Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri aktual məsələləri müzakirə etmişlər

 

Mayın 18-də gənclər və idman naziri Azad Rəhimov Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin üzvləri ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, əvvəlcə Azad Rəhimov YAP Gənclər Birliyinin fəaliyyəti və gördüyü işlər haqqında danışmışdır. Birliyin   həyata keçirdiyi layihələrdən bəhs edən A.Rəhimov nazirlik tərəfindən 217 gənclər təşkilatının qeydiyyata alındığını söyləmişdir. Gəncləri maraqlandıran, narahat edən məsələlərdən, xüsusilə də son dövrlərdə onların sosial şəbəkələrdə fəallığının artmasından söz açan nazir Azərbaycan həqiqətlərinin dünyada təbliği, ölkənin ictimai-siyasi həyatında gənclərimizin sağlam düşüncəyə əsaslanan mövqe nümayiş etdirmələrini təqdirəlayiq hal kimi qiymətləndirmişdir.

YAP Gənclər Birliyinin sədri Seymur Orucov rəhbərlik etdiyi qurumun həyata keçirdiyi tədbirlər və qarşıya qoyulan məqsədlər haqqında  məlumat vermişdir.  Qeyd etmişdir ki, YAP Gənclər Birliyi beynəlxalq və regional əlaqələrini gücləndirir və qurumun qarşıya qoyduğu başlıca məqsəd ideoloji nailiyyətlərin əldə edilməsidir.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin gənclərə yüksək diqqət və qayğısını xatırladan S.Orucov bu siyasətin Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirildiyini vurğulamışdır. Bildirmişdir ki, məhz Prezident İlham Əliyevin bu diqqət və qayğısı nəticəsində gənclərimizin dünyanın ən qabaqcıl universitetlərində təhsil alması, onların sosial problemlərinin həlli, eləcə də ictimai-siyasi fəallığının artırılması məqsədi ilə müxtəlif  proqram və layihələr həyata keçirilir.

Sonda görüşdə iştirak edən gəncləri maraqlandıran məsələlər  ətrafında fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.- 2012.- 19 may.- S. 4.