Eurovisionda möhtəşəm Azərbaycan imzası

 

 Azərbaycanın 57 illik tarixi olan populyar "Eurovision" mahnı müsaqbiqəsində iştirakı 2008-ci ildən başlasa da, ölkəmiz yarışmada qısa müddət ərzində çox böyük uğurlara imza atıb. İlk yarışmada 8-ci yeri tutmaqla, sonrakı 2009-cu və 2010-cu illərdə ilk beşliyə düşməklə, nəhayət ötən il müsabiqənin qalibi olmaqla respublikamız bir çox ölkələrin həsəd aparacağı nailiyyətləri qazanıb.

Ümumiyyətlə, Azərbaycanın "Eurovision" mahnı müsabiqəsində iştirakının ilkin  mərhələsi bu yarışmanın ölkəmizin ərazisində birbaşa translyasiya edilməsi ilə başlayır. Müsabiqə Azərbaycanda ilk dəfə 2006-cı ildə yayımlanıb. Həmin ilin may ayında İctimai Televiziya Yunanıstanda keçirilən 51-ci "Eurovision" mahnı müsabiqəsini Azərbaycan izləyicilərinə təqdim edib. Bu ənənə 2007-ci ildə də davam edib və Finlandiyanın paytaxtı Helsinkidə təşkil olunan Avropanın möhtəşəm televiziya layihəsi ikinci dəfə Azərbaycan auditoriyasına birbaşa təqdim olunub.

Bütün bunlardan sonra artıq Azərbaycanın "Eurovision" mahnı müsabiqəsində fəal iştirakı üçün sosial tələbat var idi. 2007-ci ilin iyul ayında Azərbaycan İctimai TeleviziyaRadio Yayımları  Şirkətinin timsalında Avropa Yayımları Birliyinə (EBU) üzv qəbul olundu. Elə həmin ildən də ölkəmiz "Eurovision" mahnı müsabiqəsi layihəsinə iştirakçı kimi qoşuldu.

Azərbaycanın Avropanın ən məşhur mahnı müsabiqəsində iştirakının ilk təşəbbüskarı və bu layihədə ölkəmizin iştirakına özünün fəal töhfəsini verən qurumlardan biri isə Heydər Əliyev Fondudur. Fondun dəstəyi və təşkilatçılığı ölkəmizin bu yarışmada uğurla təmsil olunmasında hər zaman böyük rol oynayıb.

 

"Eurovision-2008": ilk debütün uğuru

 

 Azərbaycan "Eurovision" mahnı müsabiqəsində ilk dəfə 2008-ci ildə təmsil olundu. Həmin il 70-dən artıq iddiaçı bu müsabiqədə Azərbaycan təmsilçiliyinə namizəd kimi milli seçim turuna qatıldı. Peşəkar münsiflər heyətinin rəyi əsasında finala vəsiqə qazanan 3 ifaçı ölkə təmsilçisi adı uğrunda mübarizəsini canlı efirdə davam etdirdi. Heydər Əliyev adına İdman Konsert Kompleksində təşkil olunan möhtəşəm konsert - "kiçik Eurovision"u xatırladan milli final gecəsi Türkiyənin TRT, Gürcüstanın Rustavi-1, Macarıstanın Duna televiziya kanalları vasitəsi  ilə canlı yayımlandı.  Milli final gecəsində "Eurovision" mahnı müsabiqəsinin 2003-cü, 2004-cü və 2007-ci illərdəki qalibləri Sertab Erener (Türkiyə), Ruslana (Ukrayna) və Mariya Şerifoviç qonaq kimi çıxış etdilər.

Milli seçimin münsiflər kürsüsündə ölkənin tanınmış incəsənət xadimləri təmsil olunurdular. Onların qərarı ilə Serbiyada keçiriləcək müsabiqədə Azərbaycanı təmsil etmək üçün Elnur Hüseynov və Samir Cavadzadə seçildilər. Azərbaycan müğənniləri Belqradda "Day after Day" mahnısı ilə çıxış etdilər. Mahnının musiqisi bəstəkar Gövhər Həsənzadəyə, sözləri isə Zəhra Bədəlbəyliyə məxsusdur.

Ölkəmizin bu müsabiqədə ilk iştirakı pis alınmadı. 43 ölkə arasında 8-ci yerə çıxmaq bu yarışmada birinci dəfə iştirak edən Azərbaycan üçün uğurlu nəticə idi. Bununla ölkəmiz ilk çıxışındaca zəngin musiqisi ilə Avropa izləyicilərini valeh edə bildi. Həmin müsabiqənin qalibi isə "Believe" mahnısı ilə Rusiya təmsilçisi Dima Bilan oldu.

