ABŞ Konqresinin üzvü Virciniya Foks Şuşa şəhərinin işğalının ildönümü ilə bağlı bəyanat vermişdir

 

 Azərbaycanın qədim mədəniyyət beşiyi olan Şuşa şəhərinin erməni silahlı qüvvələri tərəfindən işğal edilməsinin 20-ci ildönümü ilə bağlı ABŞ Konqresinin Nümayəndələr Palatasında fəaliyyət göstərən Azərbaycan üzrə işçi qrupunun üzvü xanım Virciniya Foks bəyanatla çıxış etmişdir. Konqresin Şimali Karolinadan olan respublikaçı üzvü bildirmişdir ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Şuşa şəhəri 20 il əvvəl erməni silahlı qüvvələri tərəfindən zəbt olunmuş və dağıdılmışdır. Üç tərəfdən hücuma məruz qalan Şuşada çoxlu sayda dinc sakin həlak olmuşdur.

Amerikalı qanunverici vurğulamışdır ki, bu faciəvi hadisə nəticəsində Şuşanın zəngin tarixi və mədəni irsi, o cümlədən qədim muzeylər, dini abidələr, musiqi məktəbləri və digər tarixi yerlər 20 ildir ki, azərbaycanlılar üçün əlçatmaz olmuşdur. Şuşa şəhəri də daxil olmaqla, Dağlıq Qarabağ bölgəsinin Azərbaycana qanuni məxsusluğunu təsdiqləyən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə baxmayaraq, bölgə hələ də işğal altındadır.

Virciniya Foks demişdir: "Bu gün biz, Vətənlərini müdafiə edərkən həlak olanları və Vətəndən ayrı düşənləri yad edirik. Ümid edirəm ki, Dağlıq Qarabağ münaqişəsinə tezliklə son qoyulacaq, insanlar öz yurdlarına qayıdıb əmin-amanlıq içərisində yaşayacaqlar".

 

 

Şəfəq AKİFQIZI

 

Azərbaycan.- 2012.- 19 may.- S. 4.