsidiyalaşdırılmasını birbaşa fermerlərə vəsait verməklə və ya qiymətlərin sabit saxlanması, infrastrukturun yaradılması, vergilərin azaldılması, sığorta tədiyyələrinin 50 faizinin büdcə vəsaiti hesabına ödənilməsi və s. üsullarla həyata keçirirlər. Yenə də ABŞ-ın təcrübəsinə nəzər salaq. Bu ölkənin aqrar siyasəti kənd təsərrüfatı məhsullarını sabit qiymətlərlə satılmasını təmin edir. Əgər fermerin məhsulunun qiymətləri bazar qiymətlərindən aşağı olarsa, onda həmin qiymət fərqi dövlət büdcəsindən fermerlərə ödənilir. Yeri gəlmişkən qeyd edək ki, belə təcrübə Türkiyədə də mövcuddur.
Amma burada bir məsələ var. Qiymətlərin dəstəklənməsi
bəzi hallarda böyük həcmdə kənd təsərrüfatı
məhsullarının artıqlığına
səbəb olur. Belə olan
halda isə dövlət fermerlərin
satdığı məhsulların
qiymətlərinin sürətlə
aşağı düşməsinin
qarşısını almaq
üçün həmin
məhsulları almaq məcburiyyətində qalır.
Kənd təsərrüfatının inkişafına
dəstək kimi subsidiyalaşdırma mexanizmi,
demək olar ki, Müstəqil Dövlətlər Birliyinə
daxil olan bütün ölkələr
tərəfindən tətbiq
edilir. Bu ölkələrdə
subsidiyalaşdırılan məhsullar strateji maraqlardan asılı olaraq müxtəlifdir
və subsidiyalar məqsədli proqramların
icrasına yönəldilir.
Bu siyasət dünya
təcrübəsi nəzərə
alınaraq aqrar siyasətin zəruri şərtlərindən biri
kimi müntəzəm
olaraq təkmilləşdirilir.
İndi
isə "Azərbaycan-2020: gələcəyə baxış"
İnkişaf Konsepsiyası
layihəsinin müzakirəsi
ilə bağlı bir
neçə təklif
vermək istərdik.
Dünya
təcrübəsindən çıxış
edərək təklif
edirəm ki, kənd təsərrüfatı
məhsulları istehsalçılarına
əkin sahəsinin becərilməsində istifadə
etdiyi yanacaq və motor yağlarına
görə dövlət
yardımının verilməsində
əsas meyar bir hektar əkin
sahəsi saxlanılmaqla,
yardımın məbləğinin
hər bir bitki üçün onun becərilməsində
texnikadan istifadə dərəcəsinə mütənasib
olaraq differensiasiya edilsin. Yardımın təklif olunan
variantda verilməsi becərilməsində texnikadan
daha çox istifadə olunan pambıqçılıq, üzümçülük,
meyvəçilik və
digər sahələrin
inkişaf etdirilməsinə
stimulu artıra bilər. Hesab edirik ki, pambıq üçün
hər hektara 80, üzüm və kartofun hər biri üçün hektara 60 manat subsidiya verilməsi məqsədəuyğun olar.
Ayrı-ayrı bitkilərin bioloji xüsusiyyətləri və
respublikamızın iqlim
şəraiti eyni sahədən bir təsərrüfat ilində
iki məhsul götürməyə imkan
verir. Bu o deməkdir ki, həmin sahəyə bir təsərrüfat ilində
yalnız bir dəfə məhsul götürülən sahələrə
nisbətən iki dəfə artıq yanacaq və motor yağları işlədilir.
Lakin yardım bir dəfə üçün
verilir. Yaxşı olardı ki,
istehsalçının marağını
artırmaq məqsədilə
ikinci məhsul üçün əkinlərə
də yardım verilsin. Həm də bu sahələrə yanacağın
dəyərinin 70-75 faizi
dövlət tərəfindən
ödənilsin.
Türkiyədə kənd təsərrüfatına
müxtəlif dəstəklər
verilir. Bunlar alternativ məhsul,
torpaq analizi, yanacaq, gübrə, fərq ödəmə, heyvandarlıq dəstəkləri
və s-dən ibarətdir. Ümumiyyətlə, Türkiyənin kənd təsərrüfatında 50-dək sahəyə, 100-dək fəaliyyət
növünə dəstək
verilir. Təkcə
2010-cu ildə bitkiçilikdə
və heyvandarlıqda
çalışan istehsalçılara
3,8 milyard dollar məbləğində subsidiyalar
ödənilmişdir. Qardaş
ölkənin Ərzaq,
Kənd Təsərrüfatı
və Heyvandarlıq Nazirliyinin təcrübəsindən
bəhrələnərək, kənd təsərrüfatı istehsalçılarının
dövlət dəstəyini
həyata keçirmək
üçün Azərbaycanda
da elektron qeydiyyat sistemi yaradılmalı, lazımi
sahə, məhsul və işlərə dəstək həddi müəyyən edilməli,
normativ-hüquqi baza yaradılmaqla konkret tədbirlər həyata keçirilməlidir.
İslam İBRAHİMOV,
Kənd Təsərrüfatı Nazirliyinin
şöbə müdiri, iqtisad
elmləri
doktoru, professor
Azərbaycan.- 2012.- 19 may.- S. 3.