 

"Eurovision-2009": qələbənin bir addımlığında

 

Azərbaycan 2009-cu ildə Rusiyanın paytaxtı Moskvada keçirilən 54-cü "Eurovision" mahnı müsabiqəsində də duetlə təmsil olundu. Budəfəki duetdə gənc müğənni Aysel Teymurzadə və İsveçdə yaşayan Azərbaycan əsilli tanınmış müğənni-bəstəkar Araş yer alırdı. Onların ifa etdiyi "Always" mahnısı ölkəmizi bu dəfə 3-cü yerə yüksəltdi.

Moskvada əldə olunan bu nəticə ikinci dəfə müsabiqəyə qatılan ölkəmiz üçün yüksək göstərici idi. Bir neçə gün sonra A.Teymurzadə və Araşla görüşən  Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva qazandıqları böyük uğur münasibətilə onları təbrik etdi. Ölkəmizdə bu musiqi yarışmasının həyəcanla izlənildiyini bildirən Mehriban xanım Əliyeva bildirdi ki, AyselAraş qitəmiqyaslı müsabiqədə Azərbaycanı layiqincə təmsil ediblər və artıq Azərbaycan bu sahədə də nailiyyət əldə edib.

Müsabiqənin qalibi adını isə "Fairytale" mahnısı ilə Norveçdən olan Aleksandr Rıbak qazandı. Ermənistan isə Azərbaycandan 7 pillə geri qalaraq 10-cu yerlə kifayətlənməli oldu.

 

"Eurovision-2010": Azərbaycan Ermənistandan daim öndə

 

2010-cu ildə müsabiqəyə seçim turunda münsiflər heyəti ölkəmizi təmsil etmək üçün çoxsaylı iştirakçılardan 5-ni yarımfinala layiq gördü. Onlardan üçü - "Milk & Kisses" qrupu, Məryəm ŞabanovaSafura Əlizadə fevralın 2-də "Buta Palace"da keçirilən yarımfinal mərhələsinin qalibləri oldular. Martın 2-si elə həmin səhnədə keçirilən final şousunda Safura Əlizadə Azərbaycanın 2010-cu ildə "Eurovision" təmsilçisi seçildi. O, Osloda 55-ci "Eurovision" mahnı müsabiqəsində sözləri isveçli Sandra Bjurman, musiqisi Stefan ÖrnAnders Baqqeyə  aid "Drip Drop" mahnısı ilə çıxış etdi. Safura Əlizadə gözəl səhnə performansı və ifası ilə müsabiqənin beşincisi  oldu.

Müsabiqədə ilk yeri "Stellite" mahnısı ilə almaniyalı Lena Meyer-Landurt qazanmışdı. Bu dəfə də Ermənsitan Azərbaycandan geridə qaldı.

 

"Eurovision-2011": musiqimiz Avropanı fəth etdi

 

"Eurovision" mahnı müsabiqəsində 3 il ardıcıl iştirak edən Azərbaycan hər dəfə ilk yerləri tutmaqla artıq bu layihənin qalibi adına iddiaçı olduğunu qətiyyətlə ortaya qoydu.

2011-ci ildə ölkəmizin müsabiqədə iştirak edəcək təmsilçisini müəyyən etmək üçün yeni milli seçim modeli tətbiq olundu. Sənəd qəbuluna 150-dən artıq iştirakçı gəlsə də, ilkin dinləmələrdən sonra milli seçim turlarının televiziya şousuna 77 nəfər vəsiqə qazandı. Onlar hər birində 11 nəfər olmaqla 7 qrupda çıxış etdilər. Beləliklə, 7 həftə davam edən milli seçim turlarında iştirakçılar həftədə 5 gün canlı efirdə yarışdılar. Milli seçimdə ilk dəfə olaraq tamaşaçıların rəyi münsiflər heyəti ilə eyni  nəzərə alındı. Yekunda yeddi  həftənin qalibləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında təşkil olunan möhtəşəm final gecəsində ölkəmizi Almaniyanın Düsseldorf şəhərində keçiriləcək "Eurovision" mahnı müsabiqəsində təmsil etmək uğrunda yarışdılar.

Finalda qonaq kimi çıxış edən Gürcüstanın 2010-cu ildəki "Eurovision" təmsilçisi Sofiya Nijaradze, 2011-ci ildəki müsabiqə iştirakçıları - San-Marinodan Senit Zadik və İsveçrədən Anna Rossellini  də finalçılarla eyni səhnəni paylaşdılar.

Finaldakı səsvermədə münsiflər yenə də duet formatını üstün tutdulariki qalib seçdilər. Beləliklə, Düsseldorfda ölkəmizi Eldar Qasımov və Nigar Camal təmsil etməli oldular.

