Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 20-ci ildönümünə həsr olunmuş tədbirdə Laçınsız... filmi təqdim edilmişdir

 

 Mayın 18-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 20-ci ildönümü ilə əlaqədar hazırlanmış "Laçınsız..." filminin təqdimat mərasimi keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirlikləri və beynəlxalq təşkilatların təmsilçiləri iştirak etmişlər.

İştirakçılar əvvəlcə teatrın foyesində Laçın rayonundan bəhs edən fotostend və sərgi ilə tanış olmuşlar.

Tədbirdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılov demişdir ki, bu gün özünəməxsus gözəlliyə, füsunkar təbiətə, çox mühüm strateji əhəmiyyətə malik olan Laçın rayonunun erməni silahlı qüvvələri tərəfindən işğalından 20 il ötür. Doğma yurd həsrəti ilə yaşayan hər bir laçınlı üçün may ayının bu günləri ən ağır günlərdən birinə çevrilmişdir.

1992-ci ilin mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən Laçın rayonunun bir şəhəri, bir qəsəbəsi, 125 kəndi, 1835 kvadratkilometrlik ərazisi işğal edilmişdir.

İşğal zamanı rayon sakinlərindən 238 nəfəri ermənilər tərəfindən ağır işgəncələr və insanlığa yaraşmayan üsullarla öldürülmüş, 66 nəfər itkin düşmüş, 120 nəfər sakinimiz əlil və şikəst olmuş, yüzlərlə uşaq isə valideynini itirmişdir. Faciədən 20 il ötməsinə baxmayaraq, rayonun işğalı zamanı itkin düşmüşgirov götürülmüş 66 nəfər rayon sakininin taleyi bu gün də məlum deyildir. İşğal nəticəsində 58 mindən çox rayon sakini respublikanın 59 rayon və şəhərindəki 800-dən çox yaşayış məntəqəsinə səpələnmişdir.

Bildirilmişdir ki, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsi,  ölkəmizin ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı barədə BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə, eləcə də Qarabağ müharibəsi ilə bağlı Avropa İttifaqı, Avropa Şurası və digər beynəlxalq təşkilatların qəbul etdikləri qərarlara hələ də təcavüzkar dövlət tərəfindən məhəl qoyulmur. Tədbir iştirakçıları BMT və digər beynəlxalq təşkilatların son zamanlar İraq, Liviya ilə bağlı qəbul etdikləri qətnamələrin dərhal icra edilməsi mexanizmini təcavüzkar Ermənistanla bağlı 19 il əvvəl qəbul edilmiş qətnamələrə də şamil olunmasını tələb etmişlər.

Prezident İlham Əliyevin bütün məcburi köçkünlər kimi laçınlılara da göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirən tədbir iştirakçıları vurğulamışlar ki, dövlət başçısının rəhbərliyi altında tezliklə torpaqlarımız erməni işğalçılarından azad ediləcəkdir. Ölkəmizin ərazi bütövlüyü bərpa olunacaq, bütün məcburi köçkünlər kimi, laçınlılar da ata-baba yurdlarına qayıdacaqlar.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov çıxış edərək demişdir ki, artıq belə tədbirlərin formatında dəyişikliklər etməyin, mübarizə ruhlu mərasimlərə üstünlük verilməsinin vaxtı çatmışdır.

Natiq demişdir ki, Ermənistan silahlı qüvvələri Şuşa və Laçını Rusiyanın keçmiş müdafiə naziri Pavel Qraçovun dəstəyi ilə işğal etmişlər. P.Qraçovun anasının erməni olduğu da heç kim üçün sirr deyildir. Mayın 8-də Şuşanın işğalı vaxtı o, Rusiyanın müdafiə naziri vəzifəsini icra edib, mayın 17-də isə Pavel Qraçov Rusiyanın müdafiə naziri təyin edilmişdir. 1992-ci il mayın 18-də Qraçovun dəstəyi ilə Laçın erməni silahlı birləşmələri tərəfindən işğal olunmuşdur.

Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində böyük rol oynadığını deyən Ə.Həsənov bu ölkənin yeni seçilmiş Prezidenti Vladimir Putinin münaqişənin ədalətli həllinə yardımçı olacağına əminliyini bildirmişdir.

Baş nazirin müavini bildirmişdir ki, Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti sayəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi öz müsbət həllini tapacaqbütün işğal altındakı torpaqlarımız düşmən tapdağından azad olunacaqdır.

Tədbirdə Laçın rayonundan olan məcburi köçkün, şəhid övladı, bir yaşında olarkən ailəsi ilə birlikdə düşmən tərəfindən əsir götürülmüş, əsirlikdə anasını itirmiş və erməni hərbçilərinin qeyri-insani davranışı nəticəsində görmə qabiliyyətindən tam məhrum olmuş Nurlana Nursuz başına gətirilmiş müsibətlərdən söz açmışdır.

Mərasimdə Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 20-ci ildönümü ilə əlaqədar laçınlı məcburi köçkünlərin Prezident İlham Əliyevə ünvanladıqları müraciət oxunmuşdur. Müraciət Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində məskunlaşmış laçınlı məcburi köçkünlərin mayın 15-də keçirilmiş ümumrespublika toplantısında qəbul edilmişdir.

Sonra Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 20-ci ildönümü ilə əlaqədar laçınlı məcburi köçkünlərin BMT, Avropa Şurası, ATƏT və xarici ölkələrin Azərbaycandakı səfirliklərinə müraciətləri oxunmuşdur.

Tədbir iştirakçıları "Laçınsız..." filminə böyük ürək ağrısı ilə tamaşa etmişlər. Ermənilərin xalqımızın, eləcə də laçınlıların başına gətirdikləri faciələr filmdə təkzibolunmaz faktlarla öz əksini tapmışdır.

 

 

Azərbaycan.- 2012.- 19 may.- S. 4.