Azərbaycan
Hollandiyada keçirilən “GRİD-2012” Beynəlxalq Fotoşəkil Biennalesində ilk dəfə
təmsil olunur
Mayın 16-da Hollandiyada "GRİD-2012" Beynəlxalq Fotoşəkil Biennalesi açılmışdır.
İyulun 1-dək davam edəcək Beynəlxalq Fotoşəkil Biennalesində ilk dəfə olaraq Azərbaycan da təmsil olunur.
Sənət meydanına yenicə atılmış fotoqraf İlkin Hüseynov Azərbaycanda müasir incəsənətin inkişafı istiqamətində çalışan "YARAT!" qeyri-kommersiya təşkilatının dəstəyi ilə yuxarıda qeyd olunan tədbirdə çəkdiyi sənədli fotoların yeni silsiləsini təqdim etmişdir.
"YARAT!"dan AzərTAc-a bildirmişlər ki, kurasiyanı 2011-ci ildə 54-cü Venesiya Biennalesində Azərbaycan pavilyonunun həmkoordinatoru olmuş Suad Qarayeva yerinə yetirir.
İ.Hüseynovun şəkillərində Azərbaycanın paytaxtı Bakı şəhərinin ətrafında yerləşən qəsəbədə təşkil edilən toy mərasimində çəkilən kadrlar əks olunmuşdur. Xəzər dənizinin sahillərində yerləşən Nardaran qəsəbəsi yerli mədəniyyətin və icma ənənələrinin mühafizəsi ilə tanınır. Əsrlər boyu formalaşan ənənələr, məsələn, kişilər və qadınlar üçün ayrıca təşkil olunan toy mərasimləri indiyədək qorunur və bu, nardaranlıları sürətlə avropalılaşan və müasirləşən qonşu kəndlərin əhalisindən fərqləndirən cəhətdir. Odur ki, İ.Hüseynovun işlərində artıq köhnəlmiş, lakin hər şeyə rəğmən inadla qorunan şəhər reallıqlarına özünəməxsus baxış təqdim olunur.
"GRİD-2012" Beynəlxalq Fotoşəkil Biennalesində İ.Hüseynovun Nardaranda kişi toyu mərasimindən çəkdiyi iyirmi şəkildən on biri nümayiş olunacaqdır. Ənənəvi xeyir-şər mərasimləri sırf bu məqsədlə qurulmuş çadırlarda təşkil olunur; bu çadırlar yalnız yas və toy mərasimlərinin keçirilməsi üçün istifadə edilir. Bəşər övladının həyatında baş verən iki əsas hadisənin çadırlar vasitəsilə müəyyən mənada qovuşması çox zaman məşğul və kosmopolit şəhər həyat tərzinin kölgəsində qalan fərdi və sosial ünsiyyət təməllərinə qayıdış prosesini canlandırır.
Kurator S.Qarayeva Haydeqqerin "Yaşamaq məskunlaşmaq deməkdir" konsepsiyasına istinadla demişdir: "Biz çadırın təməl məskunlaşma vahidi kimi vacibliyini vurğulamaq məqsədilə işləri məhz şəkillərin çəkildiyi çadırda nümayiş etdirmək qərarına gəldik. Müasir şəhər mühitinə daban-dabana zidd olan İ.Hüseynovun installyasiyası şəhər həyatının fərqli aspektləri üzərində dərindən düşünmək üçün imkan yaradır".
Əlavə məlumat əldə etmək məqsədilə, Paget PR nümayəndəsi Uil Pecetlə will@pagetpr.com elektron ünvanına yazmaq və ya 020 7323 6963 nömrəli telefona zəng vurmaq mümkündür.
Təməli 2011-ci ildə Aida Mahmudova tərəfindən qoyulan "YARAT!" qeyri-kommersiya təşkilatı Azərbaycan müasir incəsənətinin milli və qlobal səviyyədə dəstəklənməsi və təbliği ilə məşğuldur. Onun 2011-ci ilin oktyabrında təşkil etdiyi "Ön söz" adlı ilk sərgini yalnız bir ay ərzində 20.000 nəfərdən artıq tamaşaçı ziyarət etmişdir. Təşkilat bu layihənin uğurunu davam etdirərək 2012-ci ilin fevral ayından "012 Bakı Public Art" festivalını keçirir.
"YARAT!"ın əsas məqsədi Azərbaycanda və ölkədən kənarda qeyri-kommersiya incəsənət təsisatları ilə dialoqun qurulması və təcrübə mübadiləsinin aparılmasıdır. Təşkilat həmçinin incəsənətlə bağlı təhsil təşəbbüsləri və beynəlxalq proqramları dəstəkləyir.
Hollandiyada keçiriləcək
"GRİD-2012" Beynəlxalq Fotoşəkil Biennalesində
iştirak edən İ.Hüseynov Bakıda yaşayır. O,
bir çox mükafatlarla təltif edilmiş fotojurnalistdir.
İ.Hüseynov qonşu ölkələrdə sosial dəyişikliklər
yaratmağa çalışan təşkilatlarla işləyərək
son üç ildə sənədli fotoqraf kimi məşhurlaşmışdır.
Öz işləri vasitəsilə müvafiq tarixçələr
nəql etməklə, o, cəmiyyətin etinasız
yanaşdığı məsələləri qabartmağa
çalışır. 2011-ci ildə İ.Hüseynov
"Doğma şəhər" layihəsinə görə
Magnum Təsisatının Ehtiyat Fondu tərəfindən təltif
olunmuşdur. İ.Hüseynovun
işləri "Associated Press",
"InvisiblePhotographer", "AFP", "Reuters",
"Yahoo", "CNN International", "Globaljournalist"
və "Media Paran" agentlikləri tərəfindən
işıqlandırılaraq çap olunmuşdur.
İ.Hüseynov
Manuel Rivera-Ortiz Fondunun təşkil etdiyi Winephoto müsabiqənin
finalçısı olmuş, PowerHouse tərəfindən
keçirilmiş kitablar müsabiqəsində ikinci yeri
tutmuşdur. Bu yaxınlarda o, Roberto Villagraz Təqaüd
Proqramının qalibi və World Press Joop Swart Masterclass tədbirlərinin
iştirakçısı elan edilmişdir. İ.Hüseynov həmçinin
London fotoşəkil festivalının
finalçısıdır.
S.Qarayeva
Londonda yaşayır. O, Londonun Ali İqtisadiyyat Məktəbinin
fəlsəfə və dövlət siyasəti üzrə
magistraturasını bitirdikdən sonra aparıcı investisiya
banklarında maliyyə vəzifələrində işləyərək
uğurlu karyera qurmuşdur. S.Qarayeva
Mərkəzi Sent-Martin Kollecində müasir incəsənətin
tədqiqi və sonradan Qlazqo Universitetində Kristis Təhsil
Proqramı üzrə aktual və müasir incəsənət
üzrə magistr dərəcəsini almaqla incəsənət
aləminə qədəm qoymuşdur. Hazırda Sotbisdə
layihə meneceri işləyir.
Bu layihə
Bakı Şəhər Mədəniyyət və Turizm
İdarəsinin dəstəyi ilə həyata keçirilir.
Azərbaycan.- 2012.- 19 may.- S. 7.