Azərbaycan Xüsusi Olimpiya Komitəsi ilə UNİCEF arasında anlaşma memorandumu imzalanmışdır

 

Mayın 18-də Bakıda Azərbaycan Xüsusi Olimpiya Komitəsi (AXOK) ilə UNİCEF arasında anlaşma memorandumu imzalanmışdır.

Tədbirdə çıxış edən AXOK-un prezidenti Şahin Əliyev xüsusi olimpiya hərəkatı özündə əqli imkanı məhdud olan, xüsusi qayğıya ehtiyacı olan uşaqları birləşdirdiyini demiş və onların bədən tərbiyəsi və idmana cəlb olunduğunu, il boyu təlim-məşq toplanışında iştirak etdiklərini diqqətə çatdırmışdır. Bildirmişdir ki, AXOK-un əsas vəzifəsi keçirilən mötəbər yarışlarda medal qazanmaq yox, bu sahədə kütləviliyə daha böyük önəm verməkdir. Əqli imkanı məhdud olan uşaqları bu hərəkata cəlb etmək, onların idman vasitəsilə bərpası və cəmiyyətimizə qaytarılması əsas vəzifələrimizdəndir. Bu istiqamətdə bizə kömək edən təşkilatlardan biriUNİCEF-dir.

UNİCEF ilə qeyri-rəsmi əməkdaşlığın 2007-ci ildən başlandığını deyən Ş.Əliyev artıq bir neçə layihənin də birgə həyata keçirildiyini bildirmişdir. AXOK-un prezidenti iyirmi illiyi qeyd olunacaq komitənin fəaliyyəti barədə danışmış və gələcəkdə görüləcək işlər barədə məlumat vermişdir.

UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard bildirmişdir ki, biz idmanın gücünə inanırıq. Bu yeni tərəfdaşlıq əlilliyi olan uşaqların həmyaşıdları ilə bərabər hüquqlara malik olmasını bir daha vurğulamağa yardım edəcəkdir. Adekvat səhiyyə xidmətləri, keyfiyyətli təhsildən bəhrələnmək, istismar və xəstəliklərdən qorunacaq mühitdə yaşamaq onların haqqıdır. Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün lazımi şəraitin yaradıldığını diqqətə çatdıran M.Herevard əməkdaşlığın hər iki tərəf üçün səmərəli olacağını bildirmişdir. Anlaşma memorandumunu AXOK-un prezidenti Şahin Əliyev və UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard imzalamışlar.

Növbəti dəfə ölkəmizə səfər edən Avropa Xüsusi Olimpiya Komitəsinin Şərqi Avropa üzrə meneceri Kşiştof Krukovski paytaxtımızın günü-gündən inkişaf etdiyini demiş, AXOK-un fəaliyyətini yüksək qiymətləndirmiş və komitənin keçirdiyi layihələrin əhəmiyyətindən danışmışdır.

Memorandum çərçivəsində rayonlarda xüsusi Olimpiya hərəkatının təşviq edilməsi və AXOK-un regional şöbələrinin yaradılması istiqamətində işlər görüləcək, təlimçilərin bilik və bacarıqlarının artırılması, əlilliyi olan uşaqların reabilitasiyası və cəmiyyətə inteqrasiyası üçün məşğələlər təşkil olunacaqdır.

 

 

Azərbaycan.- 2012.- 19 may.- S. 7.