Yevlaxda Laçının işğalının 20-ci ildönümü ilə bağlı tədbir keçirilmişdir

 

 Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatında Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 20-ci ildönümü ilə əlaqədar yığıncaq keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Laçın rayonunun işğalı və Qarabağ müharibəsi zamanı şəhid olmuş soydaşlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Laçın rayonuna həsr olunmuş sənədli film nümayiş etdirilmişdir.

Tədbirdə çıxış edənlər Ermənistanın ölkəmizə qarşı apardığı qəsbkarlıq müharibəsindən, respublikamızın dilbər guşələrindən olan Laçın rayonunun işğal edilməsindən danışmışlar. Bildirilmişdir ki, Laçın rayonunun işğalı nəticəsində 1 şəhər, 1 qəsəbə, 125 kənd talan edilərək dağıdılmış, 58 min 736 nəfər laçınlı öz doğma torpağından didərgin düşmüşdür. Qarabağ müharibəsində 238 nəfər laçınlı şəhid olmuş, 66 nəfər girov götürülmüş, 120 nəfər sağlamlığını itirmiş, yüzlərlə uşaq yetim qalmışdır.

Yevlaxda məskunlaşmış laçınlı məcburi köçkünlərdən Məhəbbət Hümbətov, Bakir Quliyev və başqaları yığıncaqda çıxış edərək ermənilərin törətdikləri vəhşiliklərdən danışmış, işğal altında olan bütün torpaqlarımızın Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində tezliklə mənfur düşməndən azad olunacağına əminliklərini ifadə etmişlər.

 

 

Azərbaycan.- 2012.- 19 may.- S. 4.