Ekologiya və Təbii Sərvətlər Nazirliyi Laçının işğal olunmasının 20-ci ildönümü ilə əlaqədar məlumat yaymışdır

 

 Azərbaycanın təbii sərvətlərlə zəngin olan Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 20 il keçir.

Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a daxil olan  məlumatda bildirilir ki, Turşsu, Qaladərəsi, Ağanus, Xırmanlar, Tiqiq, Turş-tiqiq, Nurəddin, Nağdalı, Hacıxanlı kimi müalicəvi əhəmiyyətli bulaqları ilə məşhur olan Laçın rayonu həm də civə, əhəngdaşı, tuf, gil, qum-çınqıl qarışığı,  əlvan bəzək daşı, vulkan külü və mineral su yataqları ilə tanınırdı.

1961-ci ildə rayon ərazisində nadir təbiət komplekslərini qorumaq üçün yaradılan Laçın Dövlət Təbiət Yasaqlığı 20 min hektar, 1987-ci ildə yaradılan Qaragöl Dövlət Təbiət Qoruğu isə 240 hektar ərazini əhatə edirdi. Qoruqda 68 növdən və 27 fəsilədən ibarət bitki örtüyü vardır.

Məlumatda deyilir ki, yasaqlığın ərazisindəki Hacışamlı meşəsində dünyada ən qiymətli növ olan qırmızı palıd (qızıl palıd) vardır. Bu ağac Azərbaycanda yalnız həmin yasaqlıqda yayılmışdır.

Laçın rayonu üzrə 33 min 285 hektar meşə fondu torpaqları vardır ki, bunun da meşə ilə örtülü sahəsi 26 min 647 hektar idi. Meşələrdə şam, palıd, vələs, göyrüş, ağcaqayın, qarağac, akasiya, qovaq, söyüd, dəmirqara, armud ağacları üstünlük təşkil edirdi.

Rayonda Həkəri çayının sağ sahilində və Zabux kəndində 400 yaşlı  2 ədəd Şərq çinarı, dövlət meşə fondu torpaqlarında 1092 hektar sahəni əhatə edən ardıc, şabalıd və qaraçöhrə ağacları mühafizə olunurdu.

 

 

Azərbaycan.- 2012.- 19 may.- S. 4.