Bundan sonra isə müsabiqəyə hazırlıq mərhələsi başlayırdı. Azərbaycanın ötən illərdəki uğurlu təmsilçiliyi iştirakçılarımızı bir az da ruhlandırır, həm də onların qarşısında böyük məsuliyyət qoyurdu. Məqsəd  "Eurovision" mahnı müsabiqəsi səhnəsində növbəti əsas uğura imza atmaq idi.

EldarNigar dueti müsabiqədə sözləri Stefan Örnmusiqisi Sandra Bjurmana məxsus "Running scared" mahnısı ilə çıxış etdilər. Gözəl musiqiEldarla Nigarın möhtəşəm ifası, diqqətçəkən səhnə performansı 43 ölkə arasında ölkəmizi bu dəfə birinciliyə yüksəltdi. Təmsilçilərimiz 221 xal qazanaraq müsabiqənin bir çox favoritlərini geridə qoydular və Azərbaycanın adını "Eurovision" mahnı müsabiqəsi tarixinə qalib ölkə kimi yazdılar.

Ermənistan isə Düssedorfda heç finala da yüksələ bilmədi və Azərbaycanın bu möhtəşəm qələbəsini boynubükük şəkildə kənardan izləməklə kifayətləndi.

Böyük zəfərdən iki gün sonra  - mayın 16-da  Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva müsabiqədə qələbə qazanmış iştirakçılarla görüşdülər. Qalibləri təbrik edən Prezident İlham Əliyev bunun Azərbaycan gəncliyinin, Azərbaycan xalqının və Azərbaycan dövlətinin qələbəsi olduğunu dedi: "Bu müsabiqə deyə bilərəm ki, dünyanın ən mötəbər mahnı müsabiqəsidir. Əlbəttə ki, bu, Avropa ölkələrini əhatə edir. Ancaq hesab edirəm ki, dünya miqyasında buna oxşar ikinci müsabiqə yoxdur. Tamaşaçı auditoriyası haradasa 100 milyondan artıq idi. Belə mötəbər yarışda birincilik əldə etmək tarixi qələbədir. Bu, ilk növbədə, sizin qələbənizdir. Mən sizi bir daha təbrik edirəm. Bu, Azərbaycan gəncliyinin, Azərbaycan xalqının və Azərbaycan dövlətinin qələbəsidir. Bu, artıq tarixdə qalacaqdır. Siz də artıq tarixdə varsınız. "Eurovision" tarixində Azərbaycan öz sözünü demişdir. Bu, əlbəttə ki, hamımızı çox sevindirir".

 

 "Eurovision-2012": Azərbaycan möcüzəsi

 

 Azərbaycan ötən il birinci yeri tutmaqla müsabiqənin şərtlərinə əsasən yarışmaya ev sahibliyi etmək hüququ qazandı. Tarixi nailiyyətdən bir neçə gün sonra - may ayının 19-da  Prezident İlham Əliyev "Eurovision-2012" mahnı müsabiqəsinin Bakı şəhərində keçirilməsi haqqında" sərəncam imzaladı. Sərəncama əsasən, 2012-ci ilin may ayında Bakı şəhərində "Eurovision-2012" mahnı müsabiqəsinin layiqincə keçirilməsini təmin etmək məqsədilə  Təşkilat Komitəsi yaradıldı. Ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Təşkilat Komitəsinə rəhbər təyin olundu.

Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsinin fəaliyyəti nəticəsində müsabiqəyə hazırlıq işləri ilə yanaşı, "Baku Crystal Hall"un inşası da qısa zamanda uğurla tamamlandı. Mehriban xanım Əliyevanın müsabiqəni işıqlandıracaq jurnalistlərə təqdim olunan rəsmi proqram kitabçasında yer alan salamlamasında yarışmaya hazırlıqla bağlı deyilir: "Eurovision" mahnı müsabiqəsinə hazırlıq bizdən böyük və gərgin əmək tələb etdi. Lakin bu gərginlik sizinlə xoş görüş ümidi ilə əvəzlənmişdir. Əminəm ki, müxtəlif mədəniyyətlərin qarşılıqlı zənginləşməsinə səbəb olanxalqlar arasında olan birliyi daha da gücləndirən bu musiqi bayramının, gözəl Bakımızın və qonaqpərvər xalqımızın xoş xatirəsi qəlbinizdə daim yaşayacaqdır".

Artıq Bakı 57-ci "Eurovision" mahnı müsabiqəsi ərəfəsindədir. Ötən il birinci yeri tutmaqla dünyanın diqqətini özünə cəlb edən Azərbaycan bu dəfə həm də müsabiqəyə yüksək səviyyədə ev sabitliyi etməklə bütün Avropaya ideal təşkilatçılıq və yüksək qonaqpərvərlik örnəyi olacaq.

 

 

Rəşad CƏFƏRLİ,

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2012.- 19 may.- S. 6.