AY LAÇIN...
Şuşa kimi Laçının da işğalından 20 il ötür. Artıq neçə ildir Laçının adı çəkiləndə işğalın ilk illərində çəkilən "Laçın dəhlizi" filmi də yada düşür.
Türkiyə-Azərbaycan istehsalı olan, hər iki ölkə aktyorlarının da qatıldığı bu filmdə əsas ideya və məqsəd Ermənistan-Azərbaycan hərbi qarşıdurmasında həlledici rol oynayan Laçın dəhlizinin geri qaytarılması və düşmən arxasında bu məqsədə doğru irəliləyən əsgər və zabitlərin göstərdikləri qəhrəmanlıq və rəşadətdir. Bu qəhrəmanlar arasında qadınlarımız, qızlarımız da vardı...
Şuşadan Laçına 44 kilometrdir
Laçının işğalı ermənilərin uzun illər ərzində qurduğu ən məkrli planlardan biri idi - Laçının ələ keçirilməsi Ermənistanın Qarabağa yolunun tamamilə açılması demək idi. Hələ 1924-cü ildə - DQMV yarandıqdan sonra Laçının rayon statusu alması o vaxtkı Azərbaycan hakimiyyətinin erməni təcavüzünə, erməni niyyətinə bəlkə də ən güclü taktiki addımlarından biri idi. Hələ o vaxt görkəmli yazıçı və dövlət xadimi Tağı Şahbazi Simurğun təşəbbüsü ilə yaxınlıqdakı əzəmətli dağa görə "Laçın" adlandırdığı bu şəhər bütün dövrlərdə özündə itirilmiş torpaqların həsrətini də, ağrısını da, qisasını da yaşadırdı...
1988-ci ildən sonra ermənilərin Laçınla bağlı gizli niyyəti üzə çıxmağa başladı. O vaxt artıq ermənilər Laçında bir neçə mülki şəxsi qətlə yetirmişdilər. Məhz buna görə də Laçın rayon polis şöbəsinin nəzdində ilk xüsusi təyinatlı milis rotası yaradılmışdı. Həmin rota Laçın rayonunun Ermənistanla sərhəd kəndlərində azərbaycanlıları ermənilərin ehtimal edilən hücumlarından qorumağa cavabdeh idi. O vaxtkı Azərbaycanın daxili işlər naziri, general Məhəmməd Əsədov bütün Qarabağda əhəmiyyətinə görə ən strateji rayonlardan biri hesab olunan Laçının təhlükəsizliyini təmin etməkdən ötrü Laçınla Şuşanın arasında yerləşən Qaladərəsi, Göytala və digər kəndlərdən separatçı ermənilərin çıxarılması üçün plan hazırlayırdı. 1990-1991-ci illərdə xüsusi təyinatlı milis dəstəsi Şuşa milis şöbəsi və daxili qoşunların iştirakı ilə keçirilən əməliyyat nəticəsində həmin kəndlərdəki erməni separatçıları tutuldu, münaqişə ocağına çevrilən kəndlər tamamilə boşaldıldı. Yeri gəlmişkən, Azərbaycanın Milli Qəhrəmanı, jurnalist Salatın Əsgərova o illərdə məhz həmin kəndlərin yaxınlığında - Laçın-Şuşa yolunda erməni quldurları tərəfindən qətlə yetirilmişdi.
Dağlıq Qarabağın azərbaycanlılar yaşayan bir neçə şəhər və kəndini ələ keçirdikdən və mayın 8-də Şuşanı işğal etdikdən sonra Ermənistan silahlı qüvvələri öz məkrli planlarını həyata keçirmək üçün Ermənistanla birbaşa əlaqələri üçün vacib olan Şuşa-Laçın-Zabux yolunu açmağa başladılar. Burada söhbət Şuşa ilə Laçın arasındakı 44 kilometrlik məsafədən gedirdi və bu ərazini tutmaq üçün ermənilərin qurduğu planın tarixi çox əvvəllərə gedib çıxırdı...
Şuşadan sonra...
Şuşanı tərk edərək Turşsu və Laçına doğru geri çəkilən döyüşçülərin mənəvi-psixoloji vəziyyəti yaxşı deyildi. Texnikanın sayının az olmasını və Bakıda baş verən hakimiyyət çəkişmələrini də bura əlavə etsək, Laçını hansı faciələrin gözlədiyini təsəvvür etmək olar...
Artıq Laçın şəhərinin mərkəzi Turşsu və Gorus, Tex və Xınatsax istiqamətindən qrad və toplarla vurulurdu. Həmin ərəfədə döyüşçülərimizin Ermənistanla sərhəddə təlim silahları və çoxu işləməyən 28 BTR-lə dayanması və orduda yaranan hərc-mərclik, başıpozuqluq öz işini gördü. Ermənistan isə bütün qüvvəsini, demək olar, buraya cəmləşdirmişdi...
Mayın 16-17-si Laçında qalan digər hərbçilər də ərazini tərk etməyə başladılar. Yerli qüvvələr Laçının işğal ediləcəyini anlayaraq öz ailələrini şəhərdən çıxarırdı. Müdafiə Nazirliyinin bölmələri isə bölünərək Kəlbəcər və Qubadlı istiqamətinə çəkildi.
Bütün bunlar isə artıq Laçının süqutu demək idi. Minlərlə insanın yaşadığı 125 kəndin, 1 şəhərin, 1 qəsəbənin taleyi belə həll olundu. 101 ümumtəhsil məktəbi, 217 mədəniyyət mərkəzi, 140 səhiyyə obyekti, 200-dən çox IX-XV əsrlərə aid tarixi abidə hələ də erməni işğalçılarının tapdağı altındadır.
Ermənistan rəhbərliyi və Dağlıq Qarabağ separatçı rejiminin təşəbbüsü ilə 1993-cü ilin dekabrından Laçın şəhərinin yenidən qurulmasına başlanılıb. Hazırda bütün Dağlıq Qarabağa köçürülüb gətirilən ermənilərin ən sıx məskunlaşdığı yer Laçın şəhəri və onun kəndləridir. Burada 12 min erməni yerləşdirilib. Laçının adı dəyişdirilərək "Berdzor", məşhur Minkənd "Xak", Alıqulular "Alqumişen", Sultankənd "Xaşatax" adlandırılıb. Laçındakı qədim ibadət yerlərimiz, məscid və digər tarixi abidələrimiz "erməniləşdirilib". Bir sözlə, min illər boyu Laçında əsrlərin və qərinələrin yaşıdı olan abidələr, qalalar yadellilərin hücumlarından qorunsa da, Qarabağ savaşlarından aldığı zərbələr daha ağır oldu, daş-divarlardakı tariximiz silinərək "erməniləşdirildi" və dünyaya "qədim erməni xalqının yazılı abidələri" kimi təqdim edilməyə başlandı.
Laçına, Laçın dəhlizinə doğru...
..."Laçın dəhlizi" filminin qəhrəmanları düşmən arxasında verdikləri itkilərə baxmayaraq, çətinliklə də olsa, Şuşa-Laçın arasındakı 44 kilometrlik həmin yola çatırlar. Yaralı zabit son gücünü toplayaraq ermənilər üçün "həyati" əhəmiyyət kəsb edən bu yolu partladır və Azərbaycan Bayrağını həmin yolun üzərindəki hündür bir yerdə başı üzərinə qaldırır. Ölür, amma məqsədinə çatır. Axtarsaq, bu, təkcə bir dəhliz - "koridor" məsələsi, elə bir bədii film məsələsi də deyil. Şuşa, Laçın, Ağdam, Kəlbəcər, ümumiyyətlə, bütün Qarabağ, əsrin əvvəllərində olduğu kimi, hamımızın ümummilli işi, ümumxalq məsələsidir...
Bəxtiyar QARACA
Azərbaycan.- 2012.- 19 may.- S. 4.