Sabirabadda respublika
seminar-müşavirəsi keçirilmişdir
Mayın 18-də Sabirabad şəhərindəki mədəniyyət evində süni mayalama texniklərinin respublika seminar-müşavirəsi keçirilmişdir. AzərTAc xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmiş, mədəniyyət evinin foyesində damazlıq işinə dair stendlərlə tanış olmuşlar.
Seminar-müşavirədə 56 rayonun süni mayalama texnikləri, rayon icra hakimiyyəti başçılarının aqrar məsələlər üzrə müavinləri, baytarlıq idarələrinin rəisləri, süni mayalama mərkəzlərinin müdirləri və ərazi kənd təsərrüfatı idarələrinin rəisləri iştirak etmişlər.
Kənd təsərrüfatı naziri İsmət Abasov müşavirədə çıxış edərək demişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci il 25 avqust tarixli sərəncamı ilə təsdiq edilmiş "2008-2015-ci illərdə əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nda və regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramında aqrar bölmənin heyvandarlıq sahəsində mal-qaranın cins tərkibinin yaxşılaşdırılması və bu sahədə məhsuldarlığın yüksəldilməsi aktual vəzifə kimi qarşıya qoyulmuşdur.
Nazir bildirmişdir ki, ölkədə süd istehsalının 2015-ci ildə 2,4 milyon tona, ət istehsalının isə 340 min tona çatdırılması nəzərdə tutulmuşdur.
Bu məqsədə çatmaq üçün heyvandarlıq sahəsində süni mayalama tədbirlərinin əhəmiyyətini qeyd edən İ.Abasov 2007-ci ildən başlayaraq respublikada 500 süni mayalama texnikinin hazırlandığını, onlara dövlət hesabına süni mayalama avadanlığı və motosiklet verildiyini bildirmişdir.
Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov kənd təsərrüfatının aparıcı sahəsi olan heyvandarlığın inkişafı sahəsində rayonda qazanılmış uğurlardan söhbət açaraq qeyd etmişdir ki, 2011-ci ildə rayonda iribuynuzlu mal-qaranın sayı 110 min baş olmuşdur. Bu, əvvəlki illə müqayisədə 3 min baş çoxdur. Davarların sayı isə 6 min baş artaraq 185 min başa çatdırılmışdır.
Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri
Çingiz Fərəcov respublikada
iribuynuzlu heyvanlar
arasında aparılan süni mayalama işlərinin vəziyyəti və onun daha da
yaxşılaşdırılması tədbirləri
haqqında məlumat vermişdir. Seminar-müşavirədə çıxış
edən Sabirabad Rayon İcra Hakimiyyəti
başçısının aqrar məsələlər
üzrə müavini Heydər Yaqubov, Respublika Süni Mayalama Mərkəzinin
direktoru Ramiq Abbasov, Abşeron rayon Baytarlıq idarəsinin rəisi Fəxrəddin
Səmədov, Göyçay Süni Mayalama Mərkəzinin müdiri Kərim Babayev, rayonların süni
mayalama texnikləri ötən il və bu ilin
dörd ayında süni
mayalama sahəsində görülən
işlərdən, həyata keçirilən tədbirlərdən
danışmış, mövcud problemlərlə
bağlı təkliflərini bildirmişlər. Tədbirdə
2011-ci ildə heyvanların süni
mayalanması sahəsində əldə etdiyi
yüksək göstəricilərə görə 10 nəfər
süni mayalama texnikinə
Kənd Təsərrüfatı Nazirliyinin
fəxri fərmanları və pul
mükafatı təqdim edilmişdir.
Seminar-müşavirəyə kənd təsərrüfatı
naziri İsmət Abasov
yekun vurmuşdur.
Azərbaycan.- 2012.- 19 may.- S. 